Bəlkə pandemiya Şərqə düşərli oldu – Aqşin yazır...

Bəlkə pandemiya Şərqə düşərli oldu – Aqşin yazır...
20 oktyabr 2021
# 15:20

Kulis.az Aqşin Yeniseyin “Təsərrüfat müdrik yetişdirir, mədəniyyət mücid” yazısını təqdim edir.

Milan Kundera "Roman sənəti” kitabında iddia və izah etməyə çalışır ki, modern çağ Dekartla deyil, Servanteslə başlayıb. Arxasınca başqa bir iddia gəlir; Qərb fəlsəfəsində yeni nə varsa, təməli Avropa romanında qoyulub.

Amma yeni çağ hələ yeni mədəniyyət demək deyil. Çağ mədəniyyət olmaq üçün olmayanı icad, ixtira etməlidir; edə bilməsə, o bir çağ, dövr, tarixi mərhələ olaraq mədəniyyət olmayacaq, təsərrüfat sistemi olacaq.

Təsərrüfatı mədəniyyətə çevirən icaddır, ixtiradır. Daş alətlərin icadı bir mədəniyyətin başlanğıcıdır, barıtın ixtirası başqa bir mədəniyyətin başlangıcıdır, kompüterin kəşfi bir digər mədəniyyətin başlağıcıdır və s.

İcad, ixtira edə bilməyən bütün mədəniyyətlər nəhəng təsərrüfat sistemləridir. Təsərrüfatlar icad edib mədəniyyət olduğu kimi, mədəniyyətlər də icad edə biməyib yenidən təsərrüfat sisteminə qayıda bilirlər.

Məsələn, antik Roma icadlarla dolu mədəniyyət idi. Modernizmə qədərki Orta əsrlər xristian Roması isə geriyə, təsərrüfat sisteminə qayıtmışdı, çünki icad və ixtira şeytan əməli hesab olunurdu.

Günümüzün islam dünyası da nəhəng təsərrüfat sistemidir. Özünü elmə qarşı qoyduqca da bu, belə davam edəcək.

Təsərrüfatın mədəniyyətə çevrilməsində inanclar, əxlaqi təlimlər, ailə münasibətləri və s. kimi mənəvi narattivlər böyük rol oynasa da, aparıcı amil ağıla verilən əhəmiyyət və roldur.

Etnoqraf Robert Piri bir Eskimo qəbilə başçısından soruşanda ki, nə düşünür, qəbilə başçısı cavab vermişdi: - Heç bir şey düşünmürəm, evimdə kifayət qədər ət var. Bax, təsərrüfat düşüncəsi budur. Eskimolu qəbilə başçısını o vaxt mədəni insan hesab edəcəkdik ki, o, evində nə üçün bir musiqi alətinin, bir rəsm əsərinin, nə üçün ovun əldə olunmasını asanlaşdıran bir mexaniki qurğunun olmadığını düşündüyünü söyləyəcəkdi. Amma o, bir təsərrfat müdrikidir, özünə yetəcək qədər ağıl və hikmətlə kifayətlənib.

Təsərrüfat müdrik yetişdirir, mədəniyyət mücid. Mədəniyyət müdrikləşdikcə keçmişə, təsərrüfat sistemi olduğu dövrlərə üz tutur. Məsələn, iki milyonluq Bakı şəhərində nə qədər adam tapılar ki, eşqin ilahi təcrübə olub-olmadığı ilə maraqlansın? Ancaq bu şəhərdə minlərlə adam var ki, öz uşağını gələcəyin mücidi, yəni ixtiraçsı görmək istəyir, çünki ona müasir tibbi avadanlıqlar, peşəkər həkimlər, hikmətli sözlərdən daha çox lazımdır. Müdrik isə ağzındakı yeganə çürük dişlə də keçinə bilər.

Ənənəvi müdrik azlıqdansa, bizə artıq peşəkar çoxluq lazımdır. Müdrik azlıq ispanların gəlişinə qədər meksikalıları ümidlərlə yaşadan, sonra isə öz inananlarını ümidsizcəsinə əlləri-qolları bağlı halda ispan generallarına təhvil verən Astek tanrıları kimi bizə nə verə biləcəkdisə, verdi. Etiraf etməyə gücümüz çatmasa da, Şərqin müdriklik çağı çoxdan bitib. Yeni tanrılar var meydanda.

Yuxarıda icad edə bilməyən mədəniyyətlərin yenidən təsərrüfat sisteminə qayıtdığını Antik və xristian Roması nümunəsində qeyd etdik. İndi bunun daha geniş izahını verək, həm də xalq arasında məşhur olan "avropalılara çimməyi biz öyrətmişik” kimi yalan-yanlış formalaşdırılmış bir klişe üzərindən.

711-ci ildə islam sərkərdəsi Tarik bin Ziyad Cəbbəltarix boğazını keçib Afrikadan Avropaya ayaq basanda Avropa özünün V-VI əsrlərdən sonra başlayan "Qaranlıq çağı”nın "ən işıqlı” dövrünü yaşayırdı. İngilis tarixçisi Vilyam Vudruff "Modern Dünya Tarixi” kitabında yazır ki, böyüyüb dünyaya yunan rasionallığını tanıdacaq balaca İbn Rüşdün küçələrində qarğı atını səyritdiyi Kordoba şəhəri tezliklə müsəlmanların sayəsində beş yüz məscidi, üç yüz hamamı, yetmiş kitabxanası və s. mədəni ocaqları olan bir mədəniyyət mərkəzinə çevrildi. Bunu digər Avropa tarixçiləri də etiraf edirlər. Bu olub VIII-IX əsrlərdə.

Amma tarix bu dövrdən başlamır, Avropanın arxasında sonradan maarifçilərin yenidən dirildəcəyi qədim Roma və yunan mədəniyyətləri var.

Antik yunan fəlsəfəsi oxuyanların hamısı bilir ki, Pifaqor şagirdlərinə hər gün çimib dərsə gəlməyi əmr edirdi. Çimməyən şagird səhəri gün süpürgəpulu gətirməklə cəzalandırılırdı. Çox güman süpürgə yunan məktəblərində təmizlik simvolu sayılırdı.

Ruhun təmizliyi kimi bədənin təmizliyi də antik Yunanıstanda bir təlim-tədris məsələsi idi. Ruhu musiqi ilə, bədəni su ilə təmizləməliydi şagird. Bu isə yalnız şəhər mühitində, yəni isti-soyuq suyun mühəndis qurğularıyla əlçatan olduğu bir mühitdə mümkün idi. Necə ki, Vil Dürant deyirdi: "Mədəniyyət kənddə cücərir, şəhərdə gül acır”.

Antik Yunanıstanla yanaşı antik Roma şəhərlərini isti-soyuq su ilə təmin edən bu cür mühəndis qurğuları sayəsində Roma hamamları o qədər şöhrət qazanmışdı ki, buradakı hamamlarda xristianlıqdan əvvəl gecə-gündüz eyş-işrət, sazlı-sözlü çal-çağır məclisləri təşkil olunurdu. Romada ümumi hamamlarla yanaşı, ümumi ayaqyolular da vardı, üstəgəl, kanalizasiya xətləri, hamısı da mühəndis planları əsasında tikilmişdi. Təmizlik işlərində də bəzilərimizin düşündüyü kimi, daşdan, qumdan deyil, ancaq sudan istifadə olunurdu.

Qədim Romanın da bir pis cəhəti var idi ki, o pis cəhətə bu gün də bəzi şəhərlərdə rast gəlmək olur. Belə ki, qədim Romada varlı ailələr ümumi ayaqyolulara getmirdilər, tualetləri ailəvi və evin içində olurdu. Ancaq o tualetlərin kanalizasiyası olmurdu.

Ona görə də varlı evlərin qulluqçuları ağalarının tullantılarını torbalarda o vaxtkı üç-dörd mərtəbəli evlərin balkonundan həyətə, səkilərə, millətin təpəsinə atırdılar. Çox güman balkondan zibil atmaq ənənəsi də bəzi mədəni xalqlara varlı romalılardan keçib. Ancaq bu olub antik Romada. İndi mən sizə XX əsrdə Suriyada ingilis aliminin başına gələn bir əhvalatı danışıb sonra yazımızın davamına qayıdacağam.

Demək, İkinci Dünya müharibəsindən sonra mənşəcə yəhudi olan məşhur ingilis şərqşünası Bernard Luis İsmaililərin (haşhaşilər) Səlahəddin Eyyubi və "Məbəd cəngavərləri" ilə münasibətlərini öyrənmək üçün Suriyaya səfər edir. Gəlmişkən deyir, xaç yürüşlərindən qalan Suriyadakı "Məbəd cəngavərləri" (Krak des Chevaliers) qalasını da ziyarət edim. (Yəhudi də olsa, baxma, Şir Riçardın yurdundan gəlib.) Qalanın yaxınlığındakı kənddən buna bir bələdçi verirlər ki, yolda qonağı it-zad qapmasın. Nəsə, qalaya çataçatda məşhur şərqşünası qarınağrısı tutur. Bələdçiyə deyir ki, tez mənə bir tualet tap, yoxsa sabah bütün sosial şəbəkələr yazacaq ki, məşhur şərqşünas Suriyada gördüyü mənzərədən dəhşətə gələrək şalvarını batırdı!

Bələdçi də buna əli ilə geniş tarlaları göstərir ki, ürəyin hara istəyir buyur çömbəl. Gözümüz üstə bu qədər boş yerin var.

Ömrü Avropanın akademiyalarında keçən şərqşünas alim qalır Şərqin bərəkətli tarlalarının ortasında qıvrıla-qıvrıla. Birdən bələdçi deyir: "Bu qala franklardan, yəni sizinkilərdən qalıb, yüz faiz içində tualet olacaq. Məşhur şərqşünas həqiqətən də XII-XIII əsrə aid xristian qalasında qədim bir tualet tapır və ürəyini boşaldır.

Özünün "Tarixi qeydlər" kitabının başqa bir yerində 1960-cı illərdə Kabildə Hamburq Universitetinin professorunun başına gələn bir əhvalatı da belə xatırlayır. Alman professor mühazirə vaxtı təşkilatçıdan xahiş edir ki, zalın işıqlarını müvəqqəti söndürsün, çünki mühazirəyə aid slayt göstərəcək ekranda. İşıqlar sönən kimi bütün tələbələr çıxışa qaçır, çünki heç kim oxumaq, mühazirəyə qulaq asmaq istəmirdi.

Qayıdaq mədəniyyətin təsərrüfata çevrilməsi məsələsinə.

Antik Romada hamam vannasının içinə şeir, musiqi girincə kişilərlə eyni hamamda çimən qadınların da sayı artdı. Xristianlıqdan əvvəl varlı kişilərin arvadlarından əlavə, yaraşıqlı oğlan sevgililəri də olurdu və homoseksuallıq qəbahət sayılmırdı. Eynən indiki kimi. Nəhayət, bu cür kişi-qadın, homoseksual münasibətlərin yaşandığı Roma hamamlarında əxlaqsızlıq o həddə çatdı ki, Vezuvi kimi yatmış vulkan belə buna dözmədi, püskürüb hamamları ilə məşhur olan Pompey şəhərini xaraba qoydu.

Bu ərəfələrdə Romada altdan-altdan xristianlıq yayılmaqda idi. Özünə sosial baza toplayan kimi xristianlığın ilk işi xalqa hamamlara getməyi qadağan etmək oldu. Hamamları xalqa indiki "Əxlaqsızlıq yuvaları” kimi təqdim edən kilsə hətta evlərdə də xəstəlik-filan səbəb deyilsə, çimməyi, suya əl vurmağı qadağan etdi.

Müsəlmanlar İber yarımadasına çıxanda Avropa dörd əsr idi ki, doğrudan da çimmirdi. Çünki kilsə isti suyu onlara günah mənbəyi, Pompey xarabalıqlarını isə bu günahın ilahi cəzası kimi göstərmişdi. Hətta bəzi mənbələrdə vəbanın Asiyadan fərqli olaraq, Avropada daha çox insan qırğınlarına səbəb olmasına da xalqın keşişlərə inanıb suya qənim kəsilmələri göstərilir.

Beləliklə, adicə hamamın lənətlənməsi ilə xristian Romasında şəhər mədəniyyəti böyük zərbə aldı və Umberto Ekonun da qeyd etdiyi kimi, Orta əsrlərdə insanlar Avropada sürətlə şəhərlərdən kəndlərə köçməyə başladılar. Mühəndislik icadları və ixtiraları ilə zəngin Roma mədəniyyəti növbəli əkinlə keçinən təsərrüfat sistemi ilə əvəzləndi. Avropa feodalizmi şəhərdə deyil, kənddə məskən saldı, ta XVI əsrdə taun epidemiyası yayılıb elmi-tibbi cəhətdən əliyalın olan bu nəhəng təsərrüfat sistemini çökdürənə qədər.

Kim bilir, bəlkə, "Covud-19” pandemiyasının ayağı da bizim müsəlman Şərqi üçün düşərli oldu…

Qaynarinfo.az

# 6475 dəfə oxunub

Müəllifin son yazıları

# # #