Nyu-Yorkun mümkünsüzlüyünü sevmək

Nyu-Yorkun mümkünsüzlüyünü sevmək
23 mart 2021
# 16:05

Bu yaxında həyatdan vaxtsız köçən Humay Quliyevanın ictimai və peşəkar fəalliyyətindən savayı yazıçılığı da var idi. İngiliscə yazırdı. Onu Amerikanın Kolumbiya Universitetində (Orhan Pamukun məzun olduğu proqramla) yazıçılıq üzrə aspiranturaya götürmüşdülər. İngilis dili ana dili olmayan birinin ora daxil olmağı böyük hünər hesab edilə bilərdi. Humay bu təhsilini yarımçıq qoyaraq Qırmızı Xaç komitəsində fəaliyyət göstərməyə başlayır.

Qeyd edək ki, Humay Quliyeva diplomat, tərcüməçi Villayət Quliyevin qızıdır.

Kulis.az bəstəkar Türkər Qasımzadənin tərcüməsində Humay Quliyevanın essesini təqdim edir.

“İnsanlar həmişə elə özlərini yazırlar” dedi Coş. Bunu deyərkən ucları sivri çəhrayı kovboy çəkməli ayağlarını qarşısındakı stolun üstünə qoymuşdu – nənəmin Amerikalılar barəsində gileyləndiyi tipik rəftar nümunəsi ilk dəfə idi ki düz gözümün önündə peyda olmuşdu. Mühit də tam yerinə düşmüşdü sanki - Nyu York, yaradıcı yazarlıq üzrə aspirantura proqramı, mənə də ayrılmış ötən iki həftədəki yazdığım mətnin müzakirəsi üçün cəmi yarımca saat.

Buna qədər Nyu Yorka artıq üç həftə idi ki, gəlmişdim, dərslərim isə iki həftə olmazdı ki, başlamışdı. Vaxtaşırı “Xoşuna gəlirmi?” deyə soruşurdular. Həqiqətdə isə əksi idi. Yaşamaq üçün öz yer-yuvam yox, günlərlə kilometerlərlə yolu piyada və metro ilə get-gəl, metro xətləri üzərindəki qaçışan-sivişən siçovullar məni adi çirginmək hissindən daha dərin bir çarəsizlik və ümidsizliyə qərq edirdi.
Tapdığım otaqlar – studiya tipli mənzil fikrindən elə o dəqiqə vaz keçmişdim – dar, qaranlıq, havasız, və cazib deyildilər. Öz otaq idealıma xəyanət etmək istəmirdim. Elə bilirdim bu güzəştə getsəm hər şey bundan başlayacaq, və bu mənim şəhərdə ola-ola şəhərin özünə etməli olacağım sonsuz sayda güzəştlərin ilki olacaq. Nyu Yorkda isə gərək mümkünsüzlüyü sevəsən, daha ümidsizliyi yox.

“Düzünü de, bu məsələləri, yəni yaxşı yazmağı öyrətmək olurmu bəyəm?” – Çoşdan soruşdum.

“Istedadı öyrətməyin mümkün olduğunu deyə bilmərəm, amma texnikanı, bəli, sözsüz.”

Proqramdakı tələbələr çox cavan, çox ağ-dərili, çox Amerikan idilər. Bəzi seminarlarda su butulkaları, yoğurtlar, qranola şüşələri, almalar, bananlar, kiçik dənizkələmi, qoz və yunan pendirli salat konteynərləri stolun üzərində pərən-pərən olurdu. Yaxşı mətnlər yazan adam bu qədər sağlam olmaz, deyirdim öz-özümə. İçlərində Fransız oğlan, iki İsrailli, bir Venesuelalı qız, Çinli-Amerikan başqa bir qız, və Şri-Lankalı-Amerikan var idi. Fransız oğlan Simonun qüsursuz ingilis ləhcəsi vardı, özü də çox oxumuş, bilikli idi. Məndən Svetlana Alekseyeviçi Rusca oxumuşammı deyə soruşdu. Dedim ki, yox, oxumamışam. Qayıtdı ki, mən Türkiyəli jurnalist Ece Temelkurana bənzəyirəm, onun kimi danışıram, hətta jestlərim də onunkudur. Google’a verdim bu Eceni görüm heç gözəldirmi... İsrailli qız, Didi mistik və özünə qapanmış dəyirdi gözümə, onun yazdıqlarını oxumaq çox çəkirdi marağımı.

“Nədir axı bu hekayələri sənin gözündə yaxşı edən” – soruşdum Coşa. Ardınca da “biləsən ki, kompliment ovuna çıxmamışam” deyə əlavə etdim.

“Bax,” Çoş dedi. “Buradakıların çoxu elə bilir ki, onlarla nə baş verirsə bu çox vacibdir və yazılmağa layiqdir. Sən isə elə bil dünyada nəyin əslində daha üstün və vacib olduğunu bilirsən. Bir də sənin deyəcəyin elə şeylər var ki, çoxunda onlar yoxdur.”

Metroya üç uşaqlı qadın daxil oldu. Oğlanlar totuq amma solğun idilər, gözlərinin çuxurunda dərin halqalar vardı. Birinin əlində Kola butulkası, digərində ucuz şirni. Qadın sərxoş idi, səndələyirdi, güman ki, ciddi narkotikdən təmizlənmə əməliyyatından keçməyin nəticəsi idi. Oğlanların ən kiçiyi ona tərəf bağıraraq nəsə istədi. “Yox! Yox! Sən sabah mənimlə gəlmirsən! Mənə yalnız özümlə özümə ayıracağım vaxt lazımdır!” deyə o da çığırdı. “Öz vaxtım!”. Bir əli ilə vaqon dirəyindən yapışmışdı, o biri əli ilə üzündəki çoxsaylı qara ləkələri qəzəblə qaşıyırdı. Əli əmziklərini qaşımağa doğru endi. Büstqalter taxmadığı bəlli idi. Nəhayət ki, vaqonda oturmağa yer boşaldı, əyləşdi, anındaca həmin balaca oğlan da onu qucaqlamağa tələsdi. İtələdi onu. “Get burdan! GET BURDAN!” Uşağın heç tükü də tərpənmədi sanki. Cəld ətrafımdakılarla göz-gözə gəlib, başımı nümayişkaranə yelləyib şikayətlənmək istəyirdim ki, gördüm hər kəs iPhone ekranlarına yapışıb musiqi dinləyir. Qadınla gələn oğlan uşaqları məlahətlə göyərçin balaları kimi “Anacan, anacan…” deyə-deyə civildəşirdilər. Bu mənzərəni görcək düşündüm: Budur - əlahəzrət sevgidir qarşımızda, hökm edən də odur, ən ali də odur, və qeyd-şərtsiz şəkildə özünü büruzə verən də. Əlbəttə, bunu yazmaq vacibdir, deyə düşündüm.

“Həm də, sən sürətini yavaşıdanda, təhkiyəni idarə edəndə gözəl detallar üzə çıxır” – dedi Çoş.

Üç həftədir axtarışdaydım. On il əvvəl kommunikasiya belə ani baş vermirdi. Mənzili internetdə seçməklə, sahibinə yazmaq və gəlib yerində baxışdan keçirmək arasında müəyyən bir vaxt keçirdi. İndi isə Qaraçı Evlər Feysbuk səhifəsini hər dəqiqədən bir yeniləməli idin ki, sərfəli təklif görən kimi mesajı hamıdan birinci göndərəsən. Cəmi bir neçə saata ən yaxşılarının altında 50-60 şərh görmək olurdu. Bu sərasər, faydasız mənzil ovlama oyunu məni yaman əldən saldı.

Bruklin Kitab Festivalında Conatan Safran Foerə (oxumamışam onu) “Yaxşı həyat nə deməkdir?” sualını verdilər. Dedi ki, hardan bilsin, amma öz yeni kitabı “Bu Da Mən”in başlığı haqqında mülahizələr etdi biraz. “Genesisdə Tanrı İbrahimə oğlunu qurban vermək əmri verəndə, İbrahim “Mən varam” deyir. Isak da qurban tonqalına gedən yolda atasını çağıranda İbrahim yenə “Mən varam” deyir. Beləliklə deyərdim ki, varolmanın bir yanı da elə bu günahsız, qeyd-şərtsiz iştirak etmədir öz həyatında” Conatan dedi.

Özümü bir otaq gələcək yazıçı yığını ilə çox da rahat hiss etmirəm. Əgər belə bir otaq doğrudan da varsa, bu Bolanonun təbirincə bədiiyyatı yarımçıq, səbatsız Parisdə bir kafe olar yəqin.

Yazdığım abzaslara baxıram ki, necə də tez bir şəkildə bir neçə obrazdan sitatlar gətirmişəm – Foer, Tanrı, İbrahim, Bolano.

“Gündəliklərini yazanda həmişə Yəhudi Sualını ver” – dedi Coş.

“Nədir bu Yəhudi Sualı?” – soruşdum, görəsən Coş yəhudidirmi düşünərək.

“Bu gün fərqli olan nədir?” – dedi.

Bu gün nəhayət ki, yerimi tapdım – işıqlı, böyük, sakit, və güzəştləri olmayan bir otaq. Bu həqiqətdir. Amma Hari, başqa bir professorum da yəqin deyərdi ki, belə təmiz sonluqlar çeynənmiş, bayağıdır. Ona görə gəlin hamımız Yəhudi Sualı ətrafında daha bir nəhayətsiz an götür-qoy edək.

# 11226 dəfə oxunub

Müəllifin son yazıları

# # #