Manual terapevt: “Palma yağı, rəngli sular, jelebom uşaqlarda onurğa əyriliyinə səbəb olur” – Müsahibə

Manual terapevt:  “Palma yağı, rəngli sular, jelebom uşaqlarda onurğa əyriliyinə səbəb olur” – Müsahibə
29 noyabr 2023
# 09:00

Tarixi azı, üç min il əvvələ gedib çıxan manual terapiya bu gün – tibbin texniki avadanlıqlar baxımından sürətlə inkişaf etdiyi məqamda yenidən gündəmdədir, yenidən populyardır. Bunun da müxtəlif səbəbləri var. Amma ən ümdə səbəbi sözsüz ki, qədim çinlilərin, hətta bəzi mənbələrə görə ondan daha əvvəl Qədim Şumer şahlığı zamanında təşəkkül tapmış bu üsulun ən etibarlı və təhlükəsiz vasitə kimi özünü təsdiqidir.

Öncə gəlin görək, manual terapiya nədir? Sadə dillə desək bu, dayaq-hərəkət aparatının hərəkətliliyinin bərpasında mühüm rol oynayan proses haqqında nə bilirik?

Bu barədə ölkəmizdəki tanınmış uzmanlardan olan nevroloq, manual terapevt Tural Məhərrəmovla həmsöhbət oldum.
20 ilə yaxın iş təcrübəsinə malik həkim əsasən, onurğa sütunu, dayaq-hərəkət sistemi və daxili orqanların xəstəliklərinin əl ilə müalicəsi üzrə ixtisaslaşıb.

Açıklama yok.

Həmçinin mərkəzi və periferik sinir sistemi ilə əlaqədar xəstəliklərinin diaqnostika və müalicəsi ilə məşğul olur.
Osteoxondroz, əzələ ağrıları, sinir ağrıları, onurğa əyriliyi (skolioz), çanaq əyrilikləri, fəqərəarası disk yırtığı, baş ağrıları, bel, kürək və boyun ağrıları, kontraktura, artroz, valgus ayaq deformasiyası (hallux valgus),
miozit, tendinit, vətər xəstəlikləri, oynaq ağrısı və s. üzrə müalicə aparır. Ali tibb təhsilini ölkəmizdə aldıqdan sonra Türkiyə və Fransada təkmilləşmədən keçib.

Bu gün sosial şəbəkə və digər platformalarda tez-tez rast gəldiyim və sadə göründüyü qədər də təhlükəli bel-boyun “şaqqıldadılması” (prosedur zamanı çıxan səs belə ibtidai təsəvvür yaradır) məni mütəxəssis axtarışına çıxardı.
Yaranan suallar ilkin cavabı da məhz Tural həkimdən aldım.

Qısa məlumat üçün deyək ki, manual terapiyanın məqsədi – onurğa və ətrafların oynaqlarının biomexanikasının pozuntularının aradan qaldırılması, onurğa hərəkət seqmentlərinin, oynaqların və bütövlükdə dayaq-hərəkət aparatın normal hərəkətliliyinin bərpası, dinamik stereotipin yenidən qurulmasından ibarətdir.

Açıklama yok.

Belə ki, müəyyən əzələ qruplarında tonusun pozuntusu ətrafların oynaqlarında funksional blokadalarının yaranmasına zəmin yaradır. Bu, yalnız məhz oynağın deyil, həm də onu əhatə edən əzələlərin, vətərlərin və bağların hərəkətliliyini məhdudlaşdırır. Tədricən bütün bu toxumalarda distrofik dəyişikliklər artır, trofikanın pisləşməsi baş verir ki, bu da zədələnmiş əzələlərin qısaldılmasına gətirib çıxarır.

Kulis.az Həmidə Nizamiqızının manuel terapevt Tural Məhərrəmovla müsahibəni təqdim edir.

- Doktor, gəlin, ilk olaraq bu müalicə üsulu barədə sadə məlumat verək. Düzdür, həkimlər terminlərlə danışmağı sevirlər və bu labüddür. Sadəcə xəstələr də onlar ilə, belə demək mümkünsə, özləri anlayacaqları tərzi seçirlər. Elə isə görək manual terapiya nədir?

- Aha, mən indi bunu sadə dildə necə izah edim?

-Yaxşı, siz terminlərlə başlayın, sonra köməkləşərik.

-Yaxşı. Manual terapiya həkimin əl ilə müayinəsindən sonra alınan prosedurun adıdır. Bunun bir neçə prinsipi var. Bu prinsiplər də dayaq-hərəkət sisteminə hesablanır. Belə deyim də, əzələlərdə və sümüklərdə yerini dəyişmiş strukturların yerinə qaytarılmasıdır. Deyərdim ki, məsələn, siz bir əşya götürürsünüz, ona güc edib, dartan zaman əzələ gərilir, gərilmədən sonra sümük fırlanır və ardınca da ağrı verməyə başlayır. Baxın, manual terapiya da həmin o yerini dəyişmiş, ağrı verən kütlələrin - əzələdir, sümükdür, bağ və sairin hamısının yerinə qaytarmaq üçün görülən iş, icra olunan tibbi prosesdir.

- Necə düşünürsüz, Azərbaycan cəmiyyəti, pasientlər arasında bu terapiya üsulu kifayət qədər populyardır?

- Yox.

- Səbəb nədir?

- Əslində, manual terapiyaya ağrımamaq üçün getmək lazımdır. Biz isə ağrıdıqdan sonra gedirik. Əgər söhbət bu terapiyadan gedirsə, biz vaxtaşırı mütəxəssislərin yanına gedib, sümük və əzələlərimizi yerinə “oturtmalıyıq”. Çünki biz hərəkətli mexanizmlərik və səhərdən axşamadək gəzirik, hərəkət edir, fiziki işlə məşğul oluruq. Bu zaman bədənimizdə yerdəyişmələr baş verir. Mən həmişə müqayisəni avtomobillə edirəm. Sizin dediyiniz o loru dil söhbəti burada işimə yarayır. Məsələn, çoxumuz avtomobildən istifadə edirik. Deməli, vaxtaşırı onu texniki servisə, usta yanına aparırıq. Daha motor sistemi dağılanadək gözləmirik, deyilmi? Baxın, bədənimizin də motor sistemi və mütəxəssisi var. Bu da sözsüz ki, manual terapiya – xəstəyə baxım mərhələsidir.

- Biz azərbaycanlılar əsas etibarilə həkimə ağrıyanda, hətta bu ağrı hissi artıq müəyyən fəsadlar yaradanda gedirik. Bu terapiyadan istifadəyə müraciət edən pasientlər - yəni onların ağrıdan xilas, sağalmaq, ya da adını nə qoyursunuz, faiz nisbəti neçədir? Ümumən, manual terapevtə ildə neçə dəfə müraciət etməliyik?

- Bu, sizin yaşayış tərzi və şəraitinizdən asılıdır. Əgər siz bədəninizi “tərbiyə” edirsinizsə, ola bilsin ki, ildə bir-iki dəfə bir neçə prosüdur sizə bəs edər, yox əgər siz oturaq həyat tərzi sürüb, saatlarla hərəkətsiz qalır, ağır, gərgin bir həyat sürüsünüz, o zaman daha sıx-sıx müraciət etmək olar.

- Gəlin, ümumi danışaq və aydındır ki, biz bir neçə faiz nisbətini çıxsaq, kütləvi olaraq normal həyat tərzi və qidalanmaqdan uzağıq. Siz o normal həyat tərzinin, necə deyərlər, ip uclarını deyin biz də yararlanaq.

- Məsələn, insan oğlu hərəkət üçün yaranıb. Antik dövrü, mağara insanlarını yadımıza salaq. Bədən səhərdən axşamadək dayanmırdı – ov edirdi, qidalanırdı, yenidən qida əldə etmək üçün çalışırdı. Yəni dayanmır, bütün fiziki və əqli olaraq axtarırdı, hərəkət edirdi. Bu gün urbanizasiya, şəhərləşmə gedir, insanın hərəkət arealı azalır və biz daha çox oturaq həyat tərzinə keçmişik. Bu da bizə gələcəkdə, elə indi də problemlər yaşadır. Xüsusən dayaq-hərəkət sistemimizdə bu bariz nümayiş olunur. Normal insan həyatı budur ki, siz yarım saatdan bir durub hərəkət etməli, ən azı oturub-durmalısınız.

Açıklama yok.

- Bu statik gəzinti hərəkətidir, yoxsa oynaq-əzələ sisteminin işləkləşdirilməsi?

- Yox, söhbət gərilmədən gedir və siz, sadəcə, olaraq əzələlərinizi oynatmalısınız. Məsələn, kompüterdə oturub, nəyisə izləyirəmsə, bir neçə dəfə qolları, bədəni, ayaq və əlləri hərəkət etdirməliyəm. Yəni bədənin bir halı başqa bir hərəkət halına keçməlidir. Sadə hərəkətlər olmalıdır ki, bədəndə qan və limfa dövranı ləngiməsin, yəni bədən bir vəziyyətdə qalmasın, əzalar daimi olaraq hərəkət etsin. Stabil, oturaq həyat, xüsusən də kompüter, telefon ilə yaxın məsafədən kontakt zamanı təkcə göz yox, boyun əzələləri də sıxılır və sonucda digər problemlərə gətirib çıxarır.

- Yəni xroniki əzələ ağrılarına?

- Bəli, sonra da osteoxondroz və digər ağırlaşmış diaqnozlar.

- Belə başa düşdüm ki, bütün ciddi xroniki xəstəliklərin bir nöqtəsi də hərəkətsizlikdir.

- Bəli, ya hərəkətsizlik, ya da hansısa keçirilmiş fiziki travmalar.

- Bu keçirilmiş travmalar müəyyən mənada əzələni dəyişikliklərə məruz qoyur. Bu zaman – yəni bərpa prosesi də manual terapiya ilə mümkündür, yoxsa?..

- Bəzən, hə. Amma sırf manual terapiya ilə çətin olur və biz buna görə həm iynələrdən, həm fizioterapiyadan, həm də reabilitasiyadan istifadə edirik. Yəni işimiz təkcə manual terapiyadan ibarət deyil. Amma işin prinsipi bu terapiya üzərində qurulur. Əsas fundamental manual-terapiyadır.

Açıklama yok.

- Bu terapiya üsulu ağrını azaldır, onu aradan qaldırır, yoxsa inkişafının qarşısını alır?

- Bu sizin ağrınızın şiddəti, lokalizasiyası və əhatə dairəsindən asılıdır. Səbəblər çoxdur. Sadəcə, biz ilk olaraq ağrını yaradan səbəbləri tapmalıyıq. Sözsüz ki, bizim ilk məqsədimiz, ağrı şiddətlidirsə, onun azaldılmasıyla xəstənin həyat tərzini yaxşılaşdırmağa çalışırıq. Sonrakı dövrdə isə ağrı nəticəsində, yaxud ondan sonra bədəndə formalaşmış patoloji quruluşu, yerini dəyişmiş, dağılmış formanı normala qaytarmağa çalışırıq. Amma ümumiyyətlə, götürdükdə, bizə müraciət edənlərin 95 faizi şiddətlənmiş ağrılar ilə gəlirlər və onlar daha çox boyun, baş, bel, oynaq ağrılarını deyirlər. Əsas işimiz ağrıdır və biz müdaxiləyə oradan başlayırıq.

- Deməli, şiddətli, yaxud xroniki, lap yüngül götürsək, diskomfort yaradan ağrılar ilkin olaraq manual terapiyadan qaynaqlanır?

- Səbəbə baxılmalıdır və sırf manual terapiya yetərsiz qala bilər. Odur ki, yan təsirləri aradan qaldırmaq üçün başqa terapiya üsulları da paralel tətbiq olunmalıdır. Bu, atıq pasientin bədənindən və onun bizə gəritdiyi ağrısından asılıdır. Hə, ağrı gətirmisinizsə, mən onu zatən görürəm. Amma müayinə zamanı bu ağrını yaradan səbəbləri də araşdırırıq. Bu əzələ qısalığından iltihablanmaya qədər ən müxtəlif səbəblərdən ola bilər və bu zaman yaxşı, hərtərəfli araşdırma etməliyik. Nəticə ilə mübarizəyə, müdaxiləyə bundan sonra başlamaq lazımdır.

Açıklama yok.

- Araşdırma nədən ibarət olur?

- Əvvəla, həkim özü sizi müayinə etməlidir. Fiziki olaraq - əl ilə toxunaraq ağrıyan bölgə və onun qonşu ətraflarına baxmalıdır. Sonra göz ilə, müəyyən fiziki pozisyonlardan sonra ilkin təəssürat yaranmalıdır. Ehtiyac olarsa, rentgen, tomoqrafiya və sair uyğun olaraq müayinə aparılır.

- Bu gün tibb sürətlə inkişaf edir və mexanizmlər, yeni tətbiq və müalicə üsulları sürətlə dəyişir. Bu zaman həm də özfəaliyyət səviyyəsində “uzmanlar” baş alıb gedirlər. Müqayisə biədəb olacaq, amma kimlərsə ağ xələt geyinib, bir-iki əzələ-oynaq “şıqqıltısı” ilə belə dərin bir terapiyaya iddia edirlər. Yəni bu sahədə də reklamı bol, efirləri ifrat qeyri-peşəkarlar çoxdur. Biz sadə pasientlər də sözsüz ki, efir-ekrandan, sosial şəbəkələrdən gördüyümüz təsvirlərə aldanmağa meylliyik. Bu barədə fikirləriniz maraqlıdır.

- Hazırda siz dediyiniz məqam ölkəmizdə ciddi problemdir. Birincisi, manual terapevt deyəndə, söhbət tibbidən gedir və o işi icra edən mütləq həkim olmalıdır. Bunu müəyyən kurs, bir müddətlik öyrənmə ilə aparmaq müşküldür. Manual terapiya mütəxəssis olmaq üçün uzun zaman keçməlidir. Çünki biz barmaqdan onurğaya bütün bədənə müdaxilə edirik. Belə olduqda, ixtisaslaşma üçün uzun zaman lazımdır. Sizin o sosial şəbəkələrdə gördüyünüz “xırt-xurt” işin şou tərəfidir. Çox təəssüf ki, bizim sahədə də əksər pasientlər məhz o xırtıltıdan ilham alırlar. Gedib boynunu, bədənini xırtıldadıb, əzib-üzüb rahatlaşdıqlarını hesab edirlər. İş bundan ibarət deyil, əksinə, qeyri-peşəkar müdaxilə insanı əlil də edə bilər. Mənim belə xəstələrim də az olmayıb və təəssüf ki, onlar hansısa təbii zərbənin, hadisənin yox, məhz siz deyən o “şak-şuk”un, “xırt-xurt”un güdazına gediblər. Təsəvvür edirsiniz ki, boyun xırtıldatması nəticəsində sümüyünün bir tərəfi sınan və bunun ağırlaşmış forması ilə müraciət edən neçə xəstəm olub. Bütün bunları yada salaraq, əziz həmvətənlərimizə yenə də deyirəm ki, məsələ, manual terapiya bundan ibarət deyil. Xahiş edirəm, sağlamlığınız, bədən üzvləriniz ilə zarafat eləməyin, hər görüb-eşitdiyiniz üsullar ilə Allahın sizə bəxş etdiyi sağlam əzalarınızı zədələtdirməyin. Sizə “Gəl, əzələlərinizi xırçıldadım” deyən şoumenlərdən qaçın, onların həvəskar oyunlarına alət olmayın.

- Kütləvi ağrı və şikayət etdiyimiz disk yırtıqlarından da danışaq. Manual terapiya ağrının azalmasına, yoxsa problemin aradan qalxmasına kömək edir? Yəni disk yırtıqlarının manual terapiya ilə müalicə və sağalması mümkündürmü?

- Disk yırtıqlarını yaradan səbəblər çoxdur və biz, ilk olaraq o səbəblərə baxmalıyıq. Bu da sadəcə o bölgəni yox, həm də ətraf bölgələri, qonşu orqanları nəzarətə almağı tələb edir. Sırf manual terapiya ilə ağrıları azaltmaq, hətta yoxa çıxarmaq olur. Amma yırtığın tamamilə sovrulması, bu, insanın özündən asılıdır. Çünki yırtıq özü bədəndə yerini dəyişmiş bir hissədir. Ilk olaraq bu “yerdəyişmə”nin niyə baş verdiyini tapmalıyıq. Ona görə də onurğanın stabilləşdirilməsi insanın sonrakı həyat tərzində əsas prinsiplərdən olmalıdır. Bunun üçün də xüsusi idman hərəkətləri var və biz bu hərəkətləri mütləq etməliyik. Bunlar dartılıma, nəfəs və aerobika hərəkətlərdir.

Açıklama yok.

- Hətta nəfəs hərəkətləri də?

- Bəli, çünki ayaq üstə durduğumuz zaman avtomatik olaraq bütün bədənin yükü bel nahiyəsinə yüklənir. Siz nəfəs alaraq diafraqmanı yuxarı qaldırır və bədənin bir hissəsinin yükünü yuxarıya doğru çəkirsiniz. Beləliklə, belə düşən yükü azaldırsınız. İdmanlar çox vaxt məhz bu pozada aparılmalıdır. Bu zaman sanki bel nahiyəsində bir vakuum yaranır və daha rahat olursunuz. Dərindən aldığımız nəfəs fəqərə yükünü azaldır. Adicə, yol ilə gedərkən də bunu edə bilərsiniz: dərindən nəfəs alıb, 8-10 saniyə nəfəsinizi saxlamaqla. Təbii ki, bu nəfəs, ağciyər xəstəlikləri zamanı diqqətdə saxlanılmalıdır. Dartınma hərəkətləri də yerdə uzanaraq edilən xüsusi burulma hərəkətləridir və bu barədə sosial platformalarda yetəri qədər videolar var.

- Bizdə son vaxtlar, xüsusən, azyaşlılarda onurğada əyilmələr artıb. Sözsüz ki, bunu dərs yükü, məktəb çantasının ağırlığı, uzunmüddətli oturaq həyat tərzi ilə əlaqələndirirlər.

- Bu, daha uzun təhlil tələb edən məsələdir. Burada müasir texnikanın, dərs yükünün ağırlığının, hərəkətsizliyin, qidalanmanın, yəni bir-birindən asılı xeyli səbəbin təsiri var. Ən başlıcası da palma yağıdır ki, o yağ bədən hərarətində ərimir. Uşaq sonra normal qidalandıqda belə bağırsaq ona lazım olan vacib qidaları, vitamin və zəruri turşuları qəbul etmir. Qazlı, şirin, rəngli içkilər, ayaqüstü qidalar, jelebomlar və sair xeyli səbəblər var ki, bunlar sağlam olmayan qida və həyat tərzi əsas amillərdir. Digər səbəb də hərəkətdə məhdudiyyətlər. Mən təhsil aldığım illəri xatırladıqda, yadıma müəllimimizin 45 dəqiqəlik dərs zamanı heç olmasa 1 dəfə bizi ayağa qaldıraraq müəyyən hərəkətlər - gimnastika elementləri etdirirdi. Görün, bu nə qədər vacib hesab olunurdu. Bədən, əzələlər və təbii qan qan-damar sistemi hərəkət edirdi. Belə səbəblər çoxdur və təəssüf ki, bu sadə səbəblər arzuolunmaz nəticələr hasil edir. Məncə, bir uşağın yükü 3-4 kiloqramdan ağır olmamalıdır. Amma hazırda dərs vəsaiti, çantaların özü, quruluşu kimi sadə görünən detallar problemlərin əsasını təşkil edir.

- Manual terapiya uzun prosesdir deyə xəstələri həm də yorur, yəqin, elə həkimləri də.

- Bəzən, hə, amma bu, bizdən asılı deyil. Əslində, bir həkim olaraq xəstələrin aylarla gəlib-getməsini mən özüm də sevmirəm və bacardıqca problemi tez həllə çalışıram. Amma təəssüf ki, illərin yüklənmiş ağrıları, incidilmiş bədən, əzələ və sinir sistemi var ki, onu da siz deyən o “sehrli ” toxunuş ilə bir dəfəyə həll mümkün deyil.

- Hazırda ən çox şikayət edilən əza hansıdır? Ətrafımdakı əksəriyyət bel ağrılarından şikayət edirlər. Ona görə soruşuram.

- Ən çox boyun və bel nahiyəsinin ağrıları ilə gəlirlər. Çünki biz bədən kütləmizdən ağır yüklər qaldırır, çox oturur, hərəkətsiz qalır, idman, nəinki idman, adi gimnastik hərəkətləri adətə çevirmirik. Hə, özü də idmana getmək trenajor zallarında vaxt keçirib, bədənə daha artıq ziyan vurmaq da deyil, ha!

Açıklama yok.

- Trenajor zərərlidir?

- Bəli. Aerobika hərəkətlərdən başqa hamısı. Allah insan bədənini ağırlıq qaldırmaq, orqanları yük altında saxlamaq üçün yaratmayıb axı. Biz oturmağa, hətta pis oturmağa meylliyik. Bu, özü də əsas problemlərdəndir.

- Yəni, sadəcə, oturmaq?

- Yox, pis oturmaq.

- Yaxşı, necə oturaq?

- Bahalı kreslolar, komfortlu yataqlar, dəbdəbəli stullar və qısacası, bədən fiziologiyasına yad oturacaqlar birmənalı olaraq, bizi rahatlaşdıra-rahatlaşdıra narahatlıqlara rəvac verir. Amma bu, belə deyil. O kreslolar, oturduğumuz stullar ən zərərliləridir. Əslində, bilirsiniz necə oturmalısınız? İndi mənim oturduğum at yəhəri formasında stullar var və çox yerdə satılır.

- Deməli çaparlar, at sürən babalarımız daha doğru yaşayıblar?

- Bu mənada bəli.

- Baxın, mən oturdum və diskomfort hiss etdim

- Ola bilər, amma bu xeyirlidir.

- İndi siz oturduğunuz o stulda rahatsınız?

- Əlbəttə, həm də çox. Çünki onurğam, boynum, başım təbii halında olur. Nə baş verir belə oturanda? İzah edim, bəlkə, oxucularınızdan bir-ikisi gedib bu stullardan aldı, yaxud da tez-tez at sürməyə getdi.
Belə oturduqda ayaqların yükü aşağı düşür ki bu da çanaq dibi əzələlərinin masajı deməkdir. Çünki avtomatik olaraq ayaq aşağı buraxılır və siz yayılaraq otura bilmirsiniz.

Açıklama yok.

- Bədən gərilir, söykənəcək yer yoxdur axı.

- Məhz buna görə deyirəm ki, bədən, o dirək axtarışı ilə biz onurğamızın normal fizioloji quruluşunu pozuruq. Əslində, “dirək” axtarmamalıyıq. Bu formada oturuş bədəni asılılıqdan azad edir. Biz bədənimizi yanlış oturaraq deformasiyaya məruz qoyuruq.

- Həm də artıq çəki ilə...

- Təbii ki, bu, ayrı məsələdir. Bu gün diz oynaqlarının əməliyyatlarının əsas səbəbi məhz artıq çəkidir və ümumiyyətlə, yükün paylanma mexanizmi düzgün aparılmır. Bel nahiyəsi o qədər sağlam, əzələlər möhkəm olmalıdır ki, yuxarıdan gələn yükü o götürsün və düzgün paylasın. Siz təsəvvür edin, insan oğlu bir yaydır. O yay amortizasiya edir – qalxıb-enir. Bu yuxarıdan gələn yük – baş, qollar və döş qəfəsi – basır aşağı hissəyə - belə. Bel sağlam olduqda o yük orada sınır və dizlərə düşməsi azalır. Nə zaman ki belimiz sağlam olmur, məhz bu halda dizlərə və ayaqlara düşən yük artır və diz ağrıları, ayaq deformasiyası çoxalır.

# 2081 dəfə oxunub

Müəllifin son yazıları

# # #