İstanbulun Bakırköy Respublika Baş Prokurorluğu tərəfindən məşhurlara qarşı keçirilən genişmiqyaslı "narkotik" əməliyyatı çərçivəsində 25 nəfər barəsində həbs qərarı çıxarılıb.
Kulis.az xəbər verir ki, əməliyyat zamanı saxlanılanlar arasında müğənni İlyas Yalçıntaş və aktrisa Sıla Türkoğlu da var.
İstanbul Şəhər Jandarma Komandanlığının qrupları tərəfindən həyata keçirilən xüsusi əməliyyatda haqqında saxlanılma qərarı verilən 25 nəfərdən bəziləri artıq nəzarətə götürülüb. Şübhəlilərin ünvanlarında axtarış aparılıb və onlardan bioloji araşdırma üçün xüsusi nümunələrin alınması qərara alınıb.
Baş Prokurorluq tərəfindən verilən rəsmi açıqlamada ictimai təhlükəsizliyi təhdid edən narkotik maddələrlə mübarizə çərçivəsində aparılan istintaqda yeni dəlillərin əldə edildiyi bildirilib:
"İctimaiyyətdə sənətçi, aktyor, iş adamı və sahibkar kimi tanınan şübhəlilərin narkotik və psixotrop maddələrdən istifadə etdiyi, bu maddələrin istifadəsini asanlaşdırdığı və ya bunun üçün məkan təşkil etdiyinə dair əsaslı şübhələri təsdiqləyən dəlillər əldə edilmişdir.
Bununla əlaqədar, 16 iyul 2026-cı il tarixində 25 şübhəlinin saxlanılması, axtarış aparılması, bioloji analizlərin götürülməsi və ifadələrinin alınmasından sonra Baş Prokurorluğumuza təhvil verilməsi üçün İstanbul İl Jandarma Komandanlığına təlimat verilmişdir".
Nəzarətə götürülən və aralarında tanınmış incəsənət nümayəndələrinin də olduğu şəxslər bunlardır:
İlyas Yalçıntaş (Müğənni)
Sıla Türkoğlu (Aktrisa)
Mehmet Fatih Aksoy
Ateş İnce
Şefik Ömer Dolman
Aybüke Albere
Ayşe Nur Balcı
İrem Haznedar
Öner Faruk Işık
Orhan Yıldız
İstintaqın gedişatı və saxlanılan şəxslərin aqibəti ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi gözlənilir.