Stalin ona bank yarmağı tapşırdı, 36 il həbs yatdı, sevdiyi qızı qəbirdən çıxartdı – Gerçək Qurd Cəbrayıl

Qurd Cəbrayıl ləqəbi ilə tanınan Baxşıyev Cəbrayıl

Qurd Cəbrayıl ləqəbi ilə tanınan Baxşıyev Cəbrayıl

16 oktyabr 2022
# 18:00

Kulis.az rejissor Arif Babayevin ekranlaşdırdığı “Arxadan vurulan zərbə” filmində Qurd Cəbrayıl ləqəbi ilə tanınan Baxşıyev Cəbrayıl haqqında maraqlı faktları təqdim edir.

Baxşıyev Cəbrayıl Əlibaxış oğlu 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. Anadan olandan 6 ay sonra anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində böyüyür. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış.

***

Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub. O, özünə pul qazanmaq məqsədilə dovğaya su qatarmış ki, özünə şirinquş, noxud qovurması alsın. Bakı sakinləri dovğanın dadının dəyişdiyini, ona su qatılmasını başa düşüb Kəblə Sonquluya şikayət ediblər. Nəvəsini cəzalandırmaq qərarına gələn Kəblə Sonqulu Cəbrayılı döymək istəyəndə Cəbrayıl onun əlindən çıxıb Tağıyev fabrikinin yaxınlığında yaşayan xalasıgilə qaçmaq qərarına gəlir.

***

Həmin vaxt dənizin kənarından ora barkaslar gedərmiş. 9 yaşlı uşaq barkas əvəzinə çaşıb Həştərxana gedən gəmiyə minib. Sonradan yanlış olaraq uzaq məsafəli gəmiyə mindiyini başa düşüb. Gəmidəkilər Cəbrayılı sakitləşdirərək ona çörək, şirniyyat verib, kapitandan geri qayıdarkən Cəbrayılı Bakıya qaytarmasını xahiş ediblər. Ancaq hava şəraitinin kəskin dəyişməsi səbəbindən gəmi bir neçə gün Həştərxanda qalmalı olub. Bir neçə günü sahildə qalan Cəbrayıl bir gün görür ki, yoldan keçən arabanın təkəri çıxıb. Yaxınlaşıb milliyyətcə tatar olan arabaçıya kömək edir. Uşağın bu hərəkəti arabaçının xoşuna gəlib. Həştərxanın fabrik sahiblərindən olan, "sonsuz Ravil" kimi tanınan həmin şəxs Cəbrayılı dilə tutub, ona elə oradaca övladlıq təklif edir: "Mənim böyük bir qənnadı sexim var, yəni yaşayışım yaxşıdır. Amma övladım olmur. Gəl sən mənə oğul ol".

***
Evin xanımı ona doğma övlad gözü ilə baxmasa da, o, Ravil kişinin sevgisini qazanır. Beləliklə, Cəbrayıl təxminən 9 il Ravilin evində qalır.

***

Günlərin birində Ravil pul kisəsini Cəbrayıla verib, bir nəfərə çatdırmağı tapşırır. Üstəlik 1 manat da fayton pulu verir. Yolda yaşıdlarının dəmir pullarla qumar oynadığını görən Cəbrayıl onlara qoşulur. Xırda pulları qurtarandan sonra fayton pulunu da uduzur. Ravilin verdiyi pul kisəsindən 1 manat fayton pulu götürsə də, onu xərcləməyə ürək eləmir, fikirləşir ki, birdən bilərlər, özünə olan etimad itər. Yoluna kəsə yolla davam edən Cəbrayıl qəbiristanlıqdan keçəndə iki nəfər atlını görüb, qəbirlərdən birinin arxasında gizlənir. Həmin adamlar qəbiristanlıqda yer qazaraq özləri ilə gətirdikləri böyük bükülünü orada basdırıb, çıxıb gedirlər. Cəbrayıl adamların xəzinə basdırması ehtimalı ilə həmin yeri qazmağa başlayır. Qazıb qurtarandan sonra çıxardığı kisənin ağzını açır və... gözlərinə inanmır: orada boynuna bıçaq saplanmış bir qız vardı. Bıçağı dartıb çıxarınca üzünə qan fışqırır və Cəbrayıl özündən gedir. Gözlərini açanda isə özünü xəstəxanada görür. Ətrafdakılar qızı Cəbrayılın vurduğunu zənn edirmiş. Lakin sağ qalan qız onu Cəbrayılın vurmadığını deyib, xilaskarını həbsdən qurtarır...


Cəbrayıl və həyat yoldaşı Minəxanım

Özünə gəldikdən sonra xəstəxanadakı otaqlardan birinə girən Cəbrayıl oradakı çarpayıda ətrafı yasəmən gülləri ilə dolu olan bir gözəl qız görür. "Mənim başım gicəlləndi. Amma bilmirəm bu sənin gözəlliyindəndir, yoxsa yasəmən güllərinin ətrindən" – deyərək, qıza yaxınlaşır. Qız isə "elə mənim də adım Yasəməndir, xilaskarım" deyə, cavab verir. Bundan sonra Yasəmən başına gələnləri nəql etməyə başlayır: "Atam çox varlı idi. Onun iki qızı vardı – mən və bacım. Atam ölməzdən əvvəl var-dövlətini iki bacı arasında bölmüşdü. Məni bıçaqlayıb qəbiristanlıqda basdıranlar isə bacımın əri ilə qaynı olub".

***

Sağaldıqdan sonra Yasəmən Cəbrayıla öz evinə köçməyi təklif edir. Cəbrayıl Ravil kişiylə sağollaşıb, qızın evinə köçür. Üstündən çox keçməmiş Yasəmən ona qəsd etmiş bacısının həyat yoldaşı və qaynını öldürüb, doğrayır. Doğranmış meyitləri isə Cəbrayılın köməkliyi ilə basdırır. O, ev də daxil olmaqla hər şeyi satıb, bütün pulları Cəbrayıla verir. Beləliklə, Cəbrayılla Yasəmən Bakıya yollanırlar. Cəbrayıl Həştərxan yaxınlığındakı stansiyaların birində düşür, Yasəmən qatarda qalır. Elə həmin məqamda düşünür ki, Bakıda Yasəməni apara biləcəyi bir ata ocağı, evi yoxdur. Ona görə də o, Yasəmənin olduğu vaqona minməyərək Bakıya başqa qatarla qayıdır.

***

Təsadüfən Rostovdan Bakıya gələn oğrularla tanış olan Cəbrayıl ilk ciddi "iş"lərinə həmin vaxtdan başlayır. O dövrün ən tanınmış avtoriteti sayılan Rəşid oğlu Məhərrəmlə birgə oğurluğa gedən Cəbrayıl az müddətdə məşhurlaşır. Onun sorağı hətta Bakıda olarkən İosif Stalinə də çatır. Cəbrayılı Stalinin yanına aparırlar. O, Cəbrayıla Bakıdakı banklardan birindən külli miqdarda pul oğurlamağı tapşırır. Tapşırığı layiqincə yerinə yetirən Qurd Cəbrayıl sonradan həmin vəsaitin inqilaba xərcləndiyini öyrənir. Yeri gəlmişkən, müharibə dövründə həbsxanada olarkən Cəbrayıl Stalinə xahiş məktubu yazır. Məktubda xahiş edir ki, onu həbsxanadan buraxsın, əvəzində cəbhə bölgəsinə göndərsinlər. Lakin Stalin onu həbsxanadan buraxdırmaq barədə heç bir göstəriş vermir.

***

Sonralar Yasəməni axtarıb tapan Cəbrayıl onun vaxtilə verdiyi pul kisəsini özünə qaytarır və onunla birgə Bakıya dönür. Onlar artıq ər-arvad münasibətlərində yaşasalar da, bu, rəsmiləşməmiş qalır. Cəbrayıl göbəkkəsdisi edilmiş xalası qızı Minəxanımla evlənir. Yasəmən də onlarla birgə yaşayırmış, lakin övladı olmadığına görə Cəbrayıl digər qadından olan övladlarını qucağına alanda bu Yasəmənin ürəyinə toxunur. O, Cəbrayıla getmək istədiyini desə də, Cəbrayıl razı olmur. Lakin, Cəbrayıl növbəti dəfə qazamata düşəndə Yasəmən onlardan gedir. Ailə qurub baxçada müdir işinə düzəlir. Yasəməndən fərqli olaraq, Minəxanım düz 7 övlad dünyaya gətirir. Onlardan 2-si uşaq vaxtı dünyasını dəyişir.


Qurd Cəbrayıl ailəsi ilər birlikdə

Yasəmən Cəbrayıldan tez rəhmətə gedir. O, rəhmətə gedəndə Cəbrayıl həbsdə olur. Cəbrayılın oğlu bu haqda deyir: “Atam qayıdıb gələndə yenə onu axtardı, öyrəndi ki, özü də, əri də rəhmətə gedib. Atam onu çox sevirdi. Yadımdadır, qoca vaxtında da, onun haqqında mənə danışardı, deyərdi, kaş rəssam olardım, onun şəkilini çəkərdim. Necə gözəl olduğunu görərdin”.

***


Övladlarının doğum tarixlərinə baxınca Cəbrayılın müxtəlif vaxtlarda neçə il həbsdə yatdığı da məlum olur: 1928, 1930, 1933, 1938, 1948, 1952. Ümumilikdə isə Cəbrayıla 70 ilə yaxın iş kəsilib. Lakin o, aldığı işin yalnız yarısını – 36 ilini həbsxanada keçirib. O daha çox tək işləməyə üstünlük verdiyinə görə Qurd ləqəbini qazanıbmış. Ancaq kriminal aləmdə daha çox "Paxan Cəbrayıl" kimi tanınırmış.

***

Ötən əsrin otuzuncu illərində milis tez-tez paytaxtda "oblava" keçirərək, vətəndaşları saxlayıb, onları sorğu-sual edərmiş. Bir gün axşam keçirilən "oblava" zamanı Cəbrayılı da saxlayıblar. O, boynunda kiçik Quran gəzdirmiş. Onun üst-başını yoxlayan rus bunun nə olduğunu soruşanda Cəbrayıl "Bu, Qurandır" cavabını verib. Milliyyətcə rus olan milis heç nə demir. Lakin rusdan fərqli olaraq, azərbaycanlı milis rəisi onun boynundakı Quranı dartıb qırır və kiçik Quran kitabını yerə atıb tapdayır. Rusun Qurana belə sayğısızlıq etmədiyini, amma müsəlman olan rəisin Quranı yerə atıb tapdamasını görən Cəbrayıl hirslənir və ona deyir ki, harda görsə onu öldürəcək. Bir gün Cəbrayıl axşam yaşadığı məhəlləyə gələndə gözlənilmədən qarşısına həmin milis rəisi çıxır. Rəis ateist olduğunu deyərək Quranı təhqir etməsinə bəraət qazandırmağa çalışır, lakin, həm də onu dilə tuta-tuta əlini yavaş-yavaş tapançasına doğru uzadırmış. Cəbrayıl başa düşüb ki, milis rəisi ona atəş açmaq istəyir. Buna görə də daha cəld tərpənib və cibindəki tapançayla milisi alnından vurur. Cəbrayılı həbs edərək iş kəsirlər.


Cərbayıl və oğlu Xoşqədəm

O, məhkəmə zalına aparılarkən öldürülən milis rəisinin qardaşları onu yolda və ya həbsxanada aradan götürmək qərarına gəliblər. Lakin onun həbsxanadakı dostları onu zindanda killerin gözləməsi barədə xəbərdar edirlər. Bir gün səhər o, əl-üzünü yuyanda hündürboylu həbsxana yoldaşının onu güddüyünü hiss edir. Həmin şəxs dərhal əlindəki bıçaqla onun üstünə cumur. O, Cəbrayıla bıçaqla zərbə endirəndə, Cəbrayıl qolunu qabağa verir və bıçaq onun qoluna dəyir. Cəbrayıl bıçağı qatilin qarnına soxaraq onu öldürür. Beləcə, Cəbrayıla qarşı sui-qəsd planının üstü açılıb. Bu plana görə milis rəisinin qardaşları başda olmaqla bir neçə nəfər həbs edilir.

***

O zamankı qaydalara görə, zindan həyatı yaşayıb azadlığa çıxanların və onların ailə üzvlərinin Bakıda məskunlaşmasına icazə verilmirdi. Ona görə də Cəbrayılı ailəsi ilə birgə paytaxtdan kənara – Salyana sürgün edirlər. Cəbrayıl orda MTS-də gözətçi işləməyə başlayır. Bir gün MTS-ə yoxlama gəlir. Yoxlama üzvlərindən biri Cəbrayılın öldürdüyü milis rəisinin qohumu olduğunu bilir. Cəbrayıl müstəntiqin onun işini yoxlayıb həbs edəcəyini düşündüyündən, həmin şəxsi də yaralayır və 8 il iş alıb Sibirə göndərilir.

***

Sonra isə bir neçə məhbusla Sibirdəki həbsxanadan qaçır. Ordan qaçan məhkumlar bir-birlərinin ətini yeməklə xilas olurmuşlar. Yolda Cəbrayıl onlardan ayrılır. Cəbrayıl istisna olmaqla Sibirdən qaçanlardan daha biri sağ qalıb. Vaxtilə həbsxanada "nadzor" işləmiş şəxslərdən biri yeganə sağ qalmış məhkumu bədənindəki döymədən – "tatuirovkadan" tanıyıb. Ona görə də milis bu məhkumu yenidən həbs edib. Məhkum "mən Sibirdən qaçanların hamısını yemişəm" – deyə milisi aldatmaqla Cəbrayılı xilas edib. Bununla da Cəbrayılın axtarışlarına son qoyulub.

***


Yazıçı Elçinin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən məşhur "Arxadan vurulan zərbə" filmində Qurd Cəbrayıl obrazını canlandıran mərhum aktyorumuz Yusif Vəliyevlə Cəbrayıl eyni küçədə yaşayıb, Cəbrayılın oğlu Xoşqədəm ilə dost olub. Cəbrayılın oğlu müsahibələrinin birində bu barədə deyir: “Bir gün Yusif mənə dedi ki, Cəbrayıl haqqında film çəkilir, mənə Qurd Cəbrayılın obrazını yaratmağı tapşırıblar. Sənin atan 40 ilə yaxın həbsxana həyatı yaşayıb. İstəyirəm bir müddət atanın yanında gəzim. Onun hərəkətlərini, davranışlarını, danışıqlarını, jestlərini öyrənim. Atan buna icazə verərmi? Dedim əlbəttə icazə verər. "Paxan" bununla razılaşdı. Yusif Vəliyev bir-iki ay atamın yanında gəzib dolandı. Onun davranışlarını, oturuşunu, duruşunu, hətta nərd oynamasını belə, öyrəndi. "Arxadan vurulan zərbə" filmi efirə çıxanda atam artıq rəhmətə getmişdi. Yusif Vəliyev atamın obrazını necə canlandırmışdısa, hər kəs mənə deyirdi ki, axşam televizorda sənin atanı gördük”. Hər dəfə "Arxadan vurulan zərbə" filminə baxanda elə bil atamı görürəm. Fərq yalnız bu idi ki, filmdəki Qurd mahir ustalıqla bıçaq atır. Halbuki atam tapançadan sərrast atəş açırdı.


"Arxadan vurulan zərbə" filmindən kadr

Cəbrayıl erməniləri sevməyib. Onlar Cəbrayıldan qorxub çəkinirdilər. Onun qorxusundan Cəbrayılın yaşadığı "Kirpiçniy" adlanan məhəllədən keçib gedə bilmirmişlər. Cəbrayıl onların başına oyun açırmış.

***

Həbsxanadan sonuncu dəfə 1963-cü ildə çıxıb. Oğlu Xoşqədəm danışır ki, 63 yaşlı Cəbrayıl həmin vaxtdan ömrünün sonuna qədər başını aşağı salıb, heç kimlə işi olmayıb. Qurd Cəbrayıl 1976-cı il mayın 9-da dünyasını dəyişib. Oğlunun dediyinə görə, həmin vaxt SSRİ-dəki bütün həbsxanalarda onun üçün "Yasin" oxutdurulub, ehsan verilib: "Bizə çoxlu məktublar gəlirdi. Ölümündən sonra SSRİ-nin müxtəlif yerlərindən dostları gəlib birgə iş qurmağı təklif etdilər, ancaq dedim yox".

# 62233 dəfə oxunub

Müəllifin son yazıları

# # #