Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu

Britaniya 71 milyonluq Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoydu
31 avqust 2026
# 18:40

Böyük Britaniya hökuməti dəyəri 71 milyon funt sterlinq qiymətləndirilən Rembrandt tablosunun ölkədən çıxarılmasına qadağa qoyub.

Kulis.az xəbər verir ki, Rəqəmsal Texnologiyalar, Mədəniyyət, Media və İdman Nazirliyinin (DCMS) məlumatına görə, bu, indiyədək milli sərvət statusu verilmiş ən bahalı obyektdir.

Hökumətdən bildirilib ki, "Katrina Hukshatin portreti" (Portrait of Catrina Hooghsaet, 1657) rəssamın ən müstəsna son dövr əsərlərindən biridir. 18-ci əsrin ortalarından Böyük Britaniyada olan tablo ötən il "Christie’s" hərrac evində fərdi satışda satılıb. Niderlandlı ustadın fırçasına məxsus rəsm əsərində Amsterdamdakı mennonit icmasının varlı üzvü, qeyri-adi şəkildə ərindən ayrı yaşayan Katrina Hukshat təsvir edilib. Portretdə həmçinin onun vəsiyyətnaməsinə daxil etdiyi sevimli tutuquşusu da yer alıb.

Böyük Britaniya qalereyası və ya institutuna tablonu almaq üçün vaxt qazandıran ixrac qadağasının müddəti ilk olaraq dekabrın 26-da başa çatacaq. Bundan sonra sahiblərin tövsiyə olunan qiymətə hər hansı təklifi nəzərdən keçirmək üçün 15 iş günü vaxtı olacaq, ardınca isə doqquz aylıq ikinci təxirəsalma dövrü başlayacaq.

Əgər onu xalq üçün xilas edəcək yerli alıcı tapılmasa, əsərin ölkəni tərk etmək təhlükəsi var. Sənət tarixçisi və "The Art Newspaper" nəşrinin köşə yazarı Bendor Qrosvenor qeyd edib: "Belə hallar bizə muzeylərin əvvəllər olduğu kimi xüsusi satınalma fondlarına malik olmasının ictimai dəyərini xatırladır".

İncəsənət naziri Rut Makkenzi isə öz bəyanatında bildirib:

""Katrina Hukshatin portreti" əsrlər boyu Böyük Britaniyanın mədəni həyatının bir hissəsi olub. Bu şedevrin miqyası, gözəlliyi və tarixi mədəni tərəfdaşlar, fondlar, messenatlar və Rembrandt sevərlər üçün onun Böyük Britaniyadakı tarixi yerini qorumağa kömək etməyi prioritetə çevririr".

Qeyd edək ki, qəbul edilən qərar tablonun ixrac qadağası ilə ikinci dəfə üzləşməsidir. Əsər əvvəllər – 2015-ci ildə "Sotheby's" tərəfindən 35 milyon funt sterlinqə başqa bir xarici alıcıya satılmışdı. Yeni sahib yekunda ixrac lisenziyası müraciətini geri götürmüş və onu 2016-cı ildən etibarən üç il müddətinə Kardiffdəki Uels Milli Muzeyinə icarəyə vermişdi. Əsər daha əvvəl – 1860-cı ildən bəri Şimali Uelsdəki Penrin qəsrində (Penrhyn Castle) nümayiş olunurdu. Xəbər mədəniyyət rubrikasında yer alır.

Rembrandt kimdir?

Rembrandt Harmens van Reyn (Rembrandt Harmenszoon van Rijn; 1606–1669) — Niderlandın qızıl dövrünün ən böyük rəssamı, qravüra ustası və sənət tarixinin ən dahi rəngkarlarından biridir. O, xüsusilə işıq və kölgə (chiaroscuro) texnikasından misilsiz istifadəsi, dərin psixoloji portretləri və dini mövzulardakı əsərləri ilə tanınır. Rəssamın ən məşhur əsərləri arasında "Gecə gözətçisi" (The Night Watch), "Doktor Tülpün anatomiya dərsi" (The Anatomy Lesson of Dr. Nicolaes Tulp) və onlarla fərqli avtoportreti yer alır. Öz sağlığında böyük şöhrət qazansa da, həyatının son illərini maddi çətinliklər və yoxsulluq içində keçirmişdir.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər