"Açar" - Reyhan Yusifqızıdan uşaq hekayəsi

"Açar" - Reyhan Yusifqızıdan uşaq hekayəsi
1 iyun 2020
# 16:21

Kulis.az Reyhan Yusifqızının "Açar" uşaq hekayəsini təqdim edir.

Bağların arası ilə qıvrılıb keçən qumsal yolla üç uşaq gedirdi. Hər üçünün başında gün papağı, əlində su şüşəsi vardı. Onlardan biri ayaqqabılarını çıxarıb belinə bağlamışdı, qumun üstündə çox rahat şəkildə ayaqyalın gəzirdi. O birilər hərdən dayanır, ayaqqabılarını çıxarıb içindəki qumu çırpır, təzədən geyinərək yenə yollarına davam edirdilər.

- Aysu, sən ayaqyalın necə gəzirsən? – deyə Leyla soruşdu, - qum ayaqlarını yandırmır?
- Yox. Qum çox isti deyil ki. Hələ gün qızmayıb.
- Ayağına şüşə bata bilər, - deyə Fərid yekə-yekə danışdı.
- İndiyə qədər heç bir dəfə də ayağıma şüşə batmayıb. Həm də ki, qumda ayaqyalın gəzmək xeyirdir, ayaqların altı maş..., maj...
- ...Masaj olur, - Fərid kömək elədi, - Düz deyirsən, atam da belə deyir.

Onlar da ayaqqabılarını çıxarıb qoltuqlarına vurdular və yola düzəldilər. Amma Leyla geri qalmağa başladı. O, ayaqlarını ehmalca yerə basır, sanki yumurtaların üstü ilə gəzirdi. Bir neçə addım da gedib dayandı.

- Yox, mən belə gəzə bilmirəm. Gözləyin, geyinim!

O, ayaqlarının qumunu çırpıb, ayaqqabılarımı geyindi və uşaqların dalınca qaçdı.
Günəş qalxdıqca hava istiləşirdi. Suyun qalanını başına çəkən Aysu boş şüşəni yolun kənarına atdı.

- Yolu niyə zibilləyirsən? – deyə Fərid ona irad tutdu, - Bəs zibilqabı nə üçündür?
- Burada zibilqabı yoxdur.
- Olanda atarsan.
- Bir şüşə ilə küçəyə heç nə olmaz.
- Bax, hərə bir şüşə atsa, buradan nəinki maşın, heç adam da keçə bilməz, - o əyilib boş şüşəni yerdən götürdü, - mən ataram.
Aysu təəccüblə ona baxdı. Uşaqlar yollarına davam etdilər. Qabaqda gedən Aysu birdən sevincək qışqırdı:

- Fərid, təbrik edirəm!
- ...?
- Qabaqda zibilqabı var! Tulla şüşələri!

Onlar iri bir əncir ağacının kölgəsində dayandılar. Fərid alnının tərini silib Aysunu məzəmmət etdi.

- Bəs deyirdin yaxındır! Bu istidə az qala yarım saatdır yol gedirik, hələ çatmamışıq!

Aysu çiyinlərini çəkdi.

- Mənə yaxın görünürdü. Məktəbə gedəndə yanından keçirəm, üstündə yazılıb: İnternet Klub.
Birdən Leyla narahat halda ciblərini axtarmağa başladı.

- Açar səndədir?
- Hansı açar?
- Evin açarı!
- Yox, qapını sən bağladın.

Leyla cumub onun ciblərini axtarmağa başladı.

- Neynirsən?! Cibimə niyə girirsən?!
- Açarı axtarıram!
- Dedim ki, məndə yoxdur!
- Məndə də yoxdur!
Uşaqlar özlərini itirdilər.
- Fərid, biz açarı itirmişik!

* * *

Uşaqlar açar axtara-axtara gəldikləri yolla geri qayıdırdılar. Yollarının üstündəki hər daşın, hər kolun altına baxırdılar. Açar tapılmırdı ki, tapılmırdı. Qızmar günəşin altında pörtüb tərləmişdilər. Suları da qurtarmışdı.

- Anama nə deyəcəm? – deyə zarıdı Leyla.
- Açarı yaxşı saxlayaydın! Belə cibə də açar qoyarlar? – Fərid onun çəhrayı ətəyinin ciblərini dartışdırdı, - buna bax!
- E-e! – Leyla hirsli-hirsli onun əlini itələdi, - Özün guya çox ağıllısan! Əlini cibinə qoyub getməkdənsə, qapını sən bağlayaydın!
- Açarı itirdiyi bəs deyil, hələ bir mənim üstümə də atır!
- Təqsir səndədir! Elə İnternet Klub deyib durmasaydın heç evdən çıxmazdıq!
- Çox danışma!
- Danışıram!
- Açarı axtar!
- Özün axtar!
Aysu onları arasına girib əlləri ilə ikisini də kənara itələdi.
-Dalaşmayın, mən axtararam.

* * *

Onlar göy rəngli bir darvazanın yanında, hasarın dibində kölgəyə sığınıb oturmuşdular. Leyla şikayət eləyirdi:
- Yorulmuşam. Ayaqlarım sızıldayır. Susuzliqdan yanıram.
- Mən də su istəyirəm.
- Mən də!
- Bircə evə tez çatsaydıq, soyuducudan sərin su, şirə götürüb içərdik. – Leyla dedi.

Aysu pıqqıldayıb güldü.

- Niyə gülürsən?
- Heç.
- Gülməlisən, ona görə, – Fərid tərs-tərs bacısına baxdı, - tutaq ki, evə çatdıq. İçəri necə girəcəyik? Açarımız yoxdur axı!

Leyla ağlamsındı.

- Evə istəyirəm. Su istəyirəm...

O, hıçqırıb ağlamağa başladı. Fərid hirsləndi.

- Yenə başladın?! Ağlayanda bəyəm işlər düzəlir?!
Leyla daha bərkdən hıçqırdı.

- Zırıldama!

Aysu dözə bilmədi. Yerindən qalxıb darvazanı bərk-bərk döydü. Fərid təşvişə düşdü.

- Sən neyləyirsən?

Qapını yaşlı bir qadın açdı. Aysu şəstlə salam verdi. Sonra Leylanı göstərib dedi:

- Xalacan, bu qız susuzluqdan ağlayır. Evə çatanadək dözə bilməyəcək.Bizə içməyə bir az su verərsiniz?

Qadın əyilib təəccüblə Leylaya baxdı. O, yumruqaltı ilə gözlərini silirdi.

- Niyə vermirəm, qızım, lap bir bardaq verərəm. Gəlin içəri.
- Çox sağ olun, elə burada gözləyərik.

Fəridlə Leyla dinməzcə Aysuya baxırdılar. Onun tanımadığı qapını döyərək, beləcə su istəməyi onlara qəribə gəlirdi.
Az sonra qadın əlində bir bardaq su və stəkan yenidən göründü. Aysu əvvəl Leylaya, sonra Fəridə su töküb verdi, daha sonra özü içdi.

Evə çatmağa az qalırdı. Uşaqlar artıq açarı tapmaq ümidini itirmişdilər. Nə edəcəklərini danışıb götür-qoy edirdilər.

- Bizə gedək. Anangil gələnə qədər bizdə oturarsınız , - deyə Aysu təklif etdi.

- Mən evimizə istəyirəm, - Leyla mızıldandı.
- Onda hasardan aşıb evə girərik .
- Əcəb danışdın! – deyə Fərid etiraz etdi, - O hündürlükdə hasarı necə aşacagıq?
- Dırmaşıb keçərik.
- Bəyəm biz meymunuq?
- Of! Onda sən de görək, neyləyək.
- ...

Birdən Aysu alnına vurdu.

- Bizim həyətdəki tut ağacına dırmaşıb oradan hasara keçmək çox asandır. Mən əvvəllər belə keçirdim.

- Getdik!

Aysu əvvəl özü ağaca dırmaşıb, hasara necə keçmək lazım olduğunu uşaqlara göstərdi. Fərid çox da çətinlik çəkmədən əvvəl ağaca, sonra da hasara çıxdı. Amma hasar hündür olduğundan oradan aşağı tullananda ayağı burxuldu. Ufuldayaraq Aysuya baxıb başını buladı:

- Leyla buradan tullana bilməz!

Aysu təzədən hasara dırmaşıb Leylanı çağırdı:

- Gəl, mən sənə kömək edərəm.

Leyla gülümsədi:

- Çox ağıllasınız! Bir halda ki içəridəsiniz, qapını açın, elə darvazadan gəlim də!

Aysu həyət qapısına cumdu, amma nə qədər elədisə, qapını aça bilmədi. Fərid axsıya-axsıya yaxınlaşdı. O da qapını cəftəsini döndərə bilmədi.

Küçədən Leylanın səsi eşidildi:

- Nə oldu? Açın da!

Xorla qışqırdılar:
- Açılmır!

Birdən cəftə sehrlənmiş kimi titrədi, sonra yavaşca fırlanıb açıldı. Qapı aralandı və Leyla göründü. O, gülməkdən uğunmuşdu. Uşaqlar təəccüblə bir-birinə baxdılar.

- Nə olub? Dəli olmusan? – deyə Fərid hirsləndi, - niyə gülürsən?

Leyla daha bərkdən qəhqəhə cəkərək əli ilə qapıya işarə etdi. Uşaqlar küçəyə çıxıb baxdılar. Açar cəftənin üstündə idi və bütün bu vaxtı orada olmuşdu.

Qapını bağlayandan sonra onu çıxarıb götürməyi unutmuşdular.
Fəridlə Aysu da Leylaya qoşuldular. Üst-başları toz-torpaq içində olan uşaqlar yorğunluğu və aclığı unudaraq bərkdən gülürdülər...

“Aysu” macəra kitabından

# 2099 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #