Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə
3 dekabr 2024
# 13:17

Kulis.az Cavanşir Məmmədlinin "Sabahdan sonra" adlı yeni hekayəsini təqdim edir.

Əfsun

Mənim ömrüm hamı kimi doğulduğum gündən deyil, dərdli, dəhşətli bir taledən qopub gəlir.

Hamı kimi mən də dərdi, günahı sevmirəm. Dərdin, günahın həyatımda həqiqət olduğunu anlayandan xoşbəxlik mənimçün mənasızlaşdı.

Mən hamı kimi doğulub yaşamadım, mən ölüb yaşadım. Bunu tanrının qisməti, qədəri kimi başa düşmək istəmirəm. Çünki mənimlə tanrının arasında
naməlumluqlar dayanıb.

Mənim dərdim, günahım Tanrının özü qədər böyükdür. Günahımın baqışlanması üçün Tanrıya etdiyim dualar günahlarımı artırır

Hami kimi ölümün rahat, asan olmadığını mən də anlayıram. Ancaq ölüm hissi həyatıma vahimə gətirmir, könlümü puçluğa, fənalığa yuvarlatmır.

Dərdim, günahım könlümü caşqınlığa, əlacsızlığa düçar etmir, həyatımı daha da qüdrətli edir..

Yaşadığım son illər özündən sonra heç bir təəsürat qoyub getməmişdi...

Otağımın döşəməsi , tavanı tabutu xatırladırdı. Gözümə dəyən ev əşyaları vəhşi heyvan fiqurlarına çevrilib qorxu, dəhşət saçırdı.

Belə gecələrin birində otağımın qapısı birdən açıldı.

Əfsun ?!

Bu qızın evimdə görünməsinin səbəbini yaddaşımdan soruşa-soruşa gözlərimi silib baxdım.

Gəlişindən sevinmədiyimi görən qız;

- Mənim Sahibim, - deyə fəryad çəkdi ...

Bu fəryadın səsi, Əfsunun ər evinə köçürüldüyü gecədən bu gecəyə qədər uzanıb gəlirdi;

“Mən gücüm gəldikcə qaçırdım. ancaq hara... Bu haqda fikirləşə bilmirdim. Səndən başqa hamıdan qorxur, qaçırdım. Nəhayətsiz meşələrin dərinliklərinə irəlilədikcə insanların məni tapmayacağını fikirləşib rahatlanırdım. Hər hansı vəhşi heyvan məni bu an parçalasaydı, dünyadan pak köçdüyümü düşünüb rahat can verərdim. Bunu hiss edibmiş kimi vəhşi heyvanlar mənə toxunmurdular.

Nəhəng gövdəli palıdın budaqlarının sıx yerində özümə yataq düzəltmişdim. Payiz bol giləmeyvəsiylə məni acından ölməyə qoymurdu...

Zəifləyib əldən düşsəm də, adam arasına qayıtmaq istəmirdim”.

Onun bütün bədəni titrəyir, yığılıb balacalaşırdı. Arıqlayıb çöpə dönmüş vücudunda o gözəllikdən əsər-əlamət qalmamışdı. Tez-tez öskürürdü.

Yəqin xəstə idi. Ona içməyə çay verdim. Çay içdikcə canina istilik gəlirdi...

Səhər həyətə çıxıb ciyər dolusu nəfəs aldım. Hər dəfə özümü rahat hiss edəndə məni yeni dərdlər, ağrılar tapırdı ...

Axşam idi. Göyün şərq tərəfində qara xətlər kimi uzanıb gedən buludlar sıxlaşıb göyün üzünü örtmüşdü. Ətrafı tutqunlaşdıran duman qaranlığın gəlişini sürətləndirirdi. Ani sevinclər qəlbimin boğuq iniltilərində boğulurdu ;

“Gözümün önündə, heç kim tərəfindən yad edilməyən, arzusuz, sevincsiz keçmişini unutmağa çalışan çaşqın bir insan surəti canlanır. Xəyalımda ağrılı, əzablı düşüncələr böyüyür, ordan səhəri, sevinci sıxışdırıb çıxarırdı. Sanki günəş üstümə yox, harasa naməlumluğa şəfəq saçır, axşam hamıya payladığı sərinliyi məndən əsirgəyir...

Sanki Tanrı, tale məni saxta bir mövcüdluğa çevirmişdi. Çaşğınlıq , əlacsızlıq içində ən ağır hadisələrlə üzləşməklə könlümdə yeni hisslər, həvəslər oyadacaq əzablarla tapışmaq istəyi baş qaldırırdı. Lakin hayatımda ağır hadisələr baş vermirdi. Sanki həyat, insanlar məni yaddan çıxarmışdılar.

Bu əzablarda yaşamaq gücümün yoxluğunda özümü öldürmək fikrinə düşürdüm. Min pislik gördüyüm bu həyatın nəyindən insanlar ikiəlli yapışırlar?

Ölüm ayağında insanla əlaqəsi olmayan səslər çıxarır, sözlər danışırlar. Bu sözlərdə insan danışmır, insanla heç əlaqəsi olmayan əcaib bir vücud danışır. Bu dərdləri qələmə aldıqca həyatımda nəyinsə dəyişdiyini hiss edirdim. Bu dərdlər dəyərsiz əzablara deyil, hikmətə, mənaya çevrilirdi.

Bu sarsıntılardan sonra könlümdə baş qaldıran xoş duyğular məni gözəl gələcəyəmi səsləyirdi ...

Yox ...yox... bu səadətin nə olduğunu bilməyən bədbəxt, günahkar bir insanın yeni bir faciəsidir...

Bu müsibət başqalarının müsibətləri kimi vaxt keçdikcə kiçilmir, unudulmur, vaxt keçdikcə böyüyür, daha amansız olurdu...

Ətraf gözümdə yavaş-yavaş qaralmağa başladı. Həyat işığını itirməkdə olan gözlərim onu görmək arzusuyla, son vida arzusuyla baxdı .

Sən məni atıb getmişdin . Qəlbində uğursuz bir məhəbbəti yaşatmaq çətinliyi qorxutmuşdu səni.

Nəzərlərim onun həmişəkindən gözəl görünən gözləriylə rastlaşdı. Mənə elə gəlirdi ki, onun üzündə gördüyüm gənclik nişanələri heç zaman solmayacaq.

Ömrüm boyu könlümü sevincə, səadətə qərq edəcəkdir...

Mən belə bir çiçəyin yadlar tərəfindən dəriləcəyini gözümün önünə gətirməyə cürət etmirdim...

Bir dəfə necə olmuşdusa bir birimizdən küsmüşdük. Nəhəng gövdəli palıdın kölgəsində oturub dincələrkən birgə söhbətlərimiz yadıma düşürdü .
Sənin nəfəsinsiz ətraf qərib, qəmgin görünürdü. Yaşıl aqacların, çiçəklərin gözəlliyi, quşların cəh-cəh səsi könlümü açmırdı...

Eləmi qar qamışa

Qar yağar, qar qamışa

Yüz min alqış neyləyər

Bir fələk qarqamışa

Oxuduğum bayatı kövrəltdi məni. Gözlərimin önündə arzu sevinclərindən ayrı düşmüş möhnət məhrumiyyətlər içində çapalayan həyatım canlandı.

Artıq həyat gözlərımdə xoşagəlməz hissə, nifrət etdiyim sonsuzluğa çevrilmişdi...

Röyada qulağıma dəyən toy səsləri ayilandan sonra mənə matəm musiqisini xatırladirdi . Deməli, illərdən bəri arzusunu çəkdiyim bir şeyi itirirəm. Səadət məni tərk edirdi. İllərdən bəri ruhuma, xəyalıma ümid, sevinc səpən bir səadət..

Səhər yatağımdan durub həyətə çıxdım. Bağçamıza keçib gül kollarının seyrinə daldım. Sinəmə şərq küləyinin sərinliyi endi. Bu səhər təbiət rəngarəngliyini xəyallarıma köçürmüşdü. Ətrafımda uçan quşlar “səadət- səadət” deyə çığırışırdılar. Qızılgülün çöhrəsində Əfsunun surəti mənə baxıb gülümsəyirdi. Lalənin ayrılıq gecəsini xatırladan qara xalı, bənövşənin rüzgar səhərlərini xatırladan çöhrəsi xəyalımda nəhayətsiz bir gözəlliyin mənzərəsini açır . Qızılgülə baxiram . Mən o qırmizi donlu qızı görəndə nədənsə dayandığımı , o çıxıb gedənə qədər baxışlarımın onu təqib etdiyini görürdüm . Sonralar hiss etdim ki bu qız təkcə baxışlarıma sahib çıxmayıb, mənim bütün varlığıma sahib çıxıb...

O vaxtdan qırmızı rəng doğma görünüb mənə. Al qırmızı lalələrin içində özümü ən bəxtəvər insan kimi hiss etmişəm...

- Sahib

Qardaşım Qaranın səsinə xəyaldan ayrıldım. Evdən körpə çığırtısı eşidilirdi . Könülsüz addımlayıb evə keçdim. Nicat idi ağlayan. Qaranın uşağı...

Uşağı sakitləşdirmək üçün qucağıma alıb yelləməyə başladım. Evdə hamının qanı qara idi. Bu bir neçə saatın içində bu evə qara yellər hardan əsmişdi.

Bu dözülməz sükutun içində , kimsə dinmək istəmirdi . Xəyalım məni keçmişə Qarayla bağlı xatirələrə çəkib apardı;

Anam da öləndən sonra ailənin bütün qayğıları Qaranın üstünə düşmüşdü. Əlimdən tutub yerimək öyrətmişdi, dil açanda dil öyrətmişdi ..,

Qara atamdan soz açmağı sevərdi;

Enlikürək, qüvvətli bir kişi idi. Ömrünün son günlərinə qədər gənclik qüvvətini özündə saxlamışdı.

Hər axşam həyətə çıxıb ətrafa nəzər salardı . Bu anlar baxışlarında qeyri-adi bir ifadə olardı. Bircə dəfə üzündə iztirab ifadəsi görmədim ...

Təəsüflənmək, ah çəkmək onun təbiətinə yad idi ..

Ancaq bir axşam kişi həmişəki adətini pozdu. Soyuq nəzərlərlə ətrafa baxıb köks ötürdü. Gözləri ağrıyla, kədərlə baxdı. Ailə qayğiları onu düşündürmədi . Keçmiş xatirələri ona uzaq göründü ...

Səhər həyətə çıxanda təşvişə düşdüm. Evimizdə hamıdan tez durub həyət-bacaya baş çəkən atam gözümə dəymədi. Təşviş içində özümü onun yataq otağına saldım, səsim gəldikcə fəryad çəkdim...,

Qara Südabəylə şəhərə tanışlarıgilə qonaq getmişdilər.

Əfsun, bacısı Südabənin yanına , evimizə qonaq gəlmişdi . Əfsunun sıxıldığını hiss edirdim . Qayıdıb getməyə evlərı çox uzaqda idi .

Baxışlarım onun həmişəkindən gözəl görünən üzünə zillənib qalmışdı. Könlüm sevincin, səadətin isti, xoş qoynunda xumarlanırdı .

Gül-çiçək qoxulu nəfəsi nəfəsimə deydikcə, bədənimə xoş bir hərarət yayılırdı. Bədəni bədənimə yapışıb qalmışdı . Sanki heç vaxt ayrılmayacaqdı .

Onun qoynunda məhəbbətdən, gözəllikdən söhbət açan sirli bir aləm gizlənmişdi . Xəyalım məni sirli bir aləmə aparmışdı. Ömrün faniliyi , ölüm mənə yad idi bu gecə...Gözümə çarpan hər şey könlümü

zərıflik nəşəsiylə doldururdu ... Ətraf gözümdə gözəlləşir , səadət məni öz isti ,işığlı qoynuna çəkirdi .

Səhər açılmışdı . O, ətrini , təravətini yanımda qoyub gedirdi .

Mənə elə gəlirdi ki , sinəm bu dəqiqə yarılacaq , ürəyim oradan qorub onun dalınca gedəcəkdir..

Qarayla Südabə qonaqlıqdan qayıdıb gəlmişdilər. İstirahət günü idi . Qarayla nərd oynayirdıq . Qara mars olmuşdu . Uduzub yorulduğuna baxmayaraq, əsəbi halda oynamaqda davam edirdi . Mən arxayın halda qələbələrimin sayını artırırdım ...

Südabənin yan otağa keçib qayıtması bir an çəkdi . Qəzəblə mənə sarı çevrilib ;

- Qudurqan deyə qışqırdı . Əlində nəsə vardı . Baxanda bunun ..,

Bədbəxlikdən bunun Əfsunla bir yerdə çəkdirdiyim , unudub gizlətmədiyim şəkli olduğunu gördüm !

Kaş qulaqlarım kar olaydı... Südabənin cır qışqırıqlarında , üzünü gözünü cıran cırmaqlarında mən edam olunurdum...

Südabə özündən gedibmiş kimi , ədəbsiz bir vəziyyətədə döşəmədə sərilib qalmışdı . Dartınmış donundan çılpaq bədəninin bütöv bir hissəsi gözümə dəyəndə , yerimdən sıçrayıb çölə çıxdım.

Daha bu evdə yaşamaq mənə yaraşmırdı...

Səlim danışmağı sevməzdi.Yalnız deyilməsi vacib olan sözlərı söyləyib susardı...

-Yəqin məni gözləməkdən darıxdın . Xəstə özünü yaxşı hiss edir . İndi arxayın gəzə bilərik .

Yol boyu cərgəylə əkilmiş gül kollarına baxa-baxa istirahət parkına gəlib çatdıq . Fəvvarələr ətrafa sərinlik yayırdı ..Qollu-budaqlı ağacların kölgə saldığı oturacaqlarin birındə keçib oturduq...Qarşı tərəfimizdəki dərin uçurumdan dağ çayı axıb kecirdi...

Bugünkü müsibətin ağırlığının üstümdən belə tez götürüldüyünə təəccüb içindəydim ki...

- Siqaretın var ?

Saçlari çiyninə tokülmüş , yöndəmsiz görkəmli bir yeniyetmə düz qabağımda gəlib durdu..Onun səsi xahişdən çox tələbə oxşayırdı ...

Özümü o yerə qoymadım .Əlimi cibimə aparıb rəngli siqaret qutusunu ağzi açıq halda ona uzatdım. Kobudcasina siqaret paçkasını əlimdən alıb dartmasiyla ...

Vəhşi bir bağırtı eşitdim ...Səlim oğlanın saçını tutub yaxınlığımızdakı çinar ağacına vurmuşdu...Oğlan üzüqoylu yerə sərilib çapalayirdı. Səlim peşman olub oğlanin yarasını yoxlamaq üçün ona sarı əyilmişdi ... Bu zaman söyüş qışqırıqla gələn üç nəfər oğlan özünü Səlimin üstünə atdı. Zərbə alan oğlan özünə gəlib iri tiyəli bıçaqla Səlimin kürəyini nişan almışdı ki, cəld onun alnına bir təpik ilışdirdim..

Səlim bir neçə dəqiqənin içində oğlanları pərən-pərən salmışdı...

Səlim tibb institutunu bitirəndən sonra təyinatını işlədiyi rayon xəstəxanasına almışdı . Həkim kimi çox məşhurlaşmışdı.Təkcə rayonunda yaşayan xəstələr deyil , ətraf rayonların da xəstə vətəndaşları da ona pənah gətirirdilər..

Yuxudan durub evin aynəbəndindən həyətə baxdım. İlk gözümə dəyən Səlimin atasi Şivən kişiylə Qara oldu...

Qardaşım Qara yəqin yerimi öyrənib məni evimizə aparmaq üçün gəlmişdi... Evimizdən , günahlarımdan bu dünyada qaçıb gizlənməyə yer tapa bilməyəcəyimi yəqin etdikdən sonra , əlacsiz qalib Qaranın arxasınca düşüb evimizə qayıtdım...

Darvazamızı açıb Qarayla birgə həyətimizə keçdim. Evə girib kresloda yerimi rahatlayandan sonra yemək düzülmüş süfrəyə göz gəzdirdim ...Süfrədə içkinin olması məni təəcübləndirdi . Axı evimizdə heç vaxt süfrədə içki görməmişdim. Qara araq süşəsini piyalələrə doldurandan sonra mən özümçün qoyulmuş piyaləni başıma çəkdim . Ömrümdə ilk dəfə içki içdiyimdən ilk qurtumlardan əziyyət çəkdim . Sonra ...
Qaranın katibəsi Süsən mənimlə üzbəüz kresloda oturmuşdu . Görkəmindən şuxluq , gözəllik yağırdı... Bu gözəlliyin nəşəsiylə özümü kresloya yaxdım...

- Aman öldüm..

Südabə sağ böyrünü tutub səsi gəldikşə qışqırmağa başladı . Rəngi ağappaq ağarmışdı... Onu kreslodan ayirıb həyətə çıxarıb Qaranın maşınının arxa oturacağına uzandırdıq. .. Bir neçə dəqiqədən sonra Qaranın maşını rayon mərkəzinə istiqamətlənmiş yolda sürətlə şütüyürdü...

Süsənin - nə gözəl gülləriniz var kəlməsi məni bayaqkı həyəcandan ayirdı..

Süsən bağçamizdan gül dərə -dərə gözaltı mənə baxirdi .Bu baxışlar ruhumu əzən ağrıdan xatirələrimə səd çəkirdi ...Bu səd gül dirriyinin sonuna qədər uzanırdı... Danışarkən səsinin ehtirasdan titrədiyini hiss edirdim ... Yad qızla keçirəcəyim gecəni gözümün önünə gətirəndə beynimə gələn ilk fikir burdan çəkilib qaçmaq oldu ...Tərəddüd içində ilk addımımi atmışdım ki , başım gicəlləndi , yixilmamaq üçün yaxınlığımdakı oturacağa özümü zorla çatdırdım... Süsən də gəlib lap yaxınlığımda oturdu. Onun yarıaçıq sinəsində iri ağ döşləri , oturararkən dartınmış qısa donundan dolu ağappaq budları görünürdü. Açıq qollarını oturacağa söykəyib az qalala boynumu qucaqlamışdı...Mən gül dirriyini alaq etmək bəhanəsiylə yerimdən durub burdan uzaqlaşmaq istədim... Gül dirriyini alaq etdikcə yorulduğumu hiss etdim . Yorulub dayanandan sonra məni ehtirasın ağuşuna aparan cığıra baxdım..Bu cığırın sonunda məni alışıb yanan ehtiraslar gözləyirdi... Mən Əfsun məhəbbətli bir aləmdən uzaqlaşırdım...

Otağa girəndə yarıçılpaq divanda uzanmış Süsəni gördüm...

Süsən:

- Hava yaman istidir,- deyə xalatının bir düyməsini də açdı.

Bu dəfə iri ,ağ döşləri tamam açıqda qaldı.

Əlindəki qəzetlə sinəsinə yelpik çəkməyə başladı. Uzandığı divanda balıncı sinəsinə sıxıb mənə bic-bic göz vurdu.

Bayaqdan oxuduğum qəzetdən gözümü çəkmişdim ki,şam süfrəsinin hazır olduğunu gördüm.

???

Yeməyə başlamamışdan qəribə qonaq mənə süfrəyə qoyulmuş şampan butulkasını açmağa işarə etdi.

Butulkadan təzyiqlə axan şərabdan üst-başım islandı. Süsən şaqqanaq çəkib güldü. Sonra asılqandan mənə dəyişməyə paltar gətirdi. Köynəyimi dəyişib növbə şalvara çatanda başqa otağa keçmək istədim... Süsən qarşımı kəsib hırıldadı:

- Çimərlikdə qadınlarla bir yerdə çimməmisən?

Paltarımı soyunmadan yatağıma uzandım. Səhərin tez açılmasını arzulayırdım... Arabir çevrilib saata baxır, əqrəblərin tənbəlliyinə hirslənirdim.

Süsən Qaranın gəlişini gözləməyib çıxıb getdi.

Tək qaldığımdan çıxıb bağçamızı gəzməyə başladım...

Özümü al-əlvan güllərin içində şən, rahat hiss edirdim. Güllərin ətri nəfəsimə dolduqca bəxtəvərliyimdən həzz alırdım...

- Sahib?!

- Əfsun .

Sevincsiz, səadətsiz həyatım məhv olaraq yaşadığım ömrüm, puç taleyim mənə ərməğan göndərmişdi...

Əfsun ağır günah işlətmiş adamlar kimi başını aşağı salıb susurdu. Nakam xəyallarının, xatirələrinin ona cəhənnəm əzabı verdiyini tutqun çöhrəsindən hiss etmək olurdu. Onun mənə sevgisini bildirəcək səsi, sözü lazım indi...

Əfsun susurdu...

Sanki heç vaxt dinməyəcəkdi.Bu sükut taleyimə rişxəndə qədər uzanırdı...
- Bu da sənin surətin. Sənın surətinlə aqibətin arasında nə qədər böyük fərq var? Sən sevilməyə layiqsən. Bilirsən, taleyin səni haralara çəkib aparır. Səni layiqi olmadığın mənfur, qapalı bir aləmə atacaqlar. Sənə səadət sözünü unutduracaqlar...

Vaxt keçir. Mənimsə sevdalı xəyalımdan axıb gələn sevdalı fikirlər bitmirdi.

Vaxt təhlükəli idi. Qaranın, Südabənin gəlişi sevincimizi gözümüzdən gətirə bilərdi...

Əfsun bu dəfə susmurdu... Həsrətini çəkdiyim səsinin, sözünün əvəzində hıçqırıqlarını eşidirdim...

Xəyalımda həzin bir xatirə cığırı açılmışdır;

- Qarşımda canlanan su hovuzu qəlbimə sərinlik gətirir. Hovuzun ayna sularında əks olunan Ay, ulduzlar xəyalımda nəhayətsiz bir gözəlliyin mənzərəsini açır...

Budur, o hovuzun ayna sularında su pəriləri kimi üzür, səsi qulağlarımda həzin bir musiqinin sədaları kimi səslənir...

Ay, ulduzlar yol boyu bizi müşayiət edir. Xatirə, xəyallarım sevinc, səadət çələnginə çevrilıb sevgi, sevda nurlu dünyamızı bəzəyir...

Onu hüzünlü baxışlarla yola salıram... Dalğın baxışlarım yol boyu onu müşayət edir... Gözümdən itənə yaxın dönüb bir daha mənə sarı baxdı...

Bu baxışlarda nə qədər kədər, ağrı var idi!

Bu anlar Qarayla Südabənin evə gec qayıdıb gəlməsini necə də arzulayırdım...

Günəşin sonuncu şəfəqləri kəndin günbatan tərəfindəki hündür qayaların arxasına keçib görünməz olur. Batan günəşlə birgə qəlbimin sevgi, sevda nurlu dünyası da sanki qürub edir.

Tutqun bir payız səhəri idi. Yerə enən duman çən könlümə tükənməz qəm gətirirdi.

Üstümə yağan sərin narın yağış damcıları deyildi. Nəm qaranlıq daxmada damcılayan kəsif su damcıları idi.

O gündən üstümə günəş şüalarının istisi deyil, qızmar səhranın odu alovu ələnirdi...
Ürək parçalayan bir xatirə xatırlandıqca ruhumu yandırıb kül edirdi;

“Əfsun ər evinə köçürdü. Südabəylə Qaranın mənimçün qara kölgəyə çevrilmiş vücudları insana işgəncə verməyə gəlmiş bəd ruhları xatırladırdı... Bu bəd ruhları halsız zəif duşüb uzandığım çarpayımın yanından qovmağa dikəlmək istəyərkən huşsuz düşüb qaldım...

Mənim sevincimə, səadətimə qıyanlar necə müdhiş adamlar idi.

Bəs tədbir, mübarizə?!

Bu sevgimi, sevdamı bayağılaşdırmazdımı?..

Bəs Füzulinin;

Tədir ilə eşğ zövğ verməz
Tədbir diyari eşğə girməz... kəlmələri eşqimə qarşı inamsızlığ oyatmazmı?

Keçmiş xatirələrim dərdimi daha da artırırdı...

Xatirə, xəyallarım məni qəribə bir gərginliklə dindirirdi...

Həyatımı bu xatirələrsiz, xəyallarsız arzulayırdım...

Xəyalımda Südabəylə Qaranı ən ağır cəzalarla cəzalandırsam da könlümə təskinlik gəlmirdi...

Bu sərhədsiz qəmlər dənizində təskinlik tapmağ arzusuyla ,könlüm məni hansı bir həvəsinsə çəkib apardığı səmtə aparırdı...

Qısa və dumanlı günlər

Mənimçün ağır keçən son gecələrdə ilk dəfə idi ki, özümü rahat hiss edirdim. Xəyalımda bir vaxtlar görmək arzusunu çəkdiyim yerlərin təəssüratından aldığım həzzlər, həvəslər mənə xoş anlar bəxş edirdi.

Mənimçün xoş keçən bu anları itirmək qorxusundan yatmaq istəmirdim...

Bir həftədən çox idi ki, palatada xəstə yatırdım. Saatlarla çarpayımda yatır,yalnız ağır xəstələrin iniltisinə diksinib oyanırdım.

Həyətə çıxıb gəzməyə həvəsim yox idi. Darıxmağa başlamışdım.

Bir qədər yaxşılaşmış səhhətim üçün xəstəxana həyatı dar, darıxdırıcı idi.

Xəstələrin fərəhsiz söhbətləri xoşuma gəlmirdi.

Sol ayağı protez yaşlı palata yoldaşımın yersiz çığır-bağırı məni təngə gətirmışdi. Səsi gəldikcə çığırır ,yardıma gecikdiyini bəhanə edib tibb bacısını əl ağacıyla hədələyirdi.
- Əgər palataya təzə xəstə gəlməsəydi...

Eynəyini çıxarıb dolabçanın üstünə qoydu. Geniş açılmış gözlərinin içi qıpqırmızı qızarmışdı..

Heç vaxt söhbətlərimizə qarışmazdı. Mənə elə gəlirdi ki, daima xəstə canının xiffətini çəkir.Tez-tez ona baş çəkməyə gələn yaxınlarının, həkimin yanında özünü naza qoyurdu.

Tərs kimi öskürək də onu gecələr tuturdu. Öskürək səsindən yata bilmirdim.

Heç nə ifa etməyən üzü məni hiddətləndirirdi.

Bir neçə gün bundan qabaq əhvalı xarablaşdı. Üzü ölü rəngi aldı. Hərəkətsiz gözləri tavana zillənib qaldı.

Bir saatdan artıq göstərilən tibbi yardım bəhrəsini verdi. Xəstə əlinin işarəsiylə nəsə dedi. Başının altına yastıq qoyub dikəlməsinə kömək etdilər.

Bayaqdan zəif düşmüş vücud birdən-birə canlandı. Qapanmış dodaqlar hiddətlə açıldı;
- Rədd ol burdan. Alcaq..,rüşvətxor..,

Bunu deyib əlini dolabçanın üstündə qoyulmuş stəkana aparmasıyla növbətçi həkimin aradan çıxması bir an çəkdi?!

Yeriyərkən yekə qarnını irəli verərdi. Heç kimin üzünə baxmazdı. Rastlaşarkən zəhlətökən görkəmi gözümü ondan çəkməyə vadar edirdi.

Günorta palataya girəndə yanaşı çarpayıda təzə xəstə gördüm.Qoca,qozbel bir kişi idi.
Sürtümələrimi çarpayımın altına itələyib yatağıma uzandım.

Tibb bacısının səsinə oyandım. Axşam dərmanının qəbul etməyin vaxtı idi.

Gözlərimi ovuşdurub yatağımdan qalxdım.Palatada ilk gözümə deyən eynəkli kişi oldu. Qonşu çarpayıda təzə gəlmiş xəstəylə söhbət edirdi;

- Müəllim ... sizin yaxşılığınızı unutmamışam... siz keçən il mənə kömək etməsəydiniz... O yekəqarın həkim ...
- Yenə burdadı o yekəqarın əclaf... rüşvətxor... Bunu deyib eynəkli kişi ağır baxışlarla qozbel kişiyə baxdı...

Qozbel kişinin qırıq-qırıq sözləri məni narahat düşüncələrə çəkib apardı...
Eynəkli kişinin o gecəki qəzəb yağan baxışları gözümdə şərəf ləyaqət məşəli tək parladı...

Onun hündür boyu, danışarkən aramla tərpənən bədəni uca bir zirvəni xatırladırdı...

Bu zirvənin əzəmətinə şübhə etdiyimə, haqqında yanlış fikrə düşdüyümə görə özümü acı-acı qınadım...

Palataya yenə səs-küy düşmüşdü. Ayağı pzotez kişi səsi gəldikcə;

- Sestra ...sestra deyə qışqırırdı...

Qışqırıq səsinə qonşu palatadakı xəstələr də tökülüşüb gəlmişdilər. Tibb bacısı and-aman edir, yardıma gecikdiyinə görə günahsız olduğunu söyləyirdi.

Heyrət içində durub bu mənzərəni seyr edənlərin arasından, ayağı pzotez kişinin üzünə baxdım. Xəcalətin, peşmançılığın nə olduğunu bilməyən quldura oxşayırdı...

Hər axşam xəstəxanayla üzbəüz bağda oturacaqların birində keçib oturardım.

Yol boyu əkilmiş çinar ağacları xəstəxana darvazasıyla kəsişirdi. Hər axşam xəstələrinə baş çəkməyə gələn adamlar bu darvazadan xəstəxana həyətinə daxil olurdular. Oturacaqların hər birində xəstələr ,onlara baş çəkməyə gəlmiş yaxınlarıyla deyə-gülə söhbət edirdilər.

Yanıma gələn olmurdu. Yiyəsizliyim mənə təsir etdikcə kövrəlirdim. Adamlar ağladığımı görməsinlər deyə yerimdən durub uzaqlaşırdım.

Xəyalımda Qarayla Südabəni xatırlayırdım;

“Qardaşım Qara hər dəfə işdən evə yorğun gələndə Südabə vacib olmayan ev işlərini bəhanə gətirib xörək hazırlamağı ləngidirdi.

Onun ziynət əşyaları, zər-ziba haqda söhbətlərindən iyrənirdim.

Bir dəfə necə olmuşdusa əlim xrustal qaba deyib qab sınmışdı.

Südabə evdə bir vay-şivən salmışdı ki,eşidən evdə kiminsə öldüyünü zənn edərdi. Hiddətimdən dəli olacaqdım. Südabənin bütün əzizləri ölsəydi,bəlkə, onların ölüsündə Südabə belə vay-şivən qoparmazdı...

Bu axşam yenə xəstəxananın həyətində gəzişirdim. İçimdə qəribə bir təlaş vardı. Xəstəxananın rabitə qovşağına keçib evə telefon etmək istəyirdim.

Xəstəxananın girəcəyində eynəkli kişiylə üzbəüz gəldim;

- Oğul... bu sərin havanı qoyub hara çıxırsan?

Yanaşı addımlayıb boş oturacaqların birində gəlib oturduq.

Hiss olunurdu ki, eynəkli kişinin gəzməyə həvəsi var. Ancaq ayaqları sözünə baxmadı.

Qarşımızdakı çinar ağacından yarpaqlar tələsə-tovşüyə yerə düşürdü.

Sanki heçliyə atilmağa bir birini ötməyə çalışırdılar.

Eynəkli kişi nəzərlərini qarşımızdan gəlib keçən xəstələrə zilləmişdi.

Xəstələrin hər biri özləri istədiyi qaydada geyinmişdi. Kimi idman formasında, kimi xəstəxana paltarında..,

Başına dəsmal bağlamış ,ciyninə ədyal salmiş orta yaşlı xəstənin görkəmi şaqqanaq çəkib gülməyimə səbəb oldu.

- Gəlinbacı...

Eynəkli kişi bunu deyib güldü.

Axşam dərmanın atmağın vaxtı yaxınlaşırdı.
Xəstələr çoxdan yatmışdılar. Mənsə yata bilmirdim. Çarpayımdan qalxıb xəstəxananın koridoruna çıxdım. Pəncərədən xəstəxananın həyətındəki cərgəylə əkilmiş çinar ağaclarına baxa-baxa ağır xəyallara daldım. Dar, qapalı xəstəxana həyatı elə bil heç yerdə azadlıq, rahatlıq tapa bilməyən həyatıma hesablanmışdı.

Səhər yuxudan durub təmiz hava almağa xəstəxananın həyətinə tələsdim.

Pillələri arxada qoyduqca sanki məni irəliyə aparan qüvvənin ayaqlarım yox, könlümün xəyalımın sevinc dalğaları olduğu anlamına gəlirdim.

Bu da sonuncu pillə... Qarşıda hər gün rastlaşdığım cərgəylə əkilmiş çinar ağacları...

Mənə elə gəlirdi ki, ömrümü hər gün rastlaşdığım bu çinar ağaclarına baxa-baxa başa vuracağam;

“Görüş yerində durub Əfsunun yolunu gözləyirəm. Əfsun gəlib çıxmır.

Gözüm Əfsunun gələcəyı tərəfə cəmənə zillənib qalıb. Görüşəcəyimizdən xəbəb tutubmuş kimi çıçəklər bir qədər də gözəlləşib. Mavi səma daha aydın,təmiz görünür..,”

Nəzərlərim çinar ağaclarına zillənib qalmışdı.Mənə elə gəlirdi ki , Əfsun indicə çinar ağaclarının arasından çıxıb mənə sarı gələcəkdir.
Arxadan bir cüt zərif əl gözlərimi örtdü;

- Minarə..,

Tibb bacısı Minarə zərif bir gülüşlə gülüb;
- Ey fərari, dərman içməyin vaxtıdır.

Görkəmindən gözəllik yağırdı. Xoş hisslər məni öz isti, şirin qoynuna alıb irəliyə aparırdı.Təsəvvürəgəlməz xəyali səhnələr məni pillələr boyu müşayət etdi.

“Budur, o görüşümə gəlib. Ona heyranlıqla zillənmiş baxışlarımdan xumarlanır.Bir qədər də mənə yaxınlaşıb köksümə sıxılır”.

Bu gün xəyallarım azdırıb məni gah dağa-daşa salır ,gah Əfsuna qovuşdururdu...

Xəyalımın ümidsiz qanadlarında xəyalımın nəhayətsiz ənginliklərinə enə bilmirdim.

Bir vaxtı özümü arasında xoşbəxt hiss etdiyim çiçəklərə,çəmənlərə baxmaq istəmirdim.

“Bir vaxtı mənə xəyal kimi görünən bu evin qapısı ağzında dayanıb durmuşam. Mənə doğma görünən üz ifadəsində narahatlıq cizgiləri görürəm.Gəlişimdən doğan narazılığı saxta nəzakət göstərməklə gizlətmək istəyirlər. Ev sahibinin könülsüz təklifindən sonra zövqlə bəzədilmiş bir otağa daxil oluram.

Baxışlarımı divardan asılmış müxtəlif təsvirli xalçalara zilləyirəm. Xəyalımda bu ailənin bugecəki qayğı sevinclərindən uzaqlaşıram.

- Xörəyiniz soyuyur.

Könülsüz durub yemək süfrəsinin kənarında mənimçün ayrılmış yerdə bardaş qurub otururam.Əlimi xörək qaşığına aparıb iştahasız yeməyimi yeməyə başladım. Bu ailənın başı nə haqdasa söhbətə elə qarışmışdı ki , çətin ki,yadlarına düşəydim...

Astaca ayağa qalxıb evdən çıxdım. Gedə-gedə dönüb bir də evə sarı dönüb baxdım.

Bir vaxtı bu evə arzuyla sevinclə baxırdım.İndi bu evədən ağrıyla, əzabla ayrılıram...

Sənin xəyalın məni buzlu okeanda donmağa,b qızmar səhrada yanmağa qoymayacaqdı...

Səda

Qapı zəngimin səsinə yatağımdan dik atıldım. Neçə illər idi ki,qapımın zəngini çalan olmamışdı...
- Kimdi?
-...

Qapını açdım. Qarşımda on beş ,on altı yaşlarında gözəl çöhrəli bir oğlan uşağı dayanmışdı... Oğlanın üz cizgilərı mənə şirin gəlirdi.

Buyurun deyə onu otağa dəvət etdim. Bu üz cizgiləri,bu səs get gedə mənı bayaqkı vəziyyətimdən çıxarmağa başlamışdı!

Nicat?!

Neçə illər bundan qabaqkı həyatım bu üz cizgilərındə ,bu səsdə mənimlə üzbəüz dayanmışdı. Bunu xatırlamaq vahiməsindən beynim dumanlandı. Gözlərimi yumdum.

Gözlərimi açanda özümü xəstəxana palatasında gördüm;

“- Qaldığım otaqda neçə gün idi ki, yarıac yaşayırdım. Bəzən acından ölmək qorxusu ilə üzləşəndə tanımadığım adamlardan yardım istəməyə üzüm gəlmirdi.Tanımadığım adamların arasında acından öləcəyimi fikirləşəndə də nə edəcəyimi bilmirdim.

Aclıqdan gözlərimə qarananlıq gəlsə də yenicə işə başladığım zavodda işlətdiyim dəzgahın idarə sxemındə səhv etməməyə çalışırdım.
Qurğular qadasında fırlanırdı. Mənım ac olduğumdan xəbərsiz. Dəzgahın arxasında dayanıb bütün diqqəti dəzgahın idarə sxemində olan iş yoldaşlarımda ac olduğumdan xəbərsiz idi.

Şəhər parkındakı ağacların yarpaqları xəfif –xəfif pıçıldaşırdı. Dəniz tərəfdən əsən külək saçlarımızı dalğalandırır , könlümüzə xoş bir sərinlik gətirirdi . Oturduğumuz ouracaq hər tərəfdən ağaclarla gül kollarıyla əhatələnmişdi. Ətraf yalnız ayağa durduğumuz zaman görünürdü.

Keçmiş xatirələrimi danışdıqca kövrəlirdim . Az qala ağlamağım gəlirdi.

Qız qadın yanında hec vaxt ağlamadığımı fikirləşib özümü ağlamaqdan güclə də olsa saxlaya bildim.Kişilər qadınlara arxa , dayaq kimi yaranıb. Özünə arxa dayaq bildiyin adamı əlacsız , göz yaşları içində görməkdən böyük dərd varmı?

Baş götürüb qaçdığım doğma evimdən ,ocağımdan , nakam sevgimdən danışarkən sinəm yarılmadı , ürəyim əzablardan xilas olmaq üçün ordan qopub düşmədi.

Bir necə gün olardı ki,təsadüfən tanış olmuşduq. Bu zəngin geyimli qadının mənə isti münasibətindən yayına bilmədim. Baxışlarından , həyəcanlı səsindən məni sevdiyini hiss edirdim.Şəhərə qaçıb gəldikdə səfil günündə olmağım da iradəmi zəiflətmişdi. Əlacsızlıq , çaşğınlıq məni ,məni sevən bu baxışların məhkumuna çevirmişdi.

Məndən iyirmi yaş böyük olan bir qadınla keçəcək həyatımı xatırlayanda könlümü qeyri adi hisslər bürüyürdü...

Səda söhbətimdən aldığı təəssüratın isti nəhayətsiz qoynunda idi. Söylədiklərim onun başına gəlibmiş kimi yerindən qımıldanmır , qurcalanmırdı...

Xəyalım məni bu günlərımdən ayırıb keçmişimin şirin , isti qoynuna atmışdı;

“Müxtəlif hündürlükdə olan tərələrin sinəsi yaşıl kollarla örtülmüşdü. Bu təpələrə baxanda ən hündür təpənı aram çətin idi.

Arasından dağ çayı axan iki sıldırım qaya qeyri-ixtiyari adamın diqqətini cəlb edirdi.

Çayın sağ sahilindəki qayanın sinəsi çapılmış oradan yük arabasının güclə keçə biləcəyi qədər yol salınmışdı.

Qayanın qurtaracağında yolun əlli , altımış addımlığında hər tərəfdən qalın ağaclarla əhatə olunmuş bir ev nəzərə çarpır. Bu evdə mənə doğma olan bir ailə yaşayır. Hər dəfə yolum bu evin yanından düşəndə gözüm bu evin pəncərəsinə zillənib qalır. Ürəyim Əfsunun pəncərədən boylanıb baxacaq baxışlarının həsrətini çəkir. Bu ev, bu həyət mənim vüsal həvəsli, ayrılıq atəşli illərimin şahididir.

Bu yer mənə bir sevginin intizar , həsrət dolu keşmişini yad etdirir.

Mənə sevməyi sevinməyi sən öyrətdın

Mənə qovuşmadın.

Sevgi ehtiras deyil, həsrətdi , ayrılıqdı deyə...”

Elə bil o günlərdən sonra dibsiz boşluğlardan keçib gəlirəm.

Səda bu dəfə nədənsə gülürdü. Gözlərinin içindəki o iztirablı ifadə kiçilib yoxa çıxırdı.

De ulduzlardarn hör mənimıün çələng

Bir nadir çiçək tap hər güldən qəşəng

Dünyanı könlümlə eylə həmahəng

Sən buyur utanma mən edim hazır...

Səda nəfəsi kəsilincəyə qədər gülüşünü saxlaya bilmirdi.

Sanki görüşümüzün marağıylı gecə gəlməyə tələsmişdi . Gecə sevincimizi ətrafdan, adamlardan qoruyurmuş kimi zülmətdən ətrafımıza qara pərdə çəkmişdi.

Söylə, sənsiz dünya nəyə gərəkdir,
Çiçəklər, çəmənlər, güllər bəzəkdir.
Sevdasız gözəllər qəlbsiz mələkdir,
Gözlərındən baxıb məhəbbət mənə.

Bəlkə, şeirlərim kiminsə könlünə sevinc nuru səpəcək, zövqünü oxşayacaq...

Bəlkə, şeirlərim mənə şöhrət gətirəcək.

Kitablarımdan Südabə , Qara xəbər tutacaq. Əlbəttə, orda yazılanları onlar duymağa qabil olmayacaqlar.

Özümü bir anlığa ecazkar bir aləmdə hiss etdim.

Xəyalımda illərlə arzuladıqlarım sanki xəyalımda qalmağa dözməyib , xəyalımdan qopub mənimlə üzbəüz dayanmışdı...

Mən divanda rahat oturmuşdum.

Səda yəqin mətbəxdə idi.

Oturduğum divanla üzbəüz divardan müxtəlif təsvirli iri xalça asılmışdı.

Par-par parıldayan mebellər , iri çılçıraq otağa xüsusi yaraşıq verirdi.

Xüsusi zövqlə bəzədilmiş otaq məni nağıllar dünyasına aparırdı.

Dəbdəbəni, ziynət əşyalarını sevməsəm də, Sədayla tanışlığım bunları mənə sevdirməyə başlamışdı.

Ziynət ,zər-ziba içində qərq olan Sədaya baxarkən baxışlarımdakı heyranlığı gizlədə bilmirdım.

Səsi də çöhrəsi qədər gözəl olan bu qadında yaşamağın bütün ləzzəti , şirinliyi gizlənmişdi.

Bunları onda daddıqca əvvəki duyğu xəyallarımdan məndə əsər-əlamət qalmırdı...

Özümə də aydın olmayan bir hisslə sevməyə başlamışdım onu. Əbədi sandığım Əfsun sevdalı qaranlıq dünyamdan tərəddüdsüz uzaqlaşmağa başlamışdım .

Qəribə hisslər keçirirdim. Həmişəki sıxıntılar könlümdən çəkilib getmiş, yerini isti, xoş hisslərə vermışdi. Çılğın bir sevincin nəşəsiylə kürəyimi oturduğum divana yaxdım.

Səda əlindəki nimçədən yeməkləri süfrəyə düzməyə başladı.

Hər işi səliqəylə görməyə çalışırdı.

Dinməz boşqabımdakı xörəyi yeməyə başladım.

Əyin başım təzə , təmiz olsada ac , pulsuz olduğumdan Sədanın xəbəri yox idi.

Ac olduğumdan xörəyi həmişəki adətimdən fərqli olarağ tez yeyib qurtardım.

Xörək yeyə-yeyə ilk dəfə görürmüş kimi Sədaya baxdım. Rəftarı kimi çöhrəsi də gözəl idi. Nazik qara kipriklərinin mühasirəsindən baxan badamı gözləri, batıq yanaqları çöhrəsinə xüsusi gözəllik verirdi.

Günəşi görmüşəm cəmalınla mən
Sevinci duymuşam xəyalınla mən
Şirin həsrətinlə, vüsalınla mən
Bilmişəm xoşbəxtlik ,səadət nədir...

Arzular,xəyallar bizi öz qaynar qoynuna alıb xumarlandırırdı.
Bəzən acı xatirələr burulğanına düşsəm də bu gecəmizin şəfqətli əlləri mənə sarı uzanırdı.

Mənə elə gəlirdi ki, bu gecəmiz zamanın gecə-gündüz nizamından deyil, məni duyub düşünmüş ilahi bir qüvvənin şəfqət dolu qoynundan gəlir.

Əgyər bu belə deyildisə , hər yerdə məni öz hökmündə saxlayan o hiss bu gecə məni niyə azad buraxmışdı.

Bu gecə ikimizdə elə hey susurduq. Arzular, sevgilər danışanda dillər susur.

Oturduğumuz divanda Səda mənə elə yaxın oturmuşdu ki,bədənlərimiz bir birinə deyirdi.

Sədanın yatağına baxanda könlümdə ehtiras qarışıq hisslər baş qaldırırdı.

Onun mənimlə söhbət edərkən titrəyən dodaqları ,açıq yaxasından aydın görünən iri ağ döşləri, sözlərinə fasilələr verməsi nə deyirdi?!

Görəsən, bu hala o tez-tez düşürmü?

Səda öz həyatı haqda mənə olduqca az şeylər söyləyirdi. Onun indi yaşadığı ev ər evi ya ata eviydimi? Bunu ondan soruşmağa utanırdım. Qarılarından onu iş yerinə aparan xidməti maşından hiss edirdim ki, o hansısa yüksək dövlət qulluğunda olur.

Hər halda onunla ehtiyatlı rəftar edirdim.

Bəlkə, əri var?!

Axı bu evə, həyətə onun xidməti avtomobilinin sürücüsündən başqa daxil olan ikinci kişi xeylağı da görmürdüm.

Bir necə dəfə onun evində gecələsəm də onun özünü bütövlükdə mənim ixtiyarıma verdiyini hiss etsəmdə yenə onunla intim əlaqədə olmaqdan yayına bilmişdim.

Bu gecə də yenə həmən qaydada görüşümüz davam edirdi...

Hələ ki məni rəftariyla ,gözəlliyiylə sevindirə bilən bu adamdan uzağlaşmaq istəmirdim. Arzuladığı hədsiz yaxınlığı məndə görməsə də hiss edirdim ki , o buna səbirlə dözür.

Bu gecə mənimlə qol-boyun olub bir yataqda yatmaq həvəsi onun bütün ixtiyarını əlindən alsa da , buna birinci cəhd göstərməyə utanırdı.

Bu həvəs onda şiddətlənsə də ,hətta kücə qadının belə əl atmadığı bir hərəkətlə yəqin özünün qadın mənliyini alçaltmaq istəmirdi.

Bu anlar o, mənim bütün arzularımı həyata keçirməyə hazır idi.

Birdən özümü qız qadın hesabına adam olmuş adamların yerındə hiss etdim. Məni tanıyanların ,tanımayanları kinayəli baxışlarını,ədəbsiz söyüşlərıni üzərımdə hiss etmək vahiməsindən havalanıb özümü bayira həyətə atdim. Üzümə tüpürürmüş kimi göydən yağış damcıları düşürdü.
Bir anlığa mənə elə gəldiki ayın,ulduzların ,ətrafımda olan hər şeyin nəzərləri mənə istehzayla zillənib. Bu istehza get gedə həyasız hırıltılara çevrilr.
Kaş bu dünyaya bir ot,çiçək,ağac kimi gələydım xəyalıyla ah çəkdim.

Bir parca ağrıya çevrilmiş bədən
Bir parça ağrıya orda həyat yox
Bir dad anlamağa heç nə görünmür
Tək ölüm görünür ölümdə dad yox...

Səda otağda yəqın məni gözləyirdi. Onunla görüşmək,bir yerdə olmaq mənə nə qədər şirin,ləzətli görünürdüsə indi bir neçə anın içində xəyallarım onu mənimçün uzaq,yad bir adama çevirmişdi. Bunu mən ona necə bildirə bilərdim axı.

Əgər belə gözəl,zəngin bir qadından imtina etdiyimi kimsə eşidib bilsəydi yəqin məni dəli saymağında həmişə hağlı qalacaqdı. Mən Əfsunu görüb sevdiyim erkən yaşımdan sonra yaşamamışdım.Bir sevginin xəyalı ,xatirəsi kimi qalmışdım bu həyatda.
Səda kimi adamlar ,özüm istəməsəm də həyatıma ancaq təhqir ,istehza kimi daxil olurdular;

Gedirəm beynimdə, könlümdə yoxsan
Öləndə adın da ölüb itəcək
Adını qoymağa öz körpəsinə
Atalar,analar həya edəcək...

Bu mürvətsiz anlar bitmək bilmirdi. Ətrafı,adamları dinləmək hiss etmək mənimçün dözülməz olurdu. Məni bu bu anladan xilas edəcək bir qəribəliyin baş verəcəyi istəyiylə mənasız boşluqlara sarı baxdım. Bir vaxtı müqəddəs hesab etdiyim şeyləri, indi hər gün gördüyüm bezdiyim şeylərlə yanaşı qoyurdum.

-Əmi...

Mən xatirələr yuxusundan oyanıb Nicata baxdım.

Əmi paltarlarını gətirmişəm...

Mən xəstəxana paltarını soyunub öz paltarımı geyindikcə nələrisə xatırlamağa çalışırdım.Yadıma düşmürdü...

- Əmi sən evdən gedəndən bir il sonra atam həbs olundu. Ev,əmlak müsadirə olunub dövlətə keçdi..,

Nicat kövrəlib danışırdı .Başğa vaxt olsaydı mən də kövrələcəkdim ağlayacağdım da .

Ancaq indi heç nə olmayıbmış kimi qulağ asırdım. Sanki mənə yad m ünasibətdə olmuş ata ocağım olmamışdı.
Nicat mənə baxırdı. Bu qüssəli baxışlar məni düşündürürdü.
Onda yaşamağa heç bir hiss həvəs qalmamış gələcəyimdə yaşamağa mənimçün yeni bir həyat dairəsi açılırdı...

Qara

Mən evimizdən gedəndən sonra çox hadisələr baş vermişdi. Ancaq bütün bunlar həyatımda heç bir təəssürat qoyub getməmişdi.

Qara ölüm yatağında idi. Həbsxanadan evinə ağır xəstə qayıtmışdı. Bir vaxtı şən , firavan həyat sürdüyü , qonaq-qaralı evində indi tək-tənha ölüm dəhşətləriylə üzbəüz qalmışdı.

Bir vaxtı günah saymağa vaxtı olmadığı əməllərı ona cəhənnəm əzabı verirdi.

Bütün başqa can üstə olan xəstələr kimi oda nicat tapmaq,yaşamaq arzusuyla çapalayırdı.

Tənha qaldığını bütün dəhşətləriylə indi-indi hiss etməyə başlamışdı. Doğrudur onun yatağının başında bir nəfər insan var idi. Ancağ o

Qaranın düçdüyü günə acımağı bacarmırdı . Elə belə qınanmasın deyə gəlmişdi bu yerə.

Qaranın iniltilərini eşitməkdən daha çox bu yerdə dayanmaq ona əziyyətli görünürdü.

Bir neçə gün əvvəl o xəstədən ötrü nələr etmədi. Rayonun ən təcrübəli həkimlərini yığıb bura gətirdi. Onların ümidsiz cavabları onu qane etməyəndə , şəhərdən professor çağırtdırdı.Müayinədən sonra professor onu bir qırağa çəkmiş, xəstənin sağalmayacağı , bir neçə günə öləcəyı haqda dəhşətli kəlmələri ona eşitdirmişdi.

Bir vaxtı səkkiz otaqdan geniş aynəbəndən ibarət olan evimizdən indi Qaraya elə tək bu otağ qalmışdı. Qara rüşvət alarkən həbs olunmuşdu.

Sifarışlə həbs olunduğunu söyləyərkən yazıq bir görkəm alırdı. Həbs olunarkən evi , əmlakı da müsadirə olunmuşdu.

Acımağa başlamışdım ona.

- Sahib, mənə bir stəkan su ver. Susuzluğdan içim yanır.

Keçib dolabçanın üstünə qoyulmuş qabdan stəkana su doldurub ona verdim.

O, stəkandakı suyu icib qurtarandan sonra təkrar su istədi.

Suyu içərkən onun solğun sifətinə baxdım. Üzündəki o tanış ifadələr yerini məyusluğa , qorxuya vermişdi.Tavana zillənib qalmış gözlər həyatla əlaqəsini kəsməyə hazırlaşırdı.

Dolabçanın üstündəki dərmanları vaxtlı-vaxtında atırdı.

- O həkim birdə nə vaxt gələcək deyə məyus nəzərlərlə mənə baxırdı.

Qaranın tabutunu çiyinlərındə aparan kiçik izdiham qəbiristanlıq darvazasndan içəri daxil olur.

Ölüm sualına cavab vermək çətinliyindən burda hər ceyin dili qapanır,lal olur...

Ölüm ömürlərə müqəddəs sual
Əsirlər boyunca düzülüb gedir
Beyin düşünməkdə cavab tapılmır
Beyin düşünməkdən üzülüb gedir...

İnsanın bu dünyadan niyə,hara getdiyi sualına bundan miyon min illər sonra da cavab tapılmayacaq...

Mərhumun cənazəsini torpağa tapşırandan adamlar çıxıb getmişdilər. Mənimsə dərddən ,əzablardan ağırlaşmış bədənim ayaqlarım çəkib aparmaqda acizlik çəkirdi.

O işıqlı duyğularla,şirin xəyallarla yaşadığım anlar ruhumun buz bağlamış sınırlarını aşa bilmirdi.

Ağacların yarpaqları asta-asta pıçıldayır,ara sıra gözə deyən quşlar dərdli dərdli civildəyirdi...

Bu pıçıltılar, civiltilər həyat havası yox,ölüm xofu saçırdı.

Mən bu gün bu həyata baxıb nələri görürəm.

Budur mənim onda boya başa çatdığım rayon mərkəzi...

İlk baxışda gözə deyən hündür zavod borusu,hündür mərtəbəli binalar...

Bu binaların müxtəlif peşə sahibləri olan sakinləri.

Onların düşüncələri,arzuları...

Bu düşüncələr,arzular müxtəlif beyinlərdə,ürəklərdə olsada sonda birləşir.

Hamı azad,firavan yaşamaq istəyir.

Hamı azad,firavan yaşaya bilmir.

Bu suala cavab tapmaq çətinliyindən özümdə ağlın ,duyğunun varlığına nifrətim artır.

Bu nifrət qəbristan hasarlarına qədər uzanıb gedir.

Elə buradaca hazır bir qəbir tapıb öz özümü orada basdırmaq kimi yeganə arzumla qalıram...

Sabahdan sonra

Bu dövrdə doğulduğumdan arzularıma ləyaqət hissiylə cata bilməyəcəyimi duydum. Bu zaman sanki mənə “xoşbəxlik” üz verdi.
Məchul bir həyata keçdim.

Dənizdən əsən külək narahatlıq,narazılıq dolu səslərlə inildəyirdi.

Hündür,dəbdəbəli evlərdən xəcalət çəkirmiş kimi sınıq,sökük daxmalar torpağa yastılanıb qalmışdı.”Yeni həyatın” haqsız lənətinə gəlmiş keçmişin qüdrətini özündə əks etdirən qala divarları yanında ağır xəyallara dalmışdım. Vaxtilə yurdunun istiqlaliyəti uğrunda vuruşub həlak olmuş əcdadlarımızın torpağa çevrilmiş vücudlarını, indi zülmə haqsızlığa adi gözlə baxan yeni nəsil tapdalayıb keçirdi.

Mərdlikdən,mübarızlikdən aldıqları həz hesabına yaşamış əcdadlarımızın xatirəsi,abidələrdən,kitablardan bu günkü mənasız tərəqqiyə baxırdı...

- Yaxşı ki həyatın sonu bəlli deyil. Yoxsa insan haqq ,azadlıq arzularında rüsvay olardı...

Bu yerdə dərindən ah çəkdim. Mənə elə gəldi ki ahım indicə ətrafı yandıracaq.

Tanrı bütün bunlara baxıb dözməyə vaxtını , sanki özündə səbir toplamağa sərf etmişdi.

Yoldaşlarımın ölüb özümün sağ qaldığım acisına ağrısına anlarla qapanıb qalırdım.

Nə ətraf,nə keçmiş xatirələrim heç nə demirdi.

Bir birinin taleyinə təhqirdən , istehzadan başqa ayrı gözlə baxmağı bacarmayan yeni nəsil, yoldaşlarımın torpağa çevrilmiş vücudları da susurdu...

Düşdüyüm müsibətdə özümdə bir fövqəlbəşərlik axtardım. Məyus , dərdli vücudumdan başqa heç nə görmədim...

Ayın,ulduzların çöhrəsi edam xəbəri almış insanın çöhrəsi tək qorxu dəhşət sacırdı...

Zamanın bəraəti harınlara, azğınlara verdiyi məlum oldu.

İnsanlar ağlın, əxlaqın gücüylə yaşamaqdan yorulmuşdu. İnsan şərəf,sədaqət nümunəsi kimi yox, şübhə, riyakarlğ nümunəsi kimi daha doğru görünürdü. Mühitin boş qüdrətiylə insanın kimliyi arasında uzanan vaxt çox iyrənc idi.

İnsanı bu qədər belə əzən, kiçildən dövr olmamışdı.İnsan ömrü ancaq dolanacaq qayğısı çəkməyə hesablanmışdı.

Allahın yaratdığı insan mələkləşib göylərə ucalmaqdansa, həşaratlaşıb yem dalınca düşdü.

Bu torpaqda zülmün əbədi olduğunu anladığındanmı, insanlar zülmün hər növbətı gəlişini adi gözlə qarşılayırdılar.

Arada bu millətə edilən zülmə fasilələr verilsədə, millət bunu anlamır. Bu fasilədə azadlığını böyütməkdən, bərkitməkdənsə azadlığına şıllaq atır.

Öz doğru azadlığını yox başqalarının ona ayırdığı azadlığı götürür.

Onu insan, millət kimi yox,bioloji varlıq kimi yaşamağa hazırlayan bu azadlıqdan vaxtında imtina etmədiyinə görə zülmün əbədiliyiylə barışmağa məcbur olub...

Beş on harının,simasızın mənafeyinə, mənfəətinə hesablanmış bu vətənin mövcudluğunun təsüratına dözməyənləri qətl,həbsxana,mühacirət,intihar izləyir...

İnsanlıq, yaşamağa məhkum edildiyimiz bu günlərin yasını illərlə saxlayası olacaq belə bu ona olan ehtiramı ödəməyəcək...

Yalnlz özünə məxsus çirkinlikləriylə seçilən bu günümüzün mahiyətini duysaydı aldığı təsüratdan insanlığ süqut edərdi.

Alaq olunmadığından yabanı bitkilərin sürətlə artıb, mədəni bitkiləri məhv edib,bitki aləmini bəsitləşdirdiyi kimi,bu cəmiyyətdə intleklərə fəaliyyət göstərmə imkanı olmadığından,insan xarektirindəki yaramaz xüsüsiyyətlər ğüvvətlənib ,yayış qanunauyğunluğlarının yeni seriyası yaratdı.

Ayrı-ayrı adamların mənəvi təmizliyə sədaqətinin ,insan ləyaqətinin müdafiəsinə göstərilən şəxsi təşəbbüslərin heç bir əhəmiyyəti yox idi.
Bu mühit insan şəxsiyyətinin ləğvinə hesablanmış cəza maşını idi...

Hər şeyi maddi dəyərlər prizmasında dəyərləndirən dövrün dünyagörüşü xalqdan ayrı mədəniyyətin binasını qoydu.

Onda yalnız rüşvətxor,pozğun adamların mədəni sayıldığı bu mühitdə , əxlaq , mənəviyyat haqdakı söhbətlər boşboğazlığdan başğa bir şey deyildi.

Qürur,ləyaqət yüngüllüklə,yelbeyinliklə əvəz olunmuşdu.

Tamahların ,iştahların şiddətindən savab və günah haqda fikirləşən yox idi.

Əcdadlarımızın nəcibliyindən ,fədakarlığından söz açan hekayətlər özünə dinləyıci tapmırdı.

Onlar öz xidmət əməllərini özləri qiymətləndirir,öz adlarını özləri əbədiləşdirirdilər.

Bunların dilində vətən kəlməsi o qədər yava bir avazda səslənirdi ki,insan bu vətən torpaqları kimi param parça olurdu.

Bu adamlar öz məhv olmalarında da özləri iştirak edirdilər.

Bu mühit xəstə,heyvərə bir vücudu xatırladırdı.

Tanrı,işlətdiyi günahlarının cəzası olaraq insana bu mühitdən dəhşətli cəza göndərə bilməzdi.

Burada mənəvi əzablardan məhrum insan qismi yalnız aclıq,xəstəlik qorxusu düşündürə bilirdi...

İnsanlar dən üstə döyüşən toyuqdan,yem üstə boğuşan itdən ədəbli görünməyə çalışırlar...

Hikmətini, mənasını itirmiş göylər ,nəzərlərim boyunca uzanıb ,sanki bu dünyadan çıxıb getmək istəyirdi...

Baxışlarımı göydən ayırıb,orada yanlışlığa düçar olmuş insan həyatına baxdım...

Onlar öz həyatların təhqirdən,rüsvayçılıqdan ibarət olduğu hağda razılığa gəlmirdilər...

Sanki ətrafdan aldığı təssüratın ağırlığından gün getdikcə kiçilir qurtarır, qaranlığa qarışıb itirdi:

“Elə ağılların,əxlaqların korladığı bu dünyada gedib dayanmağa bir pak,təmiz yer yoxdur.

Günahların,çirkabların dibinə endikcə həyatın doğru dadı,mənası mənə məlum olur.

Fahişəlik,oğruluq gözdən düşəndən rüşvət,yalan günah sayılmır.

İnsanlar pulsuzluqdan,xəstəlikdən əzab çəkirlər.

Günahlarına görə əzab çəkən insan rastıma çıxmır.

Nur,pak xatırəyə çevrildikcə nurla pakla başlanan adlar çoxalır.

Yüngüllük,yavalıq bu ölkədə kişiliyin,qeyrətin külünü göylərə sovurmaqda.

Qızarmaq,ağarmaq fizonomik göstərici sayılır.

Bu ölkədə söz söyləməkdən başqa heç nə baş vermir.

Eyiblərini açıb göstərdikcə daha da eybəcər günə düşən bu millətin yazarlarının imkanında söz söyləməkdən başğa ayrı məşğulliyət yox...

Hər kəs bu ölkəyə sözüylə davranışıyla üzüqaralıq gətirməkdə...

Yalanı dolanmaq üçün,doğrunu elə belə danışırlar adamlar...

Mən bu əbləh dünyayla,adamlarla müharibəmin sonuna çatıram.

Bundan sonra heç nə etməməklə ətrafın.adamların yadından çıxdığımı fikirləşib rahatlanıram.

Ədalətin,bərabərliyin insana aidiyyəti olmadığını görüb,dahiləri “bezdelni”xəyalpərəst hesab etməkdən başğa ayrı qənaətə gələ bilmirəm...

“Yer üzünün əşrəfi”mövcudluğun bakirəliyini,gözəlliyini pozmağa davam edir.

Müharibələr,üsyanlar insanın öz xəstə heyvərə xislətindən imtinaya cəhddir.

Allah bu insanları günahlarına görə bağışlasaydı dünyada ar ləyaqət çürüyərdi.

İnsan etdiyi gühahlarına görə kədərlənməkdənsə sevindi,ruhlar çürüməyə başladı.

Bir vaxtı mənim qanadlarım var idi. Arzu qanadı,sevinc qanadı.

İnsanların arasında darıxmağa başlayanda uçub o uzaqlara gedirdim.

O uzaqlarda mən azad ,rahat idim...

O uzaqları mənim xəyallarım yaratmışdı...

İndi qanadlarım qırılıb. Allahın,adamların ayaqları altında sərilib qalmışam...”

Bu dərd qəlbimə qürur gətirirdi.

Tənhalığın cürbəcür qorxuları , məhrumuyyətləri məni insanların arasına qaytarmağa aciz idi.

Ağlımın,qəlbimin həyata istehzası böyüdü böyüdü... Həyasız hırıltılara çevrıldiyi anda dayandı.

Uğursuz keçmişimlə,qaranlıq gələcəyim arasında sərilib qalmışdım.

Bunları xatırlamaq vahiməsindən gicgahlarımı əllərimin arasına alıb sıxdım.Sıxdıqca əzabli fikirlərı başımdan çıxara biləcəyimi düşünürdüm.
Cismimin vətən torpağına çevriləcəyi fikrimdən hüzn qarışıq həzz alirdım.

Xəyalımda vətən,vətəndə yaşayıb ona sevgi bəsləməkdə qurtarmırdı...

Əzəmətli dağlara, zərif çiçəklərə baxdığca burada hər şeyin bu torpağın ruhuna sədaqətdən doğulduğuna necə də sevinirdim.

Həyatımın bu torpağın varlığına sevgidən doğulduğuna necə də sevinirdim.

Bu gün zülmün,səfalətin at çapdığı yurdumda qəlbimi partlamağa qoymayan o hiss nə idi.

Bircə dərdli günüm olmamış vətənimdə indi qəlbimə nə qədər ağrı,acı daxil olmuşdu.

Nə bu çiçəkli çəmənlər,təmiz hava nə də keçmiş xatirələrim o günlərimi gətirə bilmirdi.

Mavi səma nəzərlərim boyunca uzanıb gedirdi.Mənə elə gəlirdi ki,bu hissdən,arzudan bu maviliyə də qarışmışdır. Xəyalımın zülmət təbəqələrı parçalanır,fikrimin dan yeri sokülürdü...

Tarix səhnəsində hökmdarlıq qüdrəti növbəsini sürüb getmiş hökdarlar insan həyatında hər şeyi mənimsəmiş olsalar da həqiqəti mənimsəyə bilməyiblər.

Onların hökmdarlıq qüdrəti qarşısında insan taleləri lağa çevrilsə də , möhtəşəm arzular, sevgilər bədbəxlik vadilərində sərgərdan salınsa da, hökmdarlıq qüdrəti həqiqət qarşısında aciz,zəif bir şeyə çevrilir.

Onda bütün hağlarım tapdanmış bu yurdda gün keçirməyin son dəhşətləriylə üzbəüz idim.
Hər şeyi lağ mənbəyimə çevrilmiş bu yurdda, insan kimi,millət kimi mövcudluğuma qayıtmağın yolu mühacirətdən,intihardan başğa nə ola bilər...

Vətən göylərində qıy çəkib süzən qartalların səsi adi quş səsi deyildi,onlar azadlığ nəğməsi oxuyurdular...

Bu torpaq yer üzündə işqallara,əsarətlərə qarşı öz mübariz varlığını qoruyub bu günlərimizə qədər gəlib çıxa bilmişdir...

Azadlıq duyğuları bu vətən övladlarının qəlbində şölələndikcə, zülm də müvvəqətiliyini duyub qaranlığını artırırdı.

Gün getdikcə kiçilir qaranlığa qarışıb itirdi.

Ay,ulduzlar sanki öz parlaqlığını göstərmək üçün sanki aşağı enmişdilər.

Bu gecə özünə nəyisə əlabə etməli idi...

Ömrümün sevda,sevinc binasının xarabalıqları yanında dayanıb durmuşdum.

Mənə elə gəlirdiki,parça-parça buludlar parcalanmış qəlbimdir,xəyallarımdır.

Payızın gəlişi,çiçəklərin solması,duman,çən sanki sevgimlə bağlıdır.

Günəş bu gün sanki öləcəyimdən xəbər tutub batmaq istəmir.

İstəyi nur,işıq olan bir insanın ayrılığının sarsıntısıyla bir az da saralıb solmuşdu.

Mavi səma səma sanki bir qədər maviliyini itirmişdi.

Zülmətin gəlişindən qorxuya düşmüş aydınlıq tələsə,tövşüyə çəkilib gedirdi.

Sevgim,sevincim xəyalımın zülmət təbəqələrinə deyib zülmətlərə yuvarlandı.

Yuvarlandıqca mənə elə gəlirdi ki öz ölmümü seyr edirəm.

Yaşamaq mənimçün səfasını itirmişdi.

Sevgimi,sevincimi məndən ayırıb ,sanki dibsiz boşluqlara atmışdılar.

Məndən kənarda öz yoluna davam edirdi.

Budur adamlar kimisi şən kimisi pərt harasa tələsir,ağaclar çiçək açır,dağlar məğrur-məğrur baxır.

Hansı evdəsə bir körpə dünyaya göz açır,hansı mənzildəsə bir ailə süfrə başına yığışıb şam edir.

Hansı məhbəsdəsə məhbuslar azadlığa çıxacaqlarları günün xəyalına dalıblar.

Ətraf, adamlar məni ölüm haqdakı düşüncələrimdən ayıra bilmirdi.

Bu dəfə başqalarının həyatında gördüyüm deyildi.

Ölüm öz dəhşətli yaxınlığını mənə öz həyatımda hiss etdirməyə başlamışdı.

Həyatımda daha onunla mübarizə aparılası heç nə qalmamışdı.

Həyat havasiyla çırpınan xəyalım bu dəfə qanadlanıb uçarkən,əzablı fikirlər sıldırımlarına deyib zülmətlərə yuvarlandı.

Yuvarlandıqca mənə elə gəlirdi ki, həyatım indicə dəyişəcək, başqalaşacaqdır..

# 1252 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #