"Onun yaradıcılıq eşqi yaşamaqda davam edir..." - Nəriman Həsənzadənin xatirəsinə

"Onun yaradıcılıq eşqi yaşamaqda davam edir..." - Nəriman Həsənzadənin xatirəsinə
2 sentyabr 2026
# 12:00

Kulis.az kulturologiya üzrə elmlər doktoru, professor Çingiz Abdullayevin Nəriman Həsənzadənin xatirəsinə həsr etdiyi yazını və şeiri təqdim edir.

Nəriman müəllimlə ilk tanışlığım Aviasiya Akademiyasında çalışdığı dövrə təsadüf edir. Onun kulturologiya sahəsində yazdığı, qırmızı üzlü dərslik kitabı o zaman diqqətimi xüsusilə cəlb etmişdi. Sonralar müxtəlif tədbirlərdə görüşər, onun zəngin həyat təcrübəsi ilə maraqlanar, şirin söhbətlərini dostlarla birlikdə dinləyərdik.

Görüşlərimiz zamanı mənə etdiyi əsas irad isə Ağstafa Yaradıcılıq Cəmiyyətində daha fəal olmağımı istəməsi ilə bağlı idi.

Pandemiya dövründə Nəriman müəllimin müalicəsi üçün lazım olan dərmanların Almaniyadan, çətinliklərə baxmayaraq gətirilməsində iştirak etməyimiz onun üçün həyati əhəmiyyət daşıyırdı.

Nəriman müəllim akademik dairələrdən söhbət düşəndə akademik Nizami Cəfərovu xüsusi ehtiramla xatırlayardı. Uğurlarımıza, xüsusilə də kulturologiya sahəsində beynəlxalq arenada nəşr olunan kitablarıma ürəkdən sevinərdi. Onun bu səmimi münasibəti mənim üçün həmişə dəyərli olub.

Qızı Xatirə xanımın Azərbaycan Rəssamlar İttifaqında açılan sərgisində də onun sevinc və həyəcanla qonaqları qarşılaması gözümün önündədir. Övladının uğuru ilə fəxr edən ata kimi onun baxışlarında duyulan qürur və sevinc unudulmaz idi.

Nəriman müəllimlə bağlı son xatirələrimdən biri oğlu Nazimlə bağlıdır. Şairin sakit və təmkinli xarakterinə bənzəyən Nazimlə sonuncu dəfə Nəriman müəllimin evində görüşdük. Yazı masasının üzərində qələm və kağızı görəndə içimdə qəribə bir təskinlik yarandı. Oğluna dedim:

“Şairi yaşadan onun yaradıcılıq eşqidir...”

Bu gün Nəriman müəllim aramızda yoxdur. Lakin onun sözləri, şeirləri, kitabları və yaratdığı mənəvi irs yaşayır. Əsl şairi zamanın əlindən alan yalnız fiziki yoxluqdur; onun yaradıcılıq eşqi isə nəsildən-nəslə ötürülərək yaşamaqda davam edir.

2021-ci ilin fevral ayında AzTV-də Xalq şairi ilə keçirilən görüş zamanı onun söylədikləri məni çox təsirləndirmişdi. Həmin verilişdən aldığım təəssüratla həyatımda ilk dəfə yığcam bir şeir yazaraq Nəriman müəllimə həsr etdim. O ərəfədə AzTV-də dəvətli olduğum verilişlərin birində həmin şeiri oxumaq istəyimi ona bildirdim. Nəriman müəllim gülümsəyərək dedi: “Şeir yaxşıdır, verilişdə oxuya bilərsən...”

Aradan beş il keçdikdən sonra Nəriman müəllimə həsr etdiyim həmin şeiri ilk dəfə oxuculara təqdim edirəm:


Nə qəribə zamandı,

Qalxanda nərdivandı...

Enəndə həyəcandı,

O ağsaçlı Nərimandı,

Nurlu şair qaqamdı,

90 yaşı tamamdı.

Dərdimizə dərmandı

Yuxuda gördüyündə

Elə mənim anamdı...

Nazim Hikmət səsləndi:

Unutmadın amandı...

Xəlil Rza gələndə dedi:

Vətən yamandı...

Məmməd Araz axardı

Xatirədə qalandı...

Mir Cəlalın qayğısı

Düşdüyümüz zamandı...

Ehtiyatlı olaq ki,

İndi çətin zamandı...

Zamanla ayaqlaşan

İndi daban dabandı,

İnteraktiv yazılar

Portallarda məqamdı.

Köhnə külə tamamdı

Bu həyat nə yamandı?..

Təbiətin qoynunda

Gördüyümdə dumandı,

Ayağımın altında

Sən demə ki, samandı

Ağstafam məkandı.

Bircə tək ad qalandı

Adı qalan Nərimandı...

# 97 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər