Əfqanıstanın məşhur pop ulduzu Aryana Sayid Avropada yalnız qadınlar üçün nəzərdə tutulmuş xüsusi konsert turuna başlayıb.
Kulis.az xəbər verir ki, 2021-ci ildə "Taliban" hakimiyyətə gəldikdən sonra ölkəsini tərk etmək məcburiyyətində qalan sənətçi platformasından və yaratdığı “DEFAW” (Qadınlar üçün Bərabərlik, Azadlıq və İrəliləyiş Müdafiəçiləri) təşkilatından istifadə edərək əfqan qadınlarının səsini dünyaya çatdırır.
Əfqanıstanda qadınların təhsil, iş və hətta parka getmək hüquqlarının əlindən alındığını vurğulayan sənətçi bu layihənin qadınların gücünü göstərmək və səsini itirmiş milyonlarla əfqan qadınına ümid olmaq üçün təşkil etdiyini deyib.
Mübarizənin yalnız qadınların üzərində gedə bilməyəcəyini deyən Sayid, əfqan kişilərini də analarının, bacılarının və ümumilikdə qadınların hüquqları üçün ayağa qalxmağa çağırıb.
Qeyd edək ki, Rotterdamda start götürən "Ladies Only" konsert turu çərçivəsində müğənni Stokholm, Hamburq və Visbaden kimi şəhərlərdə səhnəyə çıxacaq.
Əfqan müğənni qadınlar üçün konsert turu təşkil edəcək