Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
12 sentyabr 2024
# 15:45

18-28 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Kulis.az xəbər verir ki, festivalda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, Almaniya, İspaniya, Avstriya, Koreya, Türkiyə, Braziliya, Hindistan və digər ölkələrdən tanınmış ifaçı və kollektivlər iştirak edəcəklər.

Festival çərçivəsində Bakı ilə yanaşı, Şuşa, Gəncə və bir sıra şəhərlərdə açıq və qapalı məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans və ustad dərsləri təqdim ediləcək.

Festival günlərində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təqdimatında “Mədəniyyətimiz naxışların izi ilə” adlı sərgi keçiriləcək.

Sentyabrın 18-də saat 19:00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Tədbirdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Əməkdar artist Fuad İbrahimov) və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər və baş dirijor: Xalq artisti Gülbacı İmanova) çıxış edəcək. Solistlər Xalq artisti Ülviyyə Hacıbəyova (piano), Əməkdar artistlər Ramil Qasımov (tenor) İnarə Babayeva (soprano) və beynəlxalq müsabiqələr laureatı Mahir Tağızadə (bariton) ifalarını təqdim edəcəklər.

Rəngarəng proqramı olan festivalın, demək olar ki, hər günü maraqlı tədbirlərlə yadda qalacaq. Festival çərçivəsində həmçinin bütün ölkə üzrə Heydər Əliyev mərkəzləri və kinoteatrlarda Üzeyir bəyin əsərləri əsasında lentə alınmış bədii filmlərin nümayişi, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərində müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur.

# 517 dəfə oxunub

Müəllifin son yazıları

# # #