Don Kixot - Etimad Başkeçidin pyesi - Üçüncü pərdə

Etimad Başkeçid, yazıçı

Etimad Başkeçid, yazıçı

28 iyul 2026
# 12:00

Kulis.az Etimad Başkeçidin "Don Kixot" adlı yeni pyesinin üçüncü pərdəsini təqdim edir.

Birinci pərdə burada

İkinci pərdə burada

ÜÇÜNCÜ PƏRDƏ
I ŞƏKİL

Qubernator sarayının gözləmə zalı. Don Kixotla Sanço Pansa əyləşiblər. Don Kixot Sanço Pansaya öz məsləhətlərini verir.

Don Kixot (Sanço ilə üz-üzə dayanır, əlini onun çiyninə qoyur, atalıq qayğısı ilə, ciddi səslə). Qulaq as mənə, Sanço! Bir azdan sən insan oğlunun ən çətin sınağına çəkiləcəksən – sənə hakimiyyət veriləcək və sən bu yerlərin külli-ixtiyar sahibi olacaqsan. Baratariya adasının qubernatoru olmaq təkcə ləzzətli təamlar yemək, yumşaq yorğan-döşəkdə xumarlanmaq demək deyil. Sənə bir neçə nəsihətim var, onları qulağında sırğa elə.

Sanço Pansa (həyəcanla papağını əllərində fırladır). Buyurun, ağam, qulağım sizdədir. Çalışaram hamısını yadda saxlayım, hərçənd mənim yaddaşım deşikli şadara kimidir, buradan tökürsən, oradan axıb gedir.

Don Kixot. Birincisi, Sanço, dırnaqlarını vaxtı-vaxında tut, əyin-başına fikir ver, belə töküldüm-itdim görkəmdə camaatın qarşısına çıxma. Süfrə arxasında, adamların arasında gəyirmə. Canım sənə desin, donuz kimi stolun üstündə nə var silib-süpürmə. Az ye, görməmişlik eləmə, çünki çox yeyən adam daim mürgülü gəzib-dolaşır, verdiyi qərarlar da bir zibilə yaramır. Bir sözlə, çalış məni hersoqun yanında rəzil-rüsvay eləmə, La Mançanın adını batırma, əzizim Sanço! Sənə inanıram.

Sanço Pansa (şövqlə). Söz verirəm, ağam! Elə qubernator olacağam ki, hətta sizin o kitablarınızdakı cəngavərlər də mənə həsəd aparacaq. Yadıma düşdükcə, sizin bütün tövsiyələrinizə əməl edəcəyəm.

Don Kixot. Bu hələ hamısı deyil. Sanço, Allahdan qorx, rüşvətdən, haramdan çəkin, yoxsa o qubernatorluq əsası ilan olub əlini çalar, inan mənə! Öz kökünü unutma, Sanço, kimsən, haradan gəlmisən, yaddan çıxarma. Vaxtilə donuzotaran olduğunu gizlətmə. Onsuz da Allahdan gizlin heç nə yoxdur! O da, lazım gələndə, hər şeyi elə faş eləyir, qalırsan mat-məəttəl. Bundan başqa, seçim qarşısında qalsan, mərhəmətdən yapış, sərtlikdən yox, qoy sənin tərəzində yoxsulun göz yaşları varlının şikayətlərindən ağır gəlsin.

Sanço Pansa (Don Kixotun əllərindən yapışır, səsi titrəyir). Ah, ağam, canım ağam! Nəyə gərəkdir bu qədər öyüd-nəsihət, bu ağır kəlamlar? Axı siz yanımda olacaqsınız! Darıxanda sizdən soruşar, çətinə düşəndə ətəyinizdən yapışaram. Siz o qəsrdə, mən bu adada, ikimiz də hersoqun lütfünə sığınmışıq. Aramızda cəmi bircə divar olacaq... Siz yanımda olduqdan sonra, mənə zaval yoxdur axı!

Don Kixot (başını kədərlə bulayır, baxışlarını üfüqə dikir). Yox, vəfalı dostum Sanço, yanılırsan. Səyyah cəngavər sarayların yumşaq ipək-qumaşı arasında can çürüdə bilməz. Bu bəzəkli zallar, zəngin süfrələr, bu divarlar, bu tavan ruhumu darıxdırır, məni sıxır. Sən öz adanda ədalət tərəzisini qurarkən, mən yenidən tozlu yollara, qılıncların toqquşduğu, poladın polada çırpıldığı meydanlara qayıtmalıyam.

Sanço Pansa (təəccüblə). Yenə yollar? Yenə quru çörək yeyib, soyuq samanlıqlarda gecələyəcəksiniz? Axı burada hər şey var, ağam! Rahatlığın nəyi pisdir?

Don Kixot. Mən gedirəm, Sanço, eşitmişəm ki, Saraqosada böyük cəngavər turniri keçiriləcək. Bütün dünyanın ən yenilməz pəhləvanları toplaşacaq orada. O turnirin bütün mükafatlarını alıb, şöhrətimizi bir daha bütün İspaniyaya, oradan da dünyanın dörd bir yanına yayacağam. Mənim nəsibim saraylarda mürgüləmək deyil, qılıncımla şərəfimizi ucaltmaq və gözəl Dulsinayanın könlünü qazanmaqdır. Sən qubernatorluq əsasını bərk tut, Sanço, mən də nizəmi əlimdən buraxmayacağam.

Sanço Pansa. Qərar sizindir, sinyor Don Kixot, Baratariyanın qubernatoru olaraq hər zaman qulluğunuzdayam.

Don Kixot. Bir şey də var, Sanço… Saraqosaya aparan yolda bir nəcabətli və şanlı cəngavərlə görüşməliyəm. Eşitmişəm ki, o, ruhun dərinliklərinə vaqif, həyatın sirlərini çözmüş bir zatdır. Biz onunla qürub çağı ulduzların altında oturub varlığın mənası, insanın bu dünyadakı taleyi və ruhun ölməzliyindən danışacağıq. Çünki əsl cəngavər təkcə qolunun yox, həm də ağlının gücü ilə savaşır…

(Bu zaman təntənəli musiqinin müşayiəti ilə qapılar açılır; kilsə zənglərinin səsi. Əyan-əşrəf əllərində Baratariyanın açarı yavaş-yavaş onlara yaxınlaşır, majordom açarı və qubernator əsasını təntənəli şəkildə Sanço Pansaya təqdim edi. Sanço Pansa şənlik-şadyanalıq nidaları altında, rəqs edən qızların müşayiəti ilə yavaş-yavaş gedib, qubernator kürsüsünə əyləşir. Don Kixot mərasimin içində yer alır. Sanço Pansa əyləşincə sakitlik çökür).

Majordom (təntənəli şəkildə irəli çıxır, əlində bəzəkli bir perqament tutur). Əlahəzrət, qubernator Sanço Pansa! Eşidin və agah olun! Bütün Baratariya xalqı sizin gəlişinizi böyük bir bayram kimi qeyd edir. Şəhərin hər küçəsində sizin şərəfinizə məşəllər yandırılıb, süfrələr açılıb. Hersoq həzrətləri də sizə bu bəzəkli, qızılı möhürlü təbrik məktubunu göndərib. (Məktubun lentini açır və Sançoya uzadır). Buyurun, bu xoş sözləri özünüz oxuyun ki, qəlbiniz fərəhlə dolsun!

Sanço Pansa (məktuba baxır, duruxur, gözlərini qırpır. Məktubu tərsinə tutur, məlul-məlul Don Kixota baxır). Hə... bəli... əlbəttə. Məktub... Lap yerinə düşdü… Bilirsən, Majordom, açığı… o qədər həyəcanlıyam, hərflər gözlərim önündə rəqs eləyir.

Don Kixot (cəld əlini atıb, məktubu düzəldir, Sançonun qulağına). Sənin qubernator boyunu yerə soxum, neçə dəfə dedim, hərfləri öyrən, heç olmasa, donuzlara aid bir kitab oxuya biləsən… De ki, evdə oxuyaram.

Sanço Pansa. Hə də… (Majordoma). Məktub mənə yazılıb, bunu camaatın arasında oxumağa nə ehtiyac var? (Məktubu qatlayıb cibinə qoyur).

Majordom (xəfifcə gülümsəyir). Necə məsləhətdir, qubernator həzrətləri. Elə isə keçək... Amma adətimizə və əlahəzrət Hersoqun buyruğuna görə, qubernator kürsüsünə əyləşən şəxs Baratariya camaatı qarşısında öz müdrikliyini sübut etməlidir. Bunun üçün sizə adamızın sakinləri arasındakı bəzi mübahisəli məsələləri yoluna qoymağınız təklif olunur. Nə deyirsiniz, hazırsınız?

Sanço Pansa (kürsüsündə dikəlir, qarnını qabağa verir. Don Kixota göz vurur). Bax bu işlər mənlikdir. Hazıram! Buyursunlar şikayətçilər…

Majordom (ucadan). Şikayətçilər gəlsin!

(Qapı açılır. Bir qadın bir kişinin yaxasından yapışıb, az qala sürüyə-sürüyə içəri çəkir. Həşir qopur).

Qadın. Ədalət istəyirəm, ədalət! Bu dağılmışda niyə mənim halıma acıyan yoxdur?

Sanço Pansa üzünü turşudur.

Majordom. Şikayətinizi deyin, bu qədər hay-küy salmağınızın səbəbi nədir? Qubernatorun hüzurunda olduğunuzu unutmayın.

Qadın. Hörmətli sinyor qubernator, bu yaramaz, bu azğın kişi mənim namusuma əl uzatdı! Günün günorta çağı, tarladan evə qayıtdığım yerdə, çölün ortasında tutub zorladı məni. İndi mən bu rəzalətlə necə yaşayacağam? Vay, mənim bəkarətim, əldən getdi-i-i… Ədalət yerini alsın, yoxsa mən özümü bu sarayın bürcündən aşağı ataram!..

Sanço Pansa (üzünü turşudur, saqqalını sığallayır, əlini qaldırır). Dayan, dayan! Səsin başıma düşdü. (Kişiyə tərəf dönür). Sən nə deyirsən, kişi? Doğrudanmı sən bu zərif qadının gücsüzlüyündən istifadə edib, belə bir alçaqlıq etmisən?

Qadın. Boynundan ata bilməz, şahidim də var…

Kişi. Şahid haradan çıxdı?

Sanço Pansa. Şahid gəlsin.

(İçəri yüngülcə axsayan bir kişi girir. Saçları pıtlaşıq, gözləri oyun-oyun oynayır. Təzim edib, Sanço Pansanın önündə dayanır).

Sanço Pansa. Danış görüm, nə görmüsən, nə bilirsən?

Şahid. Qubernator həzrətləri, bu qadının dediklərini təsdiqləyirəm, öz gözlərimlə görmüşəm. Sadəcə yaxınlaşmağa ürək eləmədim, dedim gözü qızıb, vurub məni də öldürər...

Sanço Pansa. Təbii ki, and içməyə də hazırsınız…

Şahid. And olsun kilsəyə, kitaba, bütün müqəddəslərə, göydəki ulduzlara, Tanrının yerdəki bərəkətinə! Yalan deyirəmsə, qoy ildırım vursun məni… (Birdən şiddətli göy gurultusu qopur, şahid istər-istəməз qorxub boynunu içinə çəkir. Sonra sözünə davam edir). Bu kişinin o xanımın üstünə şir kimi atıldığını, onu yerə yıxdığını öz gözlərimlə gördüm. Yazıq qadının fəryadı göyə bülənd olmuşdu!..

Sanço Pansa. Eləmi? Hm…

Kişi. Sinyor qubernator, zati-aliləri, inanın ki, bu gözəl xanım mənə şər atır. Özü göz-qaş elədi, başımı piylədi… Kəndli babayam, donuzlarımı bazara satmağa aparmışdım. Bazardan qayıdanda bu xanıma ilişdim, məni yoldan çıxardı… İstədiyi pulu da verdim. Amma qane olmadı, yapışdı yaxamdan ki, bəs filan qədər də verməlisən. Bəs mən yazıq filan qədər də versəm, evə nə aparım çıxarım?.. Bu kişini isə tanımıram. Birinci dəfədir görürəm…

(Hamı maraqla Sanço Pansanın üzünə zillənir).

Sanço Pansa (yüngül götür-qoydan sonra). Qərarım belədir: (Üzünü kişiyə tutur). Ədalət naminə, çıxar pul kisəni, ver bu qadına!

Kişi. Ağam, sinyor qubernator!.. Axı…

Sanço Pansa. Danışma! Çıxar pullarını ver bu qadına!

(Kişi əlləri əsə-əsə pulqabını çıxarıb qadına verir. Qadın bunu gözləyirmiş kimi, pulları havada qapır. Qubernatora razılıq eləməyə başlayır).

Qadın. Allah sizdən razı olsun, sinyor qubernator, o dəqiqə bilinir ki, oxumuş adamsınız, haqqın-ədalətin nə olduğunu bilirsiniz…

Sanço Pansa. Yaxşı, sən gedə bilərsən!

(Qadın sevinclə pulları qoltuğuna vurub qapıya tərəf götürülür. Amma Sanço onu dayandırır).

Sanço Pansa. Dayan, bir dəqiqə, gözlə, gözlə! (Kişiyə tərəf dönür). Ey kəndli, indi isə sənə əmr edirəm: dərhal o qadından pul kisəsini geri al, nəyin bahasına olursa-olsun!

Kişi (gözləri parlayır). Baş üstə, sinyor qubernator!

(Kişi qadının üstünə atılır. Onların arasında əsl dava başlayır, süpürləşirlər. Qadın kisəni elə bərk sıxır ki, kişi nə qədər çalışsa da, onu qopara bilmir. Qadın qışqırır, onun üzünü cırmaqlamaga çalışır, amma pulu vermir).

Kişi. Ver kisəni, sərsəm qadın, qubernatorun əmridir!

Qadın. Yerlə göy bir olsa da vermərəm, qubernator yox, lap belə İsa Məsihin özü də əmr eləsə, canımı verərəm, amma bu pul kisəsini vermərəm!

Sanço Pansa. Aydındır! (Qadına, hökmlə). O pul kisəsini mənə ver görüm!

(Qadın çəkinə-çəkinə, məcburən pul kisəsini ona uzadır).

Sanço Pansa. (Pulu götürüb kişiyə qaytarır). Al, kəndli dostum, pullarını götür və sağ-salamat evinə get. (Qadına tərəf dönür). Sənə gəlincə, «zərərçəkmiş» xanım! Əgər sən öz namusunu bu pul kisəsini qoruduğunun yüzdə biri qədər qorusaydın, heç bir kişi sənə yaxın düşməzdi. İndi isə rədd ol buradan, gözüm səni görməsin!

(«Şahid» də qadına qoşulub əkilmək istəyir. Sanço Pansa onu dayandırır).

Sanço Pansa. Sən dayan! Yaxına gəl görüm, niyə axsayırsan, deyə bilərsən? Nolub ayagına?

Kişi. Heç, elə-belə… Uşaq vaxtı eşşəkdən yıxılməşam…

Sanço Pansa. Eləmi? Ssağ ayaqqabını çıxar görüm! Majordom, bax gör, onun ayaqqabısının içində nə var.

(Kişi qorxa-qorxa, tərəddüdlə ayaqqabısını çıxarır. Majordom əyilib, ayaqqabının içindən tikanlı bitki çıxarır. Hamı ah çəkir).

Sanço Pansa. İzah etməyə ehtiyac varmı? İspanlarda belə bir inanc var ki, ayaqqabının içinə tikan qoyub and içsən, yalandan üzə dursan, Tanrı bunu görməyəcək, ya da səni bağışlayacaq. Yaramaz məxluq. Axsaya-axsaya içəri girəndə bildim bu nə yuvanın quşudur. O qadın sadəcə əxlaqsızdır, əsl qəhbə budur! Qəhbənin yekəsidir! Aparın şallaqlayın bunu!

(Şahidi aparırlar. Hamı Sançonu alqışlayır).

Don Kixot (kənarda, heyranlıqla pıçıldayır). Afərin, Sanço! Sən sübut etdin ki, ədalət üçün təmiz qəlb və fərasət lazımdır. Sən əsl Süleyman peyğəmbər kimi hökm verdin!

Majordom (məyus halda, öz-özünə). Deyəsən, bu savadsız kəndli bizim başımıza iş açacaq... (Ucadan). Digər şikayətçilər gəlsin!

(İçəri iki yaşlı kişi girir. Birinin əlində əsa var).

Sanço Pansa. Buyurun, şikayətinizi ərz eləyin!

Əsasız kişi. Qubernator həzrətləri, bu adam mənə beş real pul borcludur. Danışdığımız vaxtın üstündən aylar keçib, qaytarmır. Deyir, çoxdan qaytarmışam. Özü neçə illik dostumdur, bir tərəfdən ona inanıram, fikirləşirəm ki, mənə yalan danışmaz, o biri tərəfdən də, nə illah eləyirəm, o pulları mənə qaytardığını yadıma sala bilmirəm. Axırda bu qərara gəldik ki, sizin hüzurunuza çıxaq, bu adam əlini İncilə basıb and içsin. Əgər burada and içsə, bir daha ondan pul istəməyəcəyəm: demək ki, pulumu qaytarıb, ola bilsin sadəcə xatırlaya bilmirəm.

Sanço Pansa (əsalı kişiyə). And içməyə hazırsan?

Əsalı kişi. Əlbəttə, qubernator həzrətləri. Əziz dostumun xatirinə hər şeyə hazıram!

Sanço Pansa. Elə isə, buyur, and iç!

Əsalı kişi (əsasını “dost”una verir). Bir dəqiqə bunu saxla, mən and içim.

(Əsasız kişi əsanı götürür).

Əsalı kişi (əlini İncilə basaraq, təntənəli şəkildə). And içirəm ki, mən bu adama olan borcumun hamısını geri qaytarmışam, pulları onun öz əlinə vermişəm! Əgər mən yalan deyirəmsə, qoy bu saat dilim qurusun, bu kitab mənə qənim olsun. Mən borcumu onun öz əlinə vermişəm, indi o unutsa da, Allah şahiddir ki, mən artıq ona heç nə borclu deyiləm!

Əsasız kişi (kədərli səslə). Yaxşı, madam ki, and içdin, mən daha səndən pul istəmirəm. Deməli, doğrudan da mən unutmuşam. Demək ki, yaddaşım yerində deyil. Allah sənin andını qəbul eləsin, dostum. (Əsanı sahibinə geri verir).

Əsalı kişi (əsanı geri alır, sevinclə oradan uzaqlaşmaq istəyir).

Sanço Pansa. Bir dəqiqə! Dayan görüm! Hey sən, əsalı kişi, bura gəl! Ver o əsanı mənə.

Əsalı kişi (təşvişlə). Sinyor qubernator, bu adi bir ağac parçasıdır, neyləyirsiniz onu?

Sanço Pansa. Ver görüm! (Əsanı əlinə alır, ağırlığını yoxlayır və Majordoma verir). Majordom, bu əsanı vur sındır!

Əsasız kişi. Aman, sinyor qubernator! Yazıqdır, axı bu əsaya söykənib yeriyir, axı o and içdi!

Sanço Pansa. Sən sakit ol! Majordom, sındır dedim!

(Majordom əsanı yerə vurub sındırır. Birdən əsanın içindən gümüş sikkələr yerə tökülür. Hamı heyrətdən donub qalır).

Sanço Pansa (qəhqəhə çəkir). Baxın! Bu da bu adamın «and»ı! O, and içəndə dedi ki, «pulları onun öz əlinə vermişəm». Düz deyirdi! Çünki and içərkən içində pul olan əsanı dostunun əlinə vermişdi ki, saxlasın. O elə bilirdi ki, bu kələklə həm Allahı, həm də qubernatoru aldada bilər. (Əsasız kişiyə tərəf). Al, dostum, bu pullar sənindir. Sənin yaddaşın yox, bu adamın vicdanı yerində deyil.

(Yenidən hamı heyrətlə içini çəkir. Alqış sədaları).

Majordom (heyrətlə əllərini bir-birinə vurur). And olsun bizi yaradana, sinyor qubernator, siz dahi hakimisiniz! Biz bu hiyləni heç vaxt başa düşməzdik!

Sanço Pansa. Yaxşı, bu günlük bəsdir! Mən yoruldum, heç donuz otaranda bu qədər yorulmurdum. Üstəlik acından ölürəm. Mən necə qubernatoram ki, ac-susuz oturub dövlət işləri ilə məşğul oluram? Tələb edirəm ki, gözəl bir məclis qurulsun. Quş iliyi, can dərmanı, hər şey olsun süfrədə. Mənim qubernator təyin olunmağımın şərəfinə Baratariyada üç günlük bayram elan olunsun. Majordom, nəzarət elə, dostum şanlı cəngavər Lamançalı Don Kixot böyük bir təntənəylə Saraqosaya yola salınsın!

(Musiqi səslənir. Pərdə).

II ŞƏKİL

(Açıq düzənlik. Hava istidir, cırcıramaların səsi ətrafı bürüyüb. Don Kixot Rosinantın belində məğrur dayanıb, uzaqlara, Saraqosaya tərəf baxır. Yolun kənarında, bir ağacın kölgəsində əynində nimdaş paltar, bir gənc oturub. Bu, vaxtilə Don Kixotun xilas etdiyi həmin mirzədir).

Don Kixot (atını saxlayır). Bax, Rosinant, taleyin bizə hazırladığı yeni bir görüş! Bu cəngavərin baxışlarında mən dərin bir hikmət görürəm. O, adi yolçuya bənzəmir. Salam olsun sənə, ey Tanrının qulu! Bu kimsəsiz yolda rahatlığını pozduğum üçün məni bağışla, amma bir cəngavər heç vaxt çölün düzündə, tənha ağacın altında tək-tənha oturmuş başqa bir cəngavərin yanından salam vermədən keçməz.

Mirzə (başını qaldırır, təbəssümlə). Xoş gördük, Lamançalı cəngavər.

Don Kixot (maraqla onun üzünə baxır). Sənin səsin mənə tanış gəlir... Dayan! Sən o heybəsində kitab gəzdirən cəngavər deyilsən?

Mirzə. Bəli, həmin adamam. Amma cəngavər deyiləm. Sənə məktub yazıb görüşmək istəyən də mənəm, məlumun olsun. Buyur, gəl əyləş, qonağım ol. Yolun uzundur, çox yorğun görünürsən, otur dincəl.

Don Kixot. Belə de! (Yaxınlaşıb, onun improvizə olunmuş süfrəsinə əyləşir). Yaxşı, sən kimsən, yerin-yurdun, damın-daşın haradadır? Bu çölün düzündə tək-tənha neyləyirsən?

Mirzə. Mən əslində, odur, o mağarada yaşayıram, günüm burada keçir, buradan demək olar heç yana uzaqlaşmıram.

Don Kixot. Bəs o gün…

Mirzə. O gün tavernaya səni görmək üçün getmişdim…

Don Kixot. Məni görmək üçün? Sən məni haradan tanıyırsan axı?..

Mirzə. Lamançalı Don Kixot, səni tanımayan varmı?

Don Kixot (yüngül fikrə gedir). Düz buyurursan, ey kitab əhli. Saraqosadakı cəngavər turnirində qələbə qazandıqdan sonra, uca Tanrının köməyi ilə bütün dünya tanıyacaq məni…

Mirzə. Tanrının köməyi ilə?

Don Kixot. Hə, nədir ki? Olmaya sən də Allahdan, Tanrıdan qorxmayan kitabçılardansan, inkvizisiyadan, Müqəddəs Ermandadadan bu çöllükdə gizlənirsən, hə?

Mirzə. Yox, heç kəsdən gizlənmirəm, amma Tanrıdan da qorxmuram. Mənə görə, Tanrıdan qorxanlar sadəcə qorxaq adamlardır. Vicdanının səsini dinləməyi bacaran adam Tanrıdan niyə qorxsun ki?

Don Kixot (fikirli-fikirli başını yelləyir). Hə də, niyə qorxsun ki?

Mirzə. Bilirsən, idalqo, Tanrı heç kəsi cəzalandırmır. Onun heç kəsə acığı tutmur; xüsusi sevdiyi adamlar da yoxdur, heç kəsə nifrət etmir, heç kəsdən heç nə ummur.

Don Kixot. O necə Allahdır ki, sevimli bəndəsi yoxdur, heç kəsdən acığı gəlmir?

Mirzə (əvvəlcə Don Kixota, sonra qalxıb zala üzünü tutur). Sevgili idalqo, mən oxuduğum kitablardan birində bilirsən nə yazır? Tanrı buyurur ki: «Mən sizdən gecə-gündüz mənə yalvarmağınızı, gününüzü xahiş-minnətdə keçirməyinizi istəmirəm, sizə verdiyim həyatı dolu-dolu yaşamağınızı istəyirəm. Deyin-gülün, sevin, sevilin, hiss edin, görün-götürün, səyahətə çıxın!

Mən sizin mənim üçün tikdiyiniz o soyuq binalarda deyiləm. Mən dağlarda, dənizlərdə, küləkdə, günəşdəyəm. Mən körpələrin qığıltısında, ata-ananızın təbəssümündəyəm. Sevgidə, dostluqda, təbiətdə gördüyünüz bütün möcüzələrdəyəm.

Miskin, ala-yarımçıq həyatınıza görə qətiyyən məni günahlandırmayın. Mən sizi günahkar qul kimi yaratmamışam.

Mənimlə heç bir əlaqəsi olmayan o qədim kitabları əzbərləməyi buraxın. Əgər məni mavi səmanın ənginliyində, ulduzların sayrışmasında, övladınızın gözlərində, güllərin-çiçəklərin təbəssümündə görə bilmirsinizsə, hər hansı bir kitabda da tapa bilməyəcəksiniz.

Səhər-axşam mənə „bağışla məni“ deyə bihudə yalvarıb-yaxarmaqdan əl çəkin. Axı sizi „siz“ edən nə varsa, hamısını mən vermişəm. O zaman sizi cəzalandırmağın adı nədir?

Mən sizi sevirəm. Sizi asıb-kəsmək, cəhənnəmdə oda vermək üçün yox, sevmək üçün yaratmışam. Bütün səhvlərinizlə, zəif tərəflərinizlə və sevinclərinizlə birgə sizi sevirəm. Mən sizi bu dünyada mənalı ömür sürmək və yaşamaq üçün yaratmışam.

Özünüzü uca tutun, dəqiqəbaşı mənim varlığımı sübut etməyə çalışmayın. Məni tərifləməyin, buna ehtiyacım yoxdur və bundan həzz almıram. Əgər mənə təşəkkür etmək istəyirsinizsə, özünüzə yaxşı baxın, dünyanıza yaxşı baxın, insanlarla mehriban davranın.

Bu həyat bir imtahan və ya məşq deyil. Bir mükafat və ya cəza mərhələsi də deyil.

Mənə inanıb-inanmamağınız önəmli deyil, mənim üçün bundan daha vacib bir şey var: hiss etmək. Bir körpəni qucağınıza alanda, sevdiyiniz birini öpəndə, dənizə girəndə, musiqi dinləyəndə, dağa qalxanda… məni məhz o anlarda hiss edin. Bax, mən oradayam.

Mən sizdən yalnız bir şey soruşmaq istəyirəm: sizə verdiyim həyatın dadını çıxardınızmı? Sevdinizmi? Nələr öyrəndiniz? Doğrudan yaşadınızmı?»

Don Kixot (bir müddət fikrə gedir). Sənin bu dediklərindən İnvizisiyanın xəbəri varmı? Ya da heç olmasa, Müqəddəs Ermandadanın?.. Yaxşı, bəs milyonlarla insanın o soyuq binalarda etdiyi dualar hara gedir?

Mirzə. Sinyor idalqo, insanlar səmi-qəlbdən dua eləyib Tanrıdan möcüzə istəyir. Yəni ondan tələb edir ki, günəş şərqdən yox, qərbdən doğsun. Amma Tanrıdan bunu xahiş etmək, Tanrının öz təbiətinə xilaf çıxmasını xahiş etməkdir. Bizim yaşadığımız kainat nəhayətsiz bir dəryadır, biz də bu dəryanın bir damlası. Damla dəryadan nə istəyə bilər axı? Biz sadəcə Tanrının bir parçasıyıq, necə ki, sənin qolun sənin bədəninin bir parçasıdır. Və sən öz qolunu cəzalandırmadığın kimi, o da səni cəzalandırmır. Sən əlini közə basanda, məgər köz səni cəzalandırır? Yox, o sadəcə istidir. Məgər dərya qayığı qayalara çırpılan dənizçini cəzalandırır? Yox, dərya sadəcə var, başa düşürsən? Külək heç kəsi cəzalandırmır, o sadəcə əsir. Tanrı həmin o oddur, közdür, dəryadır, küləkdir, idalqo dostum, əbədi qanundur, vəssalam. Sən bu qanuna uymayanda, özün özünü cəzalandırmış olursan. Bütün hikmət budur!..

Don Kixot (fikirli-fikirli). Bu məntiqlə mən düşmənsiz qala bilərəm ki… Əgər hər kəs dəryada bir damla kimi çalxalanırsa, bəs Sanço Pansa ilə mənim göstərdiyimiz qəhrəmanlıqlar, şücaətlər necə olsun? Düşmənsiz cəngavər olmaz ki!

Mirzə. Yeri gəlmişkən, əziz idalqo, Sanço çoxdan Lamançadadır. Onu qubernatorluqdan azad ediblər, daha doğrusu, qovublar.

Don Kixot. Qovublar, necə yəni?

Mirzə. Əzizim idalqo, Baratariya adında ada yoxdur, sinyor Hersoq bütün bu məzhəkəni məzə üçün, öz əyan-əşrəfini əyləndirmək üçün fikirləşmişdi…

Don Kixot (dönüb zənnlə onun üzünə baxır). Demək istəyirsən ki… Bura bax, sən bütün bunları haradan bilirsən? Kimsən, kimlərdənsən? Düzünü de, yoxsa…

Mirzə (ağır-ağır yerindən qalxır, heybəsindən bir kitab çıxarır, yüngülcə təzim edərək). Miqel de Servantes, Alkala de Enaresli Miqel. Buyurun, bu kitabda həşmətli silahdaşın Sanço Pansa ilə sənin bütün sərgüzəştlərin yazılıb!

(Don Kixot təəccüblə kitabı əlinə alarkən, aralıdan yaraq-əsləhə səsləri eşidilir. Üzü maskalı, əllərində nizə və qılınc tutmuş bir neçə yaraqlı qaça-qaça səhnəyə daxil olur. Don Kixot təəccüblə ətrafına boylanır, amma Servantesi görmür. Servantes ortadan qeyb olur. Yaraqlılar Don Kixotu əhatəyə alırlar).

Don Kixot (nizəsini qaldırır). Siz kimsiniz? Servantes hanı?

Yaraqlılardan biri. Servantes kimdir? Siz burada təkcə oturub, öz-özünüzlə söhbət edirdiniz.

Don Kixot. Yalan danışırsan, məlun! Mən öz-özümlə söhbət edirdimsə, bu kitab haradandır?

Yaraqlı (yanındakı yoldaşına). Bu adamı islah etmək mümkün deyil. Kitabı əlindən yerə qoymur. (Don Kixota sarı dönür. Ucadan). Lamançalı cəngavər Don Kixot, mən həyatı boyu bir dəfə də olsun yenilməmiş cəngavər Diyeqo del Montalvo sənə meydan oxuyuram. Çünki sən… çünki… Şərtim belədir: mən qələbə qazansam, qayıdırsan öz evinə, bir daha əlinə silah götürüb cəngavərlik sevdasına düşmürsən. Buyur, sən də öz şərtini de!

Don Kixot (xeyli yorğun və üzgün görünür, istər-istəməz qalxanını və nizəsini döyüşə hazır vəziyyətdə tutur). Sənin kim olduğunu bilmirəm və üzünü açmağa qorxan cəngavərin şərtini də qəbul etmirəm. Al, gəldi…

(İki atlı bir-birinə tərəf şığıyır. Toz-duman ətrafı bürüyür. Don Kixot var gücü ilə nizəsini rəqibinə tuşlayır, lakin Diyeqo del Montalvonun zərbəsi daha dəqiq və sarsıdıcı olur. Don Kixotun köhnə zirehləri cingildəyir, o, yəhərdən ağır bir gurultu ilə qumun üstünə yıxılır. Yaraqlılar üzlərini açıb, onun başına toplaşırlar. Məlum olur ki, bunlar Antoniya, Karrasko və onların özlərilə gətirdiyi iki nəfər kəndlidir).

Antoniya (həyəcanla dayısının başını qucaqlayır). Karrasko, sən neylədin? Öldürdün onu!

Karrasko. Narahat olma, sevgilim, sadəcə huşunu itirib. Ümid edirəm, Lamançaya qədər ayılmaz.

(Onu birtəhər qaldırıb arabaya qoyurlar. Xarakterik musiqi. Araba uzaqlaşır).

Pərdə.

Epiloq

(Birinci səhnədəki anturaj. Don Kixot ölüm yatağında. Ağır-ağır nəfəs alır. Karrasko, keşiş, Antoniya, Komissar, həkim, bir az aralıda Sanço Pansa).

Antoniya (ağlamsınan səslə, dayısının əlindən tutur). Dayı, eşidirsənmi məni? Mənəm, Antoniyadır. Bax, biz hamımız buradayıq. Daha o əcaib macəralar, qəribə yollar, o təhlükələr yoxdur. Sən öz evində, öz yatağındasan... Nə olar, bir söz de, bizi qorxutma!

Həkim (Antoniyaya, astadan). Xanım, onu çox yormayın. Onun artıq bu dünya ilə əlaqəsi kəsilir. İndi ona lazım olan tək şey hüzurdur.

Karrasko (peşmançılıq dolu baxışlarla). Mən onu xilas etmək istəyirdim... Onu evə qaytarmaqla sağaldacağımı zənn edirdim…

Keşiş (əlini Don Kixotun alnına qoyur). Alonso Kixano, oğlum... İndi həqiqət zamanıdır. O yalançı kitabları, o uydurma cəngavərləri unut. Ruhunu Allaha təslim etməyə hazırlaşırsanmı?

Don Kixot (halsız, gözlərini açır). Antoniya!..

Antoniya. Dayıcan? Mən buradayam, yanındayam.

Don Kixot. Qonşumuz Sançonu çağırsana yanıma, qızım…

Sanço (özünü yetirir). Ağam… sinyor idalqo… buyurun, buyurun, buyurun.

Don Kixot (yüngülcə canlanır). Mənim vəfalı dostum, Sanço! Səninlə gözəl… gözəl günlər yaşadıq… deyilmi?

Sanço Pansa. Elədir, sinyor idalqo, həyatımızın ən gözəl günlərini yaşadıq…

Don Kixot (əlini birtəhər qaldırıb, bir-bir ətrafına toplaşanları göstərir). Sanço, kiminə görə biz quldur, kiminə görə günahkarıq… Kimi də bizi ağıldankəm sayır.

Keşiş. Allah eləməsin, sinyor idalqo, bu nə sözdür?..

Həkim. Nə danışırsınız, sinyor idalqo…

Komissar. Yox, yox, belə deməyin, sinyor idalqo…

Don Kixot (onları eşitmirmiş kimi). Amma biz… sadəcə ulu dəryanın bir damlasıyıq… damlasıyıq… mənim vəfalı dostum, Sanço Pansa!..

(Don Kixotun əli yavaşca Sançonun çiyninə düşür. O, sonuncu dəfə dərindən nəfəs alıb gözlərini əbədi yumur. Otağa ağır bir sükut çökür. Antoniyanın «Dayı!» fəryadı. Sanço ağasının əllərindən öpüb hıçqırır. Keşiş dua oxumağa başlayır. Xarakterik musiqi sədaları altında əldən düşmüş Don Kixotun cismi uyuduğu yataqdan yavaşca və səssizcə ayrılır. O, tavanın altındakı solğun, ilahi bir işığa doğru get-gedə yuxarı, ucalara doğru yüksəlir və nəhayət, o nurun içində əriyib yox olur. Antoniya, Sanço və keşiş gözlərində yaş, sakitcə baxışlarıyla onu son mənzilə yola salırlar. Bu zaman çarpayıdan başqa bir Don Kixot qalxır, sakitcə otaqda toplaşanlara yaxınlaşır və onlara qoşulub, uçub-gedən “Don Kixotun” arxasınca yuxarılara zillənir. Toplaşanlar nəhayət onun burada olduğunu fərq edir, heyrət içində onu dövrəyə alırlar...)

Musiqi.
Pərdə.

Etimad Başkeçid kimdir?

Etimad Başkeçid 1966-cı il iyulun 14-ü Gürcüstanın SSR-in Dmanisi rayonunun Kirovisi kəndində anadan olub. 1973-1983-cü illərdə Kirovisi orta məktəbində təhsil alıb. 1988-1993-cü illərdə M.Qorki adına Moskva Ədəbiyyat İnstitutunda oxuyub. Bakı Slavyan Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinin (2007-2008) və "Tərcümə nəzəriyyəsi və praktikası" kafedrasının müdiri (2011), "Tərcümə problemləri" elmi tədqiqat laboratoriyasının elmi işçisi (2004-2005), universitetin "Tələbə dünyası" qəzetinin baş redaktoru (2005-2007), Jurnalistika kafedrasının müəllimi və Folklor araşdırması ETL-in aparıcı elmi işçisi (2009-2010), Folklor araşdırmaları ETL-in böyük elmi işçisi və Jurnalistika nəzəriyyəsi və praktikası kafedrasının müəllimi (2011-2012) olub. Hazırda Nazirlər Kabineti yanında Azərbaycan Tərcümə Mərkəzinin əməkdaşıdır. [1]

2009-cu ildən AMEA Folklor İnstitutunun dissertantıdır. "Məhsəti türklərinin sürgün folkloru" mövzusunda elmi iş üzərində işləyir.

2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin, eləcə də birliyin Gənclər şurasının üzvüdür. AYB-nin "Dünya ədəbiyyatı" jurnalının redaksiya heyətinin üzvü, "Mütərcim" jurnalının redaktoru, Prezident təqaüdçüsü (2008-2009) olmuşdur.

Çox sayda publisistik məqalənin, bir neçə elmi məqalənin, bir çox bədii və elmi kitabın redaktoru və önsözünün müəllifidir.

Rus və türk dillərini bilir.

# 207 dəfə oxunub

Oxşar xəbərlər

Görünməz divar - Yeni hekayə

Görünməz divar - Yeni hekayə

16:30 27 iyul 2026
Namus qaçağı - İsmayıl Şıxlının hekayəsi

Namus qaçağı - İsmayıl Şıxlının hekayəsi

10:00 26 iyul 2026
Vitiliqo - Şahin Səmədovun hekayəsi

Vitiliqo - Şahin Səmədovun hekayəsi

11:30 25 iyul 2026
Averroesin axtarışı - Xorxe Luis Borxesin hekayəsi

Averroesin axtarışı - Xorxe Luis Borxesin hekayəsi

10:00 25 iyul 2026
Xəbər gözləyərkən - Yeni hekayə

Xəbər gözləyərkən - Yeni hekayə

16:00 23 iyul 2026
Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin hekayəsi

Şamda yanğın gecəsi - Mehdi Dostəlizadənin hekayəsi

14:30 23 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər