Qadın alpinist: “Dağda ayı ilə qarşılaşdım” - Müsahibə

Qadın alpinist:  “Dağda ayı ilə qarşılaşdım” - Müsahibə
24 may 2024
# 21:00

Kulis.az Azərbaycanın ən gənc qadın dağçısı Fəridə Babayevanın Lent.az-a müsahibəsini təqdim edir.

- Dağçılıqla nə vaxtdan məşğul olmusunuz?

- 13 yaşımdan etibarən dağçılıqla məşğul oluram. Ailəm təbiəti çox sevir. Uşaqlıq illərimdən ailəmlə birlikdə səyahət edir, müxtəlif turlara qatılırdıq. Müəyyən idman növləri ilə məşğul olmuşam. Kiçik yaşlarımdan voleybol və gimnastika ilə məşğul olmuşam. Daha sonra isə anamın da yönləndirməsi ilə dağçılıqla məşğul olmağa başladım. Uşaqlıqdan təbiəti sevdiyim üçün bu peşə mənə heç də yad deyildi.

- Təhlükəli peşədir… Bu peşəyə başlayanda valideynləriniz sizə heç etiraz ediblər?

- Xeyr. Anam hər zaman məni dəstəkləyib. O da həvəskar dağçılıqla məşğul olur. Ailəm də mənim bu ixtisasla məşğul olmağımın əleyhinə olan olmayıb.

- Bəs, ilk zirvənizi nə zaman fəth etmisiniz?

- İlk dəfə Heydər Əliyev zirvəsinə çıxmışam. Bütün ailə üvlərim bu barədə mənə çox dəstək oldu. Hətta ilk dəfə zirvəyə qalxanda anam da mənimlə birlikdə getmişdi. Çünki yaşım az idi və sadəcə valideynlə birlikdə qalxmağa icazə verirdilər.

- Fəridə xanım, alpinistlərin "dağı sevmək" kimi bir ifadələri olur. Bu sevginin səbəbi nədir?

- Bəziləri gülləri, çiçəkləri sevir. Bəziləri dənizi sevir. Biz də yəni dağçılar da dağları sevirik. Necə ki, okeanın dibi, yaxud digər planetlər, eləcə də dağlar tamam ayrı dünyadır. Heç nəyə bənzəmir. Özünəməxsus təhlükələri də var və bu təhlükələrə də başqa heç yerdə rast gəlmək mümkün deyil.

- Bəs, dağlara tək qalxırsınız?

- Normalda dağa qrup şəklində qalxırıq. Tək çıxdığım zirvənin hündürlüyü 3 min metr olub. 3 mindən hündür zirvələrə tək qalxmamışam.

- Dağda qarşılaşdığınız təhlükəli məqamlardan biri nə olub?

- Qusar yaxınlığında 10 nəfərlik qrupla birlikdə texniki marşrutla dağa dırmanırdıq. İki qrupa bölünmüşdük. Təlim zamanı mən və dostum həmin texniki marştrutdan çıxaraq fərqli bir marşruta girdik. Yolumuzu daha çətin yerdən saldıq. Həm digər qruplardan tez çatmaq istəyirdik, həm də geri də qayıda bilmirdik. Ayağımızın altında qar var idi. Məgər qarın altı isə daş yox, buz imiş. Bunun fərqində olmamışdıq. Bizim yanımızda sadəcə bir ip və iki balta vardı. Normalda isə çox ləvazimat olmalıdır. Amma ləvazimatın azlığına baxmayaraq, bir ip və iki balta ilə digər qrupu geridə qoymuşduq. Bu hadisə 15-17 yaşımda baş verib.

- Dağlarda vəhşi heyvanlarla qarşılaşmısınız?

- Əlbəttə. Ən çox qarşılaşdığım çaqqal olub (Gülür).

Bundan əlavə canavar və tülkü görmüşəm. Bir dəfə ayı ilə qarşılaşmışam. O da çox uzaqda idi.

- Belə olduqda hansı tədbirləri görürsünüz?

- Hər heyvana başqa cür davranmaq lazımdır. Məsələn çaqqalla bağlı metodumuz var. Gecələr çaqqal gələndə onun gözünə işıq salırıq. Çaqqal işığı görəndə qaçır. Ümumilikdə insan hər hansı bir heyvana qarşı aqressiv hərəkət göstərməsə, həmin heyvan da ona zərər verməz. Əlbəttə ki, əgər hücum etsə, insan özünü qorumalıdır. Heyvanlarla davranışla bağlı müəyyən təlimlər olur. Elə bununla bağlı ilk təlimimi Qaxda almışdım. Türkiyədə dağçılıqla bağlı təhsil aldığım müddətdə də bu cür təlimlərdən keçmişəm.

- Olubmu ki, zirvəyə az qalmış geri qayıtmısınız?

- Əlbəttə ki, olub. Xarici ölkədə olduğum zaman bu hadisə baş verib. Dağçılıqda belə bir deyim var: “Dağ bizi istəmir, bizi qəbul etmir”.

Həmin vaxt hava şəraiti çox pis idi. Yəni bilinirdi ki, bu zirvəyə çıxmaq olmayacaq. Qrup şəklində dağda qalıb, hava düzəlsə, yenidən qalxacaqdılar. Amma mən öz istəyimlə geri qayıtdım. Daha sonra mənə bildirdilər ki, qrupdakılar da zirvəyə qalxa bilməyib və geri qayıdıb.

- Hər hansı bir zirvəyə qalxmaq üçün sizə nə qədər vaxt lazım olur?

- Əslində bu zirvənin hündürlüyündən asılıdır. 3-4 min metrlik zirvələr bəzən 3-4 gün çəkə bilir. 5 min metrlik zirvələr isə 7-8 gün çəkir. Zirvəni fəth etdikdən sonra geridönüşdə ən az bir dəfə "kamp" qurulur. Ümumilikdə dağa qalxarkən düşərgələr qurulur. Bu insanın dağa uyğunlaşması üçündür. Əgər, dağa qalxmağa hazır deyilsə, 3 düşərgə də qurula bilər.

- Yüksəkliyə qalxmaq adrenalinlə yanaşı həm də həyəcan dolu anlardır. Qalxmaq kimi bunun düşməyi də var. Dağdan enəndə hansısa xüsusi çətin vəziyyətləri yaşamısınız?

- Normalda dağa qalxarkən çətinlik olur. Amma düşəndə də bəziləri üçün müəyyən çətinliklər olur. Bu daha çox ayaqların yorğunluğundan, yükün ağırlığından da qaynaqlanır.

- Bəs siz bugünə qədər hər hansı bir çətinliklə qarşılaşmısınız?

- Dağa qalxarkən heç vaxt çətinliklə qarşılaşmamışam. Təxmini 17-18 yaşımda Türkiyə yığması ilə birlikdə Gürcüstanda buzdağlarda təlim keçirdik. Heç bir fiziki problemim yox idi. Dağa da hazırlıqlı getmişdim. İlk 5 min metrlik zirvəm idi. Zirvəni qalxdıqdan sonra tez düşməli olduq. Bizim qrupu avtobus aparırdı və həmin avtobusa gecikirdik. Biz dayanmadan həmin zirvəni 3-4 saata düşdük. Avtobusa çatdıqdan sonra qulağımda dəhşətli bir cızıltı yarandı. Heç kimi eşidə bilmirdim. Yarım saat başım ağrımışdı. Dərman qəbul etdikdən sonra özümə gəldim. Daha sonra müəyyən oldu ki, bədən quruluşum elədi ki, dağa çıxarkən yox, dağdan enərkən tərs-aklimitasiya baş verə bilər. Bunu isə ilk dəfə 5 minlik zirvəyə qalxarkən öyrəndim. İkinci dəfə Bazardüzünə qalxarkən bu hal baş verdi. Bu hadisədən sonra həm dağa qalxmaq üçün, həm də enmək üçün hazırlıqlar görməyə başladım.

- Dağlarda ən unudulmaz xatirəniz nə olub?

- Ən unudulmaz xatirələrimdən biri ilk dəfə dağa çıxarkən gecə ulduzları izləməyim idi. Bütün qalaktika sanki bir addımlığımda idi. O günü heç vaxt unutmaram.

- Dağa çıxarkən alpinistin hansı bilik və bacarıqları olmalıdır?

- Əlbəttə ki, fiziki hazırlıq çox vacibdir. Qidalanmaya və çəkiyə diqqət yetirmək lazımdır. Nə az, nə də çox çəki dağa çıxarkən əlverişlidir. Daha çox enerji verən qidalara üstünlük veririk. Həmçinin ilkin tibbi yardım bilikləri olmalıdır.

Bundan əlavə texniki ləvazimatları istifadə edərkən çox diqqətli olmaq lazımdır. Çünki kiçik bir səhv ölümlə nəticələnə bilər. Məsələn “karabin” deyə bir ləvazimat var. Onun bir az səhv bağlanması ölümlə nəticələnə bilər. Dağa çıxarkən ilkin fiziki yoxlanış keçirilir. Mütəmadi olaraq dağa çıxanlar 6 aydan bir tibbi yoxlanışdan keçir. Bundan əlavə müəyyən məşqlər keçirilir, 1500-2000 metrlik təpələrə çıxılır.

- Fəridə xanım, dağçıların məşq prosesləri necə keçirilir?

- Bakıda qayayadırmanma məşqlərini Nardaran, Buzovna və Bakıxanov ərazisində edirik daha çox. Qışda buzadırmanma məşqlərini isə Qusarın Laza kəndində yerləşən donmuş şəlalələrdə keçirik. Bundan əlavə, dağda kiçik yürüşlər edirik və get-gedə bu yürüşləri çətinləşdiririk.

- Bəs bir qız üçün alpinist olmağın hansı mənfi və ya müsbət cəhətləri var?

- Fiziki olaraq heç bir çətinliyi yoxdur. Amma cəmiyyətdə alpinist qız olmaq birmənalı qarşılanmır. Deyirlər ki, bu qız sənəti deyil.

- Bir alpinistin ən məhsuldar vaxtı hansı yaş aralığı hesab olunur?

- Dağçılıq elə bir peşədir ki, insan fiziki inkişafını tamamlayana kimi 5 min metrlik zirvələrə qalxmalıdır. İnsan fiziki inkişafını tamamladıqdan sonra daha yüksək zirvələrə dırmanmaq lazımdır. Fikrimcə, bir alpinistin ən məhsuldar dövrü 35-45 yaş aralığıdır.

- Bəs nə vaxtsa bu peşədən ayrılmağı düşünmüsünüz?

- Heç vaxt düşünməmişəm. Amma alternativlərim var. İxtisasım idman müəllimliyidir. Eyni zamanda, musiqi təhsilim də var. Dağçılıq sağlamlıqla bağlı bir idman növüdür. Əlbəttə ki, nə zamansa bu ixtisasda olmağımla bağlı hər hansı bir problem olsa, fərqli peşələrə yönələ bilərəm.

- Bundan sonrakı hədəfləriniz nələrdir?

- Özümü fiziki cəhətdən hazırlayıb 7 minlik zirvələrə çıxmağı hədəfləyirəm. Ümumilikdə isə Everestə qədər bütün zirvələri fəth etmək istəyirəm.

Foto: Rüfət Mustafayev

# 2267 dəfə oxunub

Müəllifin son yazıları

# # #