Türk rejissor: “Sizdə texniki biliklər gücləndirilməlidir”

Türk rejissor: “Sizdə texniki biliklər gücləndirilməlidir”
1 mart 2013
# 11:47

Kulis.Az-ın suallarını gənc türk rejissoru Rəmzi Mərd Ləvənd cavablandırır.

Dosye: Remzi Mert Levent 1986-cı ildə İstanbulda Kadıköydə anadan olub. Beykent Universitetinin incəsənət fakültəsində səhnə sənətləri ixtisasına yiyələnib. İstanbul Beykent Universitetində Kino üzrə magistr təhsili alır. İtaliyanın Boloniya Kino məktəbində təhsil alıb. Qısa filmləri ilə Türkiyədə və xaricdə keçirilən festivallarda iştirak edib, mükafatlar qazanıb.


Filmləri: 1. ”Pomada” (2006 - rejissor, ssenarist)
2. ”Xatirə” (2007 - rejissor, ssenarist)
3. “Gecə növbəsi” (2012 - rejissor, ssenarist) (İKFD 10. Qısa Film Festivalında “birinci yer” mükafatı - İtaliya) və s.


- Özünüz haqda məlumat verərdiniz.

- İstanbulda yaşayıram və rejissor kimi çalışıram. Daha çox klip çəkirəm. 3 qısametrajlı filmim var. Bu filmlərlə festivallara qatılmışam, mükafatlar qazanmışam.

- Mükafatları Türkiyədə, yoxsa ölkə xaricində almısınız?

- Türkiyədə də, Türkiyədən kənarda da mükafatlar almışam. İndi Tahir müəllimlə (rejissor Tahir Əliyev nəzərdə tutulur-red.) Beykənt Universitetində kino ilə bağlı master keçirik. Tahir bəy Bəykənt Universitetində qrup yoldaşımdı.

- Musiqi klipləri çəkirsiniz?

- Hə, musiqi klipləri və tanıtım filmləri çəkirəm. Bu il ilk dəfə uzun metrajlı film çəkməyi planlaşdırıram. Hələlik bu işlərlə məşğulam.

- Təhsilinizi kino üzrə almısınız?

- Mən bir çox universitetdə təhsil almışam. Əvvəl İstanbul Akademiyasında oxudum. Oradan ayrılıb Maltəpə Universitetinə getdim. Maltəpə Universitetində də təhsilimi yarımçıq qoydum. Daha sonra səhnə və yüksək sənət üzrə təhsil aldım. Təhsilim kino üzrə olmasa da bu sektorda çalışmışdım, kino ilə daim maraqlanmışam. İndi magistraturada kino üzərində işləyirəm. Bir də ki Türkiyədə əksər rejissorlar kino üzrə təhsil almayıblar.

- Dünya təcrübəsində də belədir.

- Bizim rejissorların çoxu ixtisasca həkim, mühəndisdir. Kinoya hobbi kimi başlayırlar. Rejissorluq ondan sonra peşəyə çevrilir.

- Sənət filmlərinin kütləvilik, kütləvi filmlərin isə sənət problemi olur...

- Bu dünyanın hər yerində belədir. Türkiyədə sənət filmləri maraqla qarşılanmayanda rejissorlar pul qazana bilmirlər. Həm də bir daha film çəkə bilmirlər. Türkiyədə son 10 ildə çox şey dəyişib. Artıq film festivalları filmlərə mükafat verir. Filmləri çoxlu tamaşaçı izləməsə də bu problem deyil. Türkiyədə tamaşaçı filmləri hər zaman populyar olub.

- Türkiyədə keçirilən festivallarda pul mükafatı nə qədər olur?

- “Altın portağal” festivalı 350 min türk lirəsi (152 min 355 manat – red) mükafat verir. Ayrıca Mədəniyyət Nazirliyi də bədii filmlərin çəkilişinə dəstək olur. Əgər çəkdiyin film 6 festivalda mükafat qazanarsa, nazirlik sənə verdiyi pulu geri almır. Yəni pulu sənə hədiyyə edir. Bu yaxınlarda Türkiyədə yeni qanun qüvvəyə minib. Artıq dövlət sənət filmlərinə pul ayırmayacaq. Ancaq populyar tamaşaçı filmlərinə pul ayrılacaq. Sənət filmlərində daha çox siyasi məsələlərdən bəhs olunur. Hökumət də bunu istəmir. Ona görə bu qanunu çıxardılar.

- Deməli, Recep İvedik pul alacaq, Ceylan yox?

- Bəli, məhz sizin dediyiniz kimi...

- Türkiyədə ən çox bəyəndiyiniz rejissor kimdir?

- Ən çox bəyəndiyim rejissor Zeki Demirkubuzdur. O, çox fərqli adamdır. İşığı, kameranı bilir. Zeki Demirkubuz film sektorundan uzun müddət kənarda qalıb. Daha çox başqa işlərlə məşğul olub.

- Demirkubuz hansısa festivalda mükafat almamışdı, narazılıq etmişdi...

- “Altın Koza” festivalında mükafat almadı. Türkiyədə festivallar əvvəlki kimi prestijli deyil. Düzdür, pul verirlər. Ancaq həmin festivalları təşkil edənlərin əksəriyyəti cahil insanlardır. 23 yaşlı aktrisanı münsiflər heyətinə daxil edirlər. Hülya Avşardan münsif olmaz axı, bu sadəcə mümkün deyil. Kinonu bilmir. Filmlərə çəkilməsi onun münsiflər heyətinin sədri olmağına dəlalət etmir.

- Robert De Niro da münsiflər heyətində sədr idi...

- De Nironun sədr olması normaldır. Çünki De Niro dünyanın ən yaxşı filmlərində rol alıb, ən yaxşı rejissorlarla çalışıb. O, kinonu çox gözəl bilir.

- Türkiyədə tamaşaçılara təqdim edilən filmlərdən sənət baxımından yüksək olanları da var. Məsələn, Yılmaz Ərdoğanın filmləri.

- Yılmaz Ərdoğan o filmlərini festivallara göndərir, amma qəbul etmirlər.

- Sənət filmlərinə böyük sayda tamaşaçıların baxması mümkündürmü?

- Bunun Avropada, Amerikada çox böyük nümunələri var. Türkiyədə Yılmaz Ərdoğan dediyinizə yaxındır. Onun filmlərindən başqa yoxdur.

- Nuri Bilgə filmləri Türkiyə cəmiyyəti üçün elitdirmi?

- Elədir. Nuri Bilgə və bunun kimi insanların hamısı yaxşı ailələrdə böyüyüblər.

- Nuri Bilgənin son “Bir zamanlar Anadoluda” filmini nə qədər insan izləyib?

- Ümumi elita izləmir, əsasən universitet tələbələri onun filmlərini izləyir. “Bir zamanlar Anadoluda” filmini artıq 80 min adam izləyib. Amma bunun səbəbi film deyil, filmdə Yılmaz Ərdoğanın rol almasıdır.

- Zeki Demirkubuz daha fərqlidir.

- Demirkubuzun filmləri küçə filmləridir.

- Tamaşaçı sayına görə hansı öndədir?

- Yox, o, daha geridədir. Filmləri izlənməli filmlərdir, ancaq baxılmır.

- Çox adam Demirkubuzu “Yalan dünya” filmindən tanıdı.

- Sonra əsəbiləşdi, icazə vermədi.

- Türkiyədən Azərbaycan film sahəsi necə görünür?

- Azərbaycan kinosu haqqında eşitməmişdim, amma artıq az da olsa xəbərim oldu. Tahir Əliyev dərsdə Azərbaycan kino tarixindən təqdimat etdi. Hətta Vladimir Menşovun bakılı olduğunu onda bildim. Deməli, bakılı birinin Oskarı da var. Azərbaycana gəlməyim bu mənada mənə kömək oldu. Hətta burda Ssenari Mərkəzinin təşkil etdiyi ssenari kursunda mühazirəm də oldu. Gənclər aktivdir və səy göstərirlər.

- Bir azda Azərbaycana səfəriniz barədə danışardınız.

-Azərbaycana Tahir Əliyevin “Tbiliso” qısametrajlı filminin çəkilişi üçün gəlmişəm. Filmin ssenarisini İntiqam Hacılı yazıb. Filmdə operator kimi çalışırdım. El TV-nin filmə göstərdiyi texniki dəstəyi yüksək qiymətləndirirəm.

- Türkiyə ilə Azərbaycan fərqini necə görürsünüz?

- Sizdə texniki bilikləri gücləndirmək üçün lazımı işlər görülməlidir. Bölgələrdə də texnikanın çoxalmasına şərait olsa yaxşı olar. Azərbaycanda çox gözəl filmlər üçün məkanlar var. Onlardan istifadə etmək lazımdır. Kinonuzun inkişafı üçün prodüser sistemi gücləndirilməlidir.

# 4253 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #