Məşhur rok ifaçısı Nil Yanq müəllif hüquqlarının pozulması səbəbilə Donald Trampın "Trump 47 Committee Inc." siyasi komitəsinə qarşı 10 milyon dollar məbləğində məhkəmə iddiası qaldırıb.
Kulis.az xəbər verir ki, sənətçi 1989-cu ilə aid hit parçası "Rockin’ in the Free World" mahnısının seçki mitinqlərində icazəsiz istifadəsinə qadağa qoyulmasını və dəymiş zərərin ödənilməsini tələb edir.
Tərəflər arasında altı il əvvəl oxşar iddia üzrə razılaşma əldə olunmuş və mahnının bir daha istifadə edilməyəcəyi bildirilmişdi. Lakin komitə hələ də treki siyasi tədbirlərdə istifadə etməyə davam edir.
Məhkəmə ərizəsində mahnının ABŞ-dəki siyasi və sosial problemlərə həsr olunduğu, Donald Trampın təmsil etdiyi ideologiyanın tam əksini təşkil etdiyi və bu istifadənin sənətçinin nüfuzuna ciddi xələl gətirdiyi vurğulanır.
Qeyd edək ki, Trampın tədbirlərində mahnılarının icazəsiz səsləndirilməsinə qarşı çıxanlar arasında Teylor Svift, Brüss Sprinqstin, Ariana Qrande, Selin Dion, "The Rolling Stones" və Adel kimi digər məşhur ulduzlar da var.