Bəxtiyar Vahabzadədən günün şeiri - Mətn

Bəxtiyar Vahabzadədən günün şeiri - Mətn
15 sentyabr 2020
# 11:44

Bu gün - 15 sentyabr Azərbaycanda ilk təhsil gündür. Kulis.az bu münasibətlə Xalq şairi Bəxtiyar Vahabzadənin məşhur "Məktəb yolları" şeirini təqdim edir.

A məktəb yolları, məktəb yolları,
Sizi bir an belə unutmadım mən.
Könlüm min həsrətlə titrəyib əsir
Hər dəfə, hər dəfə keçəndə sizdən.

Uşaqlıq günlərim düşür yadıma
Məktəbə aparır məni bu yollar.
O gözəl günlərdə hər kiçik anın
Sevinclərlə dolu bir aləmi var!

Hər gün iki dəfə keçirdim sizdən.
Kəssə də yolumu qar, boran, sazaq.
Gedişim yüngüldü, gəlişimdə mən
Hər dəfə bir pillə artırdım ancaq.

A mənim uşaqlıq dostum, həmdəmim!
Sən bilsən, nə qədər mənə əzizsən.
Hər kiçik daşının üstündən azı,
Atlanıb keçmişəm min bir dəfə mən.

Kamalım gün-gündən pərvazlanaraq
Bütün kainata açardı qanad.
Elmin sirlərini duyduqca mənə –
Daha da mənalı gəlirdi həyat.

Yararaq keçmişəm sənin üstünü –
Bürüyən dumanı, bürüyən sisi.
Sənsən ömrüm boyu, həyatım boyu
Getdiyim yolların ən şərəflisi!

İndi nə dərdim var, nə də bir qəmim.
Açılıb ömrümün qızıl baharı.
Məni səadətə siz apardınız,
A məktəb yolları, məktəb yolları!

# 4830 dəfə oxunub

Müəllifin son yazıları

# # #