Mahnısı 148 dilə tərcümə edildi, "Cücələrim"ə görə həbsə düşdü - Çarli Çaplinin salam göndərdiyi azərbaycanlı bəstəkar

Mahnısı 148 dilə tərcümə edildi, "Cücələrim"ə görə həbsə düşdü - Çarli Çaplinin salam göndərdiyi azərbaycanlı bəstəkar
31 iyul 2020
# 13:35

Bu gün Əməkdar incəsənət xadimi, görkəmli Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin anım günüdür. Kulis.az bu münasibətlə bəstəkar haqqında maraqlı faktları təqdim edir.

Qəmbər Hüseynli 1916-cı ildə Gəncədə dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub.

***

O, ilk dəfə görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə "Tellər oynadı" romans-mahnısını bəstələyərək özünü bəstəkar kimi sınayıb.

***

1939-cu ildə Qəmbər Hüseynli Şuşa Musiqi Texnikumunun direktorü olub.

***

Qəmbər Hüseynli 1948- ci ildə ona böyük şöhrət gətirən “Cücələrim” mahnısını bəstələyib. Mahnı qısa zamanda bütün Sovet ölkələrində şöhrət qazanır. Hətta 1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamlayır.

Gallery

Vaxtilə kino xadimlərimiz Fransada olarkən dünya şöhrətli Çarli Çaplin gələnlərin Azərbaycandan olduqlarını biləndə piano arxasına keçərək "Cücələrim"i ifa edir və qonaqlara üz tutuaraq deyir:

"Demək siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!" Amma Çarli Çaplinin salamı Qəmbər Hüseynliyə çatmır. Çünki həmin illərdə Qəmbər Hüseynli vəfat etmişdi.

***

Ötən əsrdə Azərbaycan ziyalılarının başının üstünü alan repressiya dumanı Qəmbər Hüseynlidən də yan keçməyib. Bəstəkarı “Cücələrim” mahnısına görə həbs edirlər. Mühakimə zamanı ona irad tuturlar ki, “Cücələrim” nədir?

Sən fəhlə sinifini qoyub cücələrə mahnı yazırsan. Bu bizim ideologiyamıza ziddir.

Qəmbər Hüseynli də özünü itirmədən cavab verir:

- Siz niyə dərd çəkirsiz? O cücələr böyüyüb toyuq olacaq, sonra yumurta qoyacaq, fəhlələr də yumurtadan yeyib qüvvətlənəcəklər və daha çox işləyəcəklər.

Bəstəkarın bu sözündən əsəbləşib onu həbs edirlər. Amma bəstəkarın həbs olunmasının əsl səbəbi təbii ki, Cücələrim” mahnısı deyildi. Antitürk Sovet rejimi Qəmbər Hüseynlinin mahnılarındakı türk üslubunu sezmişdi.

***

O, vaxtının çox hissəsini Azərbaycan kəndlərini gəzərək folklor nümunələrinin toplanmasına sərf edirdi.

***

Bəstəkarın dillər əzbəri olan “Ay işığında” mahnısını da onun yaradıcılığının dönüş nöqtəsi hesab etmək olar. O, 1942-ci ildə şair dostu Zeynal Xəlilin öz gələcək xanımına həsrr etdiyi şeiri 14 il sonra səfərlərinin birində mahnıya çevirir

Yayılmış hekayəyə görə, Qəmbər Hüseynlinin mindiyi qatarda nasazlıq baş verir, qatar uzun müddət dayanmalı olur. Hadisədən darıxan bəstəkar təbiətin qoynunda dincəlmək istəyir. “Ay işığında” mahnısını gecənin aydınlığında notlara çevirir.

***

Sovet multfilm sənayesinin şedevrlərindən olan "Nu, poqodi!" silsilə cizgi filminin seriyalarından birində də bu mahnı məhz Azərbaycan dillində səslənib.

Gallery

"Cücələrim” indiyədək 100-dən çox xarici dildə səslənib, 148 dilə tərcümə olunub.

***

Qəmbər Hüseynli bu dünyaya çox erkən, 45 yaşında vida edib. Bəstəkar 1961-ci il iyulun 31-də həbsxanadan çxandan iki il sonra yaxalandığı ağır xəstəlikdən dünyasını dəyişib.

# 20464 dəfə oxunub

Müəllifin son yazıları

# # #