Yazıçı Cəmil Əlibəyov vəfat edib

Yazıçı Cəmil Əlibəyov vəfat edib
27 oktyabr 2014
# 11:39

Azərbaycanın görkəmli ziyalısı, tanınmış yazıçı Cəmil Əlibəyov dünyasını dəyişib.

Cəmil Əlibəyov uzun sürən xəstəlikdən sonra ötən gecə vəfat edib.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, mərhumla vida mərasimi bu gün “Təzəpir” məscidində keçiriləcək. Cəmil Əlibəyovun cənazəsi saat 14:00-da “Təzəpir” məscidindən götürüləcək. Mərhum Balaxanı qəbiristanlığında, həyat yoldaşının məzarının yanında dəfn olunacaq.

Qeyd edək ki, Cəmil Əlibəyov 1927-ci ildə Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin Şərqşünaslıq şöbəsinə daxil olub. 1949-cu ildən "Azərbaycan gəncləri" qəzetində çalışmağa başlayıb.

1970-ci ildə Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini təyin olunub, radioya başçılıq edib. 1974-cü ildən başlayaraq on il ərzində "Azərbaycanfilm" kinostudiyasının direktoru olub. Bu müddətdə istehsal olunan filmlərə ("Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq") görə ümumittifaq, beynəlxalq və respublika mükafatlarına layiq görülüb.

1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988-1990-cı illərdə "Kommunist" qəzetində baş redaktor olub. 1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş redaktor, sonralar "Novruz", "Vahid" qəzetlərində baş redaktor, "Elm və həyat" nəşriyyatında təsisçi-direktor vəzifəsində çalışıb.

Azərbaycan Jurnalistlər, Yazıçılar və Kinematoqrafçılar ittifaqlarının üzvü olub.

"Sınaq", "Mənim analı dünyam", "Həyatın özü", "Dözümlü məhəbbət", "Dünyanın o biri ucu", "İlk məhəbbət" romanlarının, "Qayaların göz yaşı", "Özümü axtarıram", "Analar", "Anam Arazım mənim" və digər povestlərin, bir neçə pyesin, ssenarinin, publisist kitabın müəllifidir.

# 2226 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #