Diqqət! İndən belə bu sözləri belə yazacağıq – Yeni qaydalar

Diqqət! İndən belə bu sözləri belə yazacağıq – Yeni qaydalar
4 noyabr 2020
# 10:01

Nazirlər Kabineti Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla Azərbaycan Respublikasının tərəfindən yeni orfoqrafiya qaydaları müəyyən olunub.

Kulis.az xəbər verir ki, qaydalara əsasən Ali dövlət vəzifələri - Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yazılır. Dövlət orqanları (qurumları), birlik, cəmiyyət, akademiya, universitet, kollec, teatr, filarmoniya, siyasi partiya, tarixi günlər və s. bu kimi mürəkkəb adların bütün sözlərinin (adına, üzrə, və, yanında, qarşı və s. bu kimi yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və s.

Dövlət rəmzlərinin, həmçinin tərkibində gün sözü olan və təqvimə düşən əlamətdar günlərin adlarında bütün sözlər böyük hərflə yazılır: Azərbaycan Respublikasının Dövlət Himni, Beynəlxalq Ana Dili Günü, Beynəlxalq Qadınlar Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və s.

Azərbaycan Respublikasının səhiyyə naziri, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri tipli mürəkkəb adlarda sahə (səhiyyə) və vəzifə (nazir) bildirən sözlər kiçik hərflə yazılır.

Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s. adları dırnaqda və birinci sözü böyük hərflə yazılır: “Vətənə xidmətə görə” ordeni, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim” kafesi, “Bahar” mağazası, “Badamlı” mineral suyu və s.

İxtisarlar (akronimlər) və qısaltmalar

İxtisarlar (akronimlər) və qısaltmalar aşağıdakı kimi yazılır:

tam ixtisarlar (akronimlər) və qısaltmalar aid olduqları sözlərə uyğun olaraq böyük hərflə yazılır: Azərbaycan Respublikası - AR, Birləşmiş Millətlər Təşkilatı - BMT, Milli Məclis – MM və s.;

yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və ya kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akademik – akad., doktor – dok., dosent - dos., professor – prof., Azərbaycan Dövlət Nəşriyyatı - Azərnəşr və s.

İxtisarlara (akronimlərə) əlavə edilən şəkilçilər son səsin tələffüzünə uyğun olaraq yazılır: AMEA-dan, MDB-nin, UNESCO-nun, ISESCO-da, BDU-ya və s.

# 9702 dəfə oxunub

Müəllifin son yazıları

# # #