Azərbaycan ədəbiyyatında postmodernizm ƏDƏBİYYATLAŞAN DÜNYA

Azərbaycan ədəbiyyatında postmodernizm <span style="color:red;"> ƏDƏBİYYATLAŞAN DÜNYA
7 dekabr 2016
# 14:39

Kulis.Az filologiya elmləri doktoru Afaq Əsədovanın “Ədəbiyyatlaşan dünya” (Bakı 2014) kitabından bir parçanı təqdim edir.

Müasir Azərbaycan ədəbiyyatşünaslığı və fəlsəfi düşüncəsində postmodernizm haqqında az yazılsa da, ümumiyyətlə, dünyada bu barədə tədqiq və təhlil xarakterli elmi işlər çoxdur. Demək olar ki, son yarım əsrdə bəşəriyyətin humanitar düşüncə sahələrində, eləcə də sosial-siyasi həyatda postmodernizm hakim, dominant bir istiqamətə çevrilmişdir. Əlbəttə, ifadə və təhlil edilib-edilməməyindən asılı olmayaraq, bu istiqamət Azərbaycan ədəbi-fəlsəfi fikrinə də hökmən öz təsirini göstərir. Hesab edirəm ki, konkret bu istiqamətdə dəyərli elmi-tədqiqat işləri yaradılacaqdır. Ancaq bir məsələni də açıq etiraf etmək lazımdır ki, ən müasir Azərbaycan ədəbiyyatı nümunələri ədəbiyyatımızın əvvəlki mərhələlərinə nisbətən daha az tədqiq və təhlil olunur və bununla da hər hansı bir fundamental mövzu səviyyəsində hazır təhlil materiallarından istifadə etmək olmur.

Müasir elmi işlər isə hər hansı bir fərd tərəfindən yazılmasına baxmayaraq özündən əvvəlki kollektiv elmi fikrin nəticələrinə əsaslanmalıdır. Bu gün «Postmodernizm və müasir Azərbaycan ədəbiyyatı» mövzusunu işləmək üçün tədqiqatçının əlində həm postmodernizmlə bağlı, həm də müasir Azərbaycan ədəbiyyatının təhlili ilə bağlı çoxsaylı nümunələr olmalıdır. Postmodernizmlə bağlı elmi-tədqiqat işləri müxtəlif dillərdə çoxdur. Ən müasir ədəbiyyatımızın təhlil nümunələri, xüsusilə də postmodernist düşüncə və texnikanın tətbiqi ilə bağlı təhlil nümunələri təəssüf ki, azdır. Bu əsərin əsas hissəsini postmodernizm və müasir Azərbaycan ədəbiyyatı probleminə həsr etmişəm. Lakin bu, əlbəttə, ümumi mövzunun tələb etdiyi xarakter və səviyyədədir. Məsələn, müasir yazıçımız Kamal Abdullanın əsərlərində postmodernist və təsəvvüf düşüncəsi elementlərinin, ifadə vasitələrinin nisbətini, yaradıcı sintezini müşahidə etmək olur. Hətta onun hər bir əsərində xüsusilə - «Yarımçıq əlyazma» - təsəvvüf və postmodernist düşüncənin açıq, məqsədyönlü şəkildə sintezini özündə əks etdirən sənət nümunəsidir. Bu da, monoqrafiyanın mövzusu ilə bilavasitə əlaqəli olduğuna görə məhz müəyyən dərəcədə bu istiqamətə, ədəbi nümunələrə dönə-dönə müraciət etmişəm. Lakin eyni zamanda son bir neçə onillikdə Azərbaycan ədəbiyyatında yaradılan əsərlərin ciddi elmi təhlildən kənarda qalması onların elmi-fəlsəfi düşüncəmizin inkişafına təsir edə biləcəyi potensialdan bizi məhrum etməkdədir. Bəzən son zamanlar gənc yazarların yazılan əsərlərinin bədii dəyərlərinin zəifliyindən, onların bir çoxunun ciddi elmi təhlilə layiq olmadığını qeyd edirlər. Lakin fikrimcə bu heç də tam düzgün yanaşma deyildir. Hesab edirəm ki, bu yaradılan əsərlər son bir neçə onillik Azərbaycan ədəbi düşüncəsinin məhsullarıdır və tarixin bu dövründə bizim yaratdıqlarımız bunlardır və bu əsərlər bizim həyatımızın, tariximizin inikasıdır. Ona görə də bunları bəzilərinin etdiyi kimi müasir dünya korifeylərinin əsərləri ilə müqayisə edib dəyərsizləşdirmək deyil, bütün zəif və dəyərli cəhətləri ilə elmi təhlilin süzgəcindən keçirib, ictimai fikir istiqamətlərimizin müəyyənləşdirilməsində bu əsərlərin rolunu müəyyənləşdirmək lazımdır.

Ən müasir ədəbiyyat nümunələrinə, eləcə də müasir Azərbaycan ədəbiyyatında yaradılan nümunələrə yalnız klassik rasional metodlarla yanaşmaq olmaz. Yanaşma, təhlil metodunu dəyişdirdikdə, yaxud, klassik metodları saxlayıb, yeni metodları da əlavə etdikdə, baxışlar, münasibətlər də dəyişir. Bu monoqrafiyada vəzifəm, eləcə də müvəffəq ola biləcəyim elmi yenilik artıq mövcud olan və çoxsaylı şəkildə tədqiq və təhlil olunan anlayışların - postmodernizmin və təsəvvüfün qarşılıqlı münasibətlərində, elmi-nəzəri sintezindən doğan elmi nəticələri əldəetməkdir. Postmodernizmin özünün yaradılışında Qərb təfəkkürünün Şərq fəlsəfəsinə, Şərq mistik-ezoterik düşüncəsinə müraciətdən doğulan elementlər əsas rol oynamışdır. Hər iki düşüncə istiqaməti dünyanın yalnız ağıl vasitəsilə rasional idrakının əleyhinə çıxış edir. Mistik, intuitiv, qeyri-rasional düşüncə tiplərini rasional təfəkkür tipi ilə eyni səviyyədə qəbul edir. Bütün bunlar yalnız onun nəticəsi deyil ki, bu istiqamətlərin daşıyıcıları belə istəyirlər. Bu həm də ona görə belədir ki, ağıl, rasional təfəkkür həmişə insanın tələb və suallarına lazımi cavab verə bilmir, hətta müəyyən vaxtlarda bəşəriyyəti tarixi çıxılmazlığa, dalana, uçuruma gətirib çıxarır.

Son yarım əsrdə bəşəriyyət məhz ağlın, rasionallığın yaratdığı harmoniyanın itdiyi, xaosun hökm sürdüyü bir mərhələyə qədəm qoymuşdur. Bu daha çox təfəkkürdə hiss olunur. Elmin inkişafı o səviyyəyə çatmışdır ki, klassik rasional elm öz metod və baxışları ilə bu səviyyənin tələblərinə cavab vermir. Nəticədə post qeyri-klassik elm meydana gəlmişdir. Postmodernizmin fikir əsası, düşüncə təməli olan bu ən yeni post qeyri-klassik elmin xüsusiyyətlərinin ən ümumi səciyyəsi kitabda özünə yer tapmışdır. Eləcə də rasionallığa dayanan, klassik elmi müdafiə edən sientizmlə, mistisizmi, ezoterizmi müdafiə edən, klassik elmin qəti imperativlərini qəbul etməyən antisientizm arasındakı mübahisələr də bizi mövzunun açılışına aparan istiqamətlərdən olduğuna görə bu məsələyə də müəyyən yer ayrılmışdır. Nəhayət, təfəkkürün inkişafında yeni elmi metod kimi, məhz xaosun elmi dərki iddiası kimi yaranmış sinergetikanın postmodernizmlə əlaqəsinin açılması da əsərin içində özünə yer tapır. Postmodernizmin yaranışı, onun sırf elmi-fəlsəfi səciyyəsi olan poststrukturalizmin strukturalizmdən doğuşu qeyri-mərkəzçilik, postmodernizmin elmi prinsipə səciyyələri, postmodernizmin bədii ifadə vasitələri - bu yeni istiqamətdə insan və sənət probleminin açılışı üçün lazım olan ipuclarını verə bildiyi üçün monoqrafiyada bu məsələlərə xüsusi yer ayrılmışdır. Elmi işdə postmodernizmi üç istiqamətdə səciyyələndirmişik: Birincisi, Cak Derrida və Mişel Fukonun Nitsşe və Haydegger fəlsəfəsinin məntiqi nəticəsi kimi sırf fəlsəfi istiqamət, ikincisi, yenə də kökləri Nitsşeyə dayanan Delez, Qvattari, Liotar,Bodriyar, Habermas və b. kimi ədəbi-fəlsəfi istiqamət. Üçüncüsü, dünya, eləcə də Azərbaycan ədəbiyyatı nümunəsində bədii istiqamət.

Məhz bir dünyagörüşü olmaq etibarı ilə postmodernizmlə təsəvvüfü əlaqələndirən əsas cəhətlər kitabda aparıcı istiqamətdir. Hər iki sistem nəzəri-spekulyativ səciyyə daşımamaqla insanı fəallığa, özünü dəyişdirməyə çağırır. Təsəvvüf yol göstərir, mütləq həqiqətə, Allaha qaçmağa çağırır. Təsəvvüf insanın zamandan, tarixi kontekstdən asılı olmayaraq dünya ilə əlaqəsində təsəvvüfi düşüncə sistemində təsnifləndirdiyi «nəfsi-əmmarə» adlanan iman eqosunun ilkin vəziyyətini bu gün postmodernist düşüncənin hakim olduğu dəyərsizliyin, xaosun hökm sürdüyü situasiya kimi səciyyələndirmişdir. Postmodernizmdə də insanı bu situasiyada saxlayan, bu situasiyanın insan üçün son dərəcə səciyyəvi olduğu, insanın ona məhkum olduğu və məhz hansı bir çıxış yolunun artırılmasının insan təbiətinə zidd, qeyri-təbii, qeyri-elmi, saxta olduğu qənaətində olan istiqamətlər və əksinə, insanın özü və başqaları qarşısında cavabdehlik daşıyan, hazırkı qloballaşma dövrünün yaratdığı bu məlum situasiyanı dəyişməyə məsul olan bir varlıq kimi görən istiqamətlər mövcuddur.

E.Levinasın yeni postmodern dini etikası insan və ilahi mərkəzli olmaq fərqləri nəzərə alınmaqla təsəvvüfün humanist görüşləri ilə yaxından səsləşir. E.Levinas Tanrını məhz “başqa adamın başqa olmasında” görür. İnsan Başqası ilə ünsiyyət təcrübəsindən çıxış edərək transformasiyaya qabildir. Məhz insanın Başqasında Tanrını görməsi əxlaqın mühüm, ilkin şərtidir.

Levinas düşüncəsinin mahiyyətini təşkil edən kommunikasiyada ifadə olunan heterogenlik prinsipindən çıxış edir. Başqasının sifəti - bizim daxili aləmimizin dilidir. Başqası hər bir strukturun o biri tərəfində yerləşir. İnsan tələbatları ilə deyil, metafizik arzuları ilə hərəkət edir. Arzunun quruluşu - birgəliyin çatmadığı özgələr arasındakı münasibətdir. Arzu «dünyanın heç nədən yaradılması» ideyası vasitəsi ilə təsdiq olunur. Həqiqi arzu xeyirxahlıqdır. O isə varlığın özündə yoxdur. Arzunu dünyaya insan gətirir. Sonsuzluq ideyası məhz arzudur. Yalnız Başqası üçün, xeyirxahlıq etmək üçün arzulamaq olar. Levinasın fəlsəfəsi Başqasını dərketmədə müasir intellektual təcrübəni insana sevgi təlqin edən dini həqiqətlərlə zənginləşdirmək cəhdidir. Başqasının üzü - bizim daxili aləmimizin dilidir fikri – insanın üzünün cizgilərində ilahi vəhyin yazıldığı ideyasını irəli sürən Hürufiliklə bağlantısı və bütövlükdə bu təlimlərin mahiyyətcə yaxın olması, postmodernizmin özündə dəyərsizləşdirmə mərhələsinin bitdiyini və əbədi olan dəyərlərin insan varlığını yaşatmaq missiyası naminə daim yeni formalarda təzahür edəcəyinin bir göstəricisidir. Monoqrafiyanın məqsədlərindən biri də məhz yaranması zamanı və ifadə etdiyi dünyagörüşlər etibari ilə bir-birindən uzaq görünən düşüncə sistemlərinin insanın və yaradılışın mahiyyətini ifadə edən, nə qədər təhrif və təftişə məruz qalsa da, ehtiva etdiyi həqiqət dərəcəsində dəyişilməz qalan, sadəcə hər bir tarixi dövrə, yeni ictimai–mənəvi situasiyaya müvafiq olaraq formasını dəyişən dəyərlərin təsbit olunmasıdır. Bu dəyərlər qarşılıqlı əlaqələrin öyrənilməsi zəminində, müqayisəli-təhlil metodu çərçivəsində daha aydın, daha bariz şəkildə meydana çıxır. Tədqiqat işində postmodernist dünyagörüşünün tələbləri içində olan, ilk baxışda birləşə bilməyənləri birləşdirmək, əlaqələndirilməyənləri əlaqələndirmək, lakin eyni zamanda elmi yanaşmanın ciddi tələblərinə müvafiq olaraq sabit, zəruri, ümumi əlaqələrin təsbit edilməsinə çalışılmışdır. E.Levinas da mədəniyyətin vəzifəsinin ümumbəşəri ünsiyyət missiyası olduğunu bildirir. C.Derrida da E.Levinasın təliminə müvafiq olaraq etikanın, insan münasibətlərinin inkişafının əsas istiqamətinin cavabdehlik, məsuliyyət istiqaməti olduğu fikrini irəli sürür. Ona görə azadlığın doğum yeri – başqası üçün və başqası qarşısında cavabdehlikdir. Postmodernizmin bu fəlsəfi istiqaməti siyasətin və hüququn yeni əsaslandırmalarını yaradır – gələcək nəslin qarşısında cavabdehlik, humanistlik, insanpərvərlik. Beləliklə, postmodernizm özünü bəşəriyyətin öz inkişafında yeni- informasiyalı qloballaşmış cəmiyyət mərhələsi dövrünün humanizmi kimi görür.

# 6182 dəfə oxunub

Müəllifin son yazıları

# # #