Musiqili Teatrın azyaşlı aktrisası mükafata layiq görüldü

Musiqili Teatrın azyaşlı aktrisası mükafata layiq görüldü
18 iyun 2022
# 12:40

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının balaca aktrisası Nuray Məmmədzadə "Şuşa İli" çərçivəsində 5-16 yaşlı uşaqlar arasında keçirilən IV “Golden kids awards-2022” mükafarlandırma mərasimində "Ən yaxşı teatr və kino aktrisası" nominasiyası üzrə təltif olunub.

Kulis.az xəbər verir ki, Nuray bu mükafata Şuşaya həsr edilən “28” adlı filmdəki baş roluna görə layiq görülüb.

Qeyd edək ki, əslən Şuşadan olan jurnalist, "Real" televiziyasının Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızının müəllifi olduğu və real həyat hekayəsi əsasında ərsəyə gələn filmin çəkilişləri 44 günlük Vətən müharibəsi və pandemiya dönəmində aparılıb.

Beynəlxalq festivallar üçün nəzərdə tutulan bu film Türkiyədə Boğaziçi Kültür və Sənət Vəqfi tərəfində keçirilən Beynəlxalq Qısametrajlı Film Festivalında finala vəsiqə qazanıb.

Xatırladaq ki, ailəlikcə teatra, incəsənətə bağlı olan Nurayın qardaşı Akademik Musiqili Teatrın aktyoru, Balaca Şahzadə və Ağanəcəf obrazları ilə tanınan Rahib Məmmədzadə də eyni mükafata 2018-19-ci illərdə ("Ən yaxşı kino və teatr aktyoru" nominasıyası üzrə) layiq görülüb.

Dörd yaşdan etibarən müxtəlif sosial çarxlara çəkilən balaca aktrisa 2021-ci ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tamaşalarda səhnəyə çıxır. "O olmasın, bu olsun", "Yatmış gözəl və cırtdanlar" səhnə əsərlərində iştirak edir.

44 günlük Vətən müharibəsinə həsr olunmuş "Böyük qayıdış" (müəllifi və quruluşçu rejissoru: Samir Qulamov) sənədli televiziya tamaşasına və "Oxu tar" (müəllifi və quruluşçu rejissoru: Cavid İmamverdiyev) qısametrajlı səhnə əsərində qardaşı ilə birlikdə iştirak edib.

Nuray 2020-cı ildə ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında “İlin qar qızı” olub. "20 Yanvar" və "Zəfər bayramı" adlı sosial çarxlara çəkilib, eyni zamanda "Cırtdan" ailəvi meqaşousunda baş rollardan birini ifa edib.

# 1529 dəfə oxunub

Müəllifin son yazıları

# # #