Müsəlman kişiyə ərə gedən xristian Arzu

Müsəlman kişiyə ərə gedən xristian Arzu
9 iyun 2020
# 18:22

Kulis.az teatrşünas Cavanşir Qasımovun “Vəhşilərin mərhəməti” hekayəsini təqdim edir.

I - Hissə

Kiçik təpəliklərin arxasından ətrafa bərq vuran günəş şüaları, ağacların böyük və xəfif budaqları, kövrək yarpaqları arasından süzülüb, anbarın pəncərəsindən içəri düşdü.

Sahibindən qat-qat həssas olduğu üçün, günəşin yol boyu müxtəlif maneələrə rast gələrək sınan, rəngarəng işıqları, gözlərinə düşər-düşməz, dərhal onu oyatdı. Adəti üzrə, arxa ayaqlarını sabit saxlayıb, qabaq pəncələrini isə irəli uzadaraq, dərin bir əsnəmədən sonra, dik durub, sahibinin üzünə baxmağa başladı. Sahibinin hələ də şirin yuxuda olduğunu görüb, onu səksəndirməmək üçün şirin bir hiyləyə atdı. Baronun həlim və zingiltili səsi, onun yuxusunu yavaş-yavaş pozdu. Sahibinin heç vaxt ağlına gəlməzdi ki, hər səhər yuxudan vaxtında oyanmasının səbəbi, itinin canfəşanlığıdır. Çünki həmişə yuxudan oyananda, Baronun sakitcə ayaq üstdə durub onu gözlədiyini görərdi.

İti ona Rusiyada yaşayan qardaşı, Teymur bağışlamışdı. Saşa onu üç aylığı tamam olandan sonra öz himayəsinə götürmüş və bu erkək cinsli itə, heybətli göründüyü üçün Baron adını vermişdi. Baronu sözün əsl mənasında genetik möcüzə hesab etmək olardı. Ona görə ki, özündə ən azı üç cins itin qarışığını daşıyırdı. Belə ki, Baronun atası Golden cinsi ilə Pitbull cinsindən əldə edilmişdi. Bu cinsdən alınan iti isə, dişi Dobermanla cütləşdirmişdilər.

Nəticədə, Dobermandan alınmış hündür ayaqlara, vahiməli gözlərə, son dərəcə iti dişlərə, nazik və uzun qulaqlara, bütün bədənini əhatə edən çox qısa tüklərə, Pitbulldan alınmış enli, möhkəm çənə sümüyünə, zəncirvari və beton kimi möhkəm əzələlərə sahib olan, Baron dünyaya gəlmişdi. Golden cinsindən isə ona, sinəsinin Dobermandan sirayət etmiş qara rəngdəki tükləri istisna olmaqla, bütün bədənini qızılı rəngə boyayan bir gözəllik bəxş edilmişdi. Elə buna görə də, onun bel hissəsinə günəşin qızmar şüaları düşəndə, bütün bədəni qızıl kimi parlayaraq, ətrafa heyrətamiz bir işıq saçardı.

Saşa əllərini başının arxasına alıb, barmaqlarını bir-birinə keçirmiş vəziyyətdə dönüb, Barona baxıb, mənalı tərzdə gülümsədi. Bu gülümsəmə, ova çıxmaqdan xəbər verirdi. Saşanın nə dediyini tam olaraq anlamasa belə, o, sahibinin bədən dilinə mükəmməl bələd idi.

Adı əslində Saleh olan, arıq bədənli və orta boylu bu adamın sonradan Saşaya çevrilməsi, Teymur və Saşanın əslən rus olan nənələri ilə bağlıdır.

Salehin xarici görünüşündəki bir çox əlamətlər nənəsindən ona keçdiyi üçün, qardaşı Teymur uşaq vaxtı zarafatla ona Saşa deyərdi. Bu zarafat zaman keçdikcə ciddi xarakter almağa başlamışdı. İndi qohumlar, qonşular, uzaq və yaxud yaxın tanışlar arasında bu ad daha çox yayıldığı üçün, onun həqiqi adını demək olar ki, unutmuşdular. Əslində, onu görünüşünə görə təkcə ruslarla yox, başqa millətlərlə də müqayisə etmək olardı.

O, fiziki əlamətlərinə görə daha çox Norveç balıqçılarını xatırladardı. Mavi gözləri, açıq qəhvəyi rəngli, qıvırcıq, bir qədər də seyrək saçları, solğun üz ifadəsi, onu öz qohumlarından və yaşadığı mühitdən fərqləndirən əlamətlər idi.

Onuncu sinifdə oxuyanda, onların məktəbinə Arzu adlı xristian bir ailənin qızı gəlmişdi. İlk vaxtlardan dost olsalar da, heç kəsin ağlına gəlməzdi ki, bu dostluğun nəticəsində onlar ailə qurub, evlənəcəkdilər. Çünki, onların arasında fərqli cəhətlər çox idi. Saşa müsəlman və dindar, Arzu isə xristian olmasına baxmayaraq, dini mövzulara elə də aludə deyildi. Arzunun atası və anası həqiqi pravoslav xristianlarından idilər. Uşaq vaxtlarında ailəsi ilə birlikdə hər bazar günü kilsəyə gedər, şam yandırar və dua edərdilər.

Evləndikdən sonra hər bazar günü kilsəyə getməyə tənbəllik etsə də, yenə də xristian dinini əziz tutar, öz dininə uyğun olaraq, hər yeməkdən əvvəl süfrənin arxasında tanrıya verdiyi nemətlərinə görə şükür edərdi.

O, orta boylu, dolu bədənli, qara gözlü, kare saçlı və əsmər bir qadın idi.

Zaqatala da belə dini məzhəblərin çoxşaxəli olması təbiidir. Lakin çox güman ki, bir müsəlman ilə xristian qızın ailə qurması, alışılmış vəziyyət deyildi. İslam dininin sünni məzhəbinə qulluq edən Saşa, radikal dindarlardan fərqli olaraq, Arzunun xristianlıqdan müsəlmanlığa keçməsi, ya da onun hicab bağlaması haqqında söz söhbət salmazdı.

Dini etiqadının, Arzuya olan sevgisinə heç bir əngəl törətmədiyini hər kəsə sübut etmək üçün son dərəcə kreativ bir üsula da əl atmışdı. O, yaşadıqları evin bir hissəsini kilsə, bir hissəsini isə məscid formasında tikdirmişdi. Onun iki uşağı, oğlu və qızı vardı. Oğlanın yeddi yaşı tamam olsa da, qızın hələ dörd yaşına az qalırdı. Əvvəllər, Saşa bütün gününü otlaqlarda sürüyə nəzarət etməklə keçirərdi. Son bir ay müddətində isə vəziyyət dəyişmişdi.

Həftədə iki-üç dəfə ova çıxar, həmin günlər isə sürünü həyətdə saxlayıb, Arzuya, hazır ot tayaları ilə onları yemləməyi tapşırardı. Saşa, qoyunlardan, keçilərdən və inəklərdən ibarət sürülərin, həmçinin, toyuq-cücələrin, böyük təsərrüfat sahəsinin və geniş bir fermanın sahib idi. Həyətinin ümumi sahəsi qalın və hündür beton hasarlarla hörülmüş, hasarların diblərinə isə o qədər söyüd ağacları əkilmişdi ki, qıraqdan baxan adama elə gəlirdi, həyətdə ağaclardan başqa heç bir hasar yoxdur. Bağ və bostanlıq yanaşı formada əkilmiş, həmin sahə isə çəpərlənmişdi. Burada çoxlu qoz, fındıq, xurma, alma, albalı, heyva, şaftalı, armud, nar ağacları və müxtəlif tərəvəzlər vardı. Armud və şaftalı ağaclarının meyvələri istisna olmaqla, digər əkililər yaxşı məhsul verərdi. Çünki, çox vaxt armud və şaftalı ağacları tam yetişməzdi.

II - Hissə

Bir neçə saatdan sonra hazırlıq görüldü. Silah, ərzaq tədarükü, patron darağı, ov bıçağı və bunlar kimi ov üçün zəruri ehtiyaclar hazır olduqdan sonra, Saşa Baronu Arzunun gözləri qarşısında Niva markalı maşının yük yerinə mindirib, yola düşdü.

İstiqamət Böyük Qafqaz sıra dağlarına tərəf idi.

On dəqiqəlik yoldan sonra, Baron yük yerindən bir andaca ön oturacağa dırmaşdı.

O, Baronun başını sığallaya-sığallaya gülərək, itə:

- Arzu bilsə, ikimizi də öldürər. - dedi.

Bu onların hər ova çıxanda etdikləri əməkdaşlıq idi. Hər kəsin gözünün önündə, Baron yük yerində oturaraq sakitcə Saşaya baxar, maşın evin həyətindən uzaqlaşan kimi isə, cəld ön oturacağa əyləşərdi. Əslində, Baronla ova çıxmaq hekayəsi melonxolik hisslərin təzahürü nəticəsində başlanmışdı.

İlk vaxtlar Saşa onu öz sürüsünə bələdçi kimi götürmüşdü. Sözsüz ki, Baronun heybətli görünüşünə görə sürüyə heç bir canavar ya da çaqqal yaxın durmazdı.

Amma bir gün heç vaxt gözləmədiyi bir təhlükə baş verdi. Keçilərdən birinin ayağı büdrəyib, otlağın aşağısındakı, çay kanalına düşdü. Saşa üzməyi bacarmırdı. Tam ümidini kəsdiyi bir anda, Baron suya atıldı. Cəld hərəkətlərlə suda üzərək, dişləri ilə keçinin tükündən yapışıb onu sahilə çəkib çıxardı. Saşa gördüklərindən heyrətə düşmüşdü. O, gecə baş verənləri ailəsinə danışdı. Öz dini əqidəsinə uyğun olaraq belə qənaətə gəlmişdi ki, bu Allahın ona bir işarəsi olduğu üçün, mütləq qurban kəsib, həmin ətdən kasıb ailələrə pay ayırmalıdır.

Baron, həmin gecə heç vaxt ağlına gəlməyəcək bir hadisəyə şahid olmuşdu. Onun o gün boğulmaqdan xilas etdiyi keçini qurban kəsmişdilər. Həmin gecə Baronun melanxolik tərəfləri üzə çıxmağa başladı. Görünür ki, Golden cinsindən ona keçən irsiyyət, təkcə qızılı rəngdə olan tüklərdən ibarət deyildi. Eyni zamanda həmin cinsə mənsub olan şəfqət duyğusu özünü göstərməyə başlamışdı.

Həmin gecə Baron, onun şərəfinə təşkil edilmiş ziyafətdən boyun qaçırdı. Xilas etdiyi heyvanı qurban etmələri, mənliyinə toxunmuşdu. Saşaya elə gəldi ki, suya girib çıxandan sonra, ona soyuq dəydiyi üçün xəstələnib. Axı, nə Saşa, nə də Teymur, onun əvvəlki nəslindən olan itin Golden cinsinə aid olduğunu bilmirdi. Onlar sadəcə olaraq, Doberman və Pitbull kimi iki vəhşi heyvandan ortaya çıxan, mərhəmət hissindən uzaq olan, sahiblərindən başqa heç nəyi önəmsəməyən Baronu tanıyırdılar.

Həmin günü Baron heç nə yemədi. Bəlkə də onun bu hərəkətinin səbəbini başa düşə bilərdilər. Amma Teymurun ortaya atdığı məsələ, onların fikirlərini başqa istiqamətə yönəltmişdi.

Hardasa 1.85 boylarında, enlikürəkli, bir qədər kök və yekəpər, qəhvəyi gözlü, həmçinin şabalıdı rəngdəki saçları arxaya daranmış, uzunsov və dolu üz quruluşuna malik olan bu adam, birdən-birə:

- Bilirsən, Saşa, mənə elə gəlir ki, Baron sənin kimi çoban olmaq istəmir. Ona görə səndən inciyir. - dedi.

Süfrədəkilər gülüşdülər.

Saşa zarafatı ciddi qəbul etməsə belə, söz demək xatirinə:

- İndi nə məsləhət görürsən? - dedi.

Teymur stola tam söykənərək:

- Bilirsən Saşa, mən sənin yerində olsaydım, bu itlə ayı ovuna çıxardım. Belə bir vəhşi ilə ancaq ayı ovuna çıxmaq olar. İki çoban iti al, sürünü idarə eləsin. Sən də ki, Baronla ova çıx. - dedi.

Arzu əsəbiləşib:

- Elə bir bu qalmışdı - dedi.

Teymur həmin gecə çox içmişdi, birdən-birə ürəyində gizli qalan və onu hər dəfə narahat edən bir məsələni qəfildən ortaya atdı:

- Bilirsən, Saşa, sən bizim atamıza oxşasaydın, silahdan qorxmazdın - dedi.

Bu söz Saşanı pis tutdu. Solğun dərisi qıpqırmızı qızardı. O qədər əsəbiləşdi ki, dilindən sadəcə bu sözləri çıxara bildi:

- Sən nə demək istəyirsən?

Teymur öz səhvini başa düşərək vəziyyəti yumşaltmağa çalışdı:

- Bilirsən Saşa, atam öləndən sonra, onun həbsxanada olan dostlarına mən baş çəkirəm. Onun bütün obyektlərini Rusiyada mən idarə edirəm. Amma sən hansısa heyvana güllə atmaqdan qorxursan. Axı sən niyə beləsən?

Uşaqlar mat-məəttəl baş verən mübahisəni izləyirdilər. Əslində onlar əmiləri ilə ataları arasında elə də böyük fərq qoymurdular.

Çünki Teymur, hər Rusiyadan qayıdanda, onlar üçün şokolad və oyuncaqlar gətirər, uşaqlar isə onun gəlişini səbirsizliklə gözləyərdilər. Amma indi qardaşların bu mübahisələri onlara da müəmmalı görünürdü.

Çox güman ki, arada olan fərqi indi başa düşməyə başlayırdılar. Saşanı bu sual bərk incitsə də, qardaşına mövzudan kənar cavablar verdi. Teymur da məsələni uzatmamaq xatirinə Rusiyada başına gələn maraqlı əhvalatlardan danışdı.

Qardaşlar arasında baş verən kiçik münaqişənin hekayəsi isə, onların ailəlikcə Moskvada yaşadıqları vaxtlarına, həmçinin Teymurun uşaqlıq, Saşanın isə körpəlik dönəmlərinə aid idi. O vaxt onların ataları Rusiyada kriminal aləmin tanınmış simalarından biri idi. Babasının sözlərinə görə, gecə saat beşdə, oğlunun meyitini şəhər sakinləri tapıb polisə xəbər vermişdilər.

Deyilənə görə, onun yolunu qəflətən hesablaşmalı olduğu, rus mafiyasının ən böyük şəbəkəsi hesab edilən “Günəş Tuqayı” - nın üzvləri kəsmiş və onu vəhşicəsinə qətlə yetirmişdilər. Onun bədənindən altı kalaşnikov tipli avtomatın, iki makarov tipli tapançanın güllələri, aşkarlanmışdı. Bu hadisədən sonra, uşaqların anası, onları götürüb, öz atasının evinə, Dağıstana getmişdi. Bir müddət keçdikdən sonra isə, babaları həmin bu ailəni, köhnə ata yurdunda, Zaqatalada yerləşdirdi.

Teymur yetkinlik yaşına çatdıqdan sonra, Rusiyada atasından onlara qalan obyektləri idarə etmək üçün babasını dilə tutmağa başladı. Babası, atasının yolundan getməmək barədə ondan söz aldıqdan sonra, buna icazə vermişdi.

Anaları elə o vaxtdan Zaqatalada, oğlu və nəvələri ilə birlikdə yaşayırdı. Saşanın babası isə bütün günü məscidlərdə oturar, evdə də çox az tapılardı. Onu evdə ancaq axşam azanından sonra görərdilər.

Saşanın dindar olmasının səbəblərindən biri də bu idi. Atasını, öldükdən sonra görə bilmək ümidi... Çünki Saşa atasını heç vaxt görə bilməmişdi.

Bu söhbətdən sonra, Saşa bərk əsəbi idi. Bir tərəfdən Arzu da onu rahat buraxmırdı. İndiyə kimi yumşaq təbiətli biri olduğuna görə onu sevən Arzu, həmin söz-söhbətdən sonra, Saşanı ov etmək məşğuliyyətinə təhrik etmək, bununla da qohumları, tanışları və rəfiqələri ilə söhbət əsnasında lovğalanmaq eşqinə düşmüşdü.

III - Hissə

Budur, o, maşını yoxuşa tərəf saxladı. Əvvəlcə ağacların sıx olduğu düzənliklərə düşdülər, burada müxtəlif heyvanlara rast gəlmək olardı.

Dovşan, kəklik və bu sayaq xırda heyvanlar tapmaq olardı. Amma o, ayı ilə qarşı-qarşıya gəlmək və qolunun zorunu həm qardaşına, həm də yoldaşına göstərmək niyyətində idi.

Adətən ilk ova çıxdığı vaxtlarda dovşan və kəklik vurardı. Lakin, öz dini əqidəsinə zidd olduğu üçün o ətlərdən yeməz, kiçik bir ocaq qalayıb, həmin ətləri bişirdikdən sonra, sadiq dostu olan Baronu bəsləyər, özü isə evdən gətirdiyi azuqələrlə başını qatardı. Heç olmasa canavarlardan birinə rast gəlmək, onu vurmaq və leşini ayaqları altına sərərək şəkil çəkdirmək istəyirdi. Lakin indiki halda, onların birliyi buna imkan vermirdi. Çünki ovçu canavarların müşahidə qabiliyyətindən və nə qədər güclü hissiyata malik olduqlarından xəbərsiz idi. Sözsüz ki, onlar, iti ilə birlikdə gəzən əli silahlı ovçunun qarşısına çıxıb, öz güclərini sınamaq fikrinə düşməzdilər.

O, uzaqlardan canavarların ulayışlarını eşidib, onlardan bir neçəsinin qaraltısını görsə də, yaxına gedib, güllə atmaq üçün uyğun mənzil seçmək imkanını tapa bilmirdi.

Ətrafdakı, heyvanları ürkütməmək üçün maşını aşağıda saxlayıb, dağın ətəkləri boyunca uzanan ensiz zolaqdan gur axan dayaz çayın kənarı ilə yuxarı qalxırdılar. Hardasa yetmiş metr yüksəkliyə qalxdıqdan sonra çayın istiqamətinin iki qola ayrıldığını gördü. Çayın sağ tərəfə ayrılan qolu, içi çaydan bura tökülmüş su yığını ilə dolu dərədən keçirdi. Dərənin kənarındakı tikanlı moruq kollarının seyrək tərəfləri ilə hərəkət etmək olardı. Lakin bu təhlükəli idi. Çünki, səhvən gölməçəyə yıxılsaydı, silahı yararsız hala düşə bilərdi. Ona görə də sol tərəfdəki, əksəriyyəti zeytun və küknar ağacları ilə dolu olan sıx meşəyə tərəf nəzər saldı.

Uzaqdan baxanda, ona elə gəlirdi ki, bu meşənin ağacları sıx bağlanmış formadadır. Bir-birini möhkəm qucaqlayan bu ağacların yam-yaşıl yarpaqları, gözəllikdən çox, gözü yoran abu-havaya sahib idi. Meşənin içərisini bürüyən qaranlıq o qədər çirkin görsənirdi ki, bu atmosfer elə bil ağacların yarpaqları üzərinə ləkə salmışdı. Meşənin görüntüsünü rəsm əsərinə çevirsəydilər, çox güman ki, bu tablonu müşahidə edənlər, onun pessimist bir rəssamın fırçasından çıxdığını düşünərdilər.

Bütün bu fikirlər dumanlı bir şəkildə ovçunun beynindən keçdi. Meşənin ölgün təbiəti və məşum səssizliyi, indi onun ətrafında fırlanırmış kimi, başını gicəlləndirməyə başlamışdı.

Yarpaqların iniltili titrəşməsi ilə duyulan külək səsləri qaranlığa qarışır, həmin o qaranlıqdan gələn əks-səda isə onu vahiməyə salırdı. Yarpaqların arasından gələn bu səslər, sirli bir şəkildə ovçunun zehninə müdaxilə edərək, sanki, ağacların indiyə qədər şahid olduqları faciələrdən söhbət açırdılar...

Baronun birdən-birə qəzəbli şəkildə mırıldanmağa başlaması, onu özünə gətirdi. O, Saşanın narahatlıqlarını görüb, bir anlıq sahibinin təhlükə də olduğunu düşünmüşdü.

Ehtiyatı əldən verməmək üçün, tüfəngin içinə əlavə olaraq dörd patronda yerləşdirdi. İndi o ikigülləli tüfəng yerinə avtomat mexanikası olan tüfəng aldığı üçün, özünün nisbətən müdafiəsiz olmadığını fikirləşib, rahatlıq tapmışdı.

Meşəyə girmək fikrini başından çıxarıb, dağın yuxarı hissəsindəki, yüksəkliklərə doğru hərəkət etmək qərarına gəldi. Havanın temperaturu yüksəkliyə qalxdıqca soyumağa başlamışdı. Ocaq qalamaq haqqında fikirləşməyə başlamışdı ki, elə bu andaca Baron, onun fikrini başqa istiqamətə tərəf yönləndirdi.

Həmin yerdə nə olduğunu anlamaq üçün, iti ilə birlikdə sağ tərəfdə olan qayalığın altına endi. Hər ehtimala qarşı silahı əlində hazır tutmuşdu. Məsələ yavaş-yavaş aydınlaşmağa başladı. Onlar içi zil qaranlıq bir mağaraya rast gəlmişdilər. Hansısa vəhşi heyvanın yaşadığı bu mağaranın sahibsiz olmadığı, Baronun aldığı qoxulardan məlum olmuşdu. Saşa onun iybilmə anındakı, davranış tərzinə yaxşı bələd idi.

Çünki bu yolla onlar, çoxlu dovşan ovlamışdılar. Amma bu dəfə it, həmin tərəfə sahibini yaxın buraxmaq istəmirdi. Çünki bu dəfə aldığı qoxu digər heyvanların qoxusuna da bənzəmirdi. Bunu hiss edən ovçu iti ilə birlikdə yaxınlıqdakı kolların arasında gözləyərək, şikarlarını pusmağa başladılar. Hava qaralmağa başlamışdı. Həm də dağın yüksəklikləri qalın sislə örtülü olduğu üçün hər şey çətinliklə seçilirdi.

IV - Hissə

Müəmmalı bir qaraltı görünməyə başladı. Qorxusundan kifayət qədər gülləsi olmağına baxmayaraq, sinəsindən asdığı güllə darağında ki, patronları asta hərəkətlərlə yanına boşaltdı. Saşa canavarla üz-üzə durduğunu yəqin etmişdi. Cəld ayağa qalxaraq heyvana atəş açdı. İlk açılan atəş onun boyun hissəsindən tutdu.

Heyvan bir dəfə ləngər vurduqdan sonra ayağa qalxıb bərkdən kükrədi. Ovçunun əlləri əsməyə başladı. Çünki bu canavar yox, qonur ayısı idi.

Gördükləri qarşısında heyrətə düşmüş bir vəziyyətdə ardıcıl olaraq ayıya dörd dəfə atəş açdı. İkisi çiyninə, ikisi isə baş nahiyəsinə dəymiş güllələrdən sonra, ayı üzüüstə yerə yıxıldı. Saşa sevincdən əlləri əsə-əsə kolluğun yanındakı patronları, darağa doldurmağa başladı.

O indi darağdakı patronları qorxudan yerə tökdüyü üçün öz-özünə gülürdü. Çünki ayıya beş güllə atmaq, artıqlaması ilə bəs etmiş, hələ patron yuvasında bir güllə də qalmışdı. Həmin anda bu qədər həyəcanlanmağı, indi ona gülməli görünürdü.

Ayının meyitini görən, it mağaraya tərəf yüyürdü. Əgər mağarada başqa bir ayı olsaydı, Saşa, öz itindən əlini üzməli olacaqdı.

Çətin ki, hansısa heyvan ayı zərbəsindən salamat çıxa bilərdi. O, bunu anladığı üçün, üzünü mağaraya tutub:

- Baron! Olmaz! Qayıt bura! - deyə çığırdı.

Mağaradan heç bir səs gəlmədi. Telefonu çıxarıb kimdənsə kömək istəmək fikrinə düşdü. O telefonla danışarkən Baron asta addımlarla irəliləyərək mağaradan çıxırdı.

Telefonda kömək istədiyi kəndlilərdən birinə yolu tez-bazar başa salıb, telefonu cibinə qoydu. Baron ləng hərəkətlərlə gəlib, bir qədər yerdəki ayı cəmdəyinə gözlərini zillədikdən sonra sahibinin təəccüblü baxışlarına nəzər salaraq, sanki nəsə demək istəsə də, onun heç nə anlamadığını görüb, dizləri üzərinə çökərək gözləməyə başladı.

Ovçu əsəblərini sakitləşdirmək üçün cibindən siqaret çıxarıb onu alışdırdı. Saşanın daxilində, düşdüyü mühitin təsirilə onu narahat edən təəssüratlar baş qaldırmışdı.

Bir an içində ona gəlirdi ki, sanki bütün dünyadakı canlıların nəsli kəsilmiş, təkcə ikisi qalmışdılar. Axtarışların sona çatması, onun hisslərini və təsəvvürünü qarışdırmağa başlayırdı.

Havanın soyuq təsiri, küləyin qorxunc cingiltisi, indicə yanında baş vermiş ölümün amansız sükutu, Baronun səbəbi naməlum olan və məyusluq bildirən baxışları, onu elə bir hala saldı ki, bir anlıq özünü iti ilə birlikdə, ailəsindən, indiyə qədər tanıdığı bütün insanlardan uzaqda, cənnət və cəhənnəm arasında yerləşən əraf bölgəsində sıxışıb qaldıqlarını fikirləşdi. İndi ona elə gəlirdi ki, günahları onları buradan tərpənməyə və bu qorxunc mühitdən ayrılmağa heç vaxt imkan verməyəcək. Daxilində baş vermiş bu qorxunc təlatümlər onun ruhunu sarsıdırdı. Bir saatdan bir qədər keçdikdən sonra, kəndlilərin ətraf ərazilərdə onları axtardıqlarını eşitdilər. Bu səslər birdən-birə onu xəyallar aləmindən çəkib, indi özünə qaytarmışdı.

Telefonda verdiyi bəzi təfərrüatlara görə, babasının uşaqlıq dostlarından olan Rəşid, özü ilə dörd yaraqlı adam da gətirmişdi. Baron gələnlərə dişlərini qıcımaq istəyəndə, Saşa onun başını sığallayıb heç bir təhlükə olmadığını bildirdi.

Rəşid köhnə ovçulardan olduğu üçün, ayıdan müxtəlif qazanc növləri əldə etmək barəsində dəqiq bilgi sahibi idi.

Elə bu səbəbdən, ayının cəsədinə görə, Saşaya yerindəcə üç yüz manat pul sayıb, hər şeyi onun öhdəsinə buraxmasını istədi.

Ortaboylu, yekə qarnını həmişə qabağa verərək gəzən, saç-saqqalı tamam ağarmış, başının ortası keçəlləşmiş, topasaqqalı və təqribən yetmiş yaşı olan Rəşid adlı bu qoca kişi, yanında gələn yoldaşlarına pikap maşını onlara tərəf sürməyi tapşırdı. Bu vaxt ərzində onlar hərəyə bir siqaret yandırıb, ayının cəsədi ilə müxtəlif şəkillər çəkməyə məşğul oldular.

Yarım saatdan bir az keçdikdən sonra, ayının iri cəmdəyi beş nəfər tərəfindən böyük yük yeri olan maşına yükləndi.

Saşa ilə Baron maşının yük yerindəki, ayının üstündə, müharibədən qalib ayrılan əsgərlər kimi üzüaşağı yol getməyə başladılar.

Öz maşınlarına çatanda, maşınların ümumi sayı üçə çatdı. Biri üzərində gəldikləri yük maşını, biri gənclərin, biri də Saşanın niva markalı maşını. Yol boyu ara məsafəsi saxlamaqla bir-birini gözdən itirmədən kəndə çatdıqdan sonra, bir-birindən halallıq alıb, sağollaşıb, hərə maşınını öz evinə tərəf sürdü.

V - Hissə

Həmin gecə Saşa, Arzunun gözündə qəhrəmana çevrilmişdi. Uşaqların, onun ayı ilə çəkdirdiyi şəkillərə baxan zaman göstərdikləri həyəcanlı davranışları, heç bir söz tam ifadə edə bilmək iqtidarında deyildi.

Rəşid də öz oğlunu, gəlinini, nəvələrini başına yığıb, Saşa ilə etdiyi "ticarət"-dən nə qədər karlı çıxdığından danışırdı.

O gecə hamının kefi kök idi. Amma bir nəfər xiffət hissi çəkirdi... O gecə Saşa bir az nəfəsini dərmək üçün həyətə çıxanda, birdən-birə ağlı başına gəldi. Axı Baron həyətə girdikdən sonra, onun gözünə görsənmirdi.

Saşa özünə təsəlli verərək, onun həyətin hansısa bir tərəfində yatıb qaldığını düşündü. O gün "hər səhər tezdən durmağa öyrənmiş" Saşa, günorta yuxudan güclə ayıldı. Heç nə başa düşə bilmirdi.

Axı necə oldu ki, o günortaya qədər yatmışdı? Başını sola çevirəndə isə gözləri öz dostunu axtardı. Amma Baron həmişəki kimi orda deyildi. Saşa nəsə bir qəribəlik olduğunu duydu. Evdəkilərə bir şey hiss etdirmədən bütün günü onu axtarsa da, heç yerdə itini tapa bilmədi.

Gözləməkdən başqa heç bir çarəsi olmadığını anlayıb, birtəhər başını təsərrüfat işləri ilə qatmağa çalışırdı. Amma hara qədər? Baron hara yoxa çıxmışdı? Birdəki bunu evdəkilərdən də gizlədə bilməzdi. Arzu fikir verməsə belə, uşaqlar bunu tezliklə anlayacaqdılar.

Günəş batana yaxın, Baron pərişan bir halda, ayaqlarına palçıq, ağzına və burnuna isə qurumuş qan ləkələri bulaşmış vəziyyətdə, evin həyətindən içəri girdi.

O, bunu görən kimi itə tərəf qaçaraq, onun boynuna bərk qucaqladı. Saşa o anın sevincindən yerə göyə sığmırdı.

Baronun ağzını, burnunu, ayaqlarını suyla möhkəm yuyub təmizlədikdən, yeməyini verdikdən sonra, Arzu evin qapısından həyətə baxaraq, uzaqdan bütün bu baş verənləri gördüyü üçün:

- Yəqin ki, iti qucaqlayandan sonra evə girməyi fikirləşmirsən - dedi.

O, Arzuya gülə-gülə:

- Əşi, mən nə hayda, sən nə hayda - deyib, hamama tərəf getdi.

Arzu heç nə anlamayaraq, həmişəki kimi öz sözünü yeritdiyinə görə, rahat bir şəkildə öz işləri ilə məşğul olmaq üçün evə daxil oldu.

Saşa hamamdan çıxandan sonra, həyətdə samovar çayının onun üçün hazırlandığını görəndə, kefi iki qat yaxşılaşdı.

Amma birdən-birə gecə yarısı it yenə yoxa çıxdı. Sabahı günü günortadan sonra Saşa, bəzi şeylər haqqında düşünməyə imkan tapdı. İndi o anlayırdı ki, onu indiyədək yanında olan dostu oyaqdır. O hər səhər sübh namazına vaxtında durmaq üçün zəngli saatı qurar, sübh namazından sonra ərzaq anbarına gələr, bu narahat yerdə mürgüləyərək oyaq qalmağa çalışardı. Bu məqamda Baron onun vaxtında oyanmasını təmin etmək üçün, həmin anbara gələr və ona yoldaşlıq edərdi.

İki gün dalbadal günorta yatıb qaldığı üçün, hər səhər saat ondan sonra təsərrüfat üçün alınmalı olan şeyləri gedib vaxtında ala bilmirdi. Arzunun yuxusu ağır olduğundan, onsuzda günorta saatlarında yuxudan durardı. Buna görə də axır iki gün ərzində baş verən dəyişikliklərdən bixəbər idi.

Baronun həmin axşam qayıtdığını görən kimi yenə onu çimizdirib, yeməyini verdi. Amma bu dəfə işi şansa buraxmaq istəmirdi. Bu dəfə mütləq onun birdən-birə hara yoxa çıxdığını anlamalıydı.

VI - Hissə

Bütün günü onu izləyəndən sonra, gecə yarısı onun qapıdan çıxdığını görüb, tez maşını işə salaraq, hara getdiyini anlamağa çalışdı. Saşa bir qədər onu izlədikdən sonra, getdiyi yolun həmin meşəyə çıxdığını görüb qorxusundan maşını saxladı. Geri qayıdıb silah götürməyi vacib bilərək, tələsik maşını döndərib evə tərəf sürdü.

Evə çatıb silahlandıqdan, təzədən maşını həmin meşəyə tərəf sürdükdən bir saat sonra, Baron həmin dağ ətrafı əraziyə yaxınlaşdı. Lakin uzaqdan burnunu həmişə öyrəşdiyi qoxudan tam fərqli bir qoxu gəldiyindən ehtiyatlı davranmaq qərarına gəldi. Yavaş-yavaş mağaraya yaxınlaşanda, gördüyü mənzərə onun vəhşi təbiətini üzə çıxardı. Mağaranın yuxarı hissəsindəki böyük qayaların üstündə iki canavar, giriş hissəsində isə bir canavar dayanıb, ov qoxusunu duyduğundan içəri girməyə hazırlaşırdı. Pəncəsini içəriyə azca uzatmaq istəyən bir anda Baron ildırım sürətilə kənardan sıçrayıb onun boğazından yapışdı.

Böyük əzələləri sayəsində canavarı altından çıxmağa imkan vermədi. Qayanın üzərində duran canavarlar dərhal hərəkətə keçdilər.

Onlar Baronun yanına çatmağa az qalmış bir məsafədə, it onların gözünün qarşısında ayaqları altında olan canavarın şah damarını parçalayıb, onun boğazından çıxan qaynar qanı göyə sovurdu.

Canavarlar bir anlıq tərəddüd keçirib onun heybətli görüntüsünə, indicə öz yoldaşlarının qanı səpələnmiş üzünə, ölümün səssiz ifadəsi olan gözlərinə nəzər saldılar. Baron, bəzi itlər kimi rəqibinin geri çəkilməsini tələb edən xəbərdaredici səsləri çıxarmaq barəsində düşünmürdü.

Onlar, itin ətrafında dövrə vuraraq hücum etmək üçün doğru anı gözləmək barəsində qərara gələndə, it onlara elə şeytani baxışlarla nəzər saldı ki, canavarlar öz aqibətlərinin, Baronun ayaqları altında uzanmış, kəskin qan itirmə nəticəsində gözlərində heç bir həyat əlaməti olmayan yoldaşları kimi olacağını yəqin etdilər.

Asta addımlarla geri çəkilməkdə olan canavarların əksinə Baron onları təqib etməyə başladı. Canavarlar nə baş verdiyini anlamırdı. Qorxu hissinin təsirindən, onlar öz aralarında olan instinktiv dialoqu itirmişdilər. Elə buna görə də, onlardan biri üzüaşağı sıx meşəliyə tərəf addımlarını sürətləndirdiyi bir anda, Baron arxada qalan canavarın üzərinə atılıb onu yerə yıxdı. Kəskin dişləri ilə canavarın boğazındakı damarları gəmirib, ağzında bir neçə dəfə möhkəm silkələdikdən sonra onu kənara tulladı.

Yerə çırpıldıqdan sonra, səndələyərək ayağa qalxıb, meşəyə tərəf bir neçə addım atıb, yenidən yerə düşən canavarın dəhşətli zingiltisi və son fəryadları, digər yoldaşını xəbərdar etdi. Baronun onları bağışlamaq fikri olmadığını görən digər canavar uzaqdan hücuma keçmək fikrinə düşdü.

Canavar itin üzərinə atıldıqda, dişləri Baronun poladdan düzəldilmiş tikanlı xaltasına keçib, parçalandı.

Canavarın uğursuz hücumu onun üçün baha başa gəldi. Başı ağzından gələn qana və damaqlarındakı ağrılara qarışdığı üçün, itin hücumunu dəf edə bilmədi. Baron onun boğazını öz iti dişləri ilə vəhşicəsinə doğrayıb tökdükdən sonra, rahatlaşıb mağaraya tərəf dönmək istəyəndə, uzun və möhkəm olan canavar ulartısını eşitdi.

Arxaya dönüb baxanda, qan qoxusuna gəlmiş, sürünün başçısı olan canavarı gördü. Bu ulartının misyası digər canavarları yanına toplamaq və sürü şəklində hücum etmək planından ibarət idi.

Dağətrafı ərazinin aşağısındakı meşənin zil qaranlıq yerlərindən, canavarların, ayın təsiri ilə işıldayan gözləri görünməyə başladı.

Bir az sonra digər canavarların köməyə gələcəyini yəqin edən sürü başçısının sürətli hücumu yarı yolda güllə səsi ilə kəsildi... Saşa sürünün başçısı olan canavarı avtomatik tüfəngin gülləsi ilə dəlik-deşik edib, meyitini yerə sərmişdi. Güllə səsi digər canavarları da uzaqlara qovdu.

VII - Hissə

Saşanın gəlişi çox güman ki, Baronun həyatını xilas etmişdi. Çünki canavar sürüsüylə tək başına mübarizənin sonu ya ölüm, ya da ağır yaralarla nəticələnə bilərdi.

Minnətdarlıq əlaməti olaraq sahibinin yanına gəlib, onun əlini yaladı. Saşa heç nə başa düşmürdü. Axı onun burada nə işi var? Məgər, o bura hər gün canavarlarla boğuşmağa gəlirdi?

Bunları fikirləşərkən, kolların arasından tullana-tullana qaçan bir dovşan göründü. Saşa ani bir reaksiya ilə hədəfə kilidlənib, atəş açaraq dovşanı yerə sərdi. Baron dovşan ətini götürüb mağaraya yollandı. Saşa təəccüblü şəkildə onu izləyib, mağaranın girişində üç ayı balasının Baronu gözlədiyini gördü. Ayı balaları Baronu görən kimi, onu, asta səslə çıxardıqları və sevinc hissini ifadə edən hənirtilərlə salamladılar.

Ayı balaları üçün gətirdiyi ovu onların qarşısına qoyaraq, onları yalamağa başladı. Saşanın gözləri doldu...

İndi hər şey aydın idi. Baronun ağzıqanlı şəkildə evə qayıtmasının səbəbi təkcə ayı balalarını müxtəlif heyvanlardan qorumaqla əlaqəli deyildi. Bu qanlar, həm də onların aclıq təhlükəsini aradan qaldırmaq məqsədilə etdiyi bəzi xırda ovların qanı idi.

Onlar, ayı balaları ilə birgə gecəni sabaha qədər mağaranın yanında gecələdilər.

Sabahı günü Saşa özü ilə uzun tikanlı məftillər gətirib, ayı balalarını kənar təhlükələrdən qorumaq üçün, mağaranın ətrafını möhkəm dayaqlarla hördü.

Bu tellər zamanı gəldikdə, özləri tərəfindən asanlıqla qırılacaqdı. Amma sözsüz ki, digər yırtıcı heyvanları da, onlardan uzaq tutmağa yarayırdı.

Hər gün Saşa Baronla birlikdə bura gəlib, ayı balalarına qulluq etmək üçün azuqə gətirər və ən azı onlar özləri ov etməyi öyrənənə qədər onları yeməklə təmin edərdi.

Bu əhvalatdan sonra Saşa bir daha ova çıxmadı. Baron isə sahibinin üzündə ova getməyi bildirən sevinci və mənalı təbəssümü bir daha görə bilmədi...

# 4847 dəfə oxunub

Müəllifin son yazıları

# # #