Mənasızlığın təntənəsi – Samir İsaqov

Samir İsaqov

Samir İsaqov

17 dekabr 2021
# 11:34

Kulis.az İlin hekayəsi müsabiqəsində iştirak edən Samir İsaqovun “Mənasızlığın təntənəsi” hekayəsini təqdim edir.

Qeyd edək ki, anonim şəkildə münsiflərə təqdim olunan hekayələr yalnız qiymətləndirildikdən sonra sayta yerləşdirilir.

Gecə idi. Qəssab dükanının qabağından keçəndə, dirəyə bağlanmış inək gördüm. Yəqin ki, sabah onu kəsəcəkdilər. Oturub ətrafa baxırdı. Yanından keçib maşınlar olan tərəfə getməyə başladım. Yolda milliön aparatından özümə 2 manatlıq kontur yüklədim. Zibilqabı tapmadığım üçün qəbzi əzib, cibimə qoydum. Sıra-sıra düzülmüş taksilərin yanında çatanda yadıma yasa gedən məhlə arvadları düşdü. Onlar məhəllənin ortasında topa halında yığışıb bir-birini gözləyərdilər. Hamısı yığışandan sonra qeybət edə-edə yas düşən evə getməyə tələsərdilər. Məhəllə arvadlarının yas yerində nə etdikləri mənə həmişə maraqlı gələrdi.

Bir siqaret dəmlədib, ağzıma qoydum. Siqaret azaldığı üçün alışqanı rahat tapım deyə qutunun içində saldım. Köhnə bir 06-ya yaxınlaşdım.

– Naxçıvan marketin yanına neçəyə gedərsiz?

– 5 manat verərsən.

Başımla razılıq bildirdib əyləşdim. Həmişə bu yolu 4 manata gedirəm. Amma yaşlı taksi sürücüsü ilə qiymət öldürəcək halda deyildim. Həm 1 manatla dünya dağılmaz ki.

Maşına əyləşəndə soruşdum ki, içəridə siqaret çəkmək olarmı?

Qoca sürücü mənə belə cavab verdi:

– Lap istəyirsən kazbek doldur çək.

Ərkyana nəsə cavab vermək istədim, amma bacarmadım. Bunu görə də vicdan əzabı çəkdim.

Köhnə maşının qapısı xarab olduğu üçün tam bağlanmırdı. Açıq qalan yerdən ayaqlarıma dəyən hava canıma ürpərti salırdı. Yaxşı ki, məsafə elə də uzun deyildi.

Yolda yadıma düşdü ki, özümə siqaret almalıyam.

Sürücüdən xahiş etdim ki, köşkün qabağında saxlasın. O da saxladı. Siqaretimi alıb təzədən maşına əyləşdim. Bu dəfə qapını bilə-bilə möhkəm örtdüm ki, bəlkə, bağlanar. Amma yenə bağlanmadı.

Naxçıvan marketin yanında düşüb, sürücüyə beş manat verdim. Maşını döndərib yenidən bayaq dayandığı yerə qayıtdı. Pulu verəndə də qapını zərblə çırpmağıma baxmayaraq, yenə də istədiyim kimi bağlanmadı. Bir az piyada yeriyib evə çatdım. Qaranlıq küçədə yiyəsiz it bir-iki ağız hürüb yanımdan ötüb-keçdi. Darvazaya çatanda açarları çıxarıb üstündə F hərfi olanı tapdım. Kilidi açarkən bir anlıq yadıma bayaqki taksinin bağlanmayan qapısı düşdü. Həyətə girəndə gördüm ki, dünən yuyub ipdən asdığım paltarlar yerə düşüb. Onları qucağıma yığıb, evə girdim.

Yorğun deyildim, həmişə olduğum əhvalda idim. Telefonu açıb internetə girmək istədim amma iyrəndim. Əynimi dəyişib şortik-mayka ilə qaldım. Yerimə girib daha bir siqaret yandırdım. Zəngli saatı 8-ə qurdum. Cürbəcür düşüncələr haqqında bir-iki saniyə fikirləşə-fikirləşə yatdım.

Zəngli saatın səsinə oyandım. Yerimdə bir az vurnuxub, ayağa durdum. Üzümə soyuq su vurdum. Dişlərimi fırçalamadım.

Evdən çıxanda kəsilmiş bir toyuq başı gördüm. Onun gözləri açıq qalmışdı. Ayağımla vura-vura onu darvazadan uzaqlaşdırdım. Uzaqdan gördüm ki, minəcəyim avtobus getdi. Qanım səhər-səhər qaraldı. Yadıma yenə dünənki taksinin xarab qapısı düşdü.

Yolda məhəllənin dəlisi ilə salamlaşdım. Danışa-danışa çöldə gəzirdi. Dükançı üzərlik yandırıb, dükanın qabağını süpürürdü. Onunla da salamlaşdım, amma eşitmədi. Dayanacağa çatıb avtobusun gələcəyi tərəfə gözlərimi dikib qaldım. Birazdan avtobus gələcək və həyat həmişəki kimi davam edəcəkdi. Sən demə yanılırmışam, birdən...

# 148899 dəfə oxunub

Müəllifin son yazıları

# # #