Səhnədə bıçaqlandı, dostunun mahnılarını oğurladı, diskotekanı Azərbaycana o gətirdi - Niyaməddin Musayevin hansı müğənni ilə eşq xəbəri yayıldı?

Səhnədə bıçaqlandı, dostunun mahnılarını oğurladı, diskotekanı Azərbaycana o gətirdi - Niyaməddin Musayevin hansı müğənni ilə eşq xəbəri yayıldı?
9 mart 2023
# 13:00

Kulis.az Xalq artisti Niyaməddin Musayev haqqında maraqlı faktları təqdim edir.

Niyaməddin Cabbar oğlu Musayev 1940-cı il iyunun 1-də İmişli rayonunda anadan olub. 1957-ci ildən, yəni 17 yaşından səhnəyə çıxmağa, mahnılar ifa etməyə başlayıb.

***

Gənc yaşlarında Rayon Mədəniyyət Evində metodist və incəsənət məsləhətçisi işləyib. 1966-cı ildə ilk dəfə Ə.Bakıxanovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblında bir neçə mahnısı radio fonotekasında yazılıb. 1968-ci ildə "Muğam-68" festivalının qalibi olub.

1978-ci ildən "Röya" vokal instrumental ansamblının bədii rəhbəri olan Niyaməddin Musayev, Azərbaycanda ilk dəfə olaraq milli estrada janrının yaradıcısı olmuş və həmin il ansamblın bir valı buraxılmışdır.


***

1987-ci ildə müğənni Məmməd Arazın sözlərinə yazdığı "Dünya sənin, dünya mənim" adlı mahnını ifa edir. Bu ifa ona böyük şöhrət gətirir.

***

Xalq artistinin bir evliliyi olub. Bu evlilikdən onun Röya, Günel, Orxan adlı övladları dünyaya gəlib. Röya və Günel ingilis dili müəllimi, oğlu Orxan isə gömrükdə işləyir, mayordur.

Çoxları bilmir ki, Niyaməddin Musayev yoqa ilə məşğul olub. Hətta efirlərin birində müğənni Roza Zərgərli Xalq artistindən idman zamanı istifadə etdiyi hərəkətləri nümayiş etdirməsini xahiş edir. Sənətçi onun bu istəyinə etiraz etməyib və səhnəyə çıxaraq yoqa hərəkətləri göstərir.

***

Bir neçə il əvvəl Xalq artistinin Türkan adlı bir xanım müğənni ilə fotoları mediada yayılır. Çoxları bu xanımı müğənninin sevgilisi kimi təqdim etsələr də, Niyaməddin Musayev məsələyə aydınlıq gətirərək deyir:

“O mənim nə tələbəm idi, nə də bir şeyim. O da konsertlərdə iştirak edirdi. Türkan gənc müğənnidir. Burdakı bəzi binamus adamlar götürüb o şəkli hallandırıblar. Harda gic-gic qalmaqalçılar var, özlərini göstərmək üçün yazırlar. Mənim təbiətimdə olan adama belə məsələlər çox pis təsir edir. Nə olsun ki musiqiçiyəm. Hər sahədə hər cür insanlar var. O qız da müğənnidir”.

Niyaməddin Musayevlə bağlı xeyli lətifələr və zarafatlar insanlar arasında yayılıb. Bunlardan ən maraqlısı insanların onu 100 dollarlıq ABŞ əsginasının üzərindəki Benjamin Franklinlə müqayisəsi olub. Bu barədə Niyaməddin müəllimə sual verəndə, deyir:

“İndi məni yüz dolların üstündəki kişiyə bənzədirlər. Bundan incimirəm. Hamısı xalqın sevgisidir. Onlar sevgilərini müxtəlif yanaşmalarla göstərirlər”.

***

2019-cu ildə müğənni haqqında yayılan ən xoşagəlməz şayiələrdən biri onun ölüm xəbəri olmuşdu. Bu barədə xəbərlər sosial şəbəkələrdə yayılandan sonra müğənninin yaxınları xəbərin yalan olduğunu və bu kimi xəbərlərin sənətçinin səhhətinə pis təsir göstərdiyini açıqlamışdı.

Çoxları bilmir ki, Niyaməddin Musayev 1986-cı ildə Gəncədə konsert verərkən, hər kəsin gözü önündə bıçaqlanıb. İddialara görə, sənətçini bıçaqlayan onun fanatlarından biri olub. Konsert zamanı həmin fanatı ona gül verərkən, gül buketinin içindən bıçağı çıxardaraq sənətçinin boğazına və qarın nahiyəsinə zərbələr endirib. Hadisənin hansı səbəbdən baş verdiyi bu günə qədər məlum deyil. Sənətçiyə hadisə ilə bağlı sual verdikdə isə bu haqda danışmaq istəmədiyini bildirir. Həmin vaxt ağır yaralanan sənətçinin vəziyyəti yaxşı olmadığı üçün Moskvaya aparılıb və orada müalicə olunub.


***

O, 1974-cü ildə sözləri və musiqisi Bəhram Nəsibova aid olan "Şahnaz təsnifi" (“Deyin hardadır”) mahnısı ilə sənət aləmində daha çox tanınır.

Niyaməddin Musayev məşhur gitara ifaçısı Bəhram Nəsibovla vaxtilə çox yaxın dost olublar. Bir evdə kirayədə qalıblar, mahnılar yazdırıblar. Ancaq nədənsə bəstəkarın ölümündən sonra Niyaməddin müəllim Şahnaz təsnifinin sözlərinin Bəhram Nəsibova yox, başqa adama aid olduğunu qeyd edib.

Bu fikirlər isə Bəhram müəllimin ailəsi tərəfindən xoş qarşılanmayıb. Bəhram Nəsibovun oğlu Adilin sözlərinə görə, Niyaməddin Musayev onun atasının mahnılarını oğurlayaraq öz adına çıxarıb:

“2008-ci ildə Niyaməddin çıxıb dedi ki, “Gecələr” mahnısı mənimdir. Aləm dəydi bir-birinə. Hamı dedi ki, Bəhram Nəsibov bu mahnını ondan oğurlayıb. Bununla bağlı verilişə çağırdılar bizi. Niyaməddin gəlmədi, qaçıb gizləndi. Ömrünün son günlərində atam Şamo İsayev ilə Niyaməddin Musayevi görmək istəyirdi. Heç biri gəlmədi. Əbəs yerə deməyiblər, düşmənin ən böyük hiyləsi dost olmasıdır”.

Məşhurluğunun pik nöqtəsində çoxsaylı sevgi məktubları alan Niyaməddin Musayev özünü Azərbaycanda diskotekanın əsasını qoyan ilk musiqiçi hesab edir.

***

O, 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülüb və 2000-ci ildə "Şöhrət ordeni"ylə, 2020-ci ildə 2-ci dərəcəli "Əmək ordeni" ilə təltif olunub.

# 9933 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #