Bu gün “525-ci qəzet”in 31 yaşı tamam olur.
Kulis.az “525-ci qəzet”in kollektivini təbrik edir və redaktor Seyfəddin Hüseynli, müxbirlər Aytac Sahədlə Nadir Yalçının təəssüratlarını təqdim edir.
Seyfəddin Hüseynli:
“525-ci qəzet”in növbəti ad günü təkcə bizdən ötrü yox, media mühitimiz, bütövlükdə ölkə ictimaiyyəti, xüsusən, ədəbi mühit üçün əlamətdar hadisədir. Adətən 30 yaşdan sonranı yetkinləşmə dövrü adlandırırlar, amma, məncə, “525-ci qəzet” üçün bu yanaşma o dərəcədə də özünü doğrultmur, çünki bu qəzetin oxucuları üçün qəzetin qeyri-yetkin vaxtı olmayıb. Bu mənada qəzetimizi “məktəb” adlandıranlar haqlıdırlar. Bir məsələ də var ki, “525” sonradan məktəbə çevrilməyib, elə yarananda məktəb kimi yaranıb. Qəzetimiz bütövlükdə mətbuat tariximizdə unikal nümunələrdən biridir.
Mən də artıq 25 ildir bu qəzetdə işləyirəm. Həm öyrənmək, həm də öyrətmək funksiyam 25 ildir ki, davam edir. Buna çox sevinirəm. Başda Rəşad Məcid və Yusif Rzayev olmaqla, bütün “525” kollektivini təbrik eləyirəm. Arzum budur ki, bu qəzetin daha da inkişaf etməsi üçün hər cür şərait yaradılsın.
“525-ci qəzet”in 31 yaşı mübarək!".
Aytac Sahəd:
"525-ci qəzet" mənim şansımdır!
Bunu zərrə pafosa yol vermədən, bütün səmimiyyətimlə deyirəm. Artıq dörd ildir ki, imzam "525-ci qəzet" də görünür. Yusif müəllimin haqqını ödəyə bilmərəm. Hər mətnimdə zəhməti var. Seyfəddin müəllimin məsləhətləri həmişə köməyim olub. "525- ci qəzet"də imzamı qazanmışam, özümü tapmışam. Bu şansı mənə verdiyinə görə Rəşad müəllimə minnətdaram.
Təsəvvür edin, qəzetdə otuz il işləyən adamlar var. Təzə gəldiyim vaxtlarda bu mənə çox qəribə görünürdü. Zamanla niyəsini başa düşdüm. Çünki burda insana qiymət var.
Bilirəm, indiki dövrdə qəzet oxuyanların sayı çox deyil. Amma olsun, buna da şükür. Nə yaxşı varsınız, əziz qəzetsevərlər.
Dünən APA-nın da ad günü idi. Bu münasibətlə sizləri təbrik edirəm. APA mənə də çox şey qazandırıb. Sevinirəm ki, tərcümeyi-halımda ölkənin dəyərli iki media orqanının adı yazılıb".
Nadir Yalçın:
“525-ci qəzet”ə ünvanlanan təbrikləri oxuduqca fərəhlənirəm. “525” gənclərin qəzetidir və ən əsas məsələ də budur.
Əksər iş mühitində prioritet peşəkar və təcrübəli kadrların mövcudluğudur. Xüsusən, mətbuat sahəsində universal və tam püxtələşmiş şəxslərə üstünlük verilir. Bu, normaldır, heç bir baş redaktoru, təsisçini buna görə qınamaq olmaz. Fəqət dəyəri ayaqda saxlayan fədakarlıqdır. Bu baxımdan "525-ci qəzet" jurnalistikamızın fədakar simasıdır. Arxivdəki materialları vərəqləyəndə də, son illər "525"də çalışanları nəzərdən keçirəndə də məlum olur ki, son 30 ilin jurnalist bazasının formalaşdırılmasında qəzetimizin böyük zəhməti var. Nisbətən orta yaşlı və daha gənc həmkarlarımızın çoxusu ilə həmsöhbət olanda onların tərcümeyi-halında "525"ə mütləq rast gəlinir. 30 yaşlı seçkin mətbuat orqanımız keyfiyyətli iş ərsəyə gətirməklə yanaşı, daim jurnalistikamızın gələcəyini fikirləşərək öz sıralarına gəncləri dəvət edib, müraciətlərinə həssaslıqla yanaşıb, hansısa nüansda oxunma sayında, operativlikdə büdrəməyi gözə alaraq həvəsi olan gənclərə yaşıl işıq yandırmağa çalışıb. Bu səbəbdən də, "525"in müxbir heyəti daim yenilənir və yeni imzalar parlayır. Zərdabi babamızın da amalı gələcək nəslin firavanlığı idi. "Əkinçi"nin yalnız layiqli övladları bu missiyanı gerçəyə çevirməyi bacarırlar. "525-ci qəzet" məktəb yaratmağı, ənənə formalaşdırmağı və davam etdirməyi hədəfləmiş mətbuat orqanıdır.
Rəşad Məcid, Yusif Rzayev, Seyfəddin Hüseynli, Aydın Bağırov başda olmaqla bütün kollektivimizi təbrik edirəm!".