"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu

"Səni qəbul etməmişik belə edirsən, etsək, necə olacaq? - Bir ildə üç övladını itirən atanın oğlu
10 dekabr 2024
# 21:00

Kulis.az Səma Muğannanın Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinə ithaf etdiyi "Musiqili dəniz və onun şairi..." yazısını təqdim edir.

O necə duyğudur dünya üzündə?
Dinmişəm, dillənib gülmüşəm, gülüb
Bəlkə mən cahana gəldiyim gündə,
Elə ehtiyac da mənimlə gəlib?

Arzu sahilsizdir asiman kimi,
Uçmuşam ümidin qanadlarında
Qalmışam bir şeri qurtaran kimi,
Başqa bir şerimin intizarında…

Kainata sığmayan o ilham duyğusu...Sevgimi, təbiətmi, yoxsa vüsal qoxan həsrətmi? Bu duyğuların adı varmı? Bu həsrətin sonu varmı? Yoxdur. Nəbi Xəzri də çoxları üçün bir məhəbbət şairi, çoxları üçünsə cahana sığmayan əfsanədir!

Gözlərindən damla-damla axan yaşlar sanki qəlbindən süzülən arzular kimi aşıb-daşırdı. Onun göz yaşları kimi arzuları da tükənməzdi. Hər dəfə qələmi əlinə aldıqda bir göyərçin kimi qanad açıb uçardı. Bəli, Nəbi Xəzri bu dünyaya sığmırdı. O, bəzən alov kimi yandırar, bəzən də hər könülə məlhəm, dərman olardı...

Keşməkeşli bir həyat yolu keçən Nəbi Xəzri bu yolda çox acı, əzabla baş-başa qalıb. Yaradıcılığına daima işıq salan ömür-gün yoldaşı Gülarə xanımla bu çətinlikləri birlikdə yaşayıb,ancaq onların sevgisi yaşadıqlarına kölgə sala bilməyib.

Nəbi Xəzrinin 95 illik yubileyində Xalq yazıçısı Çingiz Abdullayevin xatirələrini eşitdim. Dedi ki, mən Nəbini 20 ildən çox olar ki, tanıyıram. Onun atası Ələkbər kişi bir ildə üç oğlunu itirib. Bu necə bir faciədir? Bu duyğuların, fəryadın adı ola bilməz. 30-cu ildə isə Nəbinin atası gözlərini əbədi olaraq bu dünyaya yumdu. Nəbi kiçik yaşlarında olardı atasını itirdikdə. Siz düşünün ki, bir il ərzində üç qardaşını və onunla bərabər atasını itirmək nə deməkdir?

Nəbi Xəzrinin xatirələri o qədər gözəl və duyğuludur ki, o xatirələri yada saldıqca elə bilirəm ki, yenə bizimlədir. Çoxlarının Azərbaycan xalqı üçün əfsanə şairi ömür yolunda çox hadisələrlə qarşı-qarşıya qalıb. Ömür səhifələrini vərəqlədikdə bu güzgü kimi əks olunur...

1945-ci illərə təsadüf edirdi. Səməd Vurğun Nəbi Xəzrinin şeirlərini oxumuş və ona zəmanət vermişdi. O vaxtlar Yazıçılar İttifaqına qəbul 58-59-cu illərə qədər davam edirdi. Üç gənc - Qabil, Bəxtiyar Vahabzadə və Nəbi Xəzri Səməd Vurğunu gözləyirdilər. Ən maraqlısı da budur ki, Qabil deyir ki, Nəbi ilə Bəxtiyar susub mən də əl-qolla kibriti yandırıb Səməd müəllimə uzatdım, ancaq daha sonra o kibriti qutuya qoydum və qutu yandı. Səməd müəllim dedi ki, adın nədir sənin, ay şair? Dedim Qabil. Dedi ki, ay Qabil, biz səni qəbul etməmişik belə edirsən. Qəbul etdikdən sonra nə olacaq?
Xatirələr o qədər çoxdur ki, danışmaqla bitmir. Kainata sığmayan şair qələmə aldığı şeirlərində də bu fikri əks etdirərdi. “Mənim kainatım şeirlərimdir” deyən şair şeirlərinə işıq saçan, ömrünə həmdəm olan Gülarə xanımı sevgisiylə bəzək verərdi. Onların sevgi hekayəsi heç kimə bənzəmirdi.

İsa Hüseynov, Nəbi Xəzri və Salam Qədirzadə. Gəlin 50-ci illərə təsadüf edən illərə səyahət edək. O zamanlarda Nəbi Xəzri və Salam Qədirzadə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyurdular. Üçü də çox yaxın dost idi. Bu üç yaxın dostun sözü, söhbəti də elə bir idi. İsa Hüseynov hər ikisini “bələdçisi” adlandırardı. Onların əbədi dostluğu “Gənclər günü”ndən başlamışdı. Xatirələrini danışarkən dedi:

“Salam Qədirzadəni “Gənclik” adında çap olunan povestindən, Nəbi Xəzrini isə “Babayev” imzası ilə çap olunmasından tanıyırdım”.

Hər ikisi də Maksim Qorki adına Ədəbiyyat İnstitunun dördüncü kurs tələbəsi idi. Yay aylarında çox vaxt gününü Yazıçılar İttifaqında keçirirdi. İsa Hüseynov son vaxtlar İttifaqa çox getdiyindən elə orada tanış olmuşdu.

Biz Nəbi Xəzri yaradıcılığının yalnız nisgilli və həsrət qoxan tərəflərindən danışdıq, lakin onun torpaq, dəniz, səma, göy, dağlar, dərələr və Çinara olan sevgisini unutmaq olmaz. Onun “Dərələr”indən harada tapmaq olar:
Çinarlar qatar-qatar
Qalxıb zirvəyə çatar.
Dağa qısılıb yatar,
Mışıl-mışıl dərələr,
Dərələr, dərələr,dərələr...

Düşünün, torpağa olan sevgini necə bu cür gözəl, necə ecazkar şəkildə söyləmək olar? Çinarın gözəlliyi təbiəti də özünə heyran edib!

Əgər ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə, Göy gölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə, həmişə sənsən gümanım.
Canım-gözüm mənim
Azərbaycanım!

Nəbi Xəzrinin yaradıcılığında ən çox sevdiyim təbiətin ruhuna toxunmağıdır. Bu da dənizdir. Dəniz..Dəniz Nəbri Xəzrinin sığındığı dünya idi. O dənizin dalğalarında xatirələrini yada salar, qəlbinin sahilində onunla dərdləşdikdə rahatlıq tapardı. Onun aydın günəşinə, qaranlıq yoluna işıq salan məhz elə dəniz idi. O sevgisini dənizin şahidliyi ilə paylaşırdı.

Dəniz Tanrının bir mələyidir. Bu mələyin bir səsi var. Bəzən danışır, bəzən odun alovu kimi qışqırır, bəzənsə ağlayır... Bu dəniz bilirsinizmi kimdir? Nəbi Xəzri... Qəlbində yaratdığı mələk onun qələmidir. Bu qələm daima yaşayır. Torpaq cismə sarılıb, ruhu boğmaq günahdır axı...

Torpağın səsindən doğulan ruhlar iaə bizik. Nəbi Xəzrinin poeziyasını sevən insanlar. Bəli, onun şeirlərində mənim də cismim ayrılır, torpağa qaçır, amma ruhum əsla və heç vaxt!

# 2608 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #