“Bizim rəsmi iş yerimiz yoxdur. Niyə mən toydan asılı olum? Mahnı Teatrı biz sənətçilər üçün konsertlər, qastrol səfərləri təşkil etməlidir.”
Kulis.az xəbər verir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova Axşam.az saytına müsahibəsində deyib. Həmkarlarının onu musiqinin, sənətçilərin problemlərini qabardanda yanında olmamasından gileylənən Lalə Məmmədova bu yaxınlarda müğənni Xatirə İslamın fəxri adı olan sənət adamlarına qarşı tənqidi çıxışı ilə bağlı da fikirlər səsləndirib:
“İcra başçıları, Mədəniyyat Nazirliyi, telekanallarla yaşanan problemlərdən danışdım. Mən bunları deyəndə Xatirə harada idi? Bir sənət dostum mənim arxamda durmadı. Meydanda tək qaldım. Əziz Xatirə və digər sənət adamları, mən danışanda sizi yanımda görmək, həmrəy olmağımızı istəyərdim. Amma mən tək idim. Elə çıxdı ki, guya mənim şəxsi problemimdir. Halbuki, mən həmin vaxt sənət adamlarının problemindən danışdım. Dedim ki, niyə bizim səhnəmiz yoxdur? Muğamın, operanın teatrı var. Bəs, estradanın niyə yoxdur? Lazım olmayan bir janr olsaydı, Rəşid Behbudov Mahnı Teatrını yaratmazdı. Hanı bu teatr? Oranın solisti kimdir, orada kimlər çıxış edir? Var, amma tam fərqli, estradaya aidiyyatı olmayan sənətçilər. İki il oranın solisti olmuşam, razı idim. Mahnı Teatrında ilk konserti verdim. Hələ başqa problemlər qalsın kənara, siz sənətçilərin problemini dedim. Niyə Elnarə Xəlilova tələbələrini orda-burda hazırlamalıdır? Axırda məcbur özünə məktəb açdı. Niyə Aybəniz Haşımovanın Sənət Akademiyası ayrıdır? Röya Ayxan, Natavan Həbibi, Samira, Zamiq Hüseynov estrada ifaçılarıdır... Bizim rəsmi iş yerimiz yoxdur. Niyə mən toydan asılı olum? Mahnı Teatrı biz sənətçilər üçün konsertlər, qastrol səfərləri təşkil etməlidir. Əziz sənət dostlarım, niyə vaxtında səsimə hay vermədiniz? İcra başçılarından qorxurdunuz? Görün indi nə qədər icra başçısı həbs edildi. Axı, mən bunu vaxtında deyirdim... Ölkə başçısı da bu cür problemlərə açıqdır... İnternet dövrüdür, problemləri səsləndirirsən, həllini tapır. Fəxri adın buna bir aidiyyatı yoxdur. Əməkdar artist olmasaydım da çıxıb problemi deyərdim. Afaq Bəşirqızına baxın, çıxdı teatrların problemini dedi və həllini tapdı. Həmin görüşdə bir estrada ifaçısını danışan gördünüz? Hələ cavan nəsli qoyuram kənara, yaşlı nəsil hanı? Niyə həmin iclasda bir estrada ifaçısı yox idi? Rayonda konsert olanda yalnız müğənniləri göndərirsiniz. Tək-tük muğam, vokal ifaçısı olur. Estradaya isə hər yerdə tələbat var. Nə maaş istəyirəm, nə bir şey. O görüşdə deyərdiniz ki, bizim Mahnı Teatrımızı qaytarın.”