Teatrdakı intriqaların qurbanı oldu, evinə telefon çəkdirə bilmədi, ölümündən sonra ailəsini tək qoydular... - Xalq artistindən maraqlı faktlar

Teatrdakı intriqaların qurbanı oldu, evinə telefon çəkdirə bilmədi, ölümündən sonra ailəsini tək qoydular... - Xalq artistindən maraqlı faktlar
5 iyun 2023
# 12:00

Kulis.az Xalq artisti Hamlet Xanızadə ilə bağlı maraqlı faktlar təqdim edir.

Hamlet Xanızadə 1941-ci ildə Bakının Şağan qəsəbəsində anadan olub. Orta məktəbi bitirəndən sonra atası Bəbir kişinin etirazlarına baxmayaraq, indiki İncəsənət Universitetinə daxil olub, 1961-ci ildə isə oranı başa vuraraq Akademik Dram Teatrına aktyor kimi işə düzəlib.

***

Bir çox tamaşalarda uğurlu obrazlar yaradıb. Mehdi Məmmədov, Əliağa Ağayev, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Hökümə Qurbanova, İsmayıl Dağıstanlı kimi əfsanəvi aktyorlarla “Dəli yığıncağı”, “İblis”, “Topal Teymur”, “Ölülər”, “Şöhrət və unudulan adam” tamaşalarında tərəf müqabili olub.

Gallery

***

Kinoya 1970-ci ildə rejissor Tofiq Tağızadə tərəfindən ekranlaşdırılan "Yeddi oğul istərəm" filmindəki Gizir obrazı ilə gəlib. Sonralar “O qızı tapın”, “Axırıncı aşırım”, “Arxadan vurulan zərbə”, “Babək”, “Qətl günü” filmlərində bir-birindən gözəl obrazlar yaradıb.

***

Dostu Kamal Xudaverdiyevin evinə gedəndə onun qonşuluğunda yaşayan Nailə adlı qadına vurulur. Aktyor 1971-ci ildə Nailə ilə ailə qurur. Onların iki qızı dünyaya gəlir.

Gallery

Teatr səhnəsində ən unudulmaz obrazı "İblis" tamaşasındakı İblis obrazı olub. Bu tamaşada aktyorun dublyoru Həsən Turabov imiş. Hər iki aktyor rolu gözəl ifa etsələr də, İblis əsasən Hamlet Xanızadənin ifası ilə yaddaşlarda qalıb. Lakin bu obraz aktyorun teatrdakı son rolu olub. Bu tamaşadan sonra Hamlet Xanızadə həmişəlik teatrdan gedib. Qızı Aygün Xanızadə müsahibələrinin birində bu məsləyə belə aydınlıq gətirir: “İblis onun teatrdakı son rolu olmuşdu. Doğrudan da həmin rolu gözəl ifa etmişdi. Dublyoru isə Həsənağa Turabov idi. Ümumiyyətlə, Turabov da, atam da, hər ikisi güclü aktyor olublar. Onların arasında həmişə rəqabət, rol üzərində mübarizə olub. Düzdür, mən inanmıram ki, atam Turabova məxsus hansısa obraza yiyələnsin. Amma bildiyim qədər Turabov atama qarşı belə rəqabət ovqatında olub. Təbii ki, mən sənət müstəvisində rəqabətdən bəhs edirəm. İblis rolu barədə eşitmişəm. Ümumiyyətlə, elə nə olubsa, "İblis" tamaşasından sonra olub. Həmin tamaşadan sonra atam teatrdan getdi.”

Gallery

Teatrdan uzaqlaşandan sonra baş verən 20 yanvar hadisələri də aktyorun səhhətinə pis təsir edir. 20 yanvar hadisələrin səhəri günü Hamlet Xanızadə dostları ilə birgə şəhərin mərkəzinə gedir. Oradakı yaralıların daşınmasına, meyitlərin tapılıb ailəsinə verilməsinə köməklik edir. Lakin çox keçmir ki, aktyorun qəlbi baş verən hadisələrə tab gətirmir. Qızı müsahibələrinin birində həmin günləri belə xatırlayır: “20 Yanvar hadisəsi olan günü atam qonşularımızla birgə yığışıb şəhərə getdilər. Səhəri gün rəngi boğulmuş, qapqara vəziyyətdə hardansa qayıdıb gəldi. İnsanların ölümü, küçələrdəki meyitlər, şəhərdə baş verən qırğın onu dəhşətli dərəcədə sarsıtmışdı. Hər gün Şəhidlər Xiyabanına gedirdi, evə də gələndə nə çörək yeyərdi, nə söhbət edərdi. Hətta televizoru yandırmağımıza da icazə vermirdi”.

Gallery

Ölümündən iki gün əvvəl ailə üzvlərini də götürüb doğulub boya-başa çatdığı Şağan kəndinə gedir. Qohum-əqrəbasının hamısı ilə görüşüb, söhbət edir, hətta 20 yanvar hadisələrindən danışıb ağlayır. Növbəti gün yenidən Şəhidlər xiyabanına gedəndə orda qəfildən halı pisləşir, başından ağrı tutur. Dostları onu evə gətirəndə məlum olur ki, aktyorun beyninə qan sızıb. Həmin gün xəstəxanaya yerləşdirilən aktyor ertəsi gün fevralın 3-də 48 yaşında dünyasını dəyişir.

Gallery

Qızı Aygün xanımın müsahibəsindən: "Fevralın 2-si çəkilişdən sonra dostlarıyla qəbirüstünə gedirlər, orda güclü başağrıları tutur, onu evə gətirirlər, onda artıq demək olar ki, özündə deyildi, Bürcəli Əsgərovun həkim oğlu dedi ki, xəstəxanaya aparmaq lazımdır. Atamı reanimasiyaya yerləşdirdilər, orda bir gün qaldı, səhərə yaxın xəbər gəldi ki, keçinib."


Hamlet Xanızadə rəhmətə gedənə qədər qohumları ilə münasibəti çox yaxşı olub. Lakin onun ölümündən sonra ən yaxın qohumlar belə onun ailəsini tək qoyub.

Gallery



"Qətl günü" filmi onun son çəkildiyi film olub. Filmdən əvvəl isə Hamlet Xanızadə Fuad Poladov və Nəsir Sadıqzadə ilə birlikdə yol qəzasına düşürlər. Aktyor çox ağır əməliyyat keçirir. Həkimlər ona danışmağı və ağır işi qadağan etsələr də, o, buna əməl etmir və rejissor Gülbəniz Əzimzadənin dəvəti ilə "Qətl günü" filminə çəkilir və filmdə üç fərqli rol ifa edir.

***

Aktyorun evində uzun illər telefon olmayıb. Bir dəfə bu barədə məmurlardan birinə müraciət etsə də, onun xahişini nəzərə almayıblar. Buna görə də o, bir də heç vaxt bu barədə heç kimə müraciət etmir. Aktyora kimsə zəng vuranda qonşularına zəng vurub onu telefona çağırırmışlar. O da qonşuya gedib telefonla danışarmış. Rəhmətə gedəndən sonra isə Fuad Poladovun köməkliyi ilə aktyorun evinə telefon çəkililib.

Gallery

Fuad Poladovla çox yaxın dost olublar. “Qətl günü” filminin çəkilişləri bitəndən sonra aktyorun rəhmətə getməsi filmin səslənməsini yarımçıq qoyur. Onun obrazını səsləndirmək Fuad Poladova tapşırılanda xeyli tərəddüd edib deyir: “Mən səsimi Hamletin səsinə oxşada bilmərəm. Oxşatsam belə, Hamletə baxa-baxa bunu etmək mənim üçün çox çətin olar...”

Gallery

Deyilənə görə, aktyorun qəbri üstünə mütəmadi olaraq bir qadın tərəfindən qırmızı güllər qoyulurmuş. Bu haqda aktyorun ailəsi də heç bir məlumata sahib olmasa da, kənd adamlarının dediyinə görə hər dəfə hündürboylu bir qadın avtomobillə gəlib gülləri düzüb, bir müddət orda ağlayıb gedirmiş.

***

Aktyor rəhmətə gedəndə onun üçün ən çox və yanıqlı-yanıqlı ağlayan qadınlardan biri rejissor Gülbəniz Əzimzadə, digəri isə aktrisa Zərnigar Atakişiyeva olub. Onların hər ikisi Hamlet Xanızadənin qırx mərasiminə qədər evlərinə gedib gəliblər.

# 20412 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #