“Nar bayramı” və miniatür sənətimiz UNESCO-nun irs siyahısında

“Nar bayramı” və miniatür sənətimiz UNESCO-nun irs siyahısında
17 dekabr 2020
# 08:48

Dekabrın 16-da Azərbaycanın təqdim etdiyi “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” adlı nominasiya sənədinin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul olunub.

Mədəniyyət Nazirliyindən APA-ya verilən məlumata görə, öllkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi, Mədəniyyət Nazirliyi və Xarici İşlər Nazirliyi, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.

İclasda Azərbaycan nümayəndə heyəti adından çıxış edən Mədəniyyət Nazirliyinin rəsmisi Vasif Eyvazzadə qəbul olunmuş qərara görə ölkəmiz adından UNESCO-ya və qurumun qiymətləndirmə orqanına öz təşükkürünü bildirib, nar mədəniyyəti və ənənələrinin Azərbaycan xalqının mədəni həyatında, mifologiyasında, qədim adət-ənənələrində, mətbəxində, kənd təsərrüfatında xüsusi yer tutduğunu vurğulayıb. Təşəkkür nitqində bu nominasiya faylının müvafiq siyahıya daxil edilməsi ilə "Nar mədəniyyəti"nin qorunmasına və gələcək nəsillərə ötürülməsinə əhəmiyyətli töhfənin verildiyi qeyd olunub.

***

Dekabrın 16-da Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı “Miniatür sənəti” nominasiya sənədi müzakirə olunub və bu mədəni elementin UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsi haqqında qərar qəbul edilib.

Mədəniyyət Nazirliyindən APA-ya bildirilib ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul olunması Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi, Azərbaycan Respublikası Mədəniyyət və Xarici İşlər nazirlikləri, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birgə fəaliyyəti nəticəsində mümkün olub.

Yaxın və Orta Şərq xalqları incəsənətinin maraqlı və zəngin hissəsini təşkil edən Azərbaycan miniatür sənəti dünya incəsənəti tarixində özünəməxsus yer tutur. Çoxmillətli nominasiya sənədində göstərilir ki, miniatür sənəti təqdim edən dövlətlərin cəmiyyətlərinin sosial və mədəni kimliyinin ayrılmaz hissəsi kimi qəbul edilir. Hər miniatür əsəri tarixi və mədəni irsin mövcudluğuna kömək edir, keçmiş və bu gün arasındakı mədəni bağları gücləndirir və ənənəvi memarlıq, mərasimlər, mədəni hadisələr və gündəlik həyatın bir çox digər sahələrini əks etdirən zəngin vizual məzmunu ilə tarixi sənəd roluna malikdir.

Qeyd edək ki, hər zaman olduğu kimi, bu dəfə də Ermənistan Respublikası iclasdan bir neçə həftə öncə təxribat törətməyə cəhd edib, UNESCO-ya göndərdikləri müvafiq etiraz müraciətlərində nominasiya sənədində Azərbaycanın Qarabağ ərazisində miniatür sənəti ilə bağlı məsələlərin qeyd edilməsinin guya ki, yolverilməz olduğunu ifadə ediblər. Bununla yanaşı, Qarabağ miniatür sənətinin yalnız ermənilərə və xristian irsinə aid olduğunu iddia ediblər. Azərbaycan tərəfindən beynəlxalq hüququn prinsiplərinə, 2003-cü il Konvensiyanın ruhuna və tarixi həqiqətlərə istinad olunaraq təxribatçı ölkəyə müvafiq olaraq layiqli cavab verilib.

UNESCO ilə əməkdaşlığın genişləndirilməsində, mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində əvəzsiz xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İCESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın dəstəyi ilə hazırda “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti”, “Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi”, kamança hazırlanması və ifaçılıq sənəti, dolma hazırlama və paylaşma ənənəsi, Azərbaycan muğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kəlağayı sənəti, “Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısında, həmçinin Çovqan– ənənəvi Qarabağ atüstü oyunu və “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin isə UNESCO-nun təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında yer alır.

Xatırladaq ki, 14-19 dekabr tarixində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası keçirilir.

# 2533 dəfə oxunub

Müəllifin son yazıları

# # #