Şeirin "qara" şairləri - Onlar niyə "lənətlənib?"

Şeirin "qara" şairləri - Onlar niyə "lənətlənib?"
6 sentyabr 2021
# 14:57

Kulis.az Taleh Eminoğlunun tərcüməsində Osman Çakmakçının "Şeirin “qara” şairləri: Nerval, Bodler, Rembo və Malarme" adlı yazısını təqdim edir.

Şeir yarandığını gündən bəri hər zaman ekstremistdi.; XIX əsrin sonlarında özünə qapanıq, hissə istiqamətlənmiş ekstremizm ikən, indi daha çox üslub və forma baxımından ekstremistdir.

Bu cür inkişafda insanın ruhi baxımdan geri çəkilməsinin, həssaslığının korşalmasının, orijinal təcrübələr yaşamasının qarşısını alan maneələrin artmasının və hər şeyin, dünyanın get-gedə ağıllanmasının xüsusi paya sahibi olduğunu deməliyik. Dünya qədimdən toxunulan, təcrübə edilən, dərk olunan konkretlik ikən, zamanla bu xüsusiyyətini itirərək mücərrədləşdi, konseptuallaşdı. Bu da öz növbəsində konkretlikdən fışqırmalı olan şeirin həyati enerjisini itirərək solğun formaya, rəngi qaçmış surətə çevrilməsinə səbəb oldu. Həyat yox olur, ya da mətinləşir, anlayışlara qərq olur. Demək olar ki, qanımız axmır.

Bütün bunları indi niyə deyirəm? Ona görə ki, dünyanın bütün bəşəri mənalarını itirib sadəcə yer kürəsinə, planetlərdən birinə çevrildiyi, mənəviyyatın yerini rasionallığın, insanlığın yerini metallaşmanın, rəqəmsallaşmanın, klonlaşmanın, robotlaşmanın aldığı bu əsrdə insanın ət və sümükdən ibarət, zəif və güclü tərəfləriylə birlikdə bir varlıq olduğu, təbiətdən bu qədər uzaqlaşmayıb əslində onun bir parçası olduğunu dərk etdiyi zamanların həssaslığını və hissini vurğulamaq, bu həqiqəti geri qaytarmaq üçün. İnsan layihə deyil, canlıdır. Halbuki bütün texnoloji inkişaf insanın canlılığını əlindən almağa, onu mükəmməl robota çevirməyə çalışır.

Bu, çox təhlükəli və metal qanunlarına malik vəziyyətdir. İndi bütün bunları metalın soyuq, cansız, insanın isti və canlı olduğunu xatırlatmaq və əlbəttə ki, bütün incəsənət növləri kimi şeirin, ilk növbədə şeirin, insan canlılığının yeganə sübutu və nümunəsi olduğuna inandığım və bunun davam etməsi zəruriliyini düşündüyüm üçün deyirəm. Hər irəli getmək inkişaf deyil. Texnoloji irəliləmə inkişaf olmadığı kimi, üstəlik bəşəriyyət üçün böyük təhlükə yaradan fenomendir. Texnologiya ölümün dostu, insanın düşmənidir.

Bütün bunları mənə yenidən xatırladan Əhməd Soysalın (Ahmet Soysal) “MonoKL” nəşriyyatı tərəfindən 2019-cu ilin aprelində çap edilmiş “Mistik tac: Nerval, Bodler, Rembo, Mallarme” kitabıdır. Kitabda müəllifin hər şair haqda yazdığı bir araşdırma və hər şairdən tərcümə etdiyi 24 şeir toplanıb. İstəyərək və ya istəmədən, tam da insanın insan olmaq xüsusiyyətini itirməyə başladığı bir dövrdə nəşr edilən bu kitab insan varlığının əsas və əsl mahiyyətini göstərməsi baxımından olduqca vacibdir.

Kitabda Soysalın ilk araşdırdığı şair, Pol Verlenin (Paul Verlaine) dili ilə desək “Lənətlənmiş şair”lərin ilki adlandıra biləcəyimiz Jerar de Nervaldır (Gerard de Nerval). Bəzilərinə görə Nerval özünü küçə fənərindən, bəzilərinə görə isə pəncərə barmaqlığından asaraq intihar edib. Şeirin şair ömründə hələ həyati əhəmiyyət daşıdığı o xoşbəxt və dolu zamanların şairi Nerval, sağlığında ömrü boyu dəliliklə mübarizə aparan, ərafda qalan şairlərdən idi. Fransız romantizminin ilk və ən görkəmli təmsilçilərindən biri olan Nerval, şeirlərində mifologiya ilə xəyalları sintez edirdi; beləki çox zaman həqiqət ilə xəyal bir-birindən seçilmir. Belə başa düşülür ki, şair, öz beynində qurduğu dünyanın içində yaşayaraq bu dünyada sürgün həyatı sürüb.

Soysal daha sonra ilk modernist şair və tənqidçi olaraq adlandıra biləcəyimiz, modern şeirin yaradıcısı “Lənətlənmiş şair” Şarl Bodlerdən (Charles Baudelaire) bəhs edir. Bodler, yaşadığı dövrün ictimai xüsusiyyətlərini, həyat tərzini, insan münasibətlərini şiddətli şəkildə tənqid edir. Şeirin öz müstəqilliyini qazanmasında böyük rol oynayan Bodler, “Şər çiçəkləri” adlı şeir kitabında şəhərin arxa küçələrini, fahişələri, yox sayılanları, şəri və əlbəttə ki, şəri özündə ehtiva edən gözəlliyi ələ alır. (Bu kitab öz dövründə ədəbsizliyi yaydığı əsas gətirilərək qadağan edilib).

Bodler sadəcə şeirin toxunduğu mövzuları alt-üst etməklə kifayətlənməmiş, eyni zamanda dil sərhədlərini aşmaqda göstərdiyi inadla da diqqəti cəlb etmişdir. Bəli, şəri, çirkinliyi, kiri şeirə ilk dəfə gətirən odur, bunlar kapitalizmin təzahürləridir, amma şair təkcə dövrünə etiraz etməklə yetinməmiş, bunu şeirində istər forma, istər üslub, istərsə də mövzu baxımından ortaya qoymuşdur. “Gündəlik”də yazır: “Hansımız ehtiras günlərində, ritm və qafiyə olmadan müsiqili, nəfsin lirik çırpınışlarına, xəyal qurmağın dalğalanmalarına, şüurun sıçramalarına tabe olmaq üçün yetərincə yumşaq və ziddiyyət dolu poetik nəsrin möcüzəsini xəyal etməyib ki?”

Bodlerin nəsrini, xüsusilə də “Paris sıxıntısı”nı poetik mətn kimi rahatlıqla oxuya bilərik. Şair burada şeirin qafiyə və ölçü zəncirlərindən xilas olaraq özünü azad və təsadüfi çağırışların qucağına atmaq igidliyini göstərir. Bodler bəlkə də o zamana qədər ilk dəfə şüuraltının dəhlizlərinə girməyə cəsarət edən ilk şairdir və ondan öyrəniləcək hələ çox şey var. O mənim “lənətli” qardaşımdır.

Soysal üçüncü yerdə Artur Rembodan danışır. Rembo bütün bu şairlər içində ən sərhədtanımaz şairdir. Beləki, şeir ilə həyat arasındakı fərqi tamamilə aradan qaldırmış, şeirlə sadəcə həyatı deyil özünü də dəyişməyə çalışmışdır. Pol Denemiyə (Paul Denemy) qələmə aldığı 15 iyul 1871-ci il tarixli məktubunda – 17 yaşında – bu dəhşətli sözləri yazır: “Şair, bütün hisslərin uzun, nəhəng və düşünülmüş nizamsızlıq yolu ilə özünü var etməkdədir”. Şairin məqsədi qeyri-mümkün təcrübələri sadəcə dildə deyil, reallıqda, öz varlığında da sınamaq, hisslərini deformasiyaya uğradaraq başqa baxış bucağına çatmaqdır. Təkcə bu yolla bilinməzə çatacağını düşünür. Bu arzusu baxımından Rembo insanın sərhədlərini aşır, hətta günaha girir, öz bioloji və ruhi əsaslarını sarsır. (Özünə insan deyən heç kim bunu etməz). Bu nəhəng çılğın cəhd aşağı-yuxarı altı illik şairlik həyatında qorxulu nöqtələrə çatmasını təmin edib, bu böyük şair Qərb və hətta dünya şeirinin istiqamətini dəyişib. Hələ 16 yaşında şeir yazmağa başlayan və 22 yaşında şeir imkanlarını bitirdiyini düşünərək ondan əl çəkən Artur Rembo, klassik şeir formaları ilə yazdığı mükəmməl şeirlərin ardınca bu formaların onun ifadə azadlığını məhdudlaşdırdığını deyərək poetik mətinlər yazmağa başlayıb.

“Cəhənnəmdə bir fəsil” və “İlluminatlar” adlı poetik nəsr kitabları ilə sanki eyni anda dərk etdiyi bütün şeyləri eyni anda ifadə etməyə çalışmış, ifadə etmə formalarında növbəni pozmuş (ifadə etmənin iyerarxiyasını), bütün varlığı eyni anda bütün tərəfləri ilə ortaya çıxmaq istəmişdir. Ağıllı olduğu qədər istedadlı da olan Rembo, şeiri ilə həyatı və insanları dəyişməyə çalışmışdır. Şeir onun üçün bir silahdır. Onsuzda 22 yaşında şeirdən əl çəkdikdən sonra şeirindəki ekstremizmi öz həyatında da yaşamış, əsir ticarətindən silah qaçaqçılığına qədər saysız-hesabsız iş görmüşdür. Bu cür həyatın 36 yaşda bitməsi heç də təəccüblü deyil. Ekstremizim öldürür. Amma şeir də onu tələb edir.

Müəllifin haqqında bəhs etdiyi sonuncu şair isə “sənət sənət üçündür” anlayışının ilk təmsilçilərindən olan fövqəltəbii şair Stefan Malarmedir (Stephane Mallarme). Malarme, sadəcə özü olan, özündən başqa heç nə olmayan, heç bir yerə göndərmə etməyən, heç bir şey xatırlatmayan, atomik, daş kimi qatı, bərk şeirə çatmaq istəyirdi. Məqsədi şeirin sırf şeir kimi var olması, özündən başqa heç bir şeyin xəbərçisi olmamasıydı. Bu “sənət kütlə üçündür” anlayışına qarşı deyil. Bu dürüstlükdür. O da yaxşı bilir ki, şeir sadəcə özü olaraq ictimai funksiyasını yerinə yetirə bilər. Bu şeirin azad olduğunun, başqa bir şeyə xidmət etmək məcburiyyətində olmadığının bir növ elanıdır. Malarme bəlkə də bu dörd şairin içində qeyri-mümkün olanı ən çox istəyən və bəlkə də ona ən çox yaxınlaşan şairdir. “Zərlə şans gəlməyəcək” adlı əsəri dünya şeir tarixinin ən möcüzəvi əsərlərindən biridir.

Bəs, ölkəmizdəki şeirin vəziyyətinə baxsaq, bu qədər əzab çəkmiş dörd fransız şairin macərasına bənzər macəra yaşayan türk şairi varmı? Yoxdur. Bəlkə ancaq bu macəralara oxşayan şeirlər və şairlər vardır. Onlara nümunə kimi Cəmal Sürəyyanın “Məni öp. Sonra doğur məni” adlı şeirini, Mustafa İrqatın bütün şeirlərini, ekstremizmə çatan Əhməd Güntanı, sakit amma çox dərin (krater qədər) Sami Baydarı göstərə bilərəm. Əvvəlcə fərdi şüura sahib olacaqsan ki, sonra sərhədlərdən daşmağa çalışasan. Bu baxımdan ekstremizm Ttrk şeirində elə də qədim deyil. 1990-cı illərdə meydana çıxıb, fərdi şüura sahib olmağa məcbur edildiyimiz bu yeni qlobal əsrdə.

Gallery

# 4569 dəfə oxunub

Müəllifin son yazıları

# # #