Bakının neft mədənlərində yanğın törədən ermənilər - ARAŞDIRMA

Bakının neft mədənlərində yanğın törədən ermənilər - <span style="color:red;">ARAŞDIRMA
11 fevral 2015
# 11:21

XIX-XX əsrin qovşağında Çar Rusiyasında ən intensiv sosial-iqtisadi proseslərin baş verdiyi bölgələrdən biri Bakı idi. Bir tərəfdən dövlət xəzinəsinin “qızıl” sahəsi hesab edilən neft sənayesindəki canlanma burada milli, rus və xarici neft kompaniyalarının əmələ gəlməsinə səbəb oldu, digər tərəfdən fəhlə qüvvəsinə durmadan artan tələbat nəticəsində şəhərə kəndli axını xeyli gücləndi.

30 il ərzində (1873-1903) Bakı neft sənayesində neft çıxarma işi 170 dəfə artmışdı; əgər 1870-ci ildə neft çıxarılması işinə görə Bakı ABŞ ilə müqayisə edilirdisə, 1898-1901-ci illərdə onu ötüb keçərək dünyada birinci yeri tutmuşdu.

Neft sənayesinin sürətli inkişafı və Bakının böyük sənaye mərkəzinə çevrilməsi onun təbii-coğrafi şəraiti ilə izah olunmalıdır. Bakının liman şəhəri olması Rusiyanın quberniyalarından, Qafqazın müxtəlif bölgələrindən, hətta imperiya dışarısı olan qonşu İrandan işçi qüvvəsinin buraya axınını xeyli asanlaşdırmışdı. Nəinki Azərbaycanın, eləcə də Rusiyanın iqtisadiyyatında Bakının əhəmiyyəti haqqında dövrün müasirlərindən biri belə yazırdı: “Dövlətin milyonlarla insanının rifahı və qazancı Bakıdakı neft işinin vəziyyətindən asılıdır”.

Qeyd etdiyimiz kimi, neft işinin sürətli inkişafı ilə əlaqədar olaraq sənayenin bu bölümündə bir çox yerli və xarici neft şirkətləri fəaliyyət göstərirdi. Bunların içərisində liderlik mövqeyi “Nobel qardaşları” Birliyinə məxsus idi. “Nobel qardaşıarı” Birliyi fəaliyyətinin bütün sahələrində, o cümlədən, əməyin daha yüksək şəkildə təşkil olunması, Birliyin işçi və fəhlə tərkibinin nizamlanması, sənədləşmə işinin nümunəvi şəkildə qurulması işində də xeyli dərəcədə digər firmalardan fərqlənirdi. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin Nobellərə məxsus 798 saylı fondunda saxlanılan Birlik fəhlələrinin şəxsi işləri, hər bir fəhlənin Birlikdəki fəaliyyəti haqqında ətraflı statistik və dinamik məlumatlar verir.

Məhz bu bəlgələrə istinadən müəyyən etmək mümkün olmuşdur ki, “Nobel qardaşları” Birliyi fəhlələri içərisində say etibarilə üstünlük təşkil edənlər ruslar və azərbaycanlı fəhlələr olmuşdur.

“Azərbaycanlı fəhlələr” anlayışı bir qədər izah tələb edir, bu da arxiv bəlgələrində və bəzi tədqiqatlarda azərbaycanlıların ya “yerli tatarlar”, “müsəlmanlar” ya da “İran təbəələri” adlandırılması ilə bağlıdır.

Məlum olduğu kimi 1918-1937-ci illər ərzində azərbaycanlılar rəsmən “türk” adlandırılmış, onların “tatar” adlandırılması isə əsasən XIX əsrdən bəri yazılmış Rusiya nəşrlərində öz əksini tapmışdır. Eyni zamanda XIX əsrin tarixi-etnoqrafik ədəbiyyatında göstərilirdi ki, bu xalqların müəyyən mənada oxşar dillərdə danışmasına baxmayaraq onları eyniləşdirmək elmi cəhətdən yanlışdır. Məlum dördcildli “Rusiya əyalətlərinin xülasəsi” müəlliflərindən biri bu barədə belə yazırdı: “Zaqafqaziyada yaşayan müsəlmanların tatar adlandırılması...əsassızdır, baxmayaraq ki, eyni kökdəndirlər, onların dili çox fərqlidir”.

Bir xalqın adının sərbəst şəkildə digər xalqa şamil edilməsi tarixdə geniş yayılmış hadisələrdəndir. Bu arada Rusiyada məşhur olan “tatar” etnonimi bir çox şərq xalqlarına şamil edilmişdir. Məsələn, Uzaq Şərqdə materiklə Saxalin arasındakı boğaz Tatarıstandan min kilometrlərlə aralıda yerləşməsinə baxmayaraq , “Tatar” boğazı adlandırılırdı. Belə hadisələr toponomik ədəbiyyatda qeyd edildiyi kimi, digər xalqlar haqqında kifayət qədər bilgiyə malik olmamaqdan irəli gəlirdi.

1940-cı ildə nəşr edilmiş monoqrafiyaların birində belə deyilirdi: “fəhlələr – “Povoljyedən olan tatarlar” və “yerli tatarlar” (azərbaycanlılar) bir qrupda birləşmişdilər.” Bununla belə, adlarında oxşarlıq olmasına baxmayaraq, inqilaba qədərki statistik nəşrlərdə bu fəhlələr həmişə ayrı-ayrı milli qruplar kimi təqdim olunmuşlar.

“İran təbəələri” kimi qələmə verilmiş fəhlələr isə İran Azərbaycanından gələn türklər idi, yəni azərbaycanlı fəhlələr idi. Bu faktı təsdiq edən bir çox tədqiqatlar mövcuddur. Bəzi tədqiqatlarda isə bu fəhlələrin azərbaycanlı olması danılmış və onlar “farslar” adlandırılmışdır. Zaqafqaziyanın sosial-iqtisadi tarixi ilə bağlı 30 dan çox tədqiqatın müəllifi P.Petroviç qeyd edirdi ki, azərbaycanlıların iki yarım qrupa – “azərbaycanlı” və “fars” yarım qruplarına bölünməsi onların milli mənsubiyyəti ilə müəyyən olunmamışdır. “Hər iki yarım qrup türklərdən ibarətdir və onların içərisində bir nəfər olsun belə fars yoxdur”.

Yuxarıda qeyd etdiyimiz kimi, Nobellər öz mədən və zavodlarında fəhlə və qulluqçuların tərkibinin nizamlanmasına böyük önəm verirdilər. Daha çox ixtisaslaşmış, peşəkar və öz iş yerinə sədaqət və vicdanla yanaşan işçilərə üstünlük verilir, tələblərə “cavab verməyənlər” isə müxtəlif ad altında şirkətdən uzaqlaşdırılırdı. Bu, əsasən yeni açılan və ya alğı-satqı ilə mənimsənilmiş müəssisələrdə mümkün idi. Yəni “Nobel qardaşları” Birliyi tərəfindən başqa bir şirkətin və ya firmanın özəlləşdirilməsi əsasında baş verirdi. Başqa sözlə, bu və ya başqa inhisar hər hansı bir firmanı və ya inhisar qrupunu özünə tabe etdiyində əslində idarəçiliyi dəyişdirirdi. “Dəyişdirmə”, “yenidən təşkilatlanma” çox ciddi şəkildə, “Birlik tərəfindən hazırlanmış” qaydalara əsasən, işçilərin tərkibi, əmək haqqı şərtləri, hər bir fəhlə və qulluqçu haqqında məlumatların fiksasiya edilməsinə aid edilirdi. Məhz bu vasitədən istifadə edərək Nobellər arzu etmədikləri fəhlə və qulluqçuları şirkətdən uzaqlaşdırırdılar. Arxiv bəlgələrinə istinadən müəyyən etmək mümkün olmuşdur ki, belə bir arzu edilməyən işçi qruplarından biri erməni milliyətli işçilər olmuşdur.

I Dünya savaşının başlamasından az öncə “Nobeı qardaşları” Birliyi erməni iş adamı M.A.Kələntərovun mədənlərini satın almışdı. Bu sövdələşmənin baş tutması ərəfəsində Nobellərin Petroqradda yerləşən Baş İdarəsi müdiri K.V.Xaqelin məxfi olaraq Bakı idarəsi müdiri A.Q.Lessnerə belə bir məktub göndərmişdi:

“Çox güman ki, cənab Kələntərovun fəhlə və qulluqçularının çoxunun erməni olduğunu nəzərə alsaq, onların kütləvi şəkildə işdən qovulması... şübhəsiz narazılıq yaradacaqdır və bu sonuc təhlükə yarada bilər. Odur ki,... biz onların işdən çıxarılmasını tədriclə, bu və ya digər fəhlə və qulluqçunun bundan sonra nə üçün işdə qalmasının arzuedilməz olduğuna dair bilgilər verməklə həyata keçirməliyik”.

İki aydan sonra Birlik mədənlərinin müdiri M.M. Şumaxer Xaqelinə məlumat vermişdi ki, Kələntərovun buruq mədənlərindəki fəhlələr “gərəkmədiyi üçün işdən azad olunurlar, sağlıqlı hesab olunanlar isə işdə qalacaqlar”.

Erməni fəhlələrinin tədriclə işdən uzaqlaşdırılması “texniki” baxımdan Nobellərin fəhlə və qulluqçularla bağlı mütləq şəkildə həyata keçirdiyi tibbi yoxlama nəticəsində baş verirdi, yəni Tibb komissiyasının Nobellərin işdən uzaqlaşdırmaq istədiyi fəhlə və qulluqçulara verdiyi “işə yararlı deyildir” rəyindən sonra həyata keçirilirdi. İstinad edilən arxiv bəlgəsi bizi bu qənaətə gətirir ki, “Nobel qardaşları” Birliyinə Kələntərovun firması nə qədər gərəkli idisə, bu firmanın erməni mənsublu fəhlə və qulluqçuları bir o qədər gərəksiz idi. Bu faktın aşkar edilməsi zənnimizcə çox aktualdır. Çünki çağdaş günümüzdə erməni müəllifləri Bakə neft sənayesində erməni iş adamlarının rolunu şişirtməklə yanaşı, mədən və zavodlarda məhz erməni işçilərinin üstünlük təşkil etdiyini iddia edirlər. Bu müəlliflərin hansı mənbələrə əsasən bu iddiada olması sual doğurur. Yenidən faktlara müraciət etdikdə erməni fəhləsinin neft sənayesində daha çox mövsümi fəhləlik etdiyi qarşımıza çıxır. İşçi kontingentinin bu hissəsi əsasən kənd təsərrüfatı ilə məşğul olan və mövsüm ilə əlaqədar fəhləlik edən insanlardan ibarət idi. 1910-cu ilin məlumatlarına görə Şimali Azərbaycanda müvəqqəti işləməyə gələn fəhlələrin 49.5 faizi “İran təbəələri”, 82.8 faizi isə ermənilər idi. Ümumiyyətlə bir çox tədqiqatçılar erməni fəhləsinin Bakıya “kənddən yeni gəldiyini və hələ “bir ayağının” orada olmasını qeyd ediblər. Bu məsələ yalnız sovet tarixşünaslığında deyil, inqilaba qədərki mətbuatda da öz əksini tapıb. Belə ki, 15 iyun və 4 iyul 1917-cü il tarixli “Трудовая правда» qəzetində dərc edilmiş S.İ.Kavtaradze və A.B.Karinyanın ümumi Bakı tətilinin “xarakter xüsusiyyətlərini” açıqlayan məqaləsində hər iki müəllif qeyd etmişdir ki, “tətilin əsas hərəktverici qüvvəsi ruslar və tatarlardır”, “düşüncəsi az olan erməni fəhləsi yerli millərçilərin heç bir təsirinə məruz qalmırlar”. “Düşüncəsi az erməni fəhləsi” kəlməsi altında isə məhz şəhərdə mövsümi fəhləlik edən erməni kəndlisi nəzərdə tutulmuşdur.

Beləliklə, arxiv bəlgələrinin aşkar edilməsi ilə “Nobel qardaşları” Birliyinin erməni mənsublu fəhlə və qulluqçulara etibar etməməsi bir fakt kimi ortaya çıxır. Bu faktı doğuran sosial-siyasi səbəblər ayrıca bir araşdırma zərurətini ortaya atmış olur. Burada isə lakonik şəkildə bildirmək olar ki, 1905-07-ci illərdə “Nobel qardaşları” Birliyinə məxsus zəngin neft mədənlərinin yandırılıb oda verilməsi, başqa səbəblərlə yanaşı “erməni faktoru” ilə də bağlı idi.

# 1241 dəfə oxunub

Müəllifin son yazıları

# # #