Seyran Səxavət: " Bir üzdəniraq həmin institutu Midhət müəllimə görə bağlatdırdı" - Söhbət

Seyran Səxavət, yazıçı

Seyran Səxavət, yazıçı

28 iyul 2026
# 13:30

Kulis.az yazıçı Seyran Səxavətin akademik Midhət Abbasovun 100 illik yubileyi münasibətilə söhbətini təqdim edir.

Pərvanə Eyvazqızı - Akademik Midhət Teymur oğlu Abbasovu biz texniki elmlər doktoru, neftçi alim, professor, akademik kimi tanıyırıq. Bəs Seyran Səxavət üçün Midhət Abbasov kimdir?

Seyran Səxavət – Bilirsən, bu suala cavab vermək, doğrudan da həm asandır, həm də çətin. Midhət Teymur oğlu Abbasov haqqında günlərlə danışmaq olar. Nəhəng bir şəxsiyyət idi. Qaldı ki, onun elmi tərəfləri, akademikliyi və.s. bunu onsuz da dünya elm ictimaiyyəti yaxşı tanıyır. Dünyanın elə bir neft təşkilatı yox idi ki, Midhət müəllim oranın ya işlək, ya da fəxri üzvü olmasın. Demək olar ki, dünyanın nefti öz marşurutu ilə axmaq üçün (neft mayedir də axıcılıq qabiliyyətinə malikdir), marşurutunu davam eləmək üçün mütləq Midhət Teymur oğlunun razılığı lazım idi.

Bizim tanışlığımızın uzun illik bir tarixi var. Midhət müəllimlə məni uşaqlıq dostum, Dünya elmi ictimaiyyətində 5-10 alimindən biri hesab olunan akademik Hətəm Quliyev tanış edib. Sizə deyim ki, mən təkcə Midhət müəllimi tanımamışam. Midhət müəllim Azərbaycan Milli Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun direktoru idi. Orada Midhət müəllimdən başqa Uzun illər Azərbaycanda BP neft şirkətinin prezidenti, Qarabağın Cavanşir xanının nəslindən olan, indi Londonda yaşayan Rəşid Cavanşirlə, “QAZPROM SSRİ”-də böyük vəzifələr tutmuş İsgəndər Cəfərov ilə də tanış oldum. Başqa alimlər, işıqlı adamlar, ziyalılar da vardı orda. Mən də ünsiyyətcil adam olduğumdan zəncirvari əlaqəli olan tanışlıq prossesi uzana–uzana gedirdi. Midhət müəllim də onların rəhbəri, həmin institutun direktoru idi. Sonra bir üzdəniraq ixtiyar sahiblərindən biri həmin institutu Midhət müəllimə görə bağlatdırdı. Daha sonra Midhət Teymur oğlu, dostum Hətəm Quliyev və bayaq adını saydığım alimlər hamısı keçdi Geologiya İnstitutuna, Akademik Akif Əlizadənin rəhbərliyi altında işləməyə. Akademiyanın həqiqi üzvü, dünya şöhrətli alim, uşaqlıq dostum Hətəm Quliyevin hesabına bir dəstə işıqlı adamla tanış olmuşdum ki, onların başında da Midhət Abbasov dayanırdı.

P.Eyvazqızı – Bilirik ki, Midhət Abbasov elmi fəaliyyətində Kiçik Elmi işçidən, Elmi işlər Üzrə direktor vəzifəsinə qədər yüksəlibdir. Bəs dostluqda necə, tanış oldunuz və o pillələri hansı əməlləri ilə keçdi?

S.Səxavət – Baxmayaraq ki, çox ciddi bir sahənin alimi idi Midhət müəllim, bir dost bir yoldaş, bir insan kimi çox səmimi idi. Özü də hündür (Qarabağda deyirlər: şaqqalı), heykəlli biriydi. Kişi gözəlliyi olan bir şəxs idi. Son dərəcə də ürəyiyumşaq, uşaq kimi bir adamıydı. Mənə elə gəlir ki, o nəhəng Midhət Abbasovun içində balaca bir Midhət vardı və o, böyük Midhət müəllimi idarə eləyirdi. Hər halda dostluqda, çöldə, yolda, istirahətdə mən o cür görmüşəm. Bəlkə də elm sahəsində o balaca Midhət yekə Midhətə heç nə öyrədə bilməzdi, bəlkə də əksinə böyük Midhət balaca Midhətə nəsə pıçıldaya bilərdi, deyə bilərdi. Şəhərdə onunla gəzəndə addım başı hamı ona salam verirdi, rəğbətini, məhəbbətini bildirirdi. Olduğu kimi deyəcəm, Pərvanə xanım, o xırda bir şeyə görə də and içməyi xoşlayırdı. Düşünürəm ki, bu da insanların inamsızlığından şübhələndiyi üçün belə idi. İnsanlardan şübhəli olmağında da mən bilən haqlıdır. And içəndə ”Midhətin canı üçün.”-deyib, əliylə üzünə şappıldadırdı. Qəribə bir adam idi. Elmi tərəfdən deyə bilmərəm o, tabeliyində olan alimlərlə necə işləyib, hansı münasibətdə olub. Hər halda insanlıqda, dostluqda, tanışlıqda dünyanın ən rahat adamlarından biri idi. Mən ən uzağı bakalavr diplomu almış biri, Midhət müəllim isə akademik, AzMeA-nın həqiqi üzvü, SSSR-i Elmlər Akademiyasının müxbir üzvü və.s. Sadaladıqıarım elə belə titullar və ya mövqelər deyil ha. Bax, bu zirvələrə 50-60 il piyada yol gəlib ey bunlar. İndikilər kimi elmin yollarına avtomobillə və ya vertolyotla göydəndüşmə gəlməyiblər. Bütün bunlara rəğmən, baxırdın deyirdin:”İlahi, adam nə qədər sadə olar, adam nə qədər rahat olar?!” Xüsusilə məclisdə Midhət müəllimin qiyməti yox idi, əvəzsiz idi. Həm də gözəllik aşiqi idi bu adam. “Gözəllik aşiqi” deyəndə, əlahəzrət Azərbaycan xalqı ancaq qadın nəzərdə tutur. Amma qadından başqa da o qədər gözəl obyektlər var ki. Bahar fəsli, dağlar, bulaqlar, dərələr, yaşıllıqlar var – Dünya var. Dünya çox gözəldir axı. Midhət müəllim də sözün bütün mənalarında gözəllik aşiqi idi. Bilirsiniz, gözəlliyi duymayan, qiymətləndirməyən, onu təbliğ eləməyən adamdan heç vaxt böyük şəxsiyyət çıxa bilməz. Mənim aləmimdə insanı formalaşdıran nəsə varsa, onun biri gözəllikdir.

P. Eyvazqızı – Seyran müəllim, bayaq qeyd elədik ki, Midhət Abbasov dəqiq elmlər üzrə alim olub və vurğuladınız ki, bəlkə də insanların ona inamından şübhələndiyi üçün and içirdi. Dəqiq elmlər üzrə alim insanlaın inamsızlığından niyə şübhələnsin ki?

S. Səxavət – Bilirsiniz, məncə şübhələnmək bütün insanların xislətində var, elə mən də, sən özün də qarşımızdakına, həmsöhbətimizə nəsə deyəndə istəyirik ki, yüz faiz inansın. Bizə etibar eləsin. Midhət müəllim özü çox inanan adam olduğundan, istəyirdi ki, ona da inansınlar. Özü çox etibarlı adam idi, istəyirdi ki, ona da etibar etsinlər. Məncə səbəbi budur.

P. Eyvazqızı – Bir də dediniz ki: “gözəllik aşiqi idi.” Onun gözəllik aşiqi olmağını hansı hərəkətində, hansı sözündə duymusunuz?

S. Səxavət – Məsələn: küçədə də gəzmişik, Azərbaycanda və xaricdə səfərlərdə də olmuşuq birgə. Ətraf mühit var, o baxışlar var və bunu hiss eləmək o qədər də çətin bir şey deyil. Düzdür, Midhət müəllim o qədər də biruzə vermirdi. Ya da təbiəti elə idi. Bunu ayırd edib, konkret nəsə demək də mümkün deyil. Ola bilər yanılarıq. Həddindən artıq həssas adam idi. Həssaslıq da mən bilən hər şeyi həll eləməsə də, hər şeyi duyur, hər şeyə içində qiymət verir. Lazım olanda içində bir tufan, qasırğa olur, lazım olanda dalğavari, ləpəvari bir sakitlik. Yəni bu adam çox diri adam idi. Bəzi adamlar haqqında deyirlər “ölüvaydı”. Tutaq ki, nəysə böyük bir şey kəşf edib, amma kəşvi ilə, savadı ilə hərəkəti, davranışı uyğunlaşmayan adamlar var. Amma Midhət müəllimdə bunlar üstüstə düşürdü, bir birini mükəmməl şəkildə tamamlayırdı. Hamısı bizim gözümüzün qabağında olub. O, tabeliyində olan alimlərlə: Hətəm Quliyev, Rəşid Cavanşirlə də fəxr edirdi. Onlarla məsafə saxlaya-saxlaya o qədər yaxın idi ki, adam həsəd aparırdı. Bilirsiniz, bu çox çətin bir şeydir. Adam ya yaxın olar, ya da məsafə saxlayar. Midhət müəllimdə ağıllı və müdrik adam olduğuna görə, elə alınırdı ki, həm məsafə saxlayırdı, həm də son dərəcə yaxın idi. Bayaq adını sadaladığım alimlər Midhət müəllimdən yaşca kiçik olsalar da ona çox güvənirdilər. Elə bilirdilər ki, bu elmi institutun direktoru adi bir insan deyi. Elə bil ki, bir dağdır, ona söykənmək güvənmək olar. Bu da havayı başa gəlmir. Gərəkdir ki, elə yaşayasan ki, bütün ətrafın, özdə ağıllı ətrafın, hamısı alimlər – həm də indiki alimlərdən deyil ha, o vaxtın alimləri elm zirvəsinə çıxmaq üçün kilometrlərlə ayaqyalın, başıaçıq yol gəliblər. Daha indiki kimi yox. O barədə heç danışmaq da istəmirəm. Hamı hər şeyi yaxşı bilir. Yəni Midhət müəllim bu sahədə də böyük bir ölçü idi. Müxtəlif ölçü vahidləri var: metr, kilometr, qram, litr və.s. Midhət müəllim də öz çəkisində, öz boy-buxununda saydığım bütün sahələr üzrə bir ölçü vahidi idi, onunla ölçürdülər. Azərbaycanda barmaqla sayılacaq qədər belə adam var, onun da biri Midhət Abbasov idi.

P. Eyvazqızı – 560-dan çox elmi məqalənin, 16 monoqrafiyanın, 43 ixtiranın və 5 potentin müəllifi olan Midhət Teymuroğlu Abbasov Seyran Səxavətin yaddaşında bir dost kimi necə qalıb?

S.Səxavət – Bilirsiniz, əgər mən onunla biraz lap tez tanış olsaydım, biz daha tez rastlaşsaydıq bəlkə də mən onun haqqında mükəmməl bir bədii əsər yazardım, bir sənədli roman yazardım. Bu isə mənim istəyimdən asılı olmadı. “Qismət” deyilən ilahi bir şey var, o da yuxarıdan tənzimlənən marşrutdur. Amma tanışlığımızdan sonra da başım qarışdı onun qeyriadiliyinə, maraqlı adam olmağına. Mənim və ümumiyyətlə onun əhatəsində olan heç kimin ağlına da gəlməzdi ki, Midhət Abasov bizdən belə tez ayrılar. Deyirdim ki, bu nəsə başqa bir varlıqdır, yəqin həmişə bizimlə olacaq. Adamda belə bir arxayınlıq olur, belə bir psixoloji durum var müasir insanın xislətində.

Bu saat da bir çətinliyə düşəndə Midhət müəllimi yadıma salıram. Onun təmkinini, necə hövsələ ilə vəziyyətə yanaşmasını, ona qiymət verməsini və düzgün dəyərləndirmədən sonra da super real nəticə çıxartmağı indi də nümunə olur bizə. Midhət müəllim böyük bir məktəb idi. İnanın, Pərvanə xanım, mənə elə gəlirdi ki, elə mən də onun əlinin altında işləmişəm. Onun dövrəsində olanların içində ən ərköyünü mən idim. Midhət müəllimin həyat yoldaşı Qarabağlı olduğundan, hərdən ona “yeznə” də deyə bilirdim. Heç kəs bunu deyə bilməzdi, amma mən deyirdim. Bu adamın təsir dairəsi, maqnit sahəsi o qədər güclü idi ki, onunla biryerdə olmayanda da elə bilirdim ki, elə Midhət müəllimləyəm. Həyatımda iki-üç nəfər şəxsiyyət olub, biri başımın üstə şəkli olan Yusif Səmədoğlu, biri də Midhət Teymur oğlu. Adama elə gəlir ki, bir addım atanda, nəsə bir iş görmək istəyəndə də düşünürdün ki, görəsən Midhət müəllim buna nə deyər, hansı tövsiyəni verərdi. Mənim üçün və öz ətrafında olan hamı üçün Midhət müəllim qeyri rəsmi tənzimləyici rolunu götürmüşdü, heç bəlkə özünün də bundan xəbəri yox idi. Sadəcə varlığı belə idi. Bundan da gözəl heç nə yoxdur. Biri var rəsmi beş-on adamı tapşıralar ki, bunlarla sən məşğul ol. Biri də var ki, ilah güc, bir kosmik xətlə Midhət müəllim bütün ətrafını varlığı ilə tənzimləyirdi. Bu çox qeyri adi bir bacarıq , bir istedad idi.

P.Eyvazqızı – Seyran müəllim, məlumdur ki, Midhət Abbasov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişdi. Xəstə olan illərində görüşürdünüzmü?

S.Səxavət – Midhət müəllimin belə bir xasiyyəti va idi ki, o, ətrafına əziyyət verməyi xoşlamırdı. Amma Midhət müəllim bir şeyi yüz faiz bilirdi ki (mən də buna yüz faiz əminəm), ətrafı onu çox istəyir və yüz faiz istəmirdi ki, onu sevən adamlar əziyyət çəksin. Bunu mən belə izah edirəm ki, ətrafındakılara olan sevgisi onu belə davranmağa qoymurdu. Bu da onun böyük sevgisindən, ağayanalığından irəli gəlirdi. Qeyri adi bir varlıq idi. Əjdaha bir başçı idi. Böyük bir instituta rəhbərlik edirdi. Amma ondan da böyük olan ailə institutunun nəhəng başçısı idi. Hər iki institutda “paralel” işləyirdi, hər ikisini paralel idarə edirdi. İkisində də eyni səviyyədə, eyni motivdə mövqeyini göstərirdi. Məkandan, şəraitdən, psixoloji dönəmdən asılı olmayaraq, ümumiyyətlə ən müxtəlif situasiyalarda bu adam dəyişmirdi.

P.Eyvazqızı – Elə ailəsindən söz düşmüşkən, Midhət müəllimdən sonra onun ailə üzvləri ilə əlaqəniz davam edirmi, ünsiyyətiniz varmı?

S.Səxavət – Belədir ki, onun oğlu Fəxri Abbasov DTX-nin istefada olan polkovnikidir. Biz tez-tez zəngləşirik, görüşürük, dərdləşirik. Hər görüşəndə də Midhət Teymur oğlunu yada salır, ondan danışırıq.

Bir dəfə Rəşid Cavanşirin 50 illik yubileyi idi. Otellərin birində qeyd edilirdi. Səslənən musiqi o an üçün xoşuna gəlmədi və dedi :”Seyran, bu nədi belə cırıldayır? Ürəyim nəsə yaxşı musiqi istəyir”. Əslində Midhət müəllim çox müasir adam idi. Amma o anda milli musiqi düşmüşdü könlünə nəsə. Rəşid Cavanşirin bir qohumu vardı orda, DİN-nin Tibb idarəsinin rəisi Səfərəliyev. Ona dedim ki, bəlkə bir milli musiqi təşkil edək. O da Qarabağlı idi, dedi ki, elə mənimdə ürəyimdəndir.Dedi:”Bir nəfəri çağırsam, nəsə desələr , sən boynuna götürərsən?” Dedim:”Lap canını da alaram, əlbəttə.” Zəng elədi harasa və yarım saatdan sonra bizim çox gözəl müğənnimiz Aygün Bəylər gəldi (heyf ondan, mən çox sevirdim onu) və Midhət müəllim dedi:”həə, bax, bu başqa məsələ.”

Midhət Teymur oğlu həm çox milli adam olmaqla yanaşı, həm də çox beynəlimləl tərəfləri olan bir nəhəng idi. Uşaqla uşaq, böyüklə-böyük ola bilən, istənilən adamla dil tapa biləcək biri idi. Yalana nifrət eləyirdi, məhz buna görə də bütün varlığı ilə həqiqəti sevirdi.

Hamının dediyi o şablon ifadələr ki var: “mən xoşbəxtəm ki.....” falan-filan deməyəcəm. Mən özümü Allahın şanslı bəndələrindən hesab edirəm ki, Midhət Teymur oğlu ilə yolumuz kəsişib, görüşmüşük, yaxın olmuşuq. Mən də çox istəyirdi. Mən də bununla fəxr edirdim, mənim üçün bir stimul idi. Mənim tamaşalarıma da gəlib baxırdı, kitablarımı oxuyurdu. Bir dəfə mənim haqqımda böyük bir çıxış da eləmişdi. Hamının – Hətəm Quliyevin, Rəşid Cavanşirin, İsgəndər Cəfərovun, Seyran Səxavətin öz qiymətini verirdi, nə artıq nə əskik. O adam o qədər nəhəng biri idi. Allah ona qəni-qəni rəhmət eləsin.

Bilirsiniz də dünyada sevgi azalıb, həm sözün öz mənasında, həm də böyük mənasında. Amma inanırsınız bu həm də bir soyuqluq yaradır. Mən dediyim soyuqluğun fəsillərə bir dəxli yoxdur. Belə olanda məni sevənləri (indi çoxu yoxdur dünyada) xatırlayıram. Deyirəm qoy indən belə lap heç kim istəməsin məni, qoy lap soyuq olsun, üşüyüb eləmirəm, sevənlərin istisi bəsdi mənə. Məni Midhət Teymur oğlu çox istəyib, Yusif Səmədoğlu, Adil Hacıyev, Zeynal Zeynalov, Fuad Poladov çox istəyib. Lap Şimal Buzlu Okeanda da olsam mən üşümərəm. Bax, bu da Midhət Teymur oğlu məktəbidir. Bilirsiniz, alim ol, yazıçı ol, jurnalist ol, aparıcı ol, kim olursan ol, Dünya da “Ol” sözündən yaranıb. Sən də ol. “Ol” deyən Allah xeyrini versin. Amma “ol” demirlər, balam, adam ol! Midhət müəllimə elə bil Allah demişdi “Ol” və “Nəhəng ol.”, “Midhət Teymur oğlu ol”. O da oldu.

P.Eyvazqızı – Qəlbinizi, ruhunuzu biraz da isitsin deyə, Midhət Abasovun Sizin barənizdə dediyi fikirləri də müsahibəmizin bu məqamına əlavə etmək istədim:

“Seyran Səxavət mənim üçün görkəmli yazıçı, Azərbaycan ictimai fikrinin formalaşmasında rolu olan bir ziyalıdır. Seyranın əsərləri Azərbaycan reallığının bir çox sahələrini əhatə etdiyi üçün oxucular tərəfindən həmişə rəğbətlə qarşılanır. Azərbaycanın ədəbiyyat sahəsindəki görkəmli sənətkarları da Seyranın ədəbi yaradıcılığını yüksək qiymətləndirirlər. Seyran həm də fəal ictimai xadimdir. Gündəlik mətbuatda, televiziyada müxtəlif mövzularda onun çıxışları, müsahibələri həmişə öz aktuallığı, ciddiliyi və orijinallığı ilə fərqlənir. Onun dili sadə olsa da, çox güclüdür, səmimidir. Yalandan, pafosdan uzaqdır. Bütün bunlar xalq arasında Seyrana böyük inam qazandırmışdır.” - Bu fikirlərə nəsə əlavə etmək istəyirsiniz, Seyran müəllim?

S.Səxavət – Heç Midhət Teymur oğluna da nəsə əlavə etmək olar?! Ancaq dərindən fikirləşəndə belə bir nəticəyə gəlirsən ki, Midhət Teymur oğlunun əlavəsi olmaq da bir kişilikdir.

P.Eyvazqızı – Midhət Abbasovun anım günü ərəfəsində bizim söhbətimiz yəqin ona da əyan oldu, ruhu şad oldu.

S.Səxavət – Yəqin ki, hə...

P.Eyvazqızı – Bu müsahibə üçün sizə də təşəkkür edirəm, çox maraqlı həmsöhbətsiniz. Midhət müəllim haqqında səmimi sözlər dediniz. Əminəm ki, müsahibəmizi oxuyanlar, Midhət Abbasovu sevənlər onu bir başqa istiqamətdən də tanıyacaqlar.

S.Səxavət – Çox sağ ol, sən də əziyyət çəkdin, məni danışdırdın. Adamı hər adam danışdıra bilmir ha. Gərək etibar edəsən, sözümüzü çöldən tapmamışıq. Bizim kimi adamların sözdən başqa heç nəyi yoxdur. Sözdən başqa heç nəyi olmayan adamlar da elə dünyanın ən zəngin admlarıymış sən demə, Midhət Abbasov kimi... Təşəkkür edirəm, Pərvanə xanım.

# 138 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər