I Bakı Beynəlxalq sulu boya festivalına əsər qəbuluna start verildi

I Bakı Beynəlxalq sulu boya festivalına əsər qəbuluna start verildi
30 iyul 2020
# 14:43

I Bakı Beynəlxalq sulu boya festivalının birinci mərhələsində keçirilən müsabiqə başa çatıb və sərgidə nümayiş ediləcək əsərlərin qəbuluna başlanılıb.

Dövlət Rəsm Qalereyasından Kulis.az-a bildirilib ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, İWS Globe – Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (İWS Azerbaijan) və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Könüllülər ili” çərçivəsində cari ilin mart ayında elan edilən “Xəzərin dalğaları” adlı I Bakı Beynəlxalq sulu boya festivalının birinci mərhələsində keçirilən müsabiqə başa çatı. Müsabiqə suluboya (akvarel) texnikası ilə çəkilmiş əsərlərə marağı artırmaq, həmçinin təsviri sənətin bu istiqamətində çalışan rəssamların yaradıcılığında Azərbaycanın təbiəti, tarixi abidələri, mədəniyyətini, həmçinin müasir inkişafını dünyaya göstərmək məqsədilə keçirilib.

28 May – Respublika Gününə həsr edilən festivala dünyanın 20-dən çox ölkəsindən 350-yə yaxın rəssam 500-dən çox əsər göndərib. Əsərlərdə ölkəmizin mətbəxi, maddi və mənəvi abidələri, sənət və sənətkarlıq nümunələri, geyim tərzi və qəhrəmanlıq nümunələri təsvir edilib. 19 ölkədən (Azərbaycan, Avstraliya, Belarus, Boliviya, Bosniya və Herseqovina, Bolqarıstan, Kanada, Ekvador, Fransa, Hindistan, İran, Malayziya, Nepal, Polşa, Rusiya, Serbiya, Tailand, Türkiyə, Ukrayna) 100 rəssamın hər birinin bir əsəri festivalda sərgilənmək üçün seçilib.

Qeyd edək ki, birinci mərhələdə müsabiqənin iştirakçılarının əl işləri Azərbaycan və xarici ölkələrin münsiflər heyətinin üzvləri tərəfindən dəyərləndirilib və mükafatçılar müəyyənləşib.

Festivalda sərgilənmək üçün seçilən xarici ölkələrdən çoxsaylı iştirakçılar öz əsərlərini yekun sərgidə nümayiş etdirmək üçün artıq Bakıya göndərməyə başlayıblar. Sərgidə nümayiş ediləcək iştirakçıların əsərlərinin qəbulu davam edir.

Müsabiqənin yekun sərgisinin keçiriləməsi ilə bağlı təşkilatı məsələlərə pandemiya ilə əlaqədar tətbiq olunan sosial izolyasiya tədbirləri bitdikdən sonra baxılacaq və kataloq çap olunacaq.

# 2028 dəfə oxunub

Müəllifin son yazıları

# # #