Şamaxı Rəsədxanasının direktoru: “Məsələni dövlət səviyyəsinə qədər qaldırmışam"

Şamaxı Rəsədxanasının direktoru:  “Məsələni dövlət səviyyəsinə qədər qaldırmışam"
7 dekabr 2022
# 14:55

Kulis.az Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilovun APA-ya müsahibəsini təqdim edir.

– Namiq müəllim, ulduzlara yaxın olsanız da, Bakıda iş yeriniz AMEA-nın mansarında, bir qədər şəraitsiz yerdədir. Bu vəziyyət astrofizika sahəsində yeniliklər etməyə, böyük nailiyyətlər qazanmağa nə qədər imkan verir?

– Hazırda Şamaxıda hava buludludur, səma görünmür. Müşahidə dövrü, əsasən, yay aylarından sentyabrın sonuna qədər davam edir. Elmi işçilərimizin 90 faizindən çoxu Bakıda yaşayır, sadəcə müşahidə dövründə rəsədxanada olurlar. O dövrdə hamımız köçəri quşlar kimi gedirik, amma qalan vaxtları bizim fəaliyyətimiz Bakı ilə əlaqəlidir. Şamaxı Astrofizika Rəsədxanasının yenilənməsi üçün böyük pullar xərclənib. Amma bunun müqabilində gördüyünüz kimi, Bakıda normal fəaliyyət göstərə biləcəyimiz yerimiz yoxdur. Nə normal istilik var, nə də adicə çay dəmləmək üçün şərait... Sovet dövründə Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları "Beşmərtəbə" yaxınlığındakı məsciddə oturub.

O vaxt məscidlərin fəaliyyətinə tam şəkildə icazə verilmirdi. Oranın bir hissəsi anbar kimi istifadə edilirdi, bir hissəsini də bizə müvəqqəti ofis kimi vermişdilər. Mən rəsədxanaya gələndə isə əməkdaşlarımız Bayılda gəmidə otururdular. Ondan əlavə, bir sıra yerlərdə müvəqqəti qalmışıq, lakin bir müddət sonra köçürüblər. Bura da Coğrafiya İnstitutunundur. Onlar buranı anbar kimi istifadə edirdilər. Əlacsızlıqdan təmizləyib müvəqqəti yerləşmişik. Amma bu yerləşmə artıq müvəqqətilikdən çıxıb. İllərdir, bu vəziyyət davam edir. Bununla bağlı müraciətlərimiz olub, məsələni dövlət səviyyəsinə qədər qaldırmışam. Amma, təəssüf ki, həllini tapmayıb.

– Rəsədxana Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bəlkə, bundan sonra qeyd etdiyiniz problemlər də həllini tapacaq. Necə düşünürsüz, bu dəyişiklik fəaliyyətinizdə sürətli inkişafa təkan verə bilərmi?

– Elm və təhsil naziri Emin Əmrullayev bütün institutlara gedir. Yerində vəziyyətlə tanış olur. Ondan sonra direktorları qəbul edəcək. Avqustun axırında bizim rəsədxanaya gələndə mən problemlərimizi, planlarımızı yazılı şəkildə özünə təqdim etdim. Yəqin, bir də ümumilikdə hamımızı qəbul edəcək. Elmin yenidən qurulması haqqında ümumi bir proqram yanvarın sonuna qədər hazırlanıb Prezidentə təqdim edilməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxıb həmin praktikadan ölkəmizdə istifadə etməliyik. Bu gün Azərbaycanda elmi mühit pozulub. İnstitutlarımız elmə aidiyyəti olmayan insanlarla doludur. AMEA-da 11 mindən çox insan var. Şamaxı Astrofizika Rəsədxanasında çalışan 156 işçidən elmə real töhfə verənlərin sayı 20-25 nəfərdir. Bu istiqamətdə təklifimizi verəcəyik. Elmi dirçəltmək istəyiriksə, qəti addımlar atılmalıdır.

Sosial yazıqlıq, “Qoy filankəs ömrünün axırına qədər qalıb pensiya alsın” kimi fikirlərdən yan keçib ömrünü elmə həsr edənləri, elmə lazım olan adamları cəlb etmək lazımdır. Düzdür, bu gün hətta deputatlar da deyirlər ki, Azərbaycanda elmin tətbiqini görmürük. Bu, tamamilə yanlış fikirdir. Elm dəmyə torpaq kimidir. İstədiyimiz hər şeyi əkə bilmərik. Nə bitirsə, o əkilməlidir. Vaxtilə Maykl Faradey Parisin zirzəmisində hətta çörəkpulu tapmasa da, elektrik qanunlarını kəşf edib və bugünkü inkişaflara təkan verib. Yəni elmə münasibət bütün dövrlərdə pis olub, lakin elm fədailəri onu həmişə inkişaf etdiriblər. Bizdə belə elm fədailəri çoxdur. Onları tapıb dəstək olmaq lazımdır. Hazırda büdcəmiz ildə, təqribən, 1 milyon manatdır. Məsələn, Şamaxı Rəsəxdanasına 20-30, uzağı, 50 adam yığsaq, indiki büdcə ilə rəsədxananı elə qurmaq olar ki, birbaşa dünyanın ön cərgələrinə çıxar. Bunu rəqəmlərlə də cənab nazirə təklif edəcəyəm.

– Bəs bu təkliflər daha öncədən AMEA rəhbərliyinə verilməyibmi? Bunun üçün elə rəsədxananın nazirliyə birləşdirilməsini gözləmək lazım idi? Nə üçün astronomiya sahəsində bizim alimlərimizin fəaliyyəti o qədər də nəzərə çarpmır?

– Mən artıq 8 ildir, bura rəhbərlik edirəm. 23 il xaricdə yaşayıb qayıdanda gördüm ki, Şamaxı Rəsədxanasında elm mənim qoyub getdiyimdən, bəlkə, 10 qat zəifləyib, demək olar, tamamilə məhv olub. Sovet dövründə Şamaxı Rəsədxanası bir məktəb idi. Ora Nobel mükafatçıları, bütün kosmonavtlar gəlirdilər, böyük konfranslar keçirilirdi. Hətta 70-ci illərdə SSRİ Elmlər Akademiyasının o vaxtkı rəhbəri Mstislav Vsevolodoviç Keldış Azərbaycana gələndə demişdi ki, “Azərbaycan elminin zirvəsi astrofizikadır”. Çünki Şamaxı Rəsədxanasında olan 2 metrlik teleskop o vaxt üçün böyük nailiyyət idi. Çoxsaylı alimlər yeni ideyalarla gəlib beynəlxalq layihələrdə iştirak edirdilər.

Yəni o zaman belə bir şəraiti qoyub getmişdim, lakin qayıdanda gördüm ki, heç biri qalmayıb. Düzdür, köhnə mütəxəssislər qalıb, lakin onlar da həvəsdən düşüblər. Universitetlərimizdə isə vəziyyət elədir ki, lazım olan kadrları tapa bilmirik. Gənclər çox zəifdir. Güclüləri də xarici şirkətlər çəkib aparır. Ona görə də elmə münasibət təcili olaraq köklü şəkildə dəyişməlidir. Təklif etmişəm ki, Şamaxı Rəsədxanasında maksimum 3 prioritet istiqamət seçib ora müsabiqə yolu ilə dünyanın istənilən ölkəsindən və ya yerli mütəxəssislər arasından rəhbər seçək. Həmin şəxs öz komandasını yığsın və maliyyəsini alsın.

Elmimiz hazırda acınacaqlı vəziyyətdədir. Elmi bu vəziyyətdən çıxarmaq üçün bizə lokomativlər lazımdır. Həmin lokomativlər ya bizdən, ya da kənardan dəvət olunmalıdır ki, yavaş-yavaş elmin ön sıralarına qoşulaq. Digər tərəfdən, fundamental elmlərə tamamilə sərbəstlik vermək lazımdır. Bu gün kainatın əsas problemlərindən biri qara dəlik, qara maddə, kainatın sürətlə genişlənməsi, buna səbəb olan amillərdir. Heç kim deyə bilməz ki, bunu təcili öyrənib mənə sabah nəticəsini deməlisən. Bu məsələ fundamental elmin qarşısına çıxan ən böyük problemdir.

Bu gün “CERN”də (Avropa Nüvə Tədqiqatları Təşkilatı) milyardlarla vəsait sərf edib eksperimentlər aparılaraq dünyanın yaranmasının ilkin anını tutmağa çalışırlar. Ağır ionları işıq sürətinə yaxın maqnit sahəsində toqquşdururlar. Düzdür, o enerjiyə hələ çatmayıblar. Amma əsas məqsəd materiyanın hardan əmələ gəlməyini başa düşməkdir. Vaxt nədir, zaman nədir, məkanla onun bağlılığı nədir? Bunları qısa müddətdə araşdırıb tapmaq sifarişlə mümkün olan şey deyil. Xülasə, alimlər həmin prioritetləri özləri müəyyən etməli, dövlət qurumları da onların arxasında dayanmalıdır.

– Hazırda beynəxalq qurumlarla əməkdaşlıq hansı səviyyədədir?

– Bizim xarici qurumlarla əlaqələrimiz kifayət qədər genişdir. 40-dan çox real əlaqəmiz var. Hazırda 4 ildir davam edən “HORİZON 2020” İnnovasiya qrant layihəsi çərçivəsində əməkdaşlarımız Estoniyaya, Çexiyaya gedirlər. Orada ümumi konsorsium var. Biz də həmin komandada həm eksperimental, həm də nəzəri sahədə iştirak edirik. Bundan başqa, GRANDMA, GAİA (Global Astrometric Interferometer for Astrophysics) qrant layihələrində, o cümlədən Aktiv nüvəli qalaktikaların tədqiqi sahəsində konsorsiumda iştirak edirik.

– Teleskopların vəziyyəti necədir? Sonuncu dəfə nə vaxt yenilənib?

– Teleskoplarımız kifayət qədər köhnəlib. Ən böyüyü 60-cı illərin axırlarında qurulan 2 metrlik teleskopdur. Digər 60-70 santimetrlik teleskoplarımız da elə həmin dövrdə qurulanlardır. Müasir dövrün tələblərinə, demək olar ki, cavab vermirlər. Bu teleskoplar o dövr üçün çox yaxşı idi. Onda biz fəxrlə deyirdik ki, islam aləmində ən böyük teleskop bizdədir. Bəhrəsini də görmüşük. Amma indi dünyanın tələbi başqadır. Kəlbəcərdə robotik teleskopun qurulmasını təklif etmişəm. Ümumi proqrama salınıb və bəyənilib. Bu, astroturizmin inkişafı üçün də faydalı ola bilər. Həmin teleskop bazası Şamaxı Rəsədxanası olmaqla məsafədən idarə edilə bilən teleskopdur. Yer kürəsi sferik formadadır və bütün ölkələrdə eyni bir “N” dairəsi üzrə teleskoplar qurulub. Bu teleskopu biz dünya teleskopları şəbəkəsinə birləşdirsək, bizdən kənarda araşdırılan hadisələrə, məlumatlara çıxışımız mümkün olacaq.

– Bu layihə üçün təxminən nə qədər vəsait tələb olunur?

– 1 metrlik teleskopun qiyməti infrastrukturu ilə birgə təxminən 1 milyon dollardır. Müasir teleskoplar çevik olur. Bunlar müəyyən bucaqlar altında dönə bilir və siqnalı tam tutur. Siqnal yaxşı tutulanda onun ayırdetmə qabiliyyəti də kəskin böyüyür.

– Rəsədxana seçiləndə, yəqin ki, oranın iqlimi də nəzərə alınmalıdır. Hamı işğaldan azad olunmuş ərazilərdə nəsə fəaliyyət qurmaq istəyir. Bölgənin iqlimi bunun üçün uyğundurmu?

– Düzdür, iqlimin çox böyük təsiri var. Şamaxı Rəsədxanasının astroiqlimi hazırda qənaətbəxş vəziyyətdə deyil. Rəsədxana üçün əsas tələb odur ki, ətrafının 3-4 kilometr radiusunda əlavə işıq, toz mənbəyi olmamalıdır. Amma Şamaxı Rəsədxanasının hasarına qədər tikinti aparılıb, obyektlər, malikanələr tikilib. Hazırda orada fondan böyük əziyyət çəkirik. Müşahidə apararkən bilmirsən ki, bu, kosmik obyektdir, yoxsa qonşunun lampası... Buna fonun ümumi çirklənməsi deyilir. Həmçinin ətrafdan yol keçdiyi üçün avtomobillərdən qalxan toz birbaşa bizim teleskopların üstünə oturur və keyfiyyətini aşağı salır. Bu səbəbdən, gələcək teleskopların qurulması üçün yerlər müəyyən olunarkən astroiqlimin ölçülməsi olduqca vacibdir.

Bizim hazırda TÜBİTAK-la birgə qrant layihəmiz irəli sürülür. Orada çalışan mühəndislər kosmik ölçmələrdən istifadə edirlər. Son 20 ildə toplanmış bazaları var. Azərbaycanda onlara 4 nöqtə vermişik. Həmin nöqtələrin kosmik təsvirləri araşdırılacaq və seçilən yerlərdə yerüstü cihazlar qurulacaq ki, həm rütubəti, həm də ərazinin küləkli olub-olmamasını ölçsünlər. Seçilmiş müşahidə nöqtəsi həmçinin ətrafdakı bütün dağ və təpələrdən yüksəkdə olmalıdır ki, teleskopu döndərəndə hansısa maneəyə dirənməsin.

– Ümumiyyətlə, qlobal iqlim dəyişmələri kosmik hadisələrin müşahidə edilməsinə necə təsir göstərir?

– Vaxtilə Şamaxıda açıq gecələrin sayı 200-dən çox idi. İndi 150-dən azdır. İqlim ciddi şəkildə dəyişib. Bu baxımdan, təzə yerlərin tapılması lazımdır. Ancaq iqlim bütün dünyada dəyişdiyi üçün çıxış yolları da olduqca azdır. Əlverişli astroiqliminə görə dünyada ən güclü teleskoplar Çilidə yerləşdirilir. Bu baxımdan, Çili bütün dünyanın rəsədxanası hesab edilir. Onlarla bizim çox yaxşı münasibətlərimiz var. Amerikalı alim, məşhur fizik Roald Saqdayev Azərbaycana tez-tez gəlir. Onun tələbələri Çilidə yeni astronomik mərkəz yaradıblar. Bu yay Çili universitetlərindən nümayəndələr gələndə biz müqavilə bağladıq. Çilidəki teleskoplardan istifadə vaxtı çox bahadır. Bu vaxtın 15 faizi Çili universitetlərinə verilir. Onlar həmin vaxtı bizimlə bölüşmək istəyirlər. Bu, çox perspektivlidir və bu fürsətdən mütləq istifadə etməliyik.

Bunun üçün indi prioritet istiqamətlər müəyyənləşdirilir. Biz də iki istiqamət üzrə təklif vermişik. Bunlardan biri aktiv nüvəli qalaktikalar və onların ətrafının dinamikasıdır. Hansı ki həmin qalaktikaların ortasında qara dəlik var. Digəri isə cavan ulduzların əmələgəlmə prosesi və ulduz maqnitizmidir. Təcili olaraq dünya standartlarında tətbiq olunan metodlara yiyələnmələri üçün müxtəssislərimizi hazırlayırıq ki, gedib Çilidə araşdırmalar apara bilsinlər. Bu yaxında Avropadan gələn 4 gənc əməkdaşımız məni çox sevindirdi. Müasir proqramları artıq öyrəniblər. Yəni xarici əlaqələr baxımından işimizi çox yaxşı qurmuşuq. Ümid edirəm ki, belə də davam edəcəyik.

– Artıq özəl şirkətlər də müxtəlif kosmik fəaliyyətlərə – kosmik səyahətlər, koloniyaların qurulması, kosmik çirklənmələrin qarşısının alınması üçün tədbirlər və s. başlayıblar. Sizcə, yaxın zamanlarda kosmosda insanların kütləvi yaşaya bilməsi üçün koloniyalar qurula bilərmi?

– Nə Ayda, nə Marsda, nə də Yupiterdə insanın yaşaması üçün münbit şərait var. Yaradılsa belə, ancaq müəyyən izolyasiya edilmiş laboratoriya formasında yaradıla bilər. Amma bu, kaloniya deyil axı. Nə əkmək olacaq, nə də biçmək. Hər şey yerdən göndərilməlidir. Bəlkə, texnologiya inkişaf etsə, Aya gediş-gəliş asanlaşsa, nəsə etmək olar. Lakin hazırda adi peykləri Günəş küləklərindən, şüalardan qorumaq üçün böyük zəhmət çəkilir, örtük təbəqəsi yaradılır.

– Aydan söz düşmüşkən, Nil Armstronqun ora ayaq basdığına dair fikir ayrılıqları var. Bəziləri onun getdiyinə, bəziləri isə çəkilişlərin saxta olduğuna inanırlar. Siz necə düşünürsünüz? Həqiqətən, Aya səyahət olubmu? Və nə üçün ilk səfərdən sonra bu qədər fasilə edildi?

– Aya enmək asandır. Əsas məsələ ora düşdükdən sonra necə qalxmaqdır. Mən də bu barədə oxumuşam. Müəyyən şübhələr yaradırlar. Amma mənə elə gəlir ki, insan ayağı Aya dəyib. Məndə amerikalıların ora düşməsi ilə bağlı şübhə yoxdur. Bu gün Ay uğrunda aparılan mübarizə önəmlidir. Uzun illərdir, idarə oluna bilən nüvə enerjisi üçün tədqiqatlar aparılır. İdarəoluna bilən nüvə reaktoru ilə bağlı maksimum nəticəni çinlilər əldə edib. Bu da 32 saniyədir. Bundan sonra hər şey dağılır. İndi müasir kvant nəzəriyyəsinin inkişafı ilə əlaqədar müəyyən sıçrayışlar gözlənilir. İdarəoluna bilən nüvə reaktorları sonsuz şəkildə enerji deməkdir. Amma həmin nüvə reaktorlarının çox vacib bir kompanenti var ki, Yerdə onu əldə etmək baha başa gəlir. Bu, “Helium 4” izotopudur. Lakin Ayda bu elementdən nə qədər istəsəniz var. Oradan adicə torpaq götürüb, müəyyən proseslərlə həmin elementi ayırmaq olar. Ay uğrunda mübarizə məhz buna görədir.

– Bu gün kosmosa yüzlərlə süni peyk göndərilir. Həmin peyklər sıradan çıxandan sonra isə kosmik tullantıya və digər peyklər üçün real təhlükəyə çevrilir. Hətta bir müddət əvvəl peyklərin çoxluğundan səma cisimlərini müşahidə etməyin çətinləşdiyi deyilirdi. Sizin fəaliyyətinizə bir təsiri varmı?

– İndi kosmosda tullantılar, məlum və hərbi məqsədli gizli peyklər var. Onların yerüstü müşahidələrə elə də maneələri yoxdur. Kainatdan gələn siqnalların qamma oblastından tutmuş radio oblastına qədər böyük bir elektromaqnit diapazonu var. Onun kiçik bir hissəsində balaca bir pəncərəni yer atmosferi bizə buraxır. Bizim teleskoplar o pəncərədə işləyirlər. Lakin böyük enerji tutumlu maraqlı hadisələr o diapazondan kənarda baş verir. O hadisələrdən gələn siqnallar optik oblastda yox, qamma, radio oblastda olur. Həmin siqnalları tutmaq üçün gərək biz atmosferin üstünə çıxaq. Ona görə də indi teleskopları peyklərə yükləyib atmosferdən kənara çıxarırlar. Astrofizikada olan böyük kəşflərin hamısı ora qaldırılmış süni peyklərə yerləşdirilən cihazların hesabınadır. Bizə sonradan həmin kəşflərlə bağlı koordinatlar ötürülür və optik diapazonda hansısa dəyişiklik olub olmamasını yoxlayırıq. Ona görə də yerdə imkanlar çox da geniş deyil.

– Peyklərin saxlanması, onlara müxtəlif xidmətlər göstərilməsi, kosmik tullantılarla toqquşma ehtimalının hesablanması üçün dövlətlər kifayət qədər vəsait xərcləyir? Bizdə yaxın zamanlarda belə xidmətin göstərilməsi gözləniləndirmi?

– Yerdə olan bütün fəaliyyətlər kosmosda olan süni peyklərlə bağlıdır. Kosmik tullantılar, həqiqətən də, böyük problem yaradırlar. İlon Mask kimi şəxslər çox sayda balaca peyklər buraxır və onlar laqranj nöqtəsinə düşəndə orada sabit şəkildə qalaraq fırlanır. Sıradan çıxan peyklərin əksəriyyəti oradadır və mütəmadi olaraq işlək peyklərlə toqquşma təhlükəsi var. “Azərkosmos”un peyklərinin onlardan qorunması üçün, həqiqətən, böyük miqdarda vəsait xərclənir. Hansısa tullantı peykə yaxınlaşanda ya peykin orbiti bir qədər dəyişdirilir, ya da lazer silahları ilə tullantını parçalayırlar ki, peykə zərər vurmasın. Əsasən, bu gün ABŞ şirkətləri bununla məşğul olurlar. Biz də “Azərkosmos” qarşısında belə bir layihə irəli sürmüşük. Hansısa bir tullantı qarşısına çıxanda siqnal göndərilir və radiozond vasitəsilə onun radial məsafəsini çox dəqiq təyin etmək olur. Amma problem onun digər iki bucağının – teta və fi kompanentlərinin koordinatını tapmaqdır.

Bu isə tullantının dəqiq yerini təyin etməyə imkan verir. Bundan ötrü çox yaxşı bir metod var. Eyni “N” dairəsində bir-birindən uzaqda yerləşən iki identik teleskopla müşahidə edəndə dəqiq formulla digər iki kompanenti də təyin etmək olar. Türkiyəyə təklif etmişik ki, bir robot teleskopunu orada, birini də Şamaxıda yerləşdirək. Və ya Şamaxıda olan 60 santimetrlik teleskopa identik teleskopu Türkiyədə yerləşdirək. Beləliklə, bu biznesdən birgə istifadə etmək olar. İdeya həm onların, həm “Azərkosmos”un xoşuna gəlib və qəbul olunub. Bu işə başlamaq üçün bizdə hər şey var. “Azərkosmos”la Türkiyənin Kosmik Agentliyi arasında bu sahədə hazırda danışıqlar gedir. Hər şey yaxşı olsa, bunu özümüz edəcəyik. Kimin süni peyki varsa, onlar bu xidməti almaqda maraqlı olacaqlar. Beləliklə, əlavə vəsait cəlb etmək imkanımız yaranacaq.

– Şamaxı Astrofizika Rəsədxanası bir sıra səma cisminə ad verib. Onların sayı nə qədərdir? Beynəlxlq aləmdə bu adlar tanınırmı?

– Düzü, mən bir çox ölkədə olmuşam, amma belə bir təcrübəyə rast gəlməmişəm. Bu, sırf bizə aid bir məsələdir. Dünyanın heç bir yerində hansısa ulduza, tutaq ki, Hötenin adının verilməsini görə bilməzsiniz. Amma bizdə görürəm ki, kimlərinsə adına ulduzlar var. Rəsədxanaya gələndə bunu necə aldıqlarını soruşdum. Dedilər ki, Beynəlxalq Astronomiya Cəmiyyətinə yazmışıq, xahiş etmişik, veriblər. Sonra internetdə gördüm ki, bunu pulla da etmək mümkündür. Məsələn, istəsəniz, sizin də adınıza bir obyekt verə bilərik. Lakin elmi bu şəkildə bayağılaşdırmaq düzgün deyil. Hesab edirəm ki, lazımsızdır. Amma faydalı tərəfləri də var. Sovet dövründə Marsın üzərində böyük kraterlər ilk dəfə bizim rəsədxanada kəşf olunub. Bunu Nadir İbrahimov tapıb və o zaman xahiş ediblər ki, ad verirsinizsə, bunu nəzərə alasınız. Onlar da kraterə Nadir İbrahimovun adını veriblər. Biz bununla fəxr edirik. Amma digər süni şeylər də çoxdur.

– 1977-ci ildə NASA-nın “Voyager 1” peyki ilə kosmosa göndərilən qızıl plastinkada Kamil Cəlilovun balaban ilə çaldığı “Çahargah ahəngi” adlı kompozisiya da var. Bunun axırı necə oldu? İndi o ifa hardadır?

– Kosmosa digər kodlaşdırılmış siqnallar da göndərilib. Amma göndərilənlərin heç birindən bir xəbər yoxdur. Digər sivilizasiyaların olub-olmaması üçün göndərilmişdi. Böyük ehtimalla belə sivilizasiyalar var. Ola bilməz ki, olmasın. Bizim qalaktikamızda Günəş sistemi kimi milyardlarla sistem var. Necə oldu ki, həyat məhz bizdə oldu?! Digər sivilizasiyaların olması haqda ehtimal böyükdür. Amma sübut yoxdur.

– Namiq müəllim, rəsədxananın fəaliyyəti ilə bağlı müxtəlif neqativ məlumatlar da səsləndirilmişdi. Bu haqda nə deyə bilərsiniz?

– Müxtəlif ittihamlar indi də var. Məsələn, elmi işlərin müdafiəsi ilə bağlı şuramızın tərkibi 12 nəfərdən ibarətdir. Onun 4-ü bizdən, 8-i isə Rusiya və Ukraynanın ən yaxşı mütəxəssisləridir. Amma Ali Attestasiya Komissiyasına yazırlar ki, onlar savadsızdırlar, AAK korrupsiyaya uğrayıb, Cəlilov orada pul yığır. Mən bura gələndən bu söhbət davam edir. Bəlkə də, 7-8 nəfəri mən böhtana görə işdən uzaqlaşdırmışam. Onlar inkişafı istəməyən adamlardır. Şamaxı Rəsədxanasının əmlakı, bir neçə koteji, qonaq evləri var, bir də bizim əməkdaşlar üçün tikilmiş beşmərtəbəli binalar var. Amma ora göz tikənlər çoxdur. Bu ilin yanvarından axırına qədər vaxtımızın böyük hissəsi o əmlakın qorunmasındakı mübarizəyə həsr olunub. Rəsədxananı bölüb torpağını almaq istəyirlər. Bu, məhv olur axı?! Niyə sərəncam verib buranın torpağını bölürsən?! Direktor xoşuna gəlmirsə, töhmət ver, işdən çıxart, cinayət törədibsə, ver məhkəməyə. İşimiz gücümüz onlarla mübarizə aparmaqdır.

– Günəş və Ay tutulmalarının təqvimlərini, fəsillərin daxilolma vaxtlarını hər il siz açıqlayırdınız. Lakin bu il Bakı Dövlət Universitetinin Astrofizika Kafedrası sizi qabaqladı. Artıq estafeti ali məktəblərə verirsiniz?

– Onlar da bizim kadrlardır. Bir yerdə işləyirik. Biz məqamı yaxınlaşanda təqvimi veririk. Onlar bir az tələsib tez veriblər. Biz sonuncu tutulmanı gözləmişdik. Onlar isə tutulmadan öncə verdilər. Adətən, növbəti ilin proqnozları cari ilin axırıncı tutulmasından sonra verilir. Fəsillərin daxilolma vaxtına gəlincə isə, bu, informativ xarakter daşıyır.

# 2570 dəfə oxunub

Müəllifin son yazıları

# # #