Beş dəfə ailə qurdu, fərariliyə görə həbs olundu, ölümünə həkimlər bais oldu - Xalq artistinin qəribə taleyi

Beş dəfə ailə qurdu, fərariliyə görə həbs olundu, ölümünə həkimlər bais oldu - Xalq artistinin qəribə taleyi
4 oktyabr 2023
# 21:00

Bu gün Xalq artisti Hacıbaba Bağırovun anım günüdür.
Kulis.az onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.

Görkəmli teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1982), Şöhrət ordeni laureatı (1998), Azərbaycan Dövlət Musiqili Teatrının keçmiş direktoru və bədii rəhbəri, "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri Hacıbaba Ağarza oğlu Bağırov 1932-ci il iyun ayının 12-də Bakı şəhərində, fəhlə ailəsində anadan olub.

Hacıbaba Bağırovun atası Ağarza "Passaj" bazarının direktoru olub. Həmçinin uzun illər "Muskomediya"nın inzibatçısı işləyib. Anası Sona xanım isə Cəbrayılın Qumlaq kənindən olan Cəlal bəyin qızıdır. Əldə etdiyimiz məlumata görə, sənətkarın ana nənəsi polyak olub. Onlar əsrin əvvəlində Cəlal bəylə Polşada evlənib Cəbrayıla köçüblər.

***

1947-ci ildə orta məktəbi bitirən gənc Hacıbaba Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına üz tutub. Üç ildən sonra Lənkəran Dövlət Dram Teatrında müstəqil fəaliyyətə başlayıb. Hacıbaba Bağırovun tanınmış aktyor kimi yetişməsində ən böyük rolu isə Opera və Balet Teatrında uzun illər rejissor olmuş Soltan Dadaşov oynayıb.


Novruz Qartal və Hacıbaba Bağırov gənclik illərində

Aktyorun həyatında daha bir maraqlı məqam onun Biləcəri deposunda maşinist köməkçisi işləməsidir. Maraq üçün qeyd edək ki, aktyor 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib.

***

Sənətkar 5 dəfə rəsmi nikahda olub və bu nikahların üçündən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı qızı dünyaya gəlib. Üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Almaz adlı bu qadın Qanköçürmə İnstitutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Xalq artistinin bu nikahdan övladı olmayıb. Aktyorun 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru imiş. Sənətkar Tamara xanımın qızlarını rəsmən öz övladı hesab edib və “Bağırov” soyadına keçirib. “Şirbalanın məhəbbəti” filmində Şirbalanın uşaqlarından ikisi məhz həmin qızlardır. Sənətkarın sonuncu evliliyi özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən Şölə adlı qızı doğulub.


Xalq artisti Hacıbaba Bağırov

Aktyorun şəxsi həyatı barədə danışanlar mərhum aktrisa Lütfiyyə Səfərova ilə də eşq macərası yaşadığı bildirirlər. Ancaq sənətkarın bəzi dostları iddia edir ki, bu, yalandır və onların arasında heç bir şəxsi münasibət olmayıb. Sənət yoldaşları onu təxminən belə xarakterizə edirlər: “O, iki şeyi çox sevirdi: Qadınlarla münasibət qurmağı və gözəl geyinməyi...”


Hacıbaba Bağırov, Həsənağa Qurbanov və Emin Sabitoğlu

Hacıbaba Bağırov müxtəlif dönəmlərdə teatrda gecələməli olub. Qısaca desək, bu gün hər kəsin korifey adlandırdığı sənətkar evsiz imiş. Bu dönəmlərdən birincisi Leyla adlı xanımdan ayrılıb Tamara Ocaqova ilə ailə həyatı qurana qədər olub. Almaz xanımla ailəli olanda isə o, həmkarı, Xalq artisti Siyavuş Aslanın qardaşı Rəsul Aslanovun evində kirayədə yaşayıb. Nəsibə Zeynalova Bakı şəhər sovetinin ovaktıki sədri Aydın Məmmədovun yanına gedib xahiş edəndən sonra aktyora birotaqlı mənzil verilir və o, bu evdə Almaz xanımla yaşayıb. Onunla ayrılanda isə heç bir iddia qaldırmır və yalnız pencəyini götürərək, evdən çıxır. Aktyorun teatrda gecələdiyi ikinci dönəm isə Tamara Ocaqova ilə boşanandan sonra olur. Sonuncu həyat yoldaşı Arzu Bağırova ilə ailə qurana qədər aktyor teatrda yatırmış. Yalnız bundan sonra mərhum prezident Heydər Əliyevin göstərişi ilə sənətkara Bakı şəhərində mənzil verilir. Bu gün həmin mənzillər Hacıbaba Bağırovun sonuncu ailəsinə məxsusdur.


Hacıbaba Bağırov həmkarları ilə

Yəqin, Hacıbaba Bağırovun əllərindəki “nakolka”ları görmüşdünüz. Çoxları bilmir ki, o, ömrünün dörd-beş ilini dəmir barmaqlıqlar arasında keçirib. Belə ki, sovet dövründə hərbi xidmətdən qaçan Hacıbaba fərari kimi həbsə məhkum edilib. Amma bu, onun həbsxana həyatı ilə ilk və son “ünsiyyəti” olub.

***

Uzun illər dost olduğu Siyavuş Aslanla küsülü olublar. Onların mübahisəsi Musiqili Komediya teatrında direktorluq vəzifəsi üstündə yaranıb. Bir müddət sonra Hacıbaba Bağırov direktor olub, Siyavuş Aslan bədii rəhbər. Siyavuş Aslan isə bu səbəbdən küsüb Akademik Milli Dram Teatrına gedir. Nəsibə Zeynalovanın 75 illik yubileyində hər ikisi gəlib, "Hicran" tamaşasından qısa bir səhnəcik göstəriblər. Burada barışıblar, amma o demək deyil ki, onlar tam barışmışdılar.


Soldan Əməkdar artist Şəfiqə Qasımova. Xalq artistləri Hacıbaba Bağırov, Səyavuş Aslan və Nəsibə Zeynalova "Hicran" tamaşasında

Onikibarmaq bağırsağın iltihabı diaqnozu ilə xəstəxanaya aparılır. Qəfildən belindən başlayan ağrılar, ayağına keçir. Həkimlər müxtəlif diaqnoz qoyurlar. Ona elə dərmanlar yazırlar ki, 60 yaşdan sonra qəbul etmək olmazmış. Doza həddi aşılandan sonra aktyorun həzm orqanlarında qanaxma başlayır. Xalq artisti 2006-cı il oktyabrın 4-də 74 yaşında dünyasını dəyişir. Onun xəstəliyinin nə olduğunu tapa bilmirlər.


Aktyor qızı Şölə ilə

Sənətkarın həyat yoldaşı Arzu xanım aktyorun son günlərini belə xatırlayır:

“Mənə dedi, balam yetim qaldı və gözlərini yumdu. Bu, onun son kəlməsi oldu. Ona ürək-dirək verdim. Dedim, onun sənin kimi atası, mənim kimi anası var, heç vaxt yetim qala bilməz, bundan əmin ol. Amma o, gözlərini açmadı. Həkim mənə dedi, gözlərini açmayacaq. Əli əlimdə idi. Əlimi buraxmırdı. Sıxmışdı. Əllərini öpdüm. Yalvardım ona, dedim, əgər məni sevirsənsə, gözlərini aç, gözlərini görmək istəyirəm. Bütün gücü ilə gözlərini açdı, mənə baxdı-baxı, təzədən yumdu və bir daha açmadı.”

# 13833 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #