"Ədəbiyyat müəlliməsinə toxunanda keçirdiyi hisslər..." - "Azğın" haqqında

"Ədəbiyyat müəlliməsinə toxunanda keçirdiyi hisslər..." - "Azğın" haqqında
3 aprel 2020
# 17:59

Kulis.az Pakizə Zakirovanın “Qeyri-peşəkar tənqid” və ya “Kimi oxudum və nə gördüm” silsiləsindən Cəlil Cavanşirin “Azğın” romanı haqqında yazısını təqdim edir.

Bütün fikirlər subyektivdir. Bu səbəbdən roman haqqında yazılan heç bir tənqidi yazını oxumadım. Düşünürəm ki, müasirimiz olan hər hansı bir müəllifin yeni romanı, ya digər əsərini oxuyuruqsa, fikrimizi də söyləməkdə sərbəst olmalıyıq. Əslində bədii əsəri kiminsə təhlili ilə qəbul etmək yox, öz düşüncə və zövq süzgəcimdən keçirməklə onunla tanış olmağa üstünlük verirəm. Tənqid ədəbiyyatşünaslıq üçün çox vacibdir, oxucu üçün bir o qədər də yox, zənnimcə. Bir də ki, peşəkar tənqidçilər bu işlə işləri kimi məşğul olur və olmalıdılar da. Oxucunun qeyri-professional şəkildə olsa da, öz fikri olmalı.

Bütün fikirlər subyektivdir. Təbii ki, klassikaya münasibətdə də bəlkə də eyni fikirlər keçərlidir, çünki konkret zamanda yaranan ədəbiyyatı təhlil edərkən ola bilsin ki, həmin zamanın ruhunu anlamamağımız, həmin zaman kəsiyində yaşamamağımız müəyyən rol oynaya bilər.

Nəzərə alsaq ki, yazıçı, müəllif özü də fərddir və onun yazdığının, niyə yazdığının, nəyi ifadə etməyə çalışdığının tam şəkildə hər hansı mükəmməl və peşəkar tənqidçi tərəfindən belə, dərki və doğru yozumu imkansızdır. Nə qədər oxucusu varsa, əslində bir əsərin o qədər variantı var. Hər kəsə bol-bol oxucular arzulayıram.

Romanı mənə hədiyyə göndərdiniz və dərhal oxumağa başladım. Lakin elə ilk fəsildən qabağıma çıxan bir-iki cümlə məni “küsdürdü” və oxumaq istəmədim. Bir müddət keçdi, ya oxucu, ya qadın marağı ilə kitabı yenidən əlimə aldım. Əslində asan oxunur. Ağır getmir. Və romanda nələr gördüm?

İlk əvvəl, mənə görə, romanın quruluşu və mövzu seçimi XX əsrin ortalarından başlamış üzü bu yana çox tez-tez müraciət olunan roman tipidir. Şəxsiyyətin ikiləşməsindən, əslində çoxlaşmasından əziyyət çəkən, özünü axtaran qəhrəman, böyük ehtimal ki, müəllifin şəxsi yaşantılarından boylanır oxucusuna. Özünü təsdiq etmə cəhdi varmı? Romanın bəzi hissələrində qəhrəmanın atasına oxşama, onu təqlid etmə, onun yolu ilə getmə var (xüsusilə yeniyetməlik çağlarında). Sadəcə son sevgilisinə - Narsisə münasibətdə az da olsa dəyişmə və özünü təsdiq etməyə meyil hiss olunur. Hətta yeniyetməlik çağlarının təsvirində qəhrəmanın özündən müştəbehliyini və sanki özünü “mükəmməl” hesab etməsini görürük. Dərslərini əla oxuyur, sinifdə hamını idarə edir, hətta maddi cəhətdən də hamıdan üstündür, yeri gələndə digərlərini saqqızla “mükafatlandırır”. Romanda yazıçı qəhrəmanın özünü “tanınmış adam”, “istedadlı yazıçı” kimi təqdim etməsi var, lakin romanda o uğur hekayəsi və şöhrətə çatmaq yolları yox, onun enişi, psixoloji problemləri daha çox qabardılır.

Əsər boyunca qəhərəman bir neçə dəfə özünü “saç-saqqalı ağarmağa başlayan”, “yetkin kişi” adlandırsa da, heç kimə və heç nəyə münasibətdə o yetkinliyi görmürük, ilk gəncliyində toxunduğu ilk qadın olan ədəbiyyat müəlliməsinə qarşı necə hisslər keçirirsə, sona qədər qarşılaşdığı bütün qadınlarla da eyni cür rəftar edir (qəhrəmanın demək olar ki, bütün “sevgil”lərində, bütün münasibətlərində nizamsızlıq var. İndi deyəcəksiz ki, sevgi ağıl və sağlam məntiqdən kənarda bir duyğu. Bu artıq başqa söhbətin mövzusudu, məncə). Sanki başını nənəsinin dizinə qoyub ağlayan uşaq heç böyümür. Həyatın sonrakı mərhələlərində nənəni əvəz edən qucaqlar tapır müvəqqəti də olsa. Əsasən də, həkiminə olan münasibətdə bu hiss olunur. Bəzən həkimin dediklərinə əməl etməsə də, onun müayinəsinə və qəbuluna getməkdən sanki güc alır.

“Həyat qarşısında əllərini qaldırıb təslim olan”, “öz bədbəxtliyinin içində boğulmağa başlayan”, “vaxtsız ölməkdən qorxan”, “dəli olmaqdan qorxan”, “lazımsız hadisələri və təsadüfləri gözündə böyüdən”, “hər şeydə məna axtaran”, “əzab çəkməyə nifrət edən”... və daha neçə təyinini görürük romanda qəhrəmanın. Bunlar nədən xəbər verir? Öz dəliliyindən qorxan və nə olursa-olsun bu düşüncəni həm özündən qovan, həm də israrla başqalarına belə olmadığını sübut etməyə çalışan qəhrəman niyə əsər boyu uşaqlığında, ilk gəncliyində kənddə gördüyü dəliləri xatırlayır? Adının nə olmasından, dəliliyinin nə olmasından asılı olmayaraq, müəllif hər dəfə onları dəli edənlərdən bəhs edir. İctimai ədalətsizlik, zülm, aclıq, maddi durumun bərbadlığı, yiyəsizlik....sosial bəlalar. Deməli, qəhrəman özünün də divanəliyində, psixoloji durumunda baş verən dəyişikliklərdə hardasa kənar səbəblər görür. Özündən yox, ətrafdakıların münasibətindən yaranan divanəlik. Bütün divanəliklər də nədənsə həmişə qadın-kişi münasibətləri fonunda üzə çıxır. Mənim subyektiv anlamıma görə, tez-tez “aşiq olduğu” qadınları xəyalən “qətlə yetirməsi” qəhrəmanın artıq bütün qadınlara nifrət etməsini ifadə edir.

Romanın bir yerində deyilir : “İnsandı da. Daha doğrusu, qadındı”. Fərqli bir kateqoriya? Bu, hər halda, müəllifin qadınlara qarşı lütfündən yaranmır. Əsər boyunca qarşımıza çıxan qadınlar kimlərdi? Sinifdə şagirdinə sevdiyi qızla bir yerdə oturmağa imkan yaradan, imkan düşəndə bədəninin gücü ilə məsum bir gənci ehtiraslandıran, evli kişi ilə qaçan ədəbiyyat müəlliməsi (Halbuki, bu xarakter cizgilər onun eynəkli və kitabsevər təsviri ilə bir araya bir o qədər də sığışmır). Daha sonra, kənddəki hər kəslə yatan Əzizin anası, müharibədə sağlamlığnı itirmiş ərinə sadiq qalmaqdansa, şikəst insanı öz ehtirasına alət edən qadın, ona həyan olmaq üçün yanında qalan bir yeniyetməni ehtirasını soyutmaq üçün istifadə edən və günün birində onu heç nə olmayıbmış kimi özündən uzaqlaşdıran daha bir qadın, qəhrəmanın ərini və uşaqlarını atan “ifritə arvadı”, ondan öz problemlərini yoluna qoymaq üçün istifadə edəndən sonra, çoxsaylı problemlərinin içindən çıxış yolu tapmaqda aciz qalan yazıçı ilə “ümidsiz və gələcəksiz macəralar”dan yaxa qurtarmağa çalışan soyuqqanlı Narsis və daha neçə ruhsuz, sevgisiz, fürsətgir, şəhvətpərəst qadınlar. Bütün bəlaların səbəbkarları qadınlardı sanki. “Böyüyə bilməyən” kişilərin bəhanəsi.

Intihar cəhdi, qəhrəmanı rahat buraxmayan qarabasmalar, özünü ovutmaq üçün seçdiyi çoxsaylı vasitələr – içki, narkotiklər və qadınlar hamısı birlikdə ağıl və sağlam məntiqin çatışmadığı insanı təsvir etməkçün tam yerində seçilib, lakin o öz dəliliyi ilə nəinki barışır, hələ başqaları tərəfindən belə qəbul olunmasına durmadan etiraz edir, nəyin bahasına olur-olsun, bunu pərdələməyə çalışır. Qəhrəmanın qarabasmaları onun müxtəlif zamanlar arasında gedib-gəlməsinə, bir neçə şəxsin yaşantıları arasında keçid etməsinə səbəb olur. Daha bir maraqlı cəhət, səhv etmirəmsə, o roman boyunca nə Allaha dua edir, nə də Yaradandan imdad diləyir. Bəlkə də haqlı, onun etiraf etdiyi kimi: “Dəlilik bəzən qurtuluşdur”.

Əsərin sonunda hayandasa qəhrəmanın intihar səhnəsinin təsvir olunduğu hissələrə mistika ilə qarşılaşırıq. Cəmonun əhvalatı ilə D.Q.nin əhvalatı bir-birinə qovuşur. “Hər şeyin yaxşı olduğuna inanmaqla başlanan dəlilik” sonda intiharla tamamlanır. İntiharın təsviri ilə əvvəldə Milan Kunderaya istinadən deyilən, əzabsız həyatın mənasızlığı haqqındakı fikirlərini yazıçı inkar edir sanki. Çünki qəhrəman əgər əvvəldə məhz həyata məna qatan xüsusi cövhərin əzab olduğunu deyirdisə, onda niyə əzablı həyatı yox, ölümü seçir? Öz-özünü inkar. Hətta öz-özüylə də barışa bilməmək. Deməli, əsər boyunca qəbullana bilmədiyi şey – divanəlik faktdır.

Romanda diqqətimi çəkən və doğrusu, heç ürəyimcə olmayan hissə “Mateo Falkone” süjetini xatırladan Hacalı-İsmayıl əhvalatı oldu. Romanın ümumi havasında bəlkə də əslində lal olmasa da, özünü lallığa qoyan daha bir “dəli”nin (psixoloji durumu normal olmayan, ya da şikəst birinin) əhvalatına ehtiyac var. Amma təsvir birmənalı şəkildə insanı başqa əsər haqqında düşünməyə vadar edir. Doğrudur, İsmayıl təcik olsa da, Mateo kimi satqın deyil, əksinə bəlkə də əslində olduğundan da daha cəsarətli aparır özünü və s. və i.a.

“Azğın”ın son səhifələrində İlqar Rəsulun romanından sitat gətirilməsi çox ürəyimcə oldu. Düşünürəm ki, müasir ədəbiyyatımızın təbliğat vasitələrindən biri də məhz yazarlarımızın öz əsərləri vasitəsilə digərlərinin əsərləri, yaradıcılığından sitat gətirmə, ya xatırlatma ola bilər. Şopenhauer, Kant və başqa alman pozitivist filosoflarının heç vaxt oxumadıqları və mənasını anlamaqda özlərinin də çətinlik çəkdikləri fikirlərindən sitat gətirmək yox, məhz öz sözümüzü təbliğ etmək. “Getmə”ni oxumasaydım, onda onu tapıb oxumaq həvəsi yarada bilərdi romandan gətirilən sitat.

Belə. Mən ali məktəbdə Dünya ədəbiyyatını tədris edirəm və az-çox müxtəlif “izm”lərdən anlayışım var. Amma fikrimi yazarkən bir filoloqun görə biləcəklərini yox, bir oxucunun görəcəklərini ifadə etməyə çalışdım. O birisi tənqidçilərin işi.

# 2271 dəfə oxunub

Müəllifin son yazıları

# # #