Şəhərin bir sıra restoran və ictimai-iaşə müəssisələrində siqaret çəkmək qadağan edilib. Halbuki ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı Azərbaycanda qanun qəbul edilməyib. Bəs bu zaman istehlakçıların hüquqları pozulurmu?
Məsələ ilə bağlı Kulis.Az-a münasibət bildirən vəkil Aslan İsmayılov dünyanın bir çox ölkələrində ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı qanun layihələrinin qəbul edildiyini deyir: “Adətən restoranlar əvvəlcədən yazılı və ya hər hansı bir şəkildə siqaret çəkilməsini qadağan edən bildirişlər yayırlar. Belə olan təqdirdə istehlakçı restorana qarşı heç bir iddia irəli sürə bilməz. Mən özüm siqaret çəkənəm. Buna baxmayaraq, o restoranların addımlarını təqdir edirəm”.
“Mən restoranımda ancaq balıq verirəmsə kiminsə hüquqlarını pozurammı? Bəzi qaydaları xidmət təklif edən tərəflər müəyyən edə bilərlər, yəni siqareti qadağan etməklə heç kəsin hüququ pozulmur” - bu fikri isə vəkil Xaliq Bağırov bildirib. O, əlavə edib ki, hüquqda daim hüquqların konflikti var. İstənilən hüququ məhdudlaşdırmanın əsaslandırması olmalıdır. Buna baxmayaraq, Xaliq Bağırov hesab edir ki, restoran sahibinin əsaslandırması daha güclü olacaq: “Restoran sahibi bunu siqaret çəkməyən müştərilərinin sağlamlığını qorumaq istəməsi ilə izah edəcək. Bir yandan sənin siqaret çəkmək hüququn olacaq, digər yandan isə digər müştərilərin sağlamlıq hüququ. Məncə ikinci ağır basacaq”.