"Robokop" filmləri əsasında serial çəkiləcək

"Robokop"  filmləri əsasında serial çəkiləcək
28 iyul 2026
# 10:10

Uzun sürən hazırlıq prosesindən sonra "Amazon MGM Studios" "MGM" film franşizasına əsaslanan, Piter Okko və "Blumhouse Atomic Monster" tərəfindən ərsəyə gətiriləcək "Robokop" serialının çəkilişlərinə start verib.

Kulis.az xəbər verir ki, ekran işində nəhəng bir texnologiya konqlomeratı şəhər rəhbərliyini polis qüvvələrinə güclü bir robot — sevilən, lakin həlak olmuş bir polisin şüuru yerləşdirilmiş robot təyin etməyə inandırır.

"Amazon"un 2022-ci ildə "MGM" studiyasını almasından sonra "Robokop" serial istehsalı üçün seçilən ilk layihələr sırasında idi. Həmin vaxt bu siyahıda "Legally Blonde", "Barbershop", "Stargate", "The Magnificent Seven", "Poltergeist" və "Fame" kimi ekran işləri yer almış, "Pink Panther" və "The Thomas Crown Affair" daxil olmaqla bir neçə layihə isə tammetrajlı remeyk yolunu seçmişdi.

"Robokop" serialı 2024-cü ildə, təcrübəli Piter Okko ("Lodge 49") ssenarist, icraçı prodüser və şouranner təyin edildikdə, qorxu filmləri ustası Ceyms Van isə icraçı prodüser kimi layihəyə qoşulduqda tam formalaşmağa başladı. Layihə "Legally Blonde" filminin "Prime Video" üçün çəkilən və ikinci mövsümü təsdiqlənən prekveli "Elle", "Barbershop", eləcə də "MGM+" üçün nəzərdə tutulan "The Magnificent Seven"dən sonra "MGM" əqli mülkiyyət siyahısından serial sifarişi alan son işdir.

Qeyd edək ki, "Amazon" bu yaxınlarda əvvəllər təsdiqlənmiş "Stargate" serialından imtina etmək qərarına gəlib və hazırda həmin layihəni işləyəcək yeni ssenarist axtarışları davam edir.

Ceyms Van, Maykl Klir və Rob Hekett "Blumhouse Atomic Monster" vasitəsilə "Robokop"un icraçı prodüserləridir. Şirkət adından seriala ortaq icraçı prodüser Daniella Botssone nəzarət edir. Rejissor Pol Verhovenin 1987-ci ildə lentə aldığı orijinal "Robokop" filminin həmmüəllifləri Ed Noymayer və Maykl Mayner də icraçı prodüser qismində çıxış edəcəklər.

"Mən həmişə "Robokop"un qatı pərəstişkarı olmuşam, ona görə də bu dünyanı televiziyaya gətirməyə kömək etmək mənim üçün bir xəyaldır", – Van deyib.

O, əlavə edib:

"Pol Verhovenin 1987-ci ildə yaratdığı əsər öz dövrünü çox qabaqlayırdı. Texnologiya, kimlik və korporasiyaların əslində, kimə xidmət etdiyi ilə bağlı verdiyi suallar bu gün daha da aktuallaşıb. Piterin hekayə nəqlinə fərqli baxışı və cəsarətli yanaşması ilə qlobal izləyici kütləsi üçün tamamilə yeni bir şey yaradarkən orijinalı unudulmaz edən dəyərləri qorumağa və onun bugünkü texnologiya yönümlü dünyadakı aktuallığını vurğulamağa çalışırıq".

Xatırladaq ki, "Robokop" elmi-fantastik döyüş filmləri franşizasının mərkəzində vəzifə borcunu yerinə yetirərkən ölümcül yaralanan və "Robokop" adlı güclü kiborqa çevrilən Detroyt polisi Aleks Mörfinin futuristik macəraları dayanır. Baş rolunu Piter Uellerin ifa etdiyi ilk filmin ardınca iki sikvel — 1990-cı ildə "Robokop 2", 1993-cü ildə "Robokop 3" və 1987-ci il filminin remeyki olan 2014-cü il istehsalı eyniadlı ekran işi çəkilib.

Özündə korporativ acgözlük, özəlləşdirmə və kimliyin təbiətinin tənqidini birləşdirərək dərin bir sosial satira olan "Robokop", "bəşəriyyət texnologiyaya qarşı" və "nəzarətsiz korporativ gücün nəticələri" mövzuları ilə bu gün, süni intellektin inkişafı fonunda daha kəskin xarakter alıb.

"Amazon MGM Studios"un Qlobal Televiziya şöbəsinin rəhbəri Piter Fridlender isə bildirib:

"Robokop dörd onilliyə yaxındır ki, tamaşaçılar üçün təkcə döyüş filmi kimi yox, texnologiya və güclə olan münasibətimizin kəskin, provokativ bir aynası kimi əhəmiyyət kəsb edən bir franşizadır. Piter Okko bu gün üçün tamamilə yeni və aktual bir iş ərsəyə gətirərkən orijinalı bu qədər qalıcı edən ruha hörmətlə yanaşan bir baxış ortaya qoyub".

# 315 dəfə oxunub

Oxşar xəbərlər

Çarəsizliyin ifadəsi, fövqəltəbii güc və gizli agent – Helli Berrinin  3 yaddaqalanrolu

Çarəsizliyin ifadəsi, fövqəltəbii güc və gizli agent – Helli Berrinin 3 yaddaqalanrolu

18:00 14 avqust 2026
"Oskar" mükafatının namizədləri müəyyənləşir

"Oskar" mükafatının namizədləri müəyyənləşir

16:15 14 avqust 2026
Dünya kinosunun “yol filmləri” rejissoru – Vim Venders kimdir?

Dünya kinosunun “yol filmləri” rejissoru – Vim Venders kimdir?

14:30 14 avqust 2026
Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

Trampı kinoda canlandıran aktyor – Sebastian Stenin yaddaqalan rolları

17:40 13 avqust 2026
Dünya kinosunun dəhşət və qorxu ustası  – Alfred Hiçkokun 5 məşhur filmi

Dünya kinosunun dəhşət və qorxu ustası – Alfred Hiçkokun 5 məşhur filmi

13:00 13 avqust 2026
"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3  əsas rolu

"Meksikanın Çarli Çaplini" adlandırılan Kantinflasın 3 əsas rolu

17:20 12 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər