Tanıdığım ilk şəhid

Tanıdığım ilk şəhid
20 yanvar 2021
# 11:30

Kulis.az Günel İmranın “Tanıdığım ilk şəhid” aslı yazını təqdim edir.

1990-cı ilin 20 yanvar günündə ilk dəfə ölümün nə olduğunu başa düşməyə çalışmışdım. Uşaqlıq illəri insan həyatının elə bir dövrüdür ki, səni əhatə edən insanların ölümsüz olduqlarına inanırsan. O gecə səhərə yaxın gələn telefon zəngindən anamın Səxavət əmisinin yaralandığını bilmişdik. Əslində həmin vaxt o, artıq dünyasını dəyişmişdi. Sadəcə biz uşaqlara belə demişdilər. Valideynlərim xəbərə gedəndə hava hələ işıqlanmamışdı. Mən yaşca böyük qardaş-bacımla evin işıqlarını yandırmadan qaranlıqda oturub Səxavət əminin ölməməsi üçün dua edirdik. Ölümün necə bir şey olduğunu hələ anlamasam da bacı-qardaşıma qoşulub Allaha yalvarırdım. İşıqları yandırmamağı valideynlərimiz bizə dönə-dönə tapşırmışdılar. Güllələr ətrafa səpələnirdi, evin içində işığı yandırmağa adamlar ehtiyyat edirdilər. Səhər pəncərəndən baxanda küçəni, avtomobil yollarını tank izlərindən parçalanmış, saysız-hesabsız gilizlər səpələnmiş gördük. Matəm rəmzi olaraq hər kəs eyvanında qara parça asırdı. Bizdə dolabdan tapdığımız qara rəngli ipək parçanı eyvandan asmışdıq.

Anamın Səxavət əmisi uşaqlıq illərimdə ən çox sevdiyim, ən çox söhbət etdiyim qohumumuz idi. Uşaq bağçasına getməyi heç xoşlamırdım. Bağçadan qaçış yerim onların evi idi. Bağçaya getmədiyim günlərdə adətən atamgil məni Səxavət əminin evinə aparıb qoyardılar. Səxavət əminin həyat yoldaşı evdar qadın idi. Uşaqlarını məktəbə yola saldıqdan sonra mənimlə oynayırdı. Səxavət əmi Nəsimi rayonunda mağaza müdiri işləyirdi. Mən onlarda olduğum günlərdə əmimin nahar fasiləsinə gəlməyini səbrsizliklə gözləyirdim. Naharını etdikdən sonra mənə öz təxəyyülündən nağıl danışmamış işə getməzdi. Əslində Səxavət əminin evi biz qohum uşaqlarının ən çox sevdiyi məkan idi. Demək olar ki, hər həftəsonu bütün qohumlarımız uşaqlarını onlara gətirərdilər. O evdə uşaqlar üçün heç bir qadağa qoyulmurdu. İstədiyimiz qədər oynayırdıq. O vaxtlar uşaqlar arasında “Cırtdan” saqqızı çox məşhur idi. Səxavət əminin cibində həmişə mənim üçün saxladığı “Cırtdan” saqqızı olurdu.

Səxavət Quliyev 1940-cı ildə Cəbrayıl rayonunda dünyaya göz açmışdı. O, Zəngəzur mahalının tanınmış bəylərindən olan babaları Əsəd bəy və Həsənqulu bəy haqqında danışmağı xoşlayırdı. Tez-tez zarafatla bəy nəslindən olmasını vurğulayardı. Görünür insan öz ölümünü əvvəlcədən hiss edir. Onu sonucu dəfə görəndə təbiətcə şən, zarafatcıl insan olan Səxavət əmi öz ölümü haqda zarafatla danışmışdı. Səxavət əmi qəhrəman kimi öləcəyini, onun məzarını ziyarətə dövlət başçılarının, ən tanınmış şəxsiyyətlərin gələcəyini deyirdi.

Səxavət əmigil Gənclikdə stadiona yaxın yaşayırdılar. O, evinin yaxınlığında yaralanmışdı. Onun yıxıldığını görüb ətrafına toplaşan adamlar son sözünün “mən Cəbrayıllıyam” olduğunu demişdilər. Yaxınlıqdan keçən dayım kimin yaralandığını heç bilmədən, özünü köməyə yetirmişdi. Dayım Mehman ətrafındakı adamları yarıb keçdikdən sonra yerdəki insanın əmisi olduğunu görmüşdü. O, əmisini kürəyinə alıb küçədə təcili tibbi yardım maşını axtarmışdı. Təcili tibbi yardım maşınına çatanda Səxavət əminin qanı dayımın boynundan axaraq bütün kürəyinə yayılmışdı. 1990-cı ildə Səxavət əminin 50 yaşı olacaqdı.

Səxavət əmi rəhmətə gedəndə onun üçün çox darıxırdım. Tez-tez yuxuma gəlirdi. Uşaqlıq illərimdə ən çox söz soruşduğum adamlardan biri idi. Şəhid sözünün mənasını Səxavət əmimin ölümü ilə bilmişdim. Sonra Bəxtiyar Vahabzadənin yazdığı “Şəhidlər” şeirini əzbərləmişdim. O illərdə Şəhidlər Xiyabanına çox tez-tez gedirdik. Bütün məzarların üzərinə qərənfil qoyurdum. Daha sonra müharibə başladı. Şəhidlər Xiyabanına hər ziyarətimizdə şəhid məzarlarının sayının artdığını görürdüm.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

# 2149 dəfə oxunub

Müəllifin son yazıları

# # #