“İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı 4 dildə çap olundu

“İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı 4 dildə çap olundu
7 iyul 2021
# 16:51

Bu günlərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) xalqımızın tarixində, mədəni irsinin qorunmasında və ictimai-siyasi həyatında fövqəl əhəmiyyətə malik olan Şuşa şəhərinin işğaldan azad edilməsinə həsr edilmiş vacib layihəyə imza atıb – Azərbaycan, türk, ingilis və rus dillərində “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı işıq üzü görüb.

Kitab ulu öndər Heydər Əliyevin Şuşanın ölkəmiz üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək dediyi: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!” sözləri ilə açılır.

Kitabın əvvəlində xalqımız üçün mühüm əhəmiyyət kəsb edən 2 tarixi sənəd öz əksini tapıb. Bu sənədlərdən birincisi “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Sərəncamıdır. Digər sənəd isə 15 iyun 2021-ci ildə Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”dir.

Nəşrin Azərbaycan dövləti və xalqı üçün böyük əhəmiyyətə malik bu sənədlərlə başlaması rəmzi məna kəsb edir. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev imzaladığı Sərəncam ilə “Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə” Azərbaycanın mədəniyyət paytaxtı elan etmişdir. İkinci sənəd qismində Şuşa Bəyannaməsinin əks etdirilməsi Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlərin ən ali əməkdaşlıq səviyyəsinə – müttəfiqlik səviyyəsinə yüksəlməsinin və bununla da Cənubi Qafqaz regionunda yeni qüvvələr balansının mövcudluğunun rəsmi şəkildə təsdiqlənməsini əks etdirir.

AVCİYA tərəfindən nəfis tərtib edilərək geniş oxucu auditoriyasına təqdim edilmiş “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı “Rəsmi xronika” və “Şuşa (müxtəsər tarix)” bölmələrindən ibarətdir.

Kitabın “Rəsmi xronika” bölümündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına sevinc dolu müraciətləri və təbrikləri, Şuşaya səfərləri zamanı açıqlamaları və dünya ictimaiyyətinə mesajları, Şuşanın bərpası və tarixi görünüşünün qaytarılması istiqamətində görüləcək işlər barədə çoxsaylı məlumatlar öz əksini tapıb. Kitabın bu bölümündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsinə dair rəsmi sənədlərin əksini tapması xüsusi önəm kəsb edir. Kitabda Şuşa Bəyannaməsi imzalandığı 15 iyun tarixində Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təqdim olunmuş “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” musiqili kompozisiyası haqqında məlumatlar, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 16 iyunda Milli Məclisdə çıxışı və digər rəsmi sənədlər təqdim edilib.

Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, kitabda “Rəsmi xronika” bölməsindən əvvəl Şuşa ilə bağlı reallaşdırılmış bütün hadisələrə dair fotoalbom yer alıb.

Kitabın “Şuşa (müxtəsər tarix)” bölümündə Şuşanın tarixi müxtəlif dövrlərə bölünərək təhlil edilir, Qarabağ xanlığının Çar Rusiyasına birləşməsini rəsmiləşdirmiş Kürəkçay müqaviləsinin mətni təqdim edilir və bu müqavilədən sonrakı Şuşa haqqında məlumatlar verilir. Kitabın bu bölümündə həmçinin Azərbaycanda istiqlal uğrunda mübarizə və erməni işğalı (1988-1993) və İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi haqqında qısa məlumatlar yer alır.

“İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı AVCİYA-nın “1905.az KİTABI” seriyasından növbəti nəşrdir. Bu seriyanın ideya müəllifi və naşiri assosiasiyanın prezidenti Elxan Süleymanov, tərtibçisi və elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayevdir.

Kitabdakı “Fotoblok” və “Rəsmi xronika” bölmələri AZƏRTAC-ın materialları əsasında tərtib edilib.

# 2237 dəfə oxunub

Müəllifin son yazıları

# # #