İnsanlar niyə xoşbəxt ola bilmir? – İbrahim Aziz yazır

İnsanlar niyə xoşbəxt ola bilmir? – İbrahim Aziz yazır
7 may 2022
# 10:40

Kulis.az İbrahim Azizin “Epikür fəlsəfəsi nəyə görə həmişə pis xatırlanıb?” araşdırma yazısını təqdim edir.

Ellinizm dövrünün ilk böyük məktəbi Epikürçü məktəbdir. Epikür Samos adasında anadan olmuş (e.ə 341 – e.ə 271) və daha sonra Afinaya gedərək orada “Bağ” adlanan öz fəlsəfi məktəbini yaratmışdır. Epikür bir çox kitabın müəllifi olmuş, ancaq onlardan zamanımıza yalnız bəzi fraqmentlər gəlib çıxmışdır. Bundan əlavə, onun haqqında bildiklərimiz ikinci mənbələrə aiddir. Əsas mənbə olaraq yunan tarixçisi Diogen “Məşhur filosofların həyatı,təlimləri və kəlamları haqqında” əsərini və Lukretiusun böyük ehtimalla e.ə 1-ci yüzillikdə yazdığı “Nəsnələrin təbiəti haqqında” latınca şeirini qeyd etmək olar.

Epikürçülüyün təsiri ən azından 3-cü əsrin əvvəllərinə qədər davam edir. Bu məktəb xristianlığın siyasi və intellektual sahələrdəki iqtidarı qarşısında dirəniş göstərə bilməzdi. Çünkü bütün vacib fəlsəfi məsələlərdə Epikürçülərlə xristianların fikirləri bir-birinə tamamilə ziddir.

Onun fəlsəfəsinin bir məqsədi var: İnsanı xoşbəxt etmək. Bunun üçün insana ən yararlı olanın acıdan qaçıb həzzə yönəlmək olduğunu düşünürdü. Məhz bu səbəbdəndir ki, tarix boyu bu fəlsəfi məktəb pis xatırlanıb.

Epikürçülük sadəcə maddi həzzi, xüsusilə də, fiziki həzləri fikirləşən insanları ifadə etmək üçün istifadə edilirdi. Onun etikasında həzdən savayı heç nə düşünməyən insanın prototipi canlanırdı. Əslində, Epikürün həzz anlayışı Aristiposun həzz anlayışı kimi şəhvətli (fiziki həzz) deyil, mənəvi həzləri ön plana çıxaran bir yanaşmanın tərəfdarıdır (fiziki həzləri də yox saymır).


Filosof üç növ həzzin mövcudluğuna işarə edir:


1. Təbii və zəruri olan (aclıqdan ölməyin, donmayın)
2. Təbii və lazımsız olan (dəbdəbəli yeməklər, gözəl paltarlar, lüks əşyalar)
3. Qeyri-təbii və lazımsız olan (şöhrət, paxıllıq, şərəf və s.)


Müdrik insan yalnız birinci növ həzlərə meyl edir. Belə bir həyatın son məqsədi “ataraksiya” adlanan dinclik, sakitlikdir. Əxlaqlı və xoşbəxt olmaq təkcə ehtiras və istəklərdən deyil, həm də ətraf aləmdən, cəmiyyətdən azad olmaq deməkdir. Epikürə görə sonsuz bir acı yoxdur. Acı bütün insanların ortaq düşmənidir. Epikür fəlsəfəsində vacib həzz qavrayışı ortaya çıxır: Bir həzz əgər sizdə olmayanda acı verirsə, o vacib həzdir. “Bunun ən böyük nümunəsi bir uşağın ana döşünə həsrətidir” deyən Epikür bu həzzin doğuşdan hər canlıda olduğunu qeyd edir. Yəni, həzzin təməli təbii ehtiyacların qarşılanmasıdır. Əgər gördüyün işdən sonra acı hiss edirsənsə, o gerçək həzz deyil.


Gerçək həzz : (1) Təbiətə aiddir, (2) Acının yoxluğudur.


Epikür hər istədiyi şeyi edən insanları o istədikləri şeyin köləsi olaraq dəyərləndirmişdir. Epikürün fəlsəfəsində ağıllı, dürüst və insaflı olmadan xoşbəxtliyin mümkün olmadığı düşüncəsi var. Xoşbəxt olmaq üçün əxlaqlı və ədalətli olmaq lazımdır. Ehtiyacların qarşılanması həzzin sərhəddini təyin edir.

Bəs insanlar özlərini niyə bədbəxt hiss edirlər?

İnsanların bədbəxtliyinin səbəbi onların qeyri-təbii, lazımsız həzlər axtarması və yersiz qorxularıdır. Bu qorxuların ən vacibləri Tanrı qorxusu və ölüm qorxusudur.

Epikürə görə tanrılar insanları yaratdıqdan sonra bir daha onlarla maraqlanmamışdır. Bu səbəbdən onların insanları mükafatlandıracağını və ya cəzalandıracağını ümid etmək absurddur.

Epikürün düşüncəsinə görə insan yalnız ağıl yolu ilə ehtiyaclarının sərhədlərini təyin edə bilər. Epikür insanın qorxularının mənbəyində olan ölüm qorxusu daxil digər bütün səhv düşüncələrdən xilas olmağın yolunu təbiəti araşdırmaqda görürdü.

O, Demokritin ardınca maddənin atom quruluşu ideyasına sadiq qaldı. Demokrit atomların kəmiyyət, forma və fəzada tutduğu yerə əhəmiyyət vermişdisə, Epikür buna daha bir kateqoriyanı – onların ağırlığını da əlavə etmişdir. Demokrit kimi Epikür də düşünürdü ki, atomlar boşluqda hərəkət edirlər. Ancaq ondan fərqli olaraq Epikürün fəlsəfəsində atomlar təkcə düzxətli istiqamətdə hərəkət etmir, onlar hərəkət zamanı bu istiqamətdən yayına bilərlər. Deməli, atomların hərəkətində əyintilər ola bilər. Epikür hesab edirdi ki, əgər atomların hərəkəti yalnız düzxətli olsa, onda onlar bir-biri ilə toqquşmazlar. Bu halda onlar eyni surətlə hərəkət edərək bir-birinə qarşı müəyyən məsafədə olmalıdırlar. Ancaq düzxətli istiqamətdən yayınma baş verdikdə onların bir-biri ilə toqquşması və dolaşması mümkün olur. Bununla atomların hərəkətində əyintilərin olması ideyası həm də Demokritin taleçiliyinə (fatalizminə) qarşı yönəlmişdir. Demokritin əksinə Epikür təsadüfün var olmasını irəli sürmüşdür. Bu materialist düşüncəyə görə, o, ölüm qorxusunun da mənasız olduğunu iddia edirdi. Epikürün fəlsəfəsində ruhlar materiyanın özəl bir formasıdır və atomlardan ibarətdir. Məhz bu səbəbdən ruhlar ölməz deyil, sonludurlar. Bədənin ölümü ilə ruhunda ölümü gerçəkləşir. Ölüm narahatlığının olduğu yerdə insanın xoşbəxt olma şansı yoxdur. Epikürün fikrincə, həyat və ölüm müdrik üçün eyni dərəcədə qorxunc deyil: “Nə qədər ki, biz varıq, ölüm yoxdur; ölüm olanda biz artıq yoxuq”.

Epikürün fəlsəfəsində insana qoyulan qadağalar insanın xoşbəxtliyinin əlindən alınmasına bir səbəb idi. Epikürə görə bir insanın yüksək bir vəzifəyə gəlməsinin onun üçün tək xeyri özünə bir zərər gəlməyəcək olmasıdır. Fəlsəfə insanın yaşamına toxunmaq məcburiyyətindədir. Epikür bunu “Filosofların, insanların hər hansı bir acısına şəfa olmayan bütün sözləri mənasızdır” deyərək ifadə etmişdir. Kainat təbiət tərəfindən yaradılmışdır, heç bir şəkildə bir sənətkarın (Tanrı) əsəri deyildir. Təbiət saysız dünyalar yaradır, yaratmaqdadır, yaradıbdır, amma siz zehni işə qarışdırmadan bunun necə baş verdiyini anlamadığınız və məsələyə bir həll tapmadığınız üçün tragediya şairləri kimi tanrılara müraciət edirsiniz.

Epikür əvvəllər ümumi maraq anlayışından məhrum olaraq bir-biriylə mübarizə aparan insanların, zamanla ümumi maraq hissinə sahib olduqlarını, təhlükələrin birlikdə qarşısını alıb, birlikdə işləyərək daha çox həzz və xoşbəxtlik əldə etmək məqsədiylə dövləti bir müqavilə əsasında qurduqlarını deyir. İnsanlar ədalətli olmaq maraqlarına uyğun gəldiyi üçün ədalətli olarlar, ədalətsizlik etmək onların maraqlarına və şəxslərinə müxtəlif cəzalar sistemi ilə zərər verdiyi üçün pislikdən və ədalətsizlikdən çəkinirlər. Ədalətsizliyin özü pis olduğu üçün deyil, mənfi nəticələr gətirdiyi üçün pisdir.

# 3452 dəfə oxunub

Müəllifin son yazıları

# # #