Ceyhun Hacıbəyli obrazı Musiqili Teatrda

Ceyhun Hacıbəyli obrazı Musiqili Teatrda
23 noyabr 2017
# 16:23

Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Nuri-didə Ceyhun” əsəri tamaşaya hazırlanır.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.

Janrı musiqili yuxu-kollaj kimi təyin edilən iki hissəli “Nuri-didə Ceyhun” əsəri Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edir. Pyes Azərbaycanın müstəqil ölkə və dövlət olaraq tanıtımı üçün Paris Konfransına ezam olunmuş vətənpərvərlər dəstəsinin fəaliyyətinə ithaf olunub. Bütövlükdə ziyalı soydaşlarımızın ictimai-siyasi və şəxsi həyatını özündə ehtiva edən əsərdə Ceyhun Hacıbəylinin vətənsizliyi ön planda göstərilir.

Tamaşada rolları xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Pərviz Məmmədrzayev, Əkbər Əlizadə, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Novruz Novruzlu, Elnarə Nağdəliyeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Mehriban Zalıyeva, Firuz Məmmədov, Əliməmməd Novruzov və Şaban Cəfərov ifa edirlər.

Tamaşada Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov və Niyazinin musiqilərindən istifadə olunacaq.

Səhnə əsərinin quruluşçu dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Elməddin Dadaşovdur.

# 1294 dəfə oxunub

Müəllifin son yazıları

# # #