Tanınmış alimin arxivi Milli Kitabxanaya təqdim olundu

Tanınmış alimin arxivi Milli Kitabxanaya təqdim olundu
19 iyul 2023
# 15:20

İyulun 19-da Azərbaycan Milli Kitabxanasında görkəmli kitabxanaşünas alim, Əməkdar elm xadimi, professor Abuzər Xələfovun şəxsi arxivinin mərhumun ailəsi tərəfindən Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Milli Kitabxananın direktoru, professor Kərim Tahirov rəhbərlik etdiyi qurumun100 illik yubileyi ərəfəsində Azərbaycan kitabxanaçılarının ağsaqqalı, ölkəmizdə kitabxanaşünaslıq elminin banisi, Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin özülünü qoyan, görkəmli kitabxanaşünas alim, professor Abuzər Xələfovun şəxsi arxivinin Milli Kitabxanaya təqdim olunmasını əhəmiyyətli hadisə hesab edib.

“Abuzər müəllimin yazdığı əsərlərdən, kitablarından bəhrələnmişk, hamımız Abuzər Xələfovun yaratdığı kitabxanaçılıq məktəbinin nümayəndələriyik, inanıram ki, Abuzər müəllimin əziz xatirəsi yaddaşlarda qalacaq, onun Milli Kitabxananın fondunda qorunub saxlanan arxivi bütün kitabxanaçılar üçün tədqiqat obyekti olacaq, onların stolüstü kitablarına çevriləcək”.

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin dekanı, dosent Ələmdar Cabbarlı çıxış edərək bildirib ki, Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı təkcə Milli Kitabxanaya yox, bütünlükdə kitabxana işinə olan diqqətin nümunəsidir. Ə.Cabbarlı vurğulayıb ki, Abuzər Xələfovun parlaq xatirəsi daim yaşayacaq: “Abuzər Xələfovla Milli Kitabxananı birləşdirən bir çox faktlar var. Onun xatirəsi bizim hər birimiz üçün əzizdir. A.Xələfovun irsi təqdirəlayiq şəkildə araşıdırılır və daima araşdırılacaq. Bu parlaq obraz hər zaman kitabxana işinə işıq salacaq”.

Kitabxanaşünaslıq kafedrasının müdiri, dosent Elçin Əhmədov çıxış edərək, Abuzər Xələfovun elmi, pedaqoji fəaliyyətindən bəhs edib. O bildirib ki, vaxtı ilə Abuzər Xələfovun rəhbərlik etdiyi kafedraya rəhbərlik etmək mənim üçün böyük məsuliyyətdir, A.Xələfov çox böyük elmi məktəbin yaradıcısıdır və onun arxivinin Milli Kitabxanaya hədiyyə edilməsini Milli Kitabxananın yubileyinə bir hədiyyə hesab etmək olar.

Alimin oğlu, Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov atasının elmi irsinə, tədris-pedaqoji fəaliyyətinə verilən yüksək qiymətə görə Milli Kitabxanaya Abuzər Xələfovun ailəsi adından minnətdarlığını bildirib və qeyd edib ki, təqdim olunan arxiv materialları - əlyazmalar və kitablar onun şəxsi kitabxanasındandır və Milli Kitabxananın fondunun zənginləşməsində böyük xidmətləri olacaq. E.Xələfov çıxışının sonunda atasının 1962-ci ildə Azərbaycan Kitabxanaçılarının birinci qurultayına olan dəvətnaməsinin əslini Milli Kitabxananın direktoruna təqdim edib.

Qeyd edək ki, tədbir iştirakçıları professor Abuzər Xələfovun şəxsi arxivi ilə tanış olublar.

# 813 dəfə oxunub

Müəllifin son yazıları

# # #