Gedənlərin qayıtmağı - Elçin Hüseynbəyli yazır

Gedənlərin qayıtmağı - Elçin Hüseynbəyli yazır
26 may 2021
# 14:39

Gedənlərin qayıtmağı...

Başlıq hansısa əsərin adına oxşadı... Olsun!

“...Mən gedirəm Zəngilana...” gedirik. Zülfü Adıgözəlov oxuyur. Maşını Elli Atayurd sürür. Mətbuat katibimiz Xəyal Rza, hüquqşünas şairimiz İlqar Türkoğlu arxada oturub. Əsgərlik yoldaşım Yavər Abdinova zəng edirəm. Millətimizin üzünü ağardan, təpərli insana - Qəbələnin Vəndam kəndində “Vüsal” Ailəvi İstirahət Mərkəzinin sahibinə. (Sonra da deyir k, məni niyə reklam eləmirsiniz! Di hı! Bu da bir reklam!) Mahnının sözlərini eşidəndə təəccüblənir. “Mənsiz?!” Gülürəm. Sonra başa salıram ki, “Zəngilana” qulaq asa-asa Gədəbəyə gedirik. “Təsadüfən alındı” deyirəm. Doğrudan da Gədəbəy planı bədahətən işə düşdü. İcra başçısı İbrahim Mustafayevlə çoxdanın tanışıyıq. Ədəbi zövqlərimiz oxşardı, ortaq şairlərimiz, yazıçılarımız var. Düz tapdınız: İbrahim müəlim ədəbiyyatı da, mədəniyyəti də bilən, hörmət edən, qayğısını çəkən adamdır.

Baxtımızın gözəl vaxtı, taxtımızın firavan çağıdır. Hər tərəf göz oxşayır. Ən isti Kürdəmir belə, öz yaşıllığı, sərinliyilə bizə zövq verir...

Gədəbəyə çatırıq. Bizi “Meh” mehmanxana-restoran kompleksində başçının birinci müavini, 20 illik dostum, unudulmaz şairimiz İlyas Tapdığın qohumu Natiq Nağıyev qarşılayır. Elə burdaca deyim ki, mənə Gədəbəyi tanıtdıran və sevdirən İlyas Tapdıq olub. “Meh”də ki, elə mehdir: gözəl, əvəzi olmayan sərin bir guşə.

Dostlar, desəm ki, Gədəbəy ölkəmizin ən yaraşıqlı rayonudur, inciməyin. Qarabağ ürəyimiz, Gədəbəy gözümüzdür. Bu rayonu gözlə tanıyır, başımızla anırıq... Gözəllik panoramıdır. Bir dəfə yaxın dostum Gədəbəyə baxıb belə dedi: “Bu gözəlliyi adam gözlərinə yığmaq istəyir”. Şairlər üçün yaxşı rədifdir...

Gədəbəy İcra hakimiyyətinin binasına girəndə əməlli-başlı heyrətlənirik. “Bura “ASAN xidmətdir” deyirəm”. Çünki səkkiz guşənin arxasında məmurlar oturub. Bir fərq var ki, müştəri yoxdur. “Bura asan yox, asanlaşdırılmış xidmətdir” - İbrahim müəllim gülərək deyir.

Doğrudan da öncələr şikayətçilərin əlindən İcra Hakimiyyətinə girmək müşkül idi. İndi isə heç kim yoxdur. Şikayətçilər də yoxa çıxıb, növbələr də.

“Gədəbəy uzaq rayondur, gediş-gəliş də azdır. Amma biz işləyirik və istədim ki, yeniliklərlə tanış olasınız.”
Bu sözləri deyən İbrahim müəllimlə dostluğumuz İlyas Tapdığın 85 illik yubileyində möhkəmlənib.

Söhbət zamanı bizi əməlli-başlı təəccübləndirir. Nəinki bizi tanıyır, hətta yazılarımızdan söz açır, cavan müəlliflərimizi soruşur. “Qulu Ağsəs neynir e?” deyir. Məşhur şairlərimizdən şeirlər də deyir. “Məndən olsa, icra başçılarının hamısı yazar olar” deyirəm. “Siz də yazırsınız, yəqin!?” deyə eyham vururam. O da şəhadət barmağını qaldırır və deyir: “Bu gün tarix yazılır. Onu da möhtərəm Ali Baş Komandan İlham Əliyev yazır” deyir. “Vətəni də sevir, şairləri də, yazıçıları da!”

Söhbət ayrı səmtə yönəlir. 44 günlük müharibədən ağız dolusu danışırıq. “Abrımız örtüldü” deyirəm...

“Gədəbəydə Yaylaq festifalı keçirmişik və istəyirəm ki, burda tez-tez belə festifallar, görüşlər olsun. Təklifi sizdən gözləyirik” - İbrahim müəllim deyir.

Ədəbiyyatdan, mədəniyyətdən gecə yarısına kimi danışırıq. Amma söhbətimizin ortasında Qarabağ dayanır: “Mən gedirəm Zəngilana...” Yadıma düşür ki, ustadımız və ağsaqqalımız Anar müəllimin sözlərinə hərb nəğmlərimizin yaraşığı Şahin Musaoğlu da mahnı bəstələyib. Ona da qulaq asırıq. Amma hara fırladırıqsa, Zülfü Adığözəlov çıxır və oxuyur.

Mahnının bir yerində kövrəlirəm. Siz də kövrəlin: “Mənim atım yəhərlidir, qızıl-gümüş kəmərlidir. Sənin oğlun hünərlidir. Gedirəm, ana, gedirəm, ana Zəngilana! Gedirəm axı! Gedirəm axı!” Şəhid Xudayara görə hamımız göz yaşları axıdırıq və bir kələmə də danışmırıq.

Dostlar, Gədəbəy çox gözəldir. Elə bilirəm ki, buranı turizm zonasına çevirmək vacibdir və ən gözəl hava limanlarından biri də burda tikilməlidir. Düzyurd ən münasib yerdir. İndi bütün investisiya Qarabağa qoyulur və bu doğrudur. Amma Gədəbəy də bizim səngərimizdir axı. Nainsaf, bimürvət, nankor qonşularımız bura da dəfələrlə əl uzadıblar. Amma gədəbəyli soydaşlaırımız onların əlini kəsiblər...

Qafqaz Albaniyasının, qədim Azərbaycanın möhtəşəm məbədlərindən biri Mahrasadır. Məbədə 15,5 km yol çəkilib: dağları dərələri aşa-aşa, qayaları yara-yara. “Bu işlərə Natiq müəllim başçılıq edib. Elə olub ki, günlərlə yatmayıb. Biz buraları turizm mərkəzlərindən birinə çevirmək istəyirik” - İbrahim müəllim yolla gedə-gedə bunları deyir.
Mahrasa məbədi dördüncü əsrdə tikilib. Böyük bir kompleksdir. Mən bu sahə üzrə mütəxəssis olmasam da, azdan-çoxdan məlumatım var. Mahrasa, güman ki, örtülü yer olub. Hasarı, zəng qülləsi, karvansarayı, hücrələri, ibadət yerləri, monastrı ilə birgə. Amma bura dövlət dəstəyi olmasa düzəlməz. Bayaq dediyim kimi, indi əsas diqqət Qarabağımızadır. Amma buraları da yaddan çıxara bilmərik.

Bir az irəlidə Qız Qalasıdır. Doqquzuncu əsrə aid olan qala qaya üzərində inşa olunub. Üç hasarından ikisi dağılıb. Əzəmətindən, duruşundan bəlli olur ki, bu yerləri qoruyub. Elə ona görə də qürurludur. Bəlkə adı başqadır?
Çobankənddə cavan şair dostumuz İntiqam Yaşarın, Şəmkirdə qədim-qayım dostum Tərxanın, Şəkidə doxdur (həm də yazıçı) Vüqar Əmrahın, şair-tərcüməçi Qoca Xalidin qonağı olduğumuzu yazmıram. Çünki bu görüşlər plandan kənar idi. Əslində görüşlər elə plansız olmalıdır. Biz Gədəbəyə maşınla getsək də, oraları maşınla gəzsək də, yazını atüstü, çaparaq yazdım. Daha dolğun yazılarımız olacaq...

Allah amanında, dostlar!

P.S. Hə, yadıma düşdü. “Gedənlərin qayıtmağı” məşhur romançımız Sabir Əhmədlinin əsəridir. Onu da bu cür andıq! Ruhu şad olsun!

20-25 may, 2021
Bakı-Gədəbəy-Şəmkir-Şəki-Bakı

# 2645 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #