Noyabrın 14-də “The Landmark” otel və biznes mərkəzində XII Avropa Film Festivalının açılış mərasimi keçirilib.
Kulis.az xəbər verir ki, festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi, Aİ-yə üzv dövlətlərin Azərbaycanda akkreditə olunmuş səfirlikləri, “The Landmark” otel və biznes mərkəzi və “CinemaPlus” kinoteatrlar şəbəkəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib: “Çox şadam ki, hər il keçirilən Avropa Film Festivalını biz bu il böyük ekranlara geri gətirə bildik. Bu, “Avropa Komandası” çətiri altında Avropa İttifaqı və ona üzv dövlətlərin Azərbaycanda ənənəvi təşəbbüslərindən biridir. Biz azərbaycanlı tamaşaçılara Avropanın ən yeni filmləri, mədəniyyəti və dəyərləri haqqında daha çox məlumat əldə etmək, müzakirələrdə iştirak edib əlaqələr qurmaq imkanı vermək istəyirik”.
Qeyd edib ki, filmlər orijinal dildə, əsasən ingilis, həmçinin Azərbaycan və türk dillərində subtitrlərlə təqdim olunacaq. Filmlər Landmark CineClub (Nizami küçəsi, 90) və “Deniz Mall”da “CinemaPlus” kinoteatrında nümayiş etdiriləcək.
“Avropa Film Festivallarının ənənəsinə sadiq qalaraq, “yer birinci gələnindir” prinsipi ilə bütün filmlərə giriş pulsuz olacaqdır”, - deyə Peter Mixalko əlavə edib.
Sonra çexiyalı rejissor Jiri Havelkanın 2019-cu ildə lentə aldığı “Owners” tragikomediyası göstərilib.
Proqrama Avropa İttifaqına üzv olan 11 ölkədən (Çex Respublikası, Almaniya, Estoniya, Fransa, Xorvatiya, Latviya, Litva, Macarıstan, Rumıniya, Slovakiya, İsveç) və Ukraynadan 12 filmin nümayişi daxildir. On iki gün davam edəcək Avropa Film Festivalında Avropa kinosunun on iki unudulmaz şedevr əsərləri təqdim olunacaq.
Festival zamanı Avropa kinematoqrafiyasının ən son filmləri, onlar arasında “Apteeker Melchoir” (2022), “Sisters apart” (2020), “Blizard of souls” (2019), “Extracurricular” (2019) və s. nümayiş olunacaq. Seçilmiş lentlər bütün zövqlərə və yaşa uyğundur. Dram, komediya, tarixi, sənədli və digər janrda olan filmlər festivalı daha baxımlı edəcək.
Festival noyabrın 25-dək davam edəcək.
Azərbaycanda illik ənənəyə çevrilmiş Avropa Film Festivalı Avropa İttifaqı ölkələri ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin qurulmasına və inkişaf etdirilməsinə, Avropa film sənayesi vasitəsilə Avropa dəyərlərinin daha yaxşı anlaşılmasına xidmət edir. 2010-cu ildən başlayaraq Avropa Film Festivalları çərçivəsində 158 film nümayiş etdirilib.