Oqtay Zülfüqarovun yubiley gecəsi keçiriləcək

Oqtay Zülfüqarovun yubiley gecəsi keçiriləcək
27 may 2019
# 14:24

31 may 2019-cu il tarixində Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, “Şöhrət” ordenli Oqtay Zülfüqarovun anadan olmasının 90 ili tamam olur.

Kulis.az xəbər verir ki, bununla əlaqədar mayın 31-də saat 12-də İkinci Fəxri Xiyabanda Oqtay Zülfüqarovun doğum günündə musiqi ictimaiyyətinin iştirakı ilə məzarı ziyarət olunacaq. Həmin gün saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında bəstəkarın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir. Tədbirdə Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor Rauf Abdullayev), solistlər - Əməkdar artist Aleksey Miltıx (violonçel), Əminə Zülfüqarova (fleyta) və başqaları iştirak edəcəklər.

4 iyun 2019-cu il tarixində saat 19.00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Oqtay Zülfüqarovun 90 illiyinə həsr olunmuş daha bir tədbir keçiriləcəkdir.

Məlumat üçün bildirək ki, Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakıda anadan olmuşdur. O, 1958-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsini bitirmiş, dahi Azərbaycan bəstəkarı, professor Qara Qarayevin tələbəsi olmuşdur.

Geniş yaradıcılıq diapazonuna malik olan sənətkar öz istedadını musiqinin müxtəlif janrlarında sınamış, simfonik, instrumental və kamera əsərləri yaratmış, həm kino, həm teatr sənətinə layiqli töhvəsini vermişdir.

Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, “Şənlən mənim xalqım” uvertürası, “Pişik və sərçə” nağıl-operaları, “Sehrli alma” uşaq baleti, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur. Bəstəkar yaradıcılığının böyük bir qismini uşaqlara həsr etmişdir. Onun uzun illər ərzində yazdığı “Oxuyur Aysel” silsiləsi, “Telefon”, “Qatar”, “Ovçu”, “Gəlinciyim”, “Kim sevirsə idmanı?”, “Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olmuşdur.

Görkəmli sənətkarın gənc nəslin yetişdirilməsində xidmətləri danılmazdır. 20 ildən çox bir müddət ərzində o, Azərbaycab Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi səmərəli iş aparmışdır.

Oqtay Zülfüqarov 1972-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülmüşdür. O, Prezident təqaüdçüsü idi.

Oqtay Qədir oğlu Zülfüqarov 2016-cı il avqust ayının 31-də ömrünün 87-ci ilində vəfat etmişdir.

# 2156 dəfə oxunub

Müəllifin son yazıları

# # #