“Musa Cəlil ömürlüyü…” kitabı çap olundu

“Musa Cəlil ömürlüyü…”  kitabı çap olundu
17 iyul 2026
# 16:15

Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) yeni nəşri – “Musa Cəlil ömürlüyü…” kitabı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitab XX yüzil tatar ədəbiyyatının görkəmli nümayəndəsi, faşizmə qarşı mübarizənin rəmzinə çevrilmiş şair-qəhrəman Musa Cəlilin anadan olmasının 120 illik yubileyinə həsr olunub.

Kitab Tatarıstan Respublikasının Azərbaycan Respublikasındakı Daimi Nümayəndəliyin dəstəyi ilə nəşr olunub. Layihənin rəhbəri, redaktoru və “Ön söz” müəllifi Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalıdır. Musa Cəlil haqqında xatirələri Azərbaycan dilinə “İsmayıllı Yazarları” İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Şahməmməd Dağlaroğlu tərcümə edib.

Nəşrdə Musa Cəlilin ömür və yaradıcılıq yolunu müxtəlif rakurslardan işıqlandıran dəyərli xatirələr, sənədli mətnlər və araşdırmalar toplanıb. Müəlliflər sırasında Əminə Cəlil, Qazı Kəşşaf, Konstantin Simonov, Rafael Mustafin və başqa tanınmış qələm sahiblərinin yazıları yer alır.

Kitabın əsas məqsədi böyük şairin həyat yolunu və yaradıcılığını təqdim etməklə birgə, onun şəxsiyyətini – ailə başçısı, dost, vətəndaş, mübariz insan, bir sözlə, mənəvi örnək kimi oxucuya tanıtmaqdır. Nəşr oxucunu “Moabit dəftərləri”nə aparan mənəvi yolun başlanğıcı ilə tanış edir, Musa Cəlilin iradəsini, yaradıcılıq məsuliyyətini və azadlıq uğrunda mübarizəsini yeni baxış bucağından tanıdır.

“Musa Cəlil ömürlüyü…” Azərbaycan oxucusunun tatar xalqının böyük oğlu Musa Cəlilə sayğısının, eyni zamanda Türk dünyasının ortaq ədəbi-mədəni yaddaşına sədaqətinin daha bir ifadəsidir. Bu nəşr həm yubiley kitabıdır, həm də yaddaşı yaşadan, qəhrəmanlıq, ləyaqət və mənəvi məsuliyyət duyğusunu gələcək nəsillərə ötürən dəyərli sənədli topludur.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər