Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü

Yapon caz ifaçısı Azərbaycan ordusuna pul köçürdü
23 oktyabr 2020
# 15:29

Yaponiyanın tanınmış caz ifaçısı, Azərbaycan musiqisinin bu Gündoğar ölkədə tanıdılmasında mühüm rol oynayan xanım Kyoko Yamamoto Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyib.

Kulis.az xəbər verir ki, sənətçi haqq işini dəstəklədiyini və uzun illərdir işğal altında qalan torpaqların tezliklə tamamilə azad ediləcəyinə əmin olduğunu bildirib.

K.Yamamoto Azərbaycanla ilk tanışlıqdan ölkəmizi dərin məhəbbətlə sevdiyini vurğulayıb. Qeyd edib ki, qədim və zəngin mədəniyyəti, səmimi və qonaqpərvər insanları, əsrarəngiz musiqisi ilə Azərbaycan xalqı onun qəlbini fəth edib. Azərbaycana hər səfərində bu gözəl ölkənin Dağlıq Qarabağ kimi bir ağrı yaşadığını, insanların bu ədalətsizliyə qarşı çox əziyyət çəkməsinin canlı şahidi olduğunu qeyd edən yapon xanım ölkəmizin qazandığı uğurların nəticəsində qəlbinin dərinliklərində bu çətinliyin də tezliklə aradan qaldırılacağına müəyyən bir inam bəslədiyini bildirib.

Sentyabrın 27-də başlayan döyüşlərdən dərhal sonra öz “Facebook” səhifəsində Azərbaycan xalqının bu müharibədə qələbə çalacağına inandığını və onu dəstəklədiyini əks etdirən status paylaşdığını qeyd edib. Bildirib ki, Azərbaycan, yapon və ingilis dillərində paylaşdığı həmin statusunda Azərbaycan xalqının haqq və ədalət uğrunda mübarizə apardığını, 30 ilə yaxındır ki, davam edən bu ədalətsizliyin aradan qaldırılmasının çoxdan vaxtı çatdığını çoxsaylı sosial şəbəkə izləyicilərinin diqqətinə çatdırıb. Azərbaycanlı bəstəkar və müğənni Tünzalə Ağayevanın baş verən son hadisələrin ruhuna tamamilə uyğun gələn “Biz gəlirik!” mahnısını da həmin statusa əlavə edib.

Oktyabrın 17-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə raket atması xəbərini böyük təlaşla qarşıladığını bildirən yapon musiqiçi, bu qəfil hücum nəticəsində azyaşlı körpələrin, qadınların və digər mülki şəxslərin ölümü onu həddindən artıq kövrəltdiyini deyib. Bu faciə haqqında danışarkən göz yaşlarını saxlaya bilməyən xanım K.Yamamoto qeyd edib ki, bu, vandalizmin, barbarlığın əsil nümunəsidir: “Gecə saatlarında, insanların, körpə uşaqların yatdığı bir vaxtda yaşayış məntəqəsinə hücuma vəhşilikdən başqa nə ad vermək olar”, - deyə yapon xanım bildirib. Qeyd edib ki, bununla əlaqədar Azərbaycanın Tokiodakı səfirliyi qarşısında xüsusi guşə yaradıldığını eşidən kimi, dostları ilə birlikdə həmin yerə gələrək oraya gül dəstəsi qoyub. Həlak olanların ruhuna ehtiramını bildirib, onlar üçün dualar edib.

Bundan əlavə, xanım K.Yamamoto Yaponiyada yaşayan azərbaycanlıların Azərbaycan əsgərləri üçün isti paltarların alınması barədə təşəbbüslə çıxış etdiklərini eşidən kimi, dərhal həmin kampaniyaya qoşulmaq qərarına gəldiyini də bildirib: “Müharibə şəraitində yaşayan Azərbaycana yardım etməyimə kömək etmələri üçün Yaponiyadakı azərbaycanlı dostlarıma artıq neçə gün idi ki, müraciət etmişdim. Buna görə də Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər mənə bununla bağlı təşəbbüsün başladığını bildirəndə çox sevindim. Vəsaitin toplandığı hesabın nömrəsini əldə edərək ora pul köçürdüm. Əminəm ki, həmin vəsaitlə alınacaq isti paltarlar müzəffər Azərbaycan Ordusunu daha yaxşı döyüşməyə, torpaqları daha sürətlə azad etməyə ruhlandıracaq”./azertag.az/

Gallery

# 2149 dəfə oxunub

Müəllifin son yazıları

# # #