Naxçıvan M.R.-nın yaranmasının 100 illiyi münasibətilə Respublika Uşaq Kitabxanasında tədbir keçirildi

Naxçıvan M.R.-nın yaranmasının 100 illiyi münasibətilə Respublika Uşaq Kitabxanasında tədbir keçirildi
23 dekabr 2024
# 09:30

20 dekabr 2024-cü il tarixində Firidun Köçərli adına Respublika Uşaq Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Kulis.az xəbər verir ki, tədbirdə filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadə, “Mədəniyyət” qəzetinin baş redaktor müavini Fariz Yunisli, AMEA Ədəbiyyat İnstitunun və 31 nömrəli tam orta məktəbin şagird, müəllim kollektivi, digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova bildirib ki, bu il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 ili tamam olub. Bu münasibətlə 30 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan filologiya elmləri doktoru, dosent Lütviyyə Əsgərzadənin “Şeyx Məhəmməd Rasizadə” adlı kitabının təqdimatı baş tutub. Müəllif qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının 100 illiyinə ithaf olunan kitabda din və maarif xadimi Şeyx Məhəmməd Rasizadənin həyatı, elmi, ədəbi, pedaqoji və publisistik fəaliyyəti araşdırılıb. Giriş və on fəsildən ibarət olan tədqiqatda “Mətbuatdan və arxivlərdən tapılan məqalə və şeirlər”, “Ədəbiyyat”, “Foto-albom” bölümləri də yer alıb”.

Sonra kitabxananın əməkdaşı Əsmər Ağalar “Naxçıvan Muxtar Respublikası – 100” adlı prezentasiya təqdim edib. Prezintasiya zamanı Naxçıvan diyarının tarixi, elm, mədəniyyət, tarixi abidələri, memarlığı və s. haqqında ətraflı məlumat verilib.

Tədbirdə C. Hacıyev adına 3 nömrəli 11 illik Musiqi məktəbinin müəllimlərinin ifasında “O Naxçıvandır”, “Xudayar Təsnifi (Vətən Yaxşıdır)” mahnılarının trio ifası təqdim edilib, məktəblilər tərəfindən isə Naxçıvan Muxtar Respublikasına həsr olunan şeirlər səsləndirilib.

Tədbirin keçirilməsində məqsəd Naxçıvanın zəngin tarixi, mədəni irsi və tarixi abidələri, etimologiyası barədə uşaq və gəncləri maarifləndirmək, Azərbaycanın zəngin tarixi keçmişində, ictimai-siyasi və elmi-mədəni həyatında Naxçıvanın oynadığı rolu, görkəmli siyasi və dövlət xadimlərinin xidmətlərini vurğulamaqdan ibarət olub.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

# # #