Övladın acdırsa, necə həzz ala bilərsən?!

Seymur Atilla, gənc yazar

Seymur Atilla, gənc yazar

15 yanvar 2022
# 10:00

Kulis.az saytı Seymur Atillanın “Bizim Cəbiş müəllim və ya acı reallıq” yazısını təqdim edir.

Bakının mərkəz küçələrində gəzərkən korifey sənətkarlarımızın, yazıçı və şairlərimizin divar barelyeflərinə rast gəlirik. Filan şair bu binada yaşamışdır. Özü də mərkəzdə. Yaradıcılıq mühitinin ən zəngin olduğu yerlərdə. Çünki Sovet dönəmində yazıçı və şairlər cəmiyyətin elitası sayılırdı.

Bəs indi necə? Kitab mağazalarının müasir yazıçı və şairlərin, xüsusən də gənclərin kitabını satmaqda maraqlı olmadığı bir zamanda. Bunun digər günahkarı da cəmiyyətimizdir. İnsanlarımız araşdırma yazıları və ya ciddi mətnlərə yox vahid süjet xəttinə əsaslanan detektiv yazılara önəm verir. Bu acınacaqlı durumun digər səbəbləri də var. Kitab marketinqi, reklam faktoru. Ona görə də müasir yazıçı və şairlərimiz öz kitablarının satışı ilə dolana bilmir. Yaradıcı insan azad olmalıdır. Cismən, ruhən və sosial məişət baxımından. Maddi və mənəvi. Hansısa quruma, bürokratik sistemə bağlı olmamalıdır. Təsəvvür edin! Bir yazıçı payız vaxtı Bakının yağışlı küçələrində gəzərkən ağlına bir ideya gəlir, tez qaçır evə ki, bu yazını yazsın. Gəlir evə arvadı qapını açır, çöhrəsində acıqlı ifadə ilə niyə filan şeyləri almamısan? Deyir. Nəysə deyib keçir yazı masasına, bu dəfə arvad gətirib işığın, qazın çeklərini atır masanın üzərinə, biraz keçir qapı döyülür. Ev sahibi kirayə pulu üçün gəlib. Belə bir vəziyyətdə ondan hansı uğuru gözləmək olar? Sosial problemlərlə assosiyasiya olunmuş yaradıcı insanlar mühitindən nə Nobel gözləmək olar, nə də ki, başqa bir uğur. Sevgi qarın doyurmadığı kimi ədəbiyyat da qarın doyurmur. Yaradıcılığın mənəvi və sosial azadlığı!

Andrey Tarkovski kimi dahi rejissor Sovetin ifrat qadağalarına görə öz ölkəsini tərk etdi. Son günlərində isə " Məni, ideyalarımı, arzularımı məhv edən o sistemin olduğu bir ölkəyə qayıtmaq istəmirəm" deyib Fransada dünyaya gözlərini yumdu. Nuri Bilgə Ceylan aldığı ucuz kino kamerası ilə dostlarını və ailəsini öz filmlərinə çəkərək Kaan film festivalına qədər uğurlu yol qət etdi. Heç bir film şirkətindən, produserlərdən aslı olmadan. Klint İstvud sonuncu filmindən əldə etdiyi 13 min dollarla öz müstəqil rejissorluq kariyerasına başladı.

Bir zamanlar oxucu sevdiyi yazarına məktublar yazardı. Öz hisslərini ifadə edərdi. Çünki müəllif əlçatmaz zirvə idi. İndi isə sosial məngənədən can qurtarmaq üçün gənc yazarlarımız kitablarını özləri satır. Parklarda, yarmarkalarda, kafelərdə.

Balzak yazıçını, "Cəmiyyətin, bəşər tarixinin katibi", Maksim Qorki isə "İnsan qəlbinin mühəndisi" adlandırıb. İndiki vəziyyətlə əks qütblərdə dayanan bu fikirlərlə isə sadəcə təsəlli almaq olar.

Buna görə də "Bizim Cəbiş müəllim" filminə baxanda müasir yazıçı və şairlərimizə yazığım gəlir.

Öz prinsiplərindən dönməyən vicdanlı bir müəllim, sosial məişət qayğıları qarşısında boynunu bükür. Övladları belə ona acıqlı ifadə ilə baxır. Arvadının ona baxdığı kimi. Müharibənin sındıra bilmədiyi bu insanı ailə məişət qayğıları sındırır.

Əgər evində övladın acdırsa sən necə hansısa bir kitabdan, filmdən, lap elə təbiət gözəlliklərindən həzz ala bilərsən? Həyatındakıların sənə baxışları sönübsə, deməli, sənin də həyat eşqin sönəcək.

# 1662 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #